Məhkəmə qərarları › İş №2(001)-3841/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3841/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3841/2023 06.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Bakı şəhəri, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli, AN – İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzili ona satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzili onun tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzili iddiaçıya satdıqdan sonra qısa müddət ərzində qeydiyyatdan çıxacağı bildirsə də lakin o, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması da ona məlum deyil. Bakı şəhəri 106 saylı Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 135 saylı arayışından və AR Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, cavabdeh hazırda Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzildə qeydiyyatda qalmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 244 saylı Fərmanının 2.2-ci bəndinə əsasən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları (qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri) həyata keçirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli, AN – İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh (satıcı) özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzili iddiaçıya (alıcı) satmışdır. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 6 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh mübahisəli mənzilin keçmiş mülkiyyətçisidir. O, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsindəki 2 saylı evin 41 saylı mənzili iddiaçıya satmaqla həmin daşınmaz əmlaka olduğu və mülkiyyət hüququnun ünsürləri olan istifadə, sahiblik və sərəncam hüquqlarından iddiaçı-alıcı İddiaçı xeyrinə imtina etmişdir. Hazırda cavabdeh sözügedən mənzildə qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Ona görə də iddiaçı faktiki olaraq mülkiyyətində olan mənzildən formal olaraq qeydiyyatda olan cavabdehin pasport qeydiyyatdan çıxarılmasını xahiş edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı olduğundan ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Adı çəkilən Məcəllənin 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, o, cavabdehin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar