Məhkəmə qərarları › İş №2(001)-389/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-389/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-389/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər:müvaqilə öhdəlikləri) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ş.Məmmədova küçəsi, ev 8, 1-mərtəbəsinin Antersol tipli hissəsində yerləşən 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 sentyabr 2010-cu il tarixdə ünvan 1 ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 240000 ABŞ dolları ödəməklə alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti adlanan 1-ci bəndinə görə Alıcı - İddiaçı) satıcıya-cavabdeh (“Binəqədi-İnşaat" MMC) 240000 ABŞ dolları məbləğində pul ödəyir və bunun müqabilində ünvan 1 ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi alır. Müqavilənin 3.1-ci bəndində (Ödəniş şərtləri) göstərilir ki, bu müqavilə üzrə ödəniləcək məbləğ 240.000 (iki yüz qırx inin) ABŞ dolları alıcı İddiaçı tərəfindən tam ödənildi. Müqavilənin 3.2-ci bəndində qeyd olunub ki, ödəniş nəğd pulla aparıldı. Müqavilənin 3.3cü bəndində göstərilir ki, ödəmə şərtləri alıcı tərəfindən pozularsa satıcı birtərəfli qaydada müqaviləni pozma hüququnu özündə saxlayır. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya təhvil verməlidir. İddia ərizəsinə əlavə edilən 14 sentyabr 2010-cu il tarixli, Seriya AR N350 saylı kassa mədaxil orderindən görünür ki, yuxarıda qeyd edilən sözügedən müqavilədə ödənilməsi göstərilən 240.000 ABŞ dolları pul vəsaiti İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına mədaxil edilmişdir. Göründüyü kimi, İddiaçı cavabdeh təşkilat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən aldığı yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin razılaşdırılmış dəyərini cavabdeh tərəfə tamamilə ödəmiş və müqavilədə nəzərdə tutulmuş öz öhdəliyini iddiaçı tam icra etmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən satıcı qeyri-yaşayış sahəsini alıcıya təhvil verməlidir. Lakin, satıcı olan iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu günədək sözügedən müqavilədə qeyd edilən həmin qeyri-yaşayış sahəsini alıcıya, iş üzrə İddiaçı təhvil verməmiş, müqavilə üzrə üzərinə düşən öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı dəfələrlə cavabdeh təşkilata müraciət edərək aldığı həmin sahəni təmir etdirmək istədiyini, aralarında bağlanmış yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliyini yerinə yetirməsini, sözügedən qeyri-yaşayış sahəsini ona təhvil verməsini cavabdeh təşkilatdan tələb etsə də, cavabdeh binanın hələ istismara təhvil verilmədiyini bəhanə edərək öz öhdəliklərini yerinə yetirməyərək müqavilə tələblərini icra etməmiş, sözügedən müqavilədə iddiaçıya təhvil verməli olduğu qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin 4.1-ci bəndindən irəli gələn qeyri-yaşayış sahəsini təhvil vermək vəzifəsini icra etməməklə öz öhdəliyini pozmuş, bu hərəkətlərinə görə məsuliyyət daşımaqdadır. Odur ki, sözügedən qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslıdır və bu səbəbdən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı ilə cavabdeh şirkət arasında 14 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, ev №8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsini 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 240.000 ABŞ dolları ödəməklə alınmasına dair müqavilə bağlanılmışdır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən də görünür ki, iddiaçı 240.000 ABŞ dollarını cavabdeh şirkətin kassasına ödəmişdir. Lakin cavabdeh şirkət öz öhdəliyini tam icra etməmişdir. Sözügedən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin məhkəməyə təqdfim etdiyi ərizə hazırki mübahisəli sahə ilə bağlı deyil. Ona verilən məlumata əsasən tərəflər arasında başqa müqavilələr mövcud olmuş, ərizə də həmin müqavilələrlə bağlı olmuşdur. Tərəflər arasında başqa əmlaka dair müqaviləni məhkəməyə təqdim edə bilmir. Daha sonra iddiaçı tərəflə ərizə məsələsini dəqiqləşdirmiş və iddiaçı ərizənin onunla digər cəmiyyət arasında olan borc münasibətlərinə aid olduğunu, bu məsələ ilə bağlı cinayət işi başlanıldığını və həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olduğundan ərizəni yazdığını, lakin pulunun qaytarılmadığını bildirmişdir. Həmin ərizənin hazırki mübahisə ilə bir əlaqəsi yoxdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cəmiyyət ilə iddiaçı arasında 24.000 ABŞ dolları məbləğində borc münasibətləri olub. Həmin borcun əvəzində müqavilə və maliyyə arayışı verilib. Daha sonra məlum hadisələrdən sonra 240.000 ABŞ dolları məbləğində pul iddiaçıya qaytarılıb, iddiaçı notarial qaydada ərizə verərək müqavilələr üzrə borcunun qaytarıldığını, heç bir iddia və tələbinin olmadığını bildirdi. Həmin vaxt müqavilənin əsli istənilsə də, itirdiyini bildirdiyindən və mübahisə tamamlandığından iddiaçıya inanmışdır. Hazırda iddiaçı qanunsuz yolla varlanmaq istəyir. 14 il müddət keçdikdən sonra iddiaçı əmlakla bağlı məhkəməyə müraciət edir. Nümayəndənin ərizə ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Belə ki, cəmiyyət tərəfindən yalnız bir bina tikilib, iddiaçı ilə aralarında başqa müqavilə olmayıb. Mübahisəli obyektin üçüncü şəxsin istifadəsində olub-olmamasını dəqiq bilmir. İddiaçı və cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş, zəng vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəmə baxışının iddiaçı və nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 240000 ABŞ dolları ödəməklə alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti adlanan 1-ci bəndinə görə İddiaçı “Binəqədi-İnşaat" MMC-yə 240000 ABŞ dolları məbləğində pul ödəyir və bunun müqabilində ünvan 1 ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi alır. - AR seriyalı, 350 saylı, xx.xx.2010-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən mənzilin alınması üçün 240000 ABŞ dolları pul “Binəqədi- İnşaat" MMC-yə ödənilmişdir. - xx.xx.2017-ci il tarixli Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiqlənmiş və qüvvədə olan ərizənin surətindən görünür ki, İddiaçı "xxxx" MTK-nın sədri X3 və Cavabdeh MMC-nin direktoru X1 verdiyi borc pulun müqabilində o və ailə üzvləri ilə yuxarıda göstərilən şirkətlər arasında bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin alınmasına dair müqavilə bağlanmışdır. Verdiyi borc ona tam olaraq qaytarıldığı üçün həmin müqavilələr ləğv olundu. Yuxarıda göstərilən müqavilələrin ləğv edilməsi, nə də müqavilədə nəzərdə tutulan pulla bağlı onun və ailə üzvlərinin heç bir iddiası yoxdur. - V-JQ seriyalı, 252028 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət prospessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən ona həmin maddələr ilə cəza təyin edilməmişdir. Cinayət işi üzrə təqsierləndirilən şəxs X2 vəfat etdiyindən, ona qarşı zərərçəkmiş şəxslər X5 və digərləri tərəfindən verilmiş mülki iddialar cinayət mühakimə icraatında baxılmamış saxlanmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş binada qoşmaya əlavə edilən müqavilədə qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanda aparılmış müşahidə zamanı təsərrüfat obyektində sahibkarlıq fəaliyyətinin göstərilməməsi və obyektin bağlı olduğu müəyyən edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin qanuni təmsilçisinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla)”. - 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir.Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəfindən iddiaçıya qeyd olunanlar izah edilmiş, lakin iddiaçı işə irəli sürülmüş tələblər və təqdim edilmiş sübutlar üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin mövcud olub olmaması aydınlaşmalıdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci və 445.7-ci maddələrinə istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, müqavilə tərəflər arasında bağlanan zaman ünvan 1 ev N 8, 1-ci mərtəbəsinin Antersol tipli hissəsində 100 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmadığından reyestrin prezumpsiyasından söhbət gedə bilməz. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mülahizədə və yazılı ərizədə qeyd olunur ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının adından borc məbləğinin tam ödənilməsinə dair yazılmış 2017-ci il tarixli ərizə təqdim edilmişdir. ərizədə göstərilən məlumatların hazırki mübahisə predmetinə aidiyyəti yoxdur. Həmin ərizədə göstərilən məlumatların özü də həqiqəti əks etdirmir, əgər ərizədə göstərilən borc məbləği ödənilmiş olsa idi, iddiaçı tərəfin ailə üzvü bir müddət sonra cavabdeh tərəfin tikinti fəaliyyətinə faktiki rəhbərlik etmiş şəxsdən şikayət etməzdi, başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmazdı. Təsadüfi deyil ki, İddiaçı ailə üzvlərinin, Cəbrayılovlardan, Dərhal MTK-dan pul tələbləri üzrə cinayət işi başlanılıb, həmin iş üzrə digər şikayətçilərlə yanaşı, İddiaçı həyat yoldaşı X5 zərərçəkmiş şəxs qismində tanınıb, Rafael Cəbrayılov tərəfindən ona qarşı cinayət törədilmişdir. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü işə yekunlaşıb. Hökmdən görünür ki, İddiaçı özünün və ailə üzvlərinin Cəbrayılovlar ailəsi ilə hazırki iş üzrə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə aid olmayan cinayət məsuliyyətinə səbəb olan pul münasibətləri olmuşdur. Cinayət 2015-ci ildə törədilmiş, ərizə isə 2017-ci ildə yazılmışdır. Buna baxmayaraq iddiaçı tərəf ərizədə Dərhal MTK ilə birlikdə Binəqədi İnşaat MMC-nin qeyd edilməsi, o cümlədən hazırki cavabdehlə aralarında olan müqaviələlər üzrə borcun qaytarılması səbəblərini məhkəməyə təqdim etməməklə yanaşı bir birini təsdiq etməyən izahatlar verməklə, ilk əvvəl tərəflər arasında Xırdalan ərazisində yerləşən binada olan yaşayış sahəsinə dair müqavilə ilə bağlı olduğunu, məhkəmə tərəfindən bununla bağlı sübut təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq daha sonra cinayət işi üzrə əlaqəli olduğunu bildirmiş, həmçinin 2014-cü il tarixdən mübahisəli yaşayış sahəsi ilə bağlı hər hansı müraciətinin olmama səbəblərini izah edə bilməmişdir. İddiaçı izahatında ərizənin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və xx.xx.2022-ci il tarixli hökmlə yekunlaşmış cinayət işi ilə əlaqəli olsa da, qeyd edilən ərizə həmin hökmdə nəzərə alınmamış, tərəflərini zahatında səsləndirilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı tərəfin mühalizəsinə və təqdim etdiyi ərizələrə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-111/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə xx.xx.2017-ci il tarixli Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiqlənmiş ərizə maddi sübut kimi istifadə olunmamışdır. Cinayət işi ilə sözügedən notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli ərizə arasında heç bir bağlılıq aşkar edilməmişdir. Lakin xx.xx.2017-ci il tarixli Bakı şəhəri 44 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin aydın formada görünür ki, İddiaçı "xxxx" MTK-nın sədri X3 və Cavabdeh MMC-nin direktoru X1 verdiyi borc pulun müqabilində bir neçə yaşayış və qeyri-yaşayış sahələrinin alınmasına dair müqavilə bağlanmış, verdiyi borc ona tam olaraq qaytarıldığını və həmin müqavilələrin ləğv edildiyini, həmçinin müqavilələrin ləğv edilməsi, nə də müqavilədə nəzərdə tutulan pulla bağlı onun və ailə üzvlərinin heç bir iddiası olmadığını öz imzası ilə təsdiq edilmişdir. Bu baxımdan hazırkı halda iddiaçının vicdanlı sahib olması istisna edilir. Digər tərəfdən tərəflər arasında pul öhdəliklərinin mövcud olması da müəyyən edilmir. Belə ki, sübutetmə yükü baxımından mübahisəli qeyri-yaşayış sahəsinin məhz cavabdehdən alınaraq iddiaçıya təhvil verilməli olduğu, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İşin məhkəmə araşdırılması ilə iddiaçı tərəfindən tərəflər arasında mübahisəli qeyriyaşayış sahəsinin iddiaçıya məxsus olması tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia sübuta yetirilmədiyindən, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar