Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3922/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1998-ci il tarixli istehsal ili olan **-MB-*** dövlət nömrə nişanlı “Qaz 33021” yük markalı avtomobilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq saz vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan 1998-ci il tarixli istehsal ili olan **-MB-*** dövlət nömrə nişanlı “Qaz 33021” yük avtomobilini satmaq üçün internetdə elan yerləşdirmişdir. 2024-cü ilin noyabr ayında Cavabdeh ona zəng etmiş və avtomobilə baxmaq və onu almaq istədiyini bildirmişdir. Onu dəvət etmiş və o, avtomobilə baxdıqdan sonra avtomobili bəyəndiyini bildirmişdir. Cavabdeh avtomobili almaq istəyini ifadə etmişdir. Lakin maddi baxımdan pulunun tam olmadığını bildirmişdir. O, isə maşını borcunun olmasından dolayı satmaq məcburiyyətində idi. O, təklif etdi ki, hazırda onda 2000 (iki min) manat pul var. Əgər razı olarsa yerdə qalan məbləği qarşılıqlı razılıq əsasında aylıq 500 (beş yüz) manat olmaqla ödəyə bilər. O, bu barədə böyükləri ilə də, məsləhətləşdikdən sonra bildirmişdir ki, aralarında mütləq yazılı sənəd tərtib olunmalıdır və video çəkiliş edilməlidir. Cavabdeh buna razı oldu və birlikdə xx.xx.2024-cü il tarixdə “Avtomobil haqqında Borc müqaviləsi Kredit” müqaviləsi tərtib etmişlər. Həmin müqavilə hər ikisi tərəfindən imzalanmışdır. Video çəkiliş zamanı isə cavabdeh müqaviləni ucadan oxumuş və həmin video onun razılığı ilə qeydə alınmışdır. Cavabdehin xahişi ilə ona və onun tanışı olan X1 üçün etibarnamə vermişdir. Belə razılığa gəlmişlər ki, aylıq 500 manat olmaqla fevral 2026-cı ilədək ödəniləcək və son ödəniş tarixi xx.xx.2026-cı il tarixdə bitəcəkdir. Eyni zamanda avtomobil cavabdeh tərəfindən onun istəyinə uyğun şəkildə tam texniki müayinə olunaraq təhvil alınmışdır. Cavabdehin bununla bağlı heç bir iradı olmamışdır. İlk aydan başlayaraq cavabdeh ödəməni gecikdirməyə başladı. O, əvvəllər anlayış göstərmiş və fikirləşmiş ki, düzələr. Lakin sonradan bu ödəmə hər ay gecikməyə başladı. O, bu barədə ona dəfələrlə irad bildirdikdə isə o, yalvar-yaxar edirdi. Artıq görmüşdür ki, cavabdeh aralarında bağladıqları və təsdiqlədikləri şərtlərə sayqısızlıq edir, qərara gəlmiş ki, ona və onun təklif etdiyi şəxsə verdiyi etibarnaməni ləğv etsin. Bundan sonra avtomobili tələb etdikdə isə o, bildirmişdir ki, avtomobil guya nasazdır və o, işləyə bilmir. Lakin o, əlaqələri vasitəsilə müəyyən etmişdir ki, avtomobil sürülür və dəfələrlə Füzuli rayonu və ətraf rayonlarda kameralara düşmüşdür. Hesab edir ki, cavabdehin məsuliyyətsiz davranışları dayandırılmalıdır və onun əmlakı geri qaytarılmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət edir. xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıdan hissə-hissə ödəmək şərti ilə avtomobil almış və müəyyən ödənişlər etmişdir. Avtomobildə yaranmış problemlə əlaqədar ödənişində gecikmələr olmuşdur. Hazırda onun 5000 manat borcu var. Aralarındakı müqaviləyə uyğun olaraq hə ay 500 manat ödəniş etməyə hazırdır və bunun üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AC seriyalı 694034 №-li Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “QAZ 33021” yük markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı, Cavabdeh və Əliəkbər Cəfərov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli avtomobil haqqında borc müqaviləsindən (kredit) görünür ki, Cavabdeh mühərriki Mitsubishi-32 dizel olan, ümumi dəyəri 9000 manat olan, “Qazel” markalı avtomobilə öncədən 2000 manat ödəniş olaraq vermiş, 14 ay müddətinə, hər ayın 30-u, 500 manat ödəməklə, ilk ödənişi xx.xx.2024-cü ildə, son ödəniş xx.xx.2026-cı ildə tamamlamaqla, qeyd edilən avtomobili saz vəziyətdə almışdır. Həmçinin bağlanmış müqaviləyə əsasən Cavabdeh ödəniş etməzsə avtomobilin sahibi tərəfindən etibarnamənin ləğv edəcəyini, ödənişlərin arenda olacağına, qalan ödənişlərin dayandırılacağına, avtomobili tam saz vəziyyətdə sahibinə təhvil verəcəyinə və avtomobil yararsız hala düşərsə ödəniş edəcəyinə dair öhdəlik götürmüş və İddiaçı bu şərtlərlə razı olduğunu bildirərək müqaviləyə imza etmişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı “QAZ 33021” yük markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1 il, 2 ay, 29 gün müddətinə (xx.xx.2026-cı ilədək) X2 nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı “QAZ 33021” yük markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1 il, 2 ay, 10 gün müddətinə (xx.xx.2026-cı ilədək) Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 390.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2024-ci il tarixdə mülkiyyətində olan **-MB-*** dövlət nömrə nişanlı “Qaz 33021” yük markalı avtomobilindən istifadə hüququnu aralarında bağlanmış borc müqaviləsinə əsasən, etibarnamə əsasında X3 etibar edərək, onun qanuni sahibliyinə vermiş olsa da, cavabdehlə aralarında bağlanmış yazılı müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən həmin nəqliyyat vasitəsini geri tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmış olsa da, mübahisəli nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə verilmədiyindən, eyni zamanda cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı haqlı olaraq, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, buraxılış ili 1998-ci il olan, **- MB-*** dövlət nömrə nişanlı, “Qaz 33021” yük avtomobili Cavabdeh qanunsuz sahibliyindən alınaraq saz vəziyyətdə İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Buraxılış ili 1998-ci il olan, **-MB-*** dövlət nömrə nişanlı, “Qaz 33021” yük avtomobili Cavabdeh qanunsuz sahibliyindən alınaraq saz vəziyyətdə İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3922/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3922/2025
14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver