Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3855/2021 23.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər uzun müddətdir bir-birilərini tanıyır, aralarında biznes əlaqələri olmuş, iddiaçı son zamanlaradək cavabdehə şübhəsiz inanmış, bu səbəbdən aralarında olan biznes münasibətləri ilə bağlı hər hansı bir rəsmi sənədləşmə aparılmamışdır. Cavabdehin hərəkətləri, yəni aralarında olan razılaşmalara əməl etməməsi, aldığı mala görə borcunu ödəməməsi, iddiaçının telefon zənglərinə cavab verməməsi onların münasibətlərinin pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçının 2013-cü ilin ortalarında cavabdehə göndərdiyi ümumi dəyəri 140000 ABŞ dolları olan beş vaqon hazır taxta materialını cavabdeh 5 il müddətinə nisyə ödəməyi, 5 ildən sonra məbləğ tam şəkildə və 1 il güzəşt edilməklə hər il üçün 12% faiz gəlirlə qaytarağı iddiaçıya təklif etmişdir. Cavabdeh həmin materialın ondan mənzil inşa edən tikinti şirkətinin ona verəcəyi sahəsi 120 m2 olan 2 otaqlı mənzilin əvəzində tələb etməsini iddiaçıya demişdir. İddiaçı cavabdehə etibar etdiyi üçün onun təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra cavabdeh Elit MTK tərəfindən ona Bakı şəhəri S.Rüstəm küçəsində inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində yerləşən sahəsi 124 m2 olan 2 otaqlı mənzilin verilməsini, mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən sənədlərin şəklini çəkib göndərmişdir. Tərəflər arasında razılaşdırılan 5 il müddət 2018-ci ilin avqust ayında tamam olduqdan sonra cavabdeh noyabr ayında 20000 ABŞ dolları, 2019-cu ilin may ayında 5000 ABŞ dolları, dekabr ayında 10000 ABŞ dolları olmaqla cəmi 35000 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Bundan sonra cavabdeh pandemiyanı bəhanə edib borcunu qaytarmamışdır. Nəticədə cavabdehin iddiaçıya 140000 ABŞ dolları əsas borc, vəd olunan 67200 ABŞ dolları gəlirdən 32200 ABŞ dolları olmaqla cəmi 172200 ABŞ dolları borcu qalmışdır. Cavabdeh iki il ərzində borcunu qaytarmadığı üçün iddiaçıya 7,5 % bank uçot faiz dərəcəsi ilə hesablanmaqla 25000 ABŞ dolları maddi ziyan ödəməlidir. İddiaçı ona göstərilən hüquqi xidmətə görə 1000 manatın, dövlət rüsumuna görə 30 manatın da cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İddiaçı cavabdeh tərəfindən ona qaytarılan 35000 ABŞ dollarını vəd olunan gəlirin bir hissəsi olaraq hesablayır. İddiaçının əsas cavabdehə borcunun 140000 ABŞ dolları olmasına, tərəflər arasında əsas borca görə faiz ödənilməsi barədə razılığın olmasına, iddiaçının hüquqi xidmətə görə 1000 manat ödəməsinə dair hər hansı bir sübutu yoxdur. Ona görə də Cavabdeh İddiaçı xeyrinə hazır taxta materialının dəyərinə görə 140000 ABŞ dolları borc, borca hesablanan faizə görə 32200 ABŞ dolları, dəymiş ziyana görə 25000 ABŞ dolları olmaqla cəmi 197200 ABŞ dollarının, hüquqi xidmətə görə 1000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, tərəflər biznes fəaliyyəti ilə məşğul olmuş, cavabdeh iddiaçıdan 5 vaqon taxta almışdır. Lakin cavabdehin borcu iddia ərizəsində tələb olunan qədər deyildir. Bundan başqa tərəflər arasında faiz barədə hər hansı biz razılıq olmamışdır. Tərəflər gəlir əldə ediləcəyi halda əldə olunan gəliri böləcəkləri barədə razılaşsalarda cavabdeh hər hansı bir gəlir əldə edə bilməmişdir. Cavabdeh borcundan iddiaçıya 35000 ABŞ dolları qaytarmış, bu günə qalıq borcu 92000 ABŞ dolları təşkil edir. İddiaçı ona göstərilən hüquqi xidmətə görə 1000 manat ödəməsinə, tələb etdiyi borc, faiz, maddi ziyanla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsinin qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə hazır taxta materialının dəyərinə görə 92000 ABŞ dollarının tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, cavabdeh iddiaçıdan aldığı taxtanın dəyərini müəyyən olunmuş vaxtda ödəməmişdir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehə satdığı taxtanın dəyərinin 140000 ABŞ dolları olmasını, həmin məbləğə görə cavabdehin ona gəlir olaraq 12% ödəməli olmasını, göstərilən hüquqi xidmətə görə 1000 manat ödəməsini iddia etsə də, iddia tələbində istinad etdiyi bu halları təsdiq edə biləcək mötəbər təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının maddi ziyana görə 25000 manat tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, cavabdeh iddia tələbini qismən etiraf etdiyindən iddia ərizəsi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 92000 ABŞ dolları tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsinə görə 92000 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3855/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3855/2021
23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver