Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3877/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.826 manatın və 59 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun müddətdir ki, tanışdır. “Accessbank" QSC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən kreditor sonuncuya 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 06 mart 2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir, tərəflərin imzaladıqları 13 may 2016-cı il, 21 fevral 2017-ci il və 31 avqust 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh kredit borcunu faizləri ilə birlikdə vaxtlı-vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. O isə, cavabdehə zamin durmuşdur. O cümlədən X6 və X3 ilə də zaminlik müqavilələri bağlanmışdır. Borclu kreditor qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən borcu yaranmışdır. Həmin kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla 5.122,2 ABŞ dolları məbləğində borc qalmışdır. Cavabdeh həmin borcu ödəmədiyindən, məcbur olub bankla razılaşaraq həmin borcun müqabilində və digər xərclərə görə 3.826 manat vəsait ödəyərək borcu bağlamışdır. Artıq həmin müqavilələr üzrə banka Cavabdeh borcu qalmamışdır. 22 aprel 2022-ci il tarixli qəbzlərdən də göründüyü kimi, tərəfindən cavabdehin bankdakı kredit hesabına 1.960 ABŞ dolları, yəni manatın həmin günə məzənnəsinə görə 3.336 manat və 364 manat, həmçinin 126 manat məhkəmə ekspertiza xərcini ödəyərək borcu bağlamışdır. Həmçinin "xxxx" QSC tərəfindən verilmiş arayışlara əsasən zamin olduğu kredit müqavilələri üzrə borclar tamamilə onun tərəfindən bağlanmışdır. Buna görə də, bank qarşısındakı öhdəliyi kreditorun hesabına borclu əvəzinə zamin olaraq ödədiyi üçün 3.826 manat məbləğində həmin pul və dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, "xxxx" QSC-nin xeyrinə çıxan məhkəmə qətnaməsi icraya göndərildikdən sonra icra məmuru borcun ödənilməsini onun pensiyasına yönəltdiyindən, o, məcbur qalıb borcu tam şəkildə ödəmiş, elə həmin tarixdə də cavabdehlə notariat orqanında borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh 4.000 manat borcu ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin müddəti 22 aprel 2024-cü il tarixə qədərdir. Lakin o, həmin vaxta kimi gözləmək istəmədiyindən hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının onun əvəzindən banka olan borcu ödəməsini inkar etmir. Lakin, iddiaçı banka olan borcu ödəyərkən həmin tarixdə onunla notariat orqanında borc müqaviləsi bağlamış və o, həmin müqaviləyə əsasən 4.000 manat borcunu ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçının belə bir iddia qaldırmağı haqsızlıqdır, çünki o, borcundan boyun qaçırmır, əksinə notariat orqanında bununla bağlı öhdəlik götürmüşdür. Aralarında razılıq var, o, borcunu 22 aprel 2024-cü il tarixədək ödəyəcəkdir. Belə ki, onun satışa qoyulmuş əmlakı var, əmlak satıldıqdan dərhal sonra satışdan əldə edilən pulla iddiaçıya olan borcunu tam şəkildə bağlayacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(102)-3858/2021 saylı qərarının surətindən görünür: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-623/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06 mart 2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4.504,27 ABŞ dolları, faiz borcu üzrə 517,93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1426/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq 06 mart 2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4.504,27 ABŞ dolları, faiz borcu üzrə 517,93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh, X4, X1 və İddiaçı müştərək qaydada tutularaq Banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(102)- 3858/2021 saylı qərarı ilə mübahisələndirilən hissədə - iddia tələbinin cavabdeh İddiaçı qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. 22 aprel 2022-ci il tarixdə saat 11:25-də Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 4.000 manat məbləğində borc pul verir, borc alan isə borcu 22 aprel 2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür; 22 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə saat 12:45:31-də İddiaçı tərəfindən "xxxx" QSC-yə təyinatı verilmiş kreditlər üzrə daxilolmalar göstərilməklə 1.960,05 ABŞ dolları (3.336 manat) məbləğində kredit ödənişi edilmişdir; 22 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə saat 12:46:52-də İddiaçı tərəfindən "xxxx" QSC-yə təyinatı verilmiş kreditlər üzrə daxilolmalar göstərilməklə 364 manat məbləğində kredit ödənişi edilmişdir; "xxxx" QSC-nin İddiaçı ünvanladığı 22 aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, onun müraciətinə baxılmış və bildirilmişdir ki, 06 mart 2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə zamin qismində bank qarşısında 12.000 ABŞ dolları həcmində öhdəliyi mövcud olmuşdur. Həmin borc öhdəliyini 22 aprel 2022-ci il tarixində tam olaraq yerinə yetirmiş və hazırda həmin kredit razılaşması üzrə bank qarşısında zamin qismində öhdəliyi mövcud deyildir; 25 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X2 təyinatı ekspertiza xərci göstərilməklə 125 manat məbləğində vəsait köçürülmüşdür; 16 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh (borclu), X4 (zamin), X1 (zamin) və İddiaçı (zamin) müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra, 22 aprel 2022-ci il tarixdə, saat 11:25-də notariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4.000 manat borc verməyi, cavabdeh isə həmin borcu 22 aprel 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin gün saat 12:45 və 12:46-da isə iddiaçı tərəfindən bank qarşısında öhdəliklər tamamilə icra edilmiş, yəni cavabdehin (borclu) banka olan borc məbləğləri (364 manat və 1.960,05 ABŞ dolları) və 126 manat məbləğində ekspertiza xərci tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə istinad edərək, cavabdehin əvəzinə kreditora ödədiyi cəmi 3.826 manat borc məbləğinin ona geri ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaçının onun əvəzindən banka olan borcu ödəməsini etiraf etsə də, iddianı qəbul etməyərək bildirir ki, bu borc məbləği ilə bağlı onlar arasında kredit müqaviləsi var və həmin müqaviləyə əsasən o, borc məbləğini 22 aprel 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də iddia əsaslı deyildir. Məhkəmə cavabdehin arqumentlərini (iddiaya etirazının dəlilini) əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin “Öhdəliyə novasiya nəticəsində xitam verilməsinə” dair 531-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı (zamin) cavabdehin (borclu) əvəzindən sonuncunun banka olan borcunu tam olaraq ödədiyindən onun həmin məbləği borcludan tələb etmək hüququ yaranmış olsa da, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bununla bağlı kredit müqaviləsi bağlanmaqla, iddiaçının banka ödədiyi məbləğin 22 aprel 2024-cü il tarixədək cavabdeh tərəfindən qaytarılması tərəflər arasında razılaşdırılmışdır. Başqa sözlə, iddiaçının zamin kimi ödədiyi pul vəsaitinin qaytarılması artıq başqa bir əqdin predmeti olmaqla, həmin əqd üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlikdir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3877/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3877/2022
01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver