Məhkəmə qərarları › İş №2(001)-386/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-386/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-386/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxxx katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 11.500 manat məbləğində pulun, vurulmuş mənəvi zərərə görə 3.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Residence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48.65 kv.m olan 180 saylı mənzili təmir etmək məqsədilə Cavabdeh müraciət etmiş və onlar podrat müqaviləsi bağlamışlar. Müqavilənin 1.1-ci maddəsinə əsasən, podratçı qeyd edilən mənzili tam təmir etməyi, Sifarişçi isə Podratçıya razılaşdırmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən Sifarişçi tərəfindən Podratçıya hissə-hissə ödəniləcək 13.000 manatın müqabilində Podratçı həm təmir-tikinti materiallarını almaq, həm də evi tam təmir etmək (usta, fəhlə pulu və s.) öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda müqavilənin 2.2 və 2.3-cü maddəsinə əsasən, Sifarişçi razılaşdırılmış pulu Podratçının bank hesabına ödənilməsi, müqavilə bağlandığı tarixdə 4.500 manatın podratçıya ödənilməsi, ikinci partiya olaraq 5000 manatın, qalan məbləğ olan 3.500 manatın hissə hissə ödənilməsi razılaşdırılmışdır və bu barədə müqavilənin son səhifəsində əlyazma ilə müvafiq qeydlər edilmiş, onlar tərəfindən imzalanmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilə öhdəliklərinin tam və vaxtında icra edilməsindən yayınmağa başlamışdır və iş yarımçıq buraxılmışdır. Cavabdehdən işi davam etdirərək mənzili təhvil verməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirməyə başladı. Eyni zamanda ona “hara şikayət edirsən et” kimi ifadələr işlətdikdə əmin olmuşdur ki, cavabdehim müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmək fikri yoxdur və dedikləri vaxt qazanmaqdan başqa bir şey deyil. Belə ki, cavabdehin aldığı pul müqabilində gördüyü iş tamamilə azdır. Cavabdehin bu cür qanunsuz hərəkətlərini gördükdə və fırıldaqla qarşılaşdığını bildikdə məcbur olaraq Bakı şəhəri Binəqədi rayonu 6-cı Polis Bölməsinə müraciət etmiş, lakin 6 saylı polis bölməsi xx xxxx 2020-ci il tarixli arayışı ilə xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğundan mülki qaydada məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Cavabdehə ödənilmiş pul müqabilində müqavilə öhdəlikləri tam icra edilməmiş, mənzil tam təmir edilərək ona təhvil verilməmişdir. Onun tərəfindən cavabdehə 11.500 manat pul ödənilmişdir. Baxmayaraq ki, müqavilə üzrə 3 ay ərzində təmir işlərinin tam bitəcəyi və mənzilin ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilənin bağlanmasından 6 ay keçməsinə baxmayaraq, müqavilə öhdəlikləri tam icra edilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən izahat verdi. Həmçinin qeyd etdi ki, iddiaçı yalnız podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2 – ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn), 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddlərdə olan işləri görmüşdür. 9-cu bənddə olan işlərdən yalnız evin alçipan işləri görülmüş, lepka və paduqa vurulmamışdır. Eyni zamanda, onun razılığı ilə evin döşəməsinin beton styajkası edilmiş, mətbəx ilə otaq arasında olan divar sökülüb yenidən inşa edilmiş, hamamım divarı yenidən sökülüb inşa edilmiş, həmçinin mətbəxə isti döşəmə çəkilmişdir. Bunlardan əlavə, onun ekspertiza rəyinə hər hansı etirazı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının dediyi kimi o, tapşırılan işləri 2 aya görüb təhvil verməli idi. Lakin, təmir işləri qış aylarına düşdüyünə görə divarlar nəm olmuş, işi başa çatdıra bilməmişdir. Daha sonra da respublikada yayılan pandemiyaya görə işləri yarımçıq qalmışdır. Bununla bağlı iddiaçı dəfələrlə polisə də müraciət etmişdir. Aralarındakı razılığa əsasən görüləcək işlərə ümumilikdə 13.000 manat verilməli idi, iddiaçı tərəfindən ona 11.500 manat məbləğində pul ödəniş edilmişdir. Onun indiyə qədər gördüyü işin məbləği isə 10.000 manat civarındadır. Həmin işləri də 1 həftə ərzində görüb yekunlaşdıra bilər. O, podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2 – ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn), 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddlərdə olan işləri görmüşdür. Eyni zamanda, cavabdehin sifarişi ilə evin döşəməsinin beton styajkası edilmiş, mətbəx ilə otaq arasında olan divar sökülüb yenidən inşa edilmiş, hamamım divarı yenidən sökülüb inşa edilmiş, həmçinin mətbəxə italyan istehsalı olan isti döşəmə çəkilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşdiyi “Azadlıq Residence” yaşayış kompleksində 3-cü binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzili tam təmir etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürür. Podratçı tərəfindən görüləcək işlər aşağıdakılardır: pol taxta 15 manat; hamam üçün kafel metlax 14 manat; oboy 20-25 manat; eyvan üçün kafel/metlax 10-12 manat; santexnik işləri tam olaraq; evin qapıları 150-170 manat; hamam üçün asma tavan 20-25 manat; tam olaraq elektrik işlərinin təhvil verilməsi; tam olaraq evin alçipan işləri, lepka, paduqa; evin çöl qapısı 400 manat; mətbəx mebeli, dəhliz mebeli tam təhvil; tam olaraq elektrik işləri; hamam üçün aksessuarlar; razetka və kulçatorlar. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən sifarişçi podratçıya hissə-hissə ödəniləcək 13.000 manatın müqabilində podratçı həm təmir-tikinti materiallarını alacaq, həm də evi tam təmir edəcəkdir (usta, fəhlə pulu və sair). Müqavilənin yekun hissəsində qeyd edilmiş iltizama əsasən, İddiaçı tərəfindən 200 manat beh, daha sonra 4.500 manat, 4.300 manat, 2.500 manat məbləğində vəsait Cavabdeh ödənilmişdir. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, onun ərizəsində xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiq bilinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/2850 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə tərəflər arasında bağlanmış podrat müqaviləsinin 1.2-ci bəndində olan işlərdən 2-ci (hamam üçün kafel metlaq 14 azn), 5-ci (santexnik işləri tam olaraq), 7-ci (hamam üçün asma tavan 20/25 azn) 8-ci (tam olaraq elektrik işlərinin təhvil verilməsi) və 9-cu (tam olaraq alçipan işləri, lepka, paduqa) bənddə göstərilən işlər cavabdeh tərəfindən görülmüşdür. Qeyd olunan işlərə istifadə olunmuş materiallarla birlikdə təqribən 3.223 manat məbləğdə vəsaitin sərf olunduğu müəyyən olunur. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yerləşən “Azadlıq Rezidence” yaşayış kompleksində 3 saylı binanın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 48,65 kv.m olan 180 saylı mənzildə döşəmənin beton styajkası, mətbəx ilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işləri görülmüşdür. Qeyd olunan işlərə istifadə olunmuş materiallarla birlikdə təqribən 1.036 məbləğdə vəsaitin sərf olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır; 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, iddiaçı müqavilədə qeyd edilmiş işlərin görülməsi müqabilində cavabdehə ümumilikdə 13.000 manat məbləğində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə işlərin görülməsi üçün iddiaçı tərəfindən cavabdehə həmin məbləğdən ümumilikdə 11.500 manat ödənilmişdir. Cavabdeh tərəfindən müqavilənin 1.2-ci bəndində olan işlərdən 2, 5, 7, 8 və 9-cu yarımbəndlərdə göstərilən işlər görülmüş, həmçinin tərəflərin razılığı ilə müqavilədə nəzərdə tutulmayan mənzildə döşəmənin beton styajkası, mətbəx ilə otaq arasında olan divarın sökülüb yenidən inşa edilməsi, mətbəxə isti döşəmənin çəkilməsi işləri görülmüşdür. Ekspert rəyinə əsasən cavabdeh tərəfindən görülmüş işlərin ümumi dəyəri 4.259 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilən muzd müqabilində üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə xx xxxxxx 2021-ci il tarixli, 10/2850 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib belə nəticəyə gəlir ki, iddia tələbi 11.500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 7.241 manat (11.500 manat - 4.259 manat) məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “3.000 məbləğində mənəvi zərərin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.241 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edildiyi üçün 15 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7.241 (yeddi min iki yüz qırx bir) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar