Məhkəmə qərarları › İş №2(001)-3789/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3789/2021

07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3789/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “talanmış pulların və qızılların qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “talanmış pulların və qızılların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanı üzrə mənzildən talanmış 583 ayarlı 7 qram çəkidə 570 manat dəyərində olan qızıl sırğanın və 15.000 manat məbləğində pulun ona qaytarılması, habelə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun kiçik bacısıdır. X10 cavabdehin həyat yoldaşı, X11 isə onların hələ Ermənistan SSR-nin Meqri rayonunda yaşayarkən 1979-cu ildə daxil olduqları rəsmi nikahdan doğulan övladlarıdır. Böyük bacısı X7, digər bacısı X6 və 1920-ci il təvəllüdlü anası X8 ilə birlikdə 1988-ci ildən öz vəsaiti hesabına aldığı, eləcə də öz adına olan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu sıra, ev 33 ünvanında yaşayırdılar. Onların öz ailələri və övladları yoxdur. Həyat yoldaşı X16 3-cü övladına hamilə olarkən, bacısı Həqiqət ona bildirmişdir ki, “qardaş, özün bilirsən ki, nə mənim nə də Gülçöhrənin bir övladımız, yəni varisimiz yoxdur. Hamı kimi əvvəl-axır biz də ölüb gedəcəyik və həyatda bizdən heç bir iz qalmayacaq”. Bacısı ondan xahiş etdi ki, bu dəfə doğulan uşağı körpəlikdən ona versin, o da uşağı öz övladı kimi böyütsün, onlar ölüb getdikdən sonra da nələri vardırsa uşağın olsun, həm ocaqları sönüb izləri itməsin, həm də onların da bir xatırlayanı olsun. O da heç bir tərəddüd etmədən buna razılıq vermişdir. 10 avqust 1996-cı il tarixdə uşaq doğuldu və bacısı ibadət əhli olduğu üçün onun adını Mehrab qoyaraq öz evinə aparmış, doğma ana duyğuları ilə ona nəvaziş göstərməyə, böyütməyə başlamışdır. Qısa bir müddət ərzində onlar arasında çox isti bir ana-bala bağlılığı yaranmış və bu onu çox fərəhləndirmişdir. Bacısı biologiya müəlliməsi olmuşdur. Mehrabı böyüdüb məktəb yaşına çatdırdıqdan sonra da uşağı özünün işlədiyi, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli orta məktəbə qoymuşdur. Hər yerdə və hər kəsin yanında böyük bir sevinc hissi ilə bildirirdi ki, Mehrabı qardaşı ona verib, onu o böyütmüşdür, onun oğludur, evi və nəyi vardırsa onundur. Bacısı bildirmişdir ki, o, öldükdən sonra da Mehrabın heç bir çətinliyi olmasın deyə evlənməsi üçün yeni bir ev, maşın alması üçün də hər şeyini hazırlamışdır. Odur ki, bütün ətrafdakılar, qohumqonşular, o cümlədən cavabdeh də bunları bilmişdir. 2011-ci ildə növbəti tibbi müayinə zamanı bacısı Həqiqətin süd vəzində bədxassəli şiş (xərçəng) aşkar olundu. Cərrahi əməliyyatdan (Mastektomiya), müvafiq kimya və şüa terapiyası aldıqdan sonra özünü yaxşı hiss etmiş, tamamilə normal həyat yaşamışdır. Bacısı Sonagil qonaq kimi apardıqları Buzovnada yerləşən bağ evindən qayıtdıqdan sonra onun səhhəti kritik həddə pisləşərək komaya düşmüş və Təcili Yardım vasitəsi ilə 1 saylı X21 (Semaşko) çatdırılmış, orada ona "hidovolemik toksiki şok” diaqnozu qoyulmuşdur. Lakin, həkimlərin çox ciddi və operativ səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və 10 sentyabr 2014cü il tarixdə vəfat etmişdir. Bu hadisədən bir neçə il sonra digər bacısı Gülçöhrənin nəfəs borusunda (Traxeyada) bədxassəli şiş əmələ gəlmişdir. Cərrahi əməliyyatdan (Larinqoektomiya), kimyaterapiya aldıqdan sonra qismən yaxşılaşmışdır. Lakin, 2020-ci ildə onun bronxlarında yenidən bədxassəli şiş yaranmışdır. Həmin ilin oktyabr ayının əvvəlində müalicə həkimi onun vəziyyətini nisbətən stabil saxlamaq məqsədi ilə venadaxili köçürülmək üçün bir sıra dərman preparatları təyin edərək ona açıq şəkildə bildirmişdir ki, artıq çox gecdir, xəstə hər an boğulub ölə bilər, aparsınlar ev şəraitində nə qədər yaşayarsa, yaşasın. Evə qayıtdıqdan sonra ixtisasca feldşer olan bacısı Sonaya telefonla zəng edib vəziyyəti ona danışmış və xahiş etmişdir ki, heç olmazsa gedib son günlərini yaşayan xəstə bacısının sistemlərini qoşub, venadaxili iynələrini vursun. Lakin o, pandemiya şəraiti olduğunu bəhanə gətirərək, oraya gedib həmin işləri görməkdən imtina etmişdir. Yalnız xəstənin vəziyyəti kritik həddə ağırlaşaraq onun ölümünə üç-dörd gün qalmış oraya gedib ona bir-iki iynə vurmuşdur. 22 dekabr 2020-ci il tarixdə saat 16:10 radələrində bacısı Gülçöhrə vəfat etmişdir. Həmin gecə meyitin yanında yalnız anası və oğlu Mehrab qalmışdır. DİN-in 102 xidmətindən rəsmi icazə alınmasına baxmayaraq, bacısı Sona isə öz həyat yoldaşı Təvəkkül və qızı Ulduzla birlikdə laqeydcəsinə çıxıb öz evlərinə getmişlər. 23 dekabr 2020-ci il tarixdə bacısı Gülçöhrə dəfn edilmiş və o gündən başlayaraq bacısı Sona (cavabdeh) guya anasını tək qoymamaq üçün 40 gün həmin mənzildə qalmışdır. Həmin müddət ərzində nə zaman anasına baş çəkmək üçün və ya digər məsələlərlə bağlı həmin ünvana gedirdisə, Sadıqov Təvəkkül və Karadağ Ulduzun da orada olduqlarının, onların özlərini faktiki olaraq mənzilin əsl sahibləri kimi apardıqlarının, ona tamamilə yad münasibət bəslədiklərinin şahidi olmuşdur. Bütün mühüm qərarlar yalnız K.Ulduz tərəfindən verilir və hətta onun icazəsi olmadan heç nəyə əl vurmaq olmazdı. Bu hal onda kifayət qədər əsaslı şübhələr doğursa da, heç nə başa düşə bilmirdi. 29 yanvar 2021-ci il tarixdə 40 mərasimindən sonra cavabdehlər çıxıb öz evlərinə getmişlər və həmin tarixdən anasının yanında oğlu Mehrab qalmağa başlamışdır. Yalnız bundan sonra onlara məlum olmuşdur ki, cavabdeh 40 gün ərzində anasının yüz yaşını ötmüş yaşlı bir qadın olmasından istifadə edib, S.Təvəkkül və K.Ulduzla qabaqcadan əlbir olaraq mənzili qarət etməklə məşğul olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzildən oğlu Mehrab üçün toplanılmış pulun üzərindən 15.000 manat məbləğində nağd pul, onun adına alınmış qızıl sırğa, müxtəlif geyim, ev və məişət əşyaları talan edilərək mənzildən çıxarılmış və mənimsənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbləri tamamilə əsassız və həqiqətə uyğun olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı tələb etdiyi pul vəsaitinin və qızıl zinət əşyaların mövcudluğunu və özünə məxsus olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində özü qeyd etmişdir ki, guya Cavabdeh tərəfindən 15.000 manat məbləğində pul vəsaiti və 570 manat dəyərində qızıl sırğa ünvan 1 ünvanı üzrə mənzildən talanmışdır. Qeyd edilməlidir ki, iddiaçının göstərdiyi ünvan 1 ünvanındakı mənzil onun xüsusi mülkiyyətində deyil və orada heç bir vaxt yaşamamışdır. Həmin mənzil bacısı X3 məxsus olmuş və o, anası X8 ilə orada daimi yaşamışdır. 2020-ci ilin dekabr ayında X6 vəfat etdikdən sonra həmin mənzilin faktiki olaraq yeganə varisi X4 mülkiyyətindədir. Göründüyü kimi, həmin mənzilin və mənzildə olan hər hansı əmlak və ya pul vəsaitinə dair tələblərin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Başqa sözlə, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özünə məxsus olmayan əmlakı və ya pul vəsaitini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlsə də, lakin daha sonra məhkəmə iclasını tərk etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 703987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 sentyabr 2014-cü il tarixdə hidovolemin toksiki şok səbəbi ilə ölmüşdür; Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 129041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22.12.2020-ci il tarixdə səs aparatının məxsusi bədxassəli yenitörəməsi səbəbi ilə ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 9, ev 33 xüsusi mülkiyyət hüququ üzrə X2 adına 06 aprel 2015-ci il tarixdə qeydiyyatdan keçirilmişdir; AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü İddiaçı yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, h/şəhərciyi-3, ev 14, mənzil 2-dir; AZE seriyalı 03533132 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1920-ci il təvəllüdlü X4 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 9, ev 33-dür; AZE seriyalı, 14306454 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 avqust 1996-cı il təvəllüdlü X9 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, h/şəhərciyi-3, ev 14, mənzil 2-dir; 31 mart 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı, tələb etdiyi əmlakların mülkiyyətçisi deyildir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyinə görə tələb etdiyi qızıl sırğa X9 adına alınmış əmlakdır, 15.000 manat pul məbləği isə iddiaçının mərhum bacısı X7 tərəfindən X13 üçün toplanmış pul vəsaitidir, həmin əmlaklar mərhum X5 məxsus olan ünvan 1 ünvanında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli əmlaklar üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, başqa sözlə ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “talanmış pulların və qızılların qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “talanmış pulların və qızılların qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar