Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3894/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində şər və böhtan dolu, şərəf və ləyaqətini alçaldan məlumatları Facebook, Youtube, “Dövlət TV”, qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda yayılmasına görə ona vurduğu mənəvi ziyana görə 100000 (yüz min) manat pulun X2 tutularaq ona ödənilməsi və yalan məlumatların Facebook, Youtube, “Dövlət TV”, qeyriqanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda təkzib edilməsi və silinməsi, həmçinin bu hərəkətlərinə görə ondan üzür istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X14” İctimai Birliyinin 2022 -2023-cü illərdə sədr olduğum dövrdə ictimai birlikdə Azərbaycan Respublikasının bir çox rayonlarının nümayəndələri təmsil edilmişdir. “X14” İctimia Birliyi dövlətçiliyin inkişafında və Azərbaycan Respublikasının daha da bütün dünyada tanınmasında var gücü ilə çalışır. X8 kimi şəxslər həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Belə ki, X5, Youtube sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirir. Eyni zamanda bildirir ki, X6 Birliyi dağıtmaq məqsədilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq İctimai Birlikdən könüllü uzaqlaşan şəxləri bu saxta qrupa daxil edərək, mütəşəkkil bir qrup yaratmışdır. Bu şəxsləri onun əleyhinə qaldıraraq, İctimai Birliyi dağıtmaq məqsədilə şərəf və ləyaqəti alçaldan, şər böhtan xarakterli çıxışlar etmələrini tələb edir və Whatsapp qruplarında və sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır. Hal-hazırda X7 və X15 rəhbərliyi ilə bu saxta qrupda fəaliyyət göstərərək onun ünvanına şər-böhtan xarakterli çıxışlar edir, şərəf və ləyaqətini alçaldaraq WhatsApp qruplarında və sosial şəbəkələrdə çıxışlarını yayır və onun nüfuzuna yetərincə xələl gətirir. X1 oğlu onun ünvanına nalayiq söyüşlər söyərək Whatsapp sosial şəbəkəsində yaymışdır, eyni zamanda “Facebook” sosial şəbəkəsində onun barəsində şər və böhtanla dolu, şərəf və ləyaqətini alçaldan məlumatlar yerləşdirmişdir. X7 15 və 27 mart 2023-cü ildə “Youtube” və “Facebook” sosial şəbəkələrində yerləşdirdiyi çıxışlarında demişdir. YDDİB-nın üzvləri İddiaçı haqqında ona bir çox şikayətlər etmişlər. Telefon vasitəsilə onun bəzi nəlayiq şəkillərini ona göndərmişdilər. İddiaçı onun imzasını saxtalaşdıraraq onun adından müxtəlif təşkilatlara məktublar göndərmiş və bir çox təşkilatlan ondan xəbərsiz bağlayıb, özü bildiyi kimi sənədləşdirib ki, güya o, bəzi üzvlər keçirilən yığıncaqlarda iştirak etmişlər. İddiaçı dəfələrlə ondan tələb edirdi ki, bəzi üzvləri bu təşkilatdan çıxararaq qovsun. Ancaq ona verilən faktlar göstərdi ki, onun dedikləri iftira və şərdir. Bu adam normal adam deyil, xəstədir. İstədiyi adama şər atır, böhtan atır. Təşkilatın vəsiqələrindən yığdığı pulları aparıb xərcləyir. İndi də ondan və digər hörmətli üzvlərdən şikayət edir ayrı-ayrı təşkilatlara. O, cavabdehi çağırmış ki, gəl söhbət edək, gəlmədi və hətta ondan da uzaqlaşdı. Bu adam təşkilatın möhürü onda olduğu halda, möhürü icazəsiz həm rus, həm də ingilis dilində surətini çıxararaq, ondan xəbərsiz yalan məktublar tərtib edib, müxtəlif təşkilatlara göndərmişdir. Bu da ağır cinayət sayılır. İddiaçı təşkilatın qadın, qız və gəlinlərini narahat edərək, onların adlarına xələl gətirir, bu günə kimi də əl çəkmir. Onun bu hərəkətləri xalqımızın ümumi milli dəyərlərinə xəcalət gətirir. Cavabdeh onun barəsində 15 mart 2023cü il tarixdə YouTube sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaldan şər və böhtan dolu çıxışlar etmişdir. Həmin çıxışında o, bildirir ki, təşkilata rəhbərlik edən İlhamı düz yola dəvət etmişdir, fikirlərini ona çatdırmışdır. Belə ki, bu təşkilatın qanun - qaydalarına uyğun hərəkət etməsini, əməllərindən əl çəkməsini təklif etmişdir. Çıxışında "X14" İctimai birliyinin sədri kimi onun barəsində çoxsaylı şikayətlərin olduğunu, özünü yaxşı aparmadığını, insanlara yaxşı davranmadığını qeyd edir. Bildirir ki, müxtəlif kələklərə, fırıldaqlara əl atır. Bundan əlavə insanlara şər atır, qadın-kişi xüsusiyyətlərinə əhəmiyyət vermir. Onlara lazımı səviyyədə yanaşmır. Çıxışçı deyir: "əlindən bir iş gəlirsə, kömək eləyə biləcəksənsə eləsin, eliyə bilmirsə, ona yaxın düşməsin, artıq - əskik hərəkətlər etməsin. Bu insan deyilən söhbətlərdən nəticə çıxarmayıb. Heç bir ağlı başında normal adam ona olan hörmətin əksini göstərməz. Amma biz bu adamda onu görürük. Hörmət eliyirsən o bunu tamam başqa cür dəyərləndirir. Belə bir hərəkətlə çıxış edir ki, o, nə istəyir onu edir, guya bunun hər şeyə ixtiyarı var. Bu düşünmür ki, sən bu dövlətdə yaşayırsan. Bu dövlətin Konstitusiyası var, qanunu var. Hər bir şəxsin hüququ var. Heç birinə bu adam əməl etmir. Bu da sonda təşkilata xələl gətirir. Orda olan çox gözəl insanlara ləkə yaxır. Özünü ona qarşı da çox pis aparır. Hansı alçaq hərəkət desən ortaya çıxaracaq. Onun qərarı belədir o normal adam deyil. Bəlkə müalicə olunsun, yenə də insan səviyyəsinə, adam səviyyəsinə gələ bilməyəcək. O çox yalançı, fırıldaqçı bir adamdır, ondan - ona, bundan buna söz deyəndi. Azərbaycanda onun xasiyyətini bilsələr ona salam verən də olmaz. Sonrakı fayllarda mövzu davam etdirilir, çıxışçı deyir:" İlham keçmiş sədr olaraq çıxış edib, yalançı ifadələr verib. Onun heç bir əsası yoxdur. Deyir ki, " Ziyətxan müəllimin 1 səsi var, o da deyir yalançının lap...! Kollektivdə nə qədər səs var, hamısı onun səsidir. Amma bu adam əl çəkmir. Gərək nə qədər utanmaz adam olasan ki, Ziyətxan müəllimə nöqsan axtarasan. Səni bura təyin edən adam odur, sənə qol-qanad verən odur. Sonra da məlum olur ki, sən gedib dırmaşmısan arvadlara. Sən Nəbinin şəklini mənə göndərdiyin kimi, senin də şəklini mənə göndərdilər. Qrupda olan qadınların namusuna, qeyrətinə toxunursan, şəxsiyyətinə toxunursan. Fikirləşirsən ki, bunun yiyəsi var, əri var, qardaşı var, dədəsi var, nənəsi var. Sənə kim haqq verib ki, bu cürə mənəviyyatsız, tərbiyəsiz işlər görəsən? Seyid oğurluq eliyər? Camaatdan yığdığın pulları müxtəlif adamlarla aparıb xərcləmişəm başqa şeylərə. Sənin ona ixtiyarın varmı? Bunnlar ayıb olan şeydir. Ağlını başına yığ. Onsuz da sən fəaliyyət göstərə bilməyəcəksən. Kim də onun yanındadır bilsin. Elə adamın yanında olmazlar axı. Bu adam normal adam deyil. Başı çatmır. Onun göstərdiyi fəaliyyət, bu o deməkdir ki, bunun müalicəyə ehtiyacı var. Elə adamlar oturub durmazlar. El arasında bir söz var, adam gərək kişi ola. Hər addımda kişi səviyyəsinə yüksəlmir. Nə işlərdən, oyunlardan çıxıb, heç birindən də mənim xəbərim yox. Burda gəlib onun başını aldadır. Başının altına yastığı qoyub, gedib öz işindədir. Adam belə iş görməz axı. Bura dövlətlə əlaqədar təşkilatdır. Burda gərək adamın mənəviyyatı olsun, dövlətinə sədaqəti olsun, millətinə hörməti olsun. Belə şeylər yaramır axı. Əlinə keçəni, birinə bir qapaz, birinə bir şillə, birinə bir söyüş. Birinə gəlib ki, mən arvadı boşamışam, gəl seni alıram. Sonra görüb ki, yalan deyir, bunun 5-6 arvadı var. Hərəsi bir dərədə, heç hansıynan da yaşamır. Bunun mənəviyyatı budur. Sən kimsən axı, sənin dəyərin nədir? Sənin dəyərin 3 köpük də deyil. Mənəviyyatsız, tərbiyəsiz, yalançı, fırıldaq. Ondan kənar olmaq lazımdır. Həm də təşkilatımızın adına xələl gətirir. Həm də ağzı təmiz adam deyil, əli təmiz adam deyil. Vicdanı təmiz adam deyil. Təmiz bir şeyi yoxdur. Hər şeyi çirklidir. Bildirmək istəyir ki, Cavabdeh bir video çıxışında onun barəsində işlətdiyi - "firldaqci', "yalançı", "utanmaz", "mənəviyyatsız", "normal adam deyil", "şər atır", "ləkə yaxır", "təmiz deyil (vicdanı,əli,agzı)", "oğurluq edir", "dəyəri 3 köpük olmayan", "başi çatmır"," min oyundan çıxır", "arvadlara dırmaşır", " 5-6 arvadı var, hərəsi bir dərədə", "kələklərə əl atır", " müalicəyə ehtiyacı var"," yalançınin lap..." və s. işlətdiyi sözlər şər və böhtan olmaqla mənim şərəf və ləyaqətimi alçaldan ifadələrdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia tələbində geniş göstərilib ki, cavabdeh onun barəsində youtubda və digər sosial şəbəkələrdə, qruplarda ləyaqətini hədsiz alçaldaraq ağır ifadələr işlətmişdir. Bununla əlaqədar xüsusi ittiham qaydasında məhkəmə müraciət etmiş və hazırda qanuni qüvvəsini almış hökm var. Hökmə əsasən ümumilikdə 1650 manat pulun tutulması hökm edilmişdir. Həmçinin iddia tələbinin cavabdehin ondan üzrə istəməsi hissəsi ilə bağlı bildirdi ki, ya gəlsin şəxsən üzr istəsin, ya zəng edib telefon vasitəsi ilə üzr istəsin. Hansı qaydada olur olsun, barəsində deyilmiş ağır sözlərə görə üzr istəsin. Qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olmasına baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı münasibət bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Daxili İşlər Nazirliyi tərəfindən 02 aprel 2018-ci il tarixdə verilmiş, 032168 nömrəıli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(001)-508/203 saylı hökmündən görünür ki, İddiaçı Cavabdeh barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə 12 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1568 saylı nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki; (1) Xüsusi ittihamçı İddiaçı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cavabdeh tərəfindən istifadə edilən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, təhqir xarakterli söz və ifadələr müəyyən olunmuşdur. İfadə edilmiş məlumatlar öz təsdiqini tapmadığı təqdirdə böhtan hesab edilir. Məlumatların doğruluğunun müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələlərdir. (2) Xüsusi ittihamçı İddiaçı barəsində şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən, təhqir xarakterli söz və ifadələr bunlardır: “fırıldaqçı”, “yalançı”, “utanmaz", "mənəviyyatsız”, “normal adam deyil”, “şər atır", “ləkə yaxır”, “təmiz deyil (vicdanı, əli, ağzı)”, “oğurluq edir", “dəyəri 3köpük olmayan”, “başı çatmır”, “min oyundan çıxır”, “arvadlara dırmaşır”, “5-6 arvadı arvadı var, hərəsi bir dərədə", “kələklərə əl atır”, “müalicəyə ehtiyacı var”, "yalançının lap” və s. Hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunması, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, və o, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunması, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 1 300 (min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunması, Cavabdeh barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin seçilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, cinayət işi üzrə müdafiəçi X10 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməsi və Cavabdeh cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəməsi hökm edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
12. İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
24. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
46. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası: Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı: “Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.”. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarına görə, iddiaçı 2022 -2023-cü illərdə “X14” İctimai Birliyinin idarə heyyətinin sədri, cavabdeh isə idarə heyyətinin üzvü olmuşdur. X7 müxtəlif vaxtlarda “WhatsApp”, “Facebook” “Youtube” sosial şəbəkələrində iddiaçının barəsində yalan, onun şərəf və ləyaqətini alçaldan məlumatlar yerləşdirmiş, onu cəmiyyətdə nüfuzdan salan çxışlar etmişdir (iş materiallarında olan “sd” disk). Bu faktların mövcudluğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(001)-508/203 saylı hökmündə öz əksini tapdığından, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 1300 (min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Buna görə hazırda iddiaçı aşağıdakı tələblərlə məhkəmədə iddia qaldırşışdır: -iddiaçı barəsində şər və böhtan dolu, şərəf və ləyaqətini alçaldan məlumatları Facebook, Youtube, “Dövlət TV”, qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda yayılmasına görə ona vurduğu mənəvi ziyana görə 100000 (yüz min) manat pulun X2 tutularaq ona ödənilməsi; -yalan məlumatların Facebook, Youtube, “Dövlət TV”, qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda təkzib edilməsi və silinməsi; - hərəkətlərinə görə ondan üzür istəməsi. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsinə əsaslar mövcuddur. Tələbin birinci və ikinci hissələri ilə bağlı qeyd edilməlidir ki, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsini tənzimləyən Mülki Məcəllənin 23-cü maddəsində mülki hüquqi müdafiənin obyektləri kimi nəzərdə tutulmuş və şəxsin şəxsiyyəti ilə ayrılmaz əlaqədə olan qeyri-maddi nemətlər sayılan şərəf, ləyaqət və işgüzar nüfuz oxşar keyfiyyətlərə malik olsalar da, biri-birindən fərqlənən müxtəlif anlayışlara malikdir. Belə ki, şərəf- şəxsin ictimai və şəxsi davranışı barədə mənəvi və əxlaqi prinsiplər baxımından ictimai rəydə formalaşmış sosial əhəmiyyətli müsbət qiymətdir. Ləyaqət şəxsin öz mənəvi, əxlaqi və digər insani keyfiyyətlərinə, ictimai davranışına özünün verdiyi qiymətdir. İşgüzar nüfuz isə-fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış ictimai rəydir. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə düşür. Hazırkı işdə cavabdeh iddiaçı barəsində yayılmış məlumatların doğruluğunu sübut edə bilməmişdir. Əksinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1568 saylı nömrəli ekspert rəyi ilə ilə yayılmış məlumatlarda işlədilmiş ifadələrin İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatların olması müəyyən edilmişdir. Belə ki, həmin rəyin nəticə hissəsindən görünür ki; “(1) Xüsusi ittihamçı İddiaçı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cavabdeh tərəfindən istifadə edilən fikir və ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, təhqir xarakterli söz və ifadələr müəyyən olunmuşdur. İfadə edilmiş məlumatlar öz təsdiqini tapmadığı təqdirdə böhtan hesab edilir. Məlumatların doğruluğunun müəyyən edilməsi isə hüquqi araşdırmaya aid məsələlərdir. (2) Xüsusi ittihamçı İddiaçı barəsində şərəf və ləyaqəti və işgüzar nüfuzu ləkələyən, təhqir xarakterli söz və ifadələr bunlardır: “fırıldaqçı”, “yalançı”, “utanmaz", "mənəviyyatsız”, “normal adam deyil”, “şər atır", “ləkə yaxır”, “təmiz deyil (vicdanı, əli, ağzı)”, “oğurluq edir", “dəyəri 3köpük olmayan”, “başı çatmır”, “min oyundan çıxır”, “arvadlara dırmaşır”, “5-6 arvadı arvadı var, hərəsi bir dərədə", “kələklərə əl atır”, “müalicəyə ehtiyacı var”, "yalançının lap” və s.”. Həmçinin iddia ərizəsində qeyd edilən ifadələr Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(001)-508/203 saylı hökmü ilə təsdiqini tapmış, hökmdə cavabdehin iddiaçının ünvanına böhtan, şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan yalan məlulatların yayılması təsdiq olunduğundan Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin, yəni cavabdehin üzərinə düşür. Cavabdeh isə məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh həmin əməli törətməkdə təqsirlidir. Çünki cavabdeh həmin məlumatları yayarkən iddiaçının şərəf və ləyaqətini ləkələdiyini dərk etmiş, bunu arzu edərək mülki hüquq pozuntusuna şüurlu şəkildə yol vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələməs, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması işin məhkəmə araşdırılması və iddiaçının dəlilləri ilə sübuta yetirilir. Buna görədə iddia həmin məlumatların tam təkzib edilməsi və məlumatların silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıya yönəlmiş ifadələrlə iddiaçının şərəf və ləyaqətini alçaldaraq sonuncuya mənəvi zərər yetirmişdir. Çünki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd olunmalıdır ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiymətiehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Odur ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan və s. bu kimi ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi iztirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasındamənəvi zərərin tutulmasını istisna etmir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd olunmuşdur ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları yayması iş üzrə təsdiq olunmaqla yanaşı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının müəyyən qədər mənəvi əzab və sarsıntı keçirməsi də şübhəsizdir. Lakin bu zərərin həcminin 100000 manat həcmində olması ilə bağlı iddiaçının dəlilləri tam əsaslı hesab oluna bilməz. Bu səbəbdən də məhkəmə pozuntunun xarakterini və ağırlıq dərəcəsini, cavabdehin yaşını, onun əmlak vəziyyətini, iddiaçının ünvanına işlədilmiş ifadələrin yerini, mütamadiliyini, ümumi məzmununu və ağırlığını, cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1300 (min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edildiyini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, cavabdehdən mənəvi ziyana görə 1000 manat məbləğində mənəvi ziyana görə pulun tutulmasını ağlabatan, ədalətli və qanuni sayır. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh İddiaçı üzr istəməsi hissəsi ilə bağlı qeyd edir ki, işin halları nəzərə alındıqda 1000 manat məbləğində pul formasında mənəvi zərərin ödənilməsi üzr istəməyin ədalətli kompensasıyası və pozulmuş hüquqların bərpası üçün adekvat tədbir hesab edilə bilər. Odur ki, məhkəmə cavabdehin üzərinə mənəvi zərərin ödənilməsi öhdəliyinin qoyulması ilə yanaşı həmdə üzr istəməsi vəzifəsinin qoyulmasını ədalətli hesab etmir. Təsədüfi deyil ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.”. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Facebook, Youtube, “Dövlət TV”, “YDDİB-nın ümumi yığıncağı” adlı Whatsapp qrupunda yalan məlumatların təkzib edilərək silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia Cavabdeh İddiaçı üzr istəməsi hissəsində təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən işlədilmiş bəzi ifadələrin etik normalara uyğun olmadığından təkzibin mətninin ümumi qaydada göstərilməsini məqsədəmüvafiq hsesab edir. Odur ki, Cavabdeh üzərinə “Facebook”, “Youtube”, “Dövlət TV”, “YDDİB-nın ümumi yığıncağı” adlı “Whatsapp” qrupu sosial şəbəkələrində yayılması üsuluna uyğun olaraq aşağıdakı məzmunda təkzib verməsi öhdəliyi qoyulmalıdır: “İddiaçı 2022-2023-cü illər ərzində “X14” ictimai birliyindəki fəailyyəti ilə bağlı onun şərəf və ləyaqətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan müxtəlif formalı ifadələrin (məlumatların) həqiqətə uyğun olmayan olduğu üçün onları təkzib edirəm.”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Hazırki işdən müəyyən edilir ki, iş üzrə İddiaçı 02 aprel 2018-ci il tarixən müharibə veteranıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi isə mənəvi zərərlə bağlı hissədə 1000 manat məbləğində təmin edildiyindən, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh üzərinə “Facebook”, “Youtube”, “Dövlət TV”, “YDDİB-nın ümumi yığıncağı” adlı “Whatsapp” qrupu sosial şəbəkələrində yayılması üsuluna uyğun olaraq aşağıdakı məzmunda təkzib verməsi öhdəliyi qoyulsun: “İddiaçı 2022-2023-cü illər ərzində “X14” ictimai birliyindəki fəailyyəti ilə bağlı onun şərəf və ləyaqətini alçaldan, onu cəmiyyətdə nüfuzdan salan müxtəlif formalı ifadələrin (məlumatların) həqiqətə uyğun olmayan olduğu üçün onları təkzib edirəm.”.. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev