Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-382/2021 03.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçı Milli Hidrometrologiya Xidmətinin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, X10 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Milli Hidrometrologiya Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi ev 6-da yerləşən mənzil 1-in yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh1, mənzil 4-ün yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh2, mənzil 7-nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh4 mənzil 9-un yanında ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh5, mənzil 7nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh3 tərəfindən əvvəlki vəziyyətə gətirilməklə boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Cavabdeh1 əsl cavabdeh X13 ilə, Cavabdeh4 X15 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək X13 və X15 əsl cavabdeh kimi prosesə cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Milli Hidrometrologiya Xidmətinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən mənzil 1 ilə qeyri-yaşayış sahəsi otağını ayıran divarın cavabdeh X13 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Hidrometrologiya Komitəsinin balansında olan və sonradan qanunamüvafiq yeni yaradılmış Milli Hidrometrologiya Xidmətinin (hüquqi varisin) balansına keçən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanında yerləşən iki blokdan, iyirmi altı mənzildən, beş mərtəbəli binanın yaşayış sahələrinə aid olmayan hər mərtəbəsində sahələri 15 kv. metr olan qeyri-yaşayış sahələri (saxlanc yerləri) cavabdehlər tərəfindən zəbt edilmişdir. Balans sahibi tərəfindən komissiya yaradılmış və komissiyanın üzvləri mübahisli sahələrə baxış keçirmi, cavabdehlərə həmin otaqların boşaldılması təklif edilmiş, lakin məsələ öz həllini tapmamışdır.Mübahisəli sahələrin yerləşdiyi bina yataqxana kimi Milli Hidrometrologiya orqanı ilə əmək münasibətlərində olan işçilərə xidməti yaşayış yeri kimi verilmişdir. 1992ci il tarixli Milli Hidrometrologiya Komitəsinin sədrinin məktubuna əsasən həmin yataqxana sakinləri tərəfindən özəlləşdirilmiş və cavabdehlər həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinə çevrilmişlər. Bununla yanaşı binanın özü (fəsadı, zirzəmisi, damı, balkonları) və binanın ikiknci blokunun bütün mərtəbələrinin orta boş otaqları (saxlanc yerləri) Milli Hidrometrologiyanın balansında qalmışdır. Sonradan 2-ci blokun hər mərtəbəsinin sakinləri orta boş otaqları qanunsuz olaraq zəbt etmiş və onları boşaltmaqdan imtina edirlər. Hal-hazırda xidməti otaqlara ehtiyac yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1219/2007 nömrəli xx.xx.2007-ci il tarixli icra vərəqəsinə əsasən Milli Hidrometrologiya Xidmətinin üzərinə Bakı şəhəri, Sumqayıt şossesi, 6 saylı ünvanda yerləşən binada ismayılov İsrayıl Ələkbər oğlunun yaşayış yeri ilə təmin edilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, o, əvvəllər xx.xx.1990-cı il tarixli, 0008 saylı orderə əsasən mübahisəli binada sahəsi 32 kv.m olan mənzildə yaşamış, sonradan o, vətənin müdafiəsi uğrunda gedən döyüşlərə getmiş və 1999-cu ildə geri qayıtdıqdan sonra bu binada boş mənzil olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İndiyə qədər kirayədə qalan İ.Ə.İsmayılov sözügedən binanın boş otaqlarını təmir edib, qanunamüvafiq qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirərək oraya köçməsini arzulayır. İşə əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərardadından, bildirişdən və icra vərəqindən görünür ki, İ.Ə.İsmayılovu Bakı şəhəri, Sumqayıt şossesi, 6 saylı ünvanda yerləşən binada yaşayış yeri ilə təmin edilməsi vəzifəsi Milli Hidrometrologiya Xidmətinə həvalə edilmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi rayon Pİ-nin 6-cı PB-ni təhqiqat orqanının xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, Bakı şəhəri, Sumqayıt şossesi, 6 saylı ünvanda yerləşən Milli Hidrometrologiya Xidmətinin balansında olan yataqxananın saylı mənzilində qeydiyyatda olmaqla orada yaşayan X4, 4 saylı mənzilində qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh2, 7 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh3 , 9 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh4, 6 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh5 bınanın 5 otaqlı mənzillərinin yerləşdiyi və həmin sahəyə aid olmayan qeyri-yaşayış sahəsi olan saxlanc yerini əsassız və qanunsuz olaraq hər biri öz mərtəbəsində zəbt etmiş və ordan itifadə edirlər. Bu saxlanc yerləri cavabdehlərin özgəninkiləşdirdikləri mənzillərə aid deyildir. Təhqiqat zamanı cavabdehlərin hər biri oxşar ifadə verməklə mübahisəli sahəni köməkçi yer kimi təsərrüfat əşyalarının saxlanılması üçün istifadə etdiklərini etiraf etmiş, həmin sahə ilə bağlı sənədlərinin olmamasını etiraf etmişlər. Beləliklə yataqxananın cavabdeh olan sakinləri Komitənin razılığı ilə özəlləşdirdikləri 5 otaqlı mənzillərin mülkiyyətçisi olsalar da, həmin binanın mərtəbələrində olan boş saxlanc yerlərindən istifadə etmək hüququna malik deyillər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərin mülkiyyətçi olduqları yaşayış sahələrinin dəqiq müəyyən edilməsi və mülkiyyətçisi olmadıqları otaqların zəbt edilməsi üçün binanın ümumi tikinti qurğularına hansı hissədə ziyan vurduqlarını müəyyən etmək məqsədilə məhkəmə-mühəndis ekspertizası təyin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o otaqlar ümumi istifadədə deyil. Həmin otaqların təyinatı müəyyən edilməmişdir. Mülki Məcəllənin 231.3 maddəsinin tələbləri nəzə alınmalıdır. 230-cu maddəsinə əsasən otaq vahidi ayrıca otaqdir. Ayrıca giriş-çıxış varsa xüsusi mülkiyət ola bilər. Lakin bu barədə sənəd yoxdur. Yaşayış binasının tərkib hissəsinə istifadə hüququnu təsdiq edən sənəd yoxdur. Xidmət o otaqlaır balansında saxlayib cavabdehlərə verməmişdir. Otağın təyinatı ilə bağlı isə sənəd yoxdur. Eyni zaman cavabdehlərə verilməsi ilə bağlı sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 iddia tələbini qəbul etmədiyini və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona həmin otaq 3 ailə olduqlarından ayrıca olaraq verilmişdir. O, otaqları qarışdırmamışdır. Bir dənə qapı açmışdır. Blokda qapı yerindədir. Lakin sənəddə həmin otaq qeyd edilməmişdir. Həmin otaq ona lazımdır və yerində saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İsa qızı izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, o mənzilə əlavələr etməmişdir. Sadəcə təmir etmişdir. Divarlara suvaq vurdurmuşdur. Ondan əvvəlki sahib necə istifadə etmişdirsə, mənzil onun tərəfindən eyni qaydada istifadə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, Səhra adlı qadının evini o almışdır. Hidrometrologiyanın nümayəndələri heç bilmirlər ki, binaya qaz xətti haradan çəkilib, kanalizasiya sistemi hansı vəziyyətdədir. O, 10 ildir ki həmin binaya və mənzilə köçmüşdür. Onda mənzil 7-dir. Kupçadan qabaki sənədləri də durur. Onları hətta polisə də vermişdilər. O həmin idarədə sürücü işləmişdir. Sonradan işində ixtisara düşmüşdür. 2 ildir ki, ixtisardadır. 7-8 il sürücü olmuşdur. 2011-ci ildə ora köçmüşdür. Yardımçı sahəni 2 qonşu şərikli istifadə edirlər. Oranın sənədi yoxdur. Sənədləşmə zamanı deyilib ki, qeyri-yaşayış sahəsinə sənəd olmur. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, həmin otaq ona qonşu ilə birlikdə istifadə etməsi üçün yardımçı sahə olaraq verilib. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, onda mənzil 6-dır. 5 saylı və 6 saylı mənzillər üz-üzədir. Hər ikisi həmin otaqdan istifadə edirlər. O, özü Hərbiləşdirilmiş Doluya Qarşı Mübarizə İdarəsində işləmişdir. 80-ci illərdə üzümlüklər ləğv edildikdən sonra onların idarəsi Milli Hidrometrologiya Xidmətinə birləşdirildi. 1sessiyada 3 ailə olmuşlar. İşçilər də otaq-otaq bölünmüşdü. Ümumi koridor, mətbəx, tualet eynidir. Cəmi 5 otaqdır. Orta hissəsini yardımçı sahə kimi hökumət vermişdir. Qapı əvvəldən var idi. Ev növbələrinə dayanmış, Hidrometrologiyaya ərizə yazaraq özəlləşdirilməsini xahiş etmişlər. Orderlər və çıxarıları da vardır. Orada 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər orta qapı yardımçı sahədir. Həmin hissəyə də əsasən kartof-soğan yığılırdı. Sovetin vaxtından özəlləşdirmə etmişlər. Onları qeydiyyata saldıqları vaxt daxil olmaqla 1982-ci ildən həmin ünvanda yaşayırlar. Özəlləşdirmə sovetin vaxtından həyata keçirilmişdir. Otaqların qapısı da elə eynidir. Orada nə sanitar qovşaq, nə də lift yoxdur. Həmin bina yataqxana kimi olanda da eyni şey olmuşdur. Quruluş olaraq ən axırda mətbəz, sağda 2 otaq, solda 2 otaq vardır. Yataqxanadan sonra hər şey necə var idisə elə də qaldı. Köhnə işçilər binada qaldılar. Yardımçı sahəyə sənəd yoxdur. Ora nə sənəd ola bilər ki? Oranın tutulması düzgün deyildir. Onun öz əşyaları da orada vardır. Oranı boşaltmaq fikrində deyil. Ora dövlət tərəfindən 2 qonşuya və 6 ailəyə verilmişdir. Eyni zamanda paltar asılmasında balkon kimi istifadə edir, ərzaqları qoyurlar. Orada vəziyyət belədir. Balansdan çıxarılma ilə bağlı departamentə də müraciət etmişlər. Lakin reaksiya yoxdur. Oların həmin binada idarəedici orqanları olmamışdır. Xarab olan nə varsa mənzil sakinləri tərəfindən düzəldilir. 40 ildir ki, təxmini bu binada yaşayırlar. Hidrometeroligiya isə binanı balansdan çıxartmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabeh X15 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, o təsərrüfat işləri üzrə mütəxəssisdir. O, mərkəzdə işləyir. Onlar həmin binada yaşayış yerləri ilə bağlı arayış verə bilirlər. Həmin binanın yerləşdiyi torpaq sahəsi onlara məxsusdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, o xidmətedici mərkəzin aparıcı mütəxəssisidir. Özü araşdırma komissiyasının üzvüdür. Binaya polislə gəlmişlər. Həmin otaqlar çıxarışa daxil deyildir. Oradan xidmətin texnikalarını yerləşdirmək və anbar kimi də istifadə etmək olar. Otaqda yanğın baş verərsə kimin cavab verəcəyi məlum deyil. Boş otaqlar xidmətə aiddir. Orada su anbarı vardır. Oranın təmizliyi və təhlükəsizliyi onlara aiddir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçının iddia tələbindəki mübahisələndirdiyi məsələ, yəni mübahisənin mahiyyəti ondan ibarətdir ki, cavabdehlər hər mərtəbədə yerləşən saxlanc yerlərini qanunsuz olaraq zəbt etmişlər. Hal-hazırda iddiaçının həmin otaqlara ehtiyacı yaranmışdır və cavabdehlər həmin otaqları boşaltmaqdan və əvvəlki vəziyyətə qaytarmaqdan imtina edirlər. İddiaçı həmin otaqlara yaranmış zərurətini onunla əsaslandırır ki, məhkəmə qətnaməsi ilə İ.Ə.İsmayılov adlı şəxsin həmin binaya köçürülməsi qət edilmiş, lakin həmin binada boş mənzil olmadığından sözügedən saxlanc yerlərinin təmir olunaraq müvafiq şəxslərə təhvil verilməsinə ehtiyac yaranmışdır. Cavabdehlər isə iddiaya etirazını onunla əsaslandırır ki, bina iki blokdan ibarətdir, hər iki blokun müvafiq mərtəbələrində belə saxlanc yerləri vardır. Onlar həmin saxlanc yerlərindən qışlıq azuqələrini, artıq əşyalarını yerləşdirmək üçün istifadə edirlər. İddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 226 və 230 maddələrinə istinad edirlər. İşin faktiki halları və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, cavabdehlər Bakı şəhəri, Binəqədi Rayonu, Sumqayıt şossesi 6 ünvanda müvafiq olaraq 1,4,6,7,9 saylı mənzillərdə yaşayan sakinlərdir. Həmin mənzillər xüsusi mülkiyyət hüququ ilə cavabdehlərin mülkiyyətindədirlər və hal-hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə həmin mənzillərdə yaşayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı balansında olan Bakı şəhəri, Binəqədi Rayonu, Sumqayıt şossesi 6-da yerləşən iki blokdan, 5 mərtəbədən iyirmi altı mənzildən ibarət olan bina əvvəllər yataqxana kimi Hidrometeorologiyanın əməkdaşlarına xidməti yaşayış yeri kimi verilmişdir. Sonradan həmin bina 1992-ci ildə Komitənin razılığı ilə yataqxana sakinlərinin mülkiyyətinə verilmişdir. Bu fakt Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, Əmlak Komitəsi cavab məktubunda bildirmişdir ki, sözgedən bina dövlət əmlakının Registrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh3, Milli Hidrometrologiya Xidmətinin təsərrüfat işləri üzrə nümayəndəsi X6 və xidmətedici və araşdırma komissiyasının üzvü X1 iştirakı ilə yerində müayinə keçirmiş və müvafiq protokol tərtib edilmişdir. Yerində müayinə zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən, iki blokdan 5 mərtəbədən və 26 mənzildən ibarət olan binaya baxış keçirilən zaman hər mərtəbədə 2 mənzilin və mənzillər arasında yardımçı sahələrin olması, yardımçı sahələrin 1 giriş-çıxış qapısının olması, həmin sahələrin bayıra baxışının olması, kanalizasiya, su, qaz və digər kommunikasiya xətlərinin olmaması, həmin sahədə balonlar və artıq əşyaların saxlanıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bina iddiaçının balansında olmuş olsa belə, mübahisələndirilən saxlanc yerləri mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yerlərdir. Belə ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış binasının tərkib hissələrinin vahidləri" adlandırılır. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin etməyə hüququ yoxdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. İşin faktiki hallarından da göründüyü kimi mübahisə edilən saxlanc yerləri ümumi istifadə üçün nəzərdə tutulmuş yerdir. İddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 230-cu maddəsinə istinad edərək həmin sahələrə "yaşayış binasının tərkib hissələrinin vahidləri" kimi qiymət verməsi anlaşılan deyil. Çünki həm yerində müayinədən, həm də cavabdehlərin izahatlarından aydın olur ki, həmin sahələrdən ayrıca mənzil(otaq) kimi istifadə etmək mümkün deyildir. Belə ki, həmin sahələrdən heç bir kommunikasiya xətti olmadığına görə yalnız saxlanc(anbar, qarderob)üçün istifadə edilməsi mümkündür. Şahid ifadələri də işin faktiki hallarını təsdiq edir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisənin faktiki və hüquqi əsası iddia tələbinin qanuni əsası ilə üst-üstə düşmədiyindən, o cümlədən cavabdehlərin həmin saxlanc yerlərindən istifadə etməkdə hüquqi əsasları olduğundan iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin artırılmış hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.3-cü maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli Fərmanının 1.4-cü bəndində qeyd edilmişdir ki, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir Odur ki, iddiaçının belə tələblə(divarın cavabdeh X13 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması barədə) iddia vermək üçün subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Milli Hidrometrologiya Xidmətinin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, X10 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılma” tələbinə dair iddiası təmin edilməməlidir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Milli Hidrometrologiya Xidmətinin cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, X10 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-382/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-382/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver