Məhkəmə qərarları › İş №2(001)-393/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-393/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-393/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 145.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 avqust 1988-ci ildə Özbəkistanda anadan olmuşdur. X14, həm də Azərbaycan Respublikasının vətəndaşıdır. Ali təhsilli həkimdir, Bakı şəhərində özəl klinikaların birində diş həkimi işləyir. 20 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır, buranı özünə ikinci ana vətən hesab edir. Cavabdehi iş adamı olan və ona birgə iş qurmağı təklif edən buna görə ondan 145.000 manat məbləğində pul vəsaiti almış mərhum X7 rəsmi nikahda olduğu həyat yoldaşı kimi tanıyır. Belə ki, X10 2013-cü ildən ünvan 1 ünvanında yerləşən “Marmaris” (hazırki adı “Kardeşler Marmaris”) restoranının sahibi kimi tanımışdır. 2014-2017-ci illərdə həmin restoranı İlqar Quliyevdən şəriki Engin Akdemir adlı Türkiyə Cümhuriyyəti vətəndaşı ilə icarəyə götürüb şərik işlətmişlər. İlqar Quliyevlə hər zaman aralarında yaxın dostluq, yoldaşlıq münasibətləri olmuşdur. Demək olar ki, həm də onların ailə həkimi olmuşdur. 2020-ci ilin noyabr ayında Quliyev İlqar onunla görüşərək təklif etdi ki, hazırda Milli Məclisin deputatı olan qohumunun oğluna məxsus şirkətə depozitə qoyaraq alçipan tikinti materialını topdan alaraq pərakəndə satışı ilə məşğul olsunlar. İlqar ona bildirdi ki, illərdir bu işlə məşğul olur, kifayət qədər qazanclı işdir. Lakin onun şəriki ayrılıb getmək istəyir, ona görə də şərikin pulunu vermək üçün özünə yeni şərik axtarır. Ona təklif etdi ki, minimum 120.000 manat məbləğində maya qoymaqla ona şərik olsun. Həmçinin İlqar ona demişdir ki, nə vaxt şəriklikdən ayrılmaq istəsə 2 ay öncədən İlqara desin, İlqar da deputat qohumunun oğlunun şirkətindən depozitə qoyulmuş həmin pulu götürüb ona qaytarsın. O, həmin vaxt İlqar Quliyevə bildirdi ki, hazırda əlində o məbləğdə nağd pulu yoxdur, lakin baş etibarnamə əsasında faktiki ona məxsus olan 2014-cü il buraxılışlı, “Nissan Patrol” markalı avtomobilini hazırda avtomobil salonlarından birinə 52.000 ABŞ dollarına satışa qoyub, həmin avtomobil satılsa əldə etdiyi pulu bu işə maya kimi qoya bilər. Bu zaman İlqar ona təklif etdi ki, aparıb avtomobili yoxlatdırsınlar və avtomobilə qiymət qoysunlar, o, İlqara baş etibarnamə versin, İlqar isə həmin avtomobili satıb, razılaşdırılmış qiyməti onun tərəfindən şərikli işə qoyulmuş maya kimi qiymətləndirsin. Onlar avtomobili İlqarın dediyi yerdə yoxlatdırdıqdan sonra, avtomobil alqı-satqı saytlarındakı qiymətləri nəzərdən keçirərək, həmin avtomobili 50.000 ABŞ dollarına manat ekvivalenti ilə 85.000 manata qiymətləndirdilər və o, İlqara baş etibarnamə verdi. Bundan əlavə o, Quliyev İlqara 2020-ci ilin dekabr ayında 35.000 manat məbləğində də nağd pul vermişdir. Bu söhbətlərdə İlqarın köməkçisi olan İsrafil adlı şəxs də iştirak edirdi. Bundan əlavə onun dostları Sərvər, Mamed və qardaşı Mehdi də bu söhbətlərdə iştirak etmişlər, şahiddirlər. Onları növbəti məhkəmə iclasında şahid kimi dəvət edəcək. Aralarındakı razılaşmaya əsasən, 2021-ci ilin yanvar ayından etibarən o, hər ay 5000-7000 manat qazanc əldə etməli idi. Yəni, işi tam şəkildə İlqar özü görəcəkdi və o, şərikliyə pul qoyduğu üçün ona həmin məbləğdə qazanc verəcəkdi. Bundan əlavə, 2021-ci ilin fevral ayında İlqar ondan borc şəklində 10.000 manat, mart ayında isə 15.000 manat borca pul almışdır. Qeyd edir ki, bu borcun onların şərikli işinə aidiyyəti yox idi. İlqar həmin pulu ondan işlətdiyi ayaqqabı dükanına mal vurmaq üçün almışdı. Belə ki, İlqar ona demişdir ki, pandemiya ilə əlaqədar olaraq mal vurmaq çətinləşib, hazırda belə bir fürsət var, ona görə xahiş etmişdir ki, ona borc versin. O da İlqarla olan dostluq-yoldaşlıq, habelə ortaqlıq münasibətinə görə ona həmin məbləğlərdə borc vermişdir. Borcun verilməsində isə, İsrafildən başqa yuxarıda adlarını çəkdiyi şəxslər şahid olmuşlar. Qeyd edir ki, İlqar Quliyevlə ilkin razılaşmalarına əsasən, 2021-ci ilin yanvar ayından etibarən əldə olunacaq qazanc onların arasında yarı bölünməli idi. İlqar ona demişdir ki, onun aylıq qazancı təxminən 5000-7000 manat olacaq. Lakin İlqar ondan xahiş etmişdir ki, onun durumunu nəzərə alsın, şərikli işlərinin ilk 3 ayından gələn qazancı bütövlükdə İlqar özü götürsün, növbəti 3 ayın qazancını isə, tam şəkildə o götürsün. Bundan sonrakı aylarda isə, qazanc yarı bölünəcəkdi. X4 28 aprel 2021-ci il tarixdə qəflətən koronavirusdan vəfat etdi. Mərhum İlqarın vəfatından sonra o, ailəlikcə onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Onun anası Əminə xanım, ailə dostları Zümrüd xanım və Cəmilə xanım da mərhumun evinə gedərək Arzu xanımla görüşüb həm başsağlığı verib, həm də ondan pul məsələsini necə həll etmək barədə soruşublar. Arzu xanım da onun anasına bildirmişdir ki, o, hər şeyi bilir, mərhum yoldaşının ona 145.000 manat borcu olmasından xəbərdardır, hətta, mərhum İlqarın qeydləri içərisindən ondan 120.000 manat şərikliyə pul alması barədə yazılı qeyd də aşkar olunmuşdur. Lakin o, ümumi məbləği 145.000 manat deyil, 140.000 manat bilir. Anası da cavabdehə bildirmişdir ki, məbləğ 145.000 manatdır, heç vaxt artıq pul deməzlər. Arzu xanım əlavə edib ki, yas mərasimləri bitəndən sonra, bu məsələni aydınlaşdırıb həll edəcək. Hətta onun anasından xahiş etmişdir ki, imkan yaratsınlar pulu iki dəfəyə hissə-hissə ödəsinlər. Onun anası da bildirmişdir ki, bu barədə oğluyla danışıb köməklik edə bilərlər. Mərhumun qırx mərasimi bitəndən iki gün sonra o, yenidən anasını, yoldaşı Zümrüd xanımı və Cəmilə xanımı onların evinə göndərmişdir. Lakin Arzu xanım evdə ola-ola qapını açmamışlar. Bundan sonra o, Arzu xanımın atası Vahid bəyə zəng vurmuşdur. Vahid bəy isə, onu telefonda təhqir edərək, pul-mul yoxdur, hara gedirsən get dedi. Bundan bir neçə saat sonra Arzu xanımın adından ona mərhum İlqarın köməkçisi İsrafil zəng edərək bildirdi ki, onun nömrəsini İlqarın İsfəndiyar adlı qohumuna veriblər. İsfəndiyar adlı şəxs ona zəng edib görüşüb məsələni həll edəcək, yəni pulunu qaytaracaq. Bir gün sonra ona İsfəndiyar adlı şəxs zəng vuraraq öz restoranına dəvət edib. O, həmin yerə gedib onunla görüşdü. Lakin İsfəndiyar adlı şəxs də onunla kobud, təhqiramiz danışaraq, heç bir manat da pulun verilməyəcəyini bildirdi, şikayət edəcəyi təqdirdə onun özünü tutduracağı ilə, başına oyun açacağı ilə hədələmişdir. Deputat qohumunun olduğunu xatırladaraq bildirdi ki, onu Banditizmə basdırar. Lakin o, onlara bildirdi ki, hüquqi yollarla bu məsələni həll edəcək. Qeyd edir ki, onun mərhum İlqar Quliyevlə hər zaman yaxşı münasibəti olub, bu gün də onu rəhmət və sayğı ilə yad edir. Təəssüf ki, qohumları İlqarın adına layiq hərəkət edib, onun pulunu qaytarmadılar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı daşınmaz əmlakın dövlət reyestri xidmətinə sorğu verərək, mərhum İlqar Quliyevin və onun həyat yoldaşı Cavabdeh adına olan əmlakların siyahısını əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 10 avqust 2021-ci il tarixli məktubundan görünür ki, ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən X7 hal-hazırda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının bir hissəsi, (26.0kv.m) hissəsi üzərində mülkiyyət hüququ 04 mart 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 2i ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 16 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 3i ünvanında yerləşən 0.1000 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 1 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 4i ünvanında yerləşən 0.1772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.02953 ha hissəsi üzərində mülkiyyət hüququ 09 oktyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 5i ünvanında yerləşən 0.6527 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10878 ha hissəsi üzərində mülkiyyət hüququ 9 oktyabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə ünvan 6i ünvanında yerləşən 0.3103 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0517 ha hissəsi üzərində mülkiyyət hüququ 9 okytabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 5i ünvanında yerləşən 0.6688 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.111459 ha hissəsi üzərində mülkiyyət hüququ 9 okytabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə, ünvan 6i ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi üzərində 6 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 23 iyun 2001-ci il tarixdə JN-110F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır. Cavabdeh hal-hazırda ünvan 7i ünvanında yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 7 nəfər ilə birgə ümumbirgə mülkiyyət hüququ JN-317 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” ilə 5 avqust 1999-cu il tarixdə qeydiyyata alınmışdır, ünvan 7i ünvanında yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi üzərində 10 nəfər ilə ümumbirgə mülkiyyət hüququ 25 mart 2005-ci il tarixdə JN-662A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmışdır və Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.10 ha hissəsi üzərində mülkiyyət hüququ 09 iyun 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən, ər-arvadın birgə nikah dövründə qazandıqları əmlaklar onların ümumi birgə mülkiyyəti hesab olunduğu kimi, onların borc və öhdəlikləri də ümumidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının iddia ərizəsində irəli sürdüyü tələblər tamamilə əsassızdır. Belə ki, iddiaçı əgər həqiqətən də ümumilikdə mərhuma 145.000 manat məbləğində pul vəsaiti vermiş olsa idi, bununla bağlı real sübutları məhkəməyə təqdim edərdi. Lakin işdə hər hansı bir real sübut yoxdur. İddiaçı yalnız öz qohumlarının və dostlarının ifadələrinə istinad edərək qeyd olunan pul vəsaitini mərhuma verdiyini iddia edir, bu isə sübut hesab oluna bilməz. Çünki, ifadə verən şəxslər tamamilə birtərəfli olaraq iddiaçıya yaxın insanlardır. Bundan əlavə, “Nissan Patrol” minik markalı avtomobili mərhum İlqar Quliyev iddiaçıdan 35.000 manat vəsaitə almışdır. Yəni, mərhum avtomobilin haqqını iddiaçıya ödəmişdir. Nəzərə almaq lazımdır ki, hazırda mübahisəsi gedən məbləğ olduqca yüksək məbləğdir. Həmin məbləğin mərhuma yazılı sübut olmadan verilməsi ümumiyyətlə heç ağlabatan belə deyil. İddiaçının hazırki iddianı qaldırmasında məqsədi cavabadeh tərəfə məlum deyil. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən mərhuma pulun verilməsini İsrafil, Mamed, Sərvət və Mehdi təsdiq edə bilərlər. O, mərhum İlqara pul vəsaitlərini verərkən İlqar ona pulu notarius vasitəsilə verməyi təklif etmiş olsa da, o, İlqara inandığından buna zərurət görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Oğlu mərhum İlqarla şərik olub işləyiblər. Mərhum oğlundan 145.000 manat pul almışdır. O, İlqar vəfat edəndən səkkiz gün sonra başsağlığı vermək üçün Cəmilə və Zümrüd xanımla birlikdə mərhumun yoldaşı Arzu xanımgilə getmişdir. Başsağlığı verdikdən sonra, borc pul ilə bağlı məsələni danışdılar. Bu məsələ ilə bağlı fikirlərini soruşdu. Ona cavab olaraq bildirdilər ki, qırx mərasimi keçsin, bu haqda oturub danışarlar. Həmçinin dedilər ki, pulun bir hissəsini nağd, bir hissəsini isə hissə-hissə verə bilərlər. Qırxdan sonra ikinci dəfə Arzugilə gedəndə onlara qapını heç kəs açmadı. İçəridən səslər gəldiyi və evdə olduqları halda onlara qapını açmadılar. Onların səs yazıları telefonda da var. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar pul söhbətini danışanda mərhumun yoldaşı Arzu xanım, anası, bacısı, xəstə qardaşı və Arzu xanımın öz anası da orada idilər. Arzu xanım mərhum ərinin 140.000 manat borcu olduğunu və qeyd dəftərçəsində mərhumun bu haqda yazıları olduğunu bildirdi. Arzu xanım qeyd dəftərçəsini onlara göstərmədi. İlqarın bacısı Arzu xanıma bildirdi ki, Maxsudun pulunu versinlər. Mərhum İlqarla şəxsi tanışlığı olmamışdır. X18 nə iş qurduqlarını bilmir. Oğlu ona demişdir ki, 145.000 manat pulu mərhumun özünə şəxsən vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının ailə dostudur. Onlar Maxsud müəllimin ailə dostu olan İlqarın vəfatı ilə bağlı evlərinə başsağlığına getmişdilər. Başsağlığı verdikdən sonra pulla bağlı məsələyə keçdilər. İlqarın həyat yoldaşı Arzu xanım onlara demişdir ki, 140.000 manat İlqarın Maxsuda borcu olması ilə bağlı qeyd kitabçasını görmüşdür. 3 dəfə təkrar eyni sualı verəndə Arzu xanım da eyni cavabı təkrarlamışdır. Bu söhbət vaxtı Arzunun anası da, qaynanası da orda idi. Sonra onlara dedilər ki, pulun yarısını nağd verərlər, yarısını isə hissə-hissə verərlər. Onlar isə bu təkliflə razılaşmadılar. Pulun necə nağd şəkildə verilibsə, eyni qaydada geri qaytarılmasını tələb etdilər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının mərhuma 145.000 manat pulu verdiyini görməmişdir, lakin ona bu məsələ ilə bağlı iddiaçı və anası Cəmilə xanım danışmışdır. İddiaçı ona pulu nağd şəklində verdiyini bildirmişdir. Onun mərhum İlqarla və onun ailəsi ilə heç bir tanışlığı olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının anası Əminə xanımın illərdir ki, rəfiqəsidir. O, Əminə və Cəmilə xanımla Arzu xanımgilə başsağlığına getmişdir. Arzu xanım onlara dedi ki, pul məsələsindən xəbəri var. Onlara mərhumun 145.000 manat borcunu olduğunu dedilər, Arzu xanım isə 140.000 manatdan xəbəri olduğunu bildirdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, Arzu xanımgil onlara dedilər ki, pulun yarısını nağd verərlər, yarısını isə hissə-hissə verərlər. İddiaçının mərhuma 145.000 manat pulu verdiyini görməmişdir, iddiaçının özü ona mərhuma pul və maşın verdiyini bildirmişdir. Onun mərhum İlqarla və onun ailəsi ilə heç bir tanışlığı olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Mərhum İlqar onların dostu olmuşdur. 2020-ci ilin payız aylarında mərhum qardaşına təklif etdi ki, alçipan işi var, şərikin biri ayrılır, gəl sən də şərik ol. Bunun üçün onlara 120.000 manat pul lazım olduğunu bildirdi. Qardaşı mərhuma birinci dəfə 10.000 manat, sonra “Nissan Patrol” markalı avtomobili 50.000 ABŞ dollarına verdi. Daha sonra 25.000 manat pul verdi. İlin sonuna kimi bütün məbləğlər mərhuma verildi. Aralarında olan danışığa görə ilk aylar gələcək gəliri mərhumun özü, sonrakı aylarda isə qardaşı almalı idi. Lakin İlqar rəhmətə getdiyinə görə qardaşı qoyduğu puldan heç bir gəlir əldə edə bilmədi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, pullar veriləndə o da orada olmuş və iştirak etmişdir. İsrafil İlqarın ən yaxın adamı olub, İlqarın bütün işlərini görüb, hər şeyi ona əmanət edib. Qardaşı birinci dəfə 10.000 manat pulu Memar Əcəmidəki “Kardeşler” restoranında vermişdi. Qardaşı mərhum İlqara pul verəndə Sərvət, Mamed, Məsud və İsrafil də orda idilər. Pul şəxsən onun yanında İlqara verilib. Qardaşı birinci dəfə 10 000 manat pulu, daha sonra pul əvəzinə maşınını verib. Avtomobili 50.000 ABŞ dolları məbləğinə qiymətləndiriblər. Avtomobili verdikdən sonra bir dəfə də 25.000 manat pul verdi. Qardaşı ümumilikdə şərikli biznes üçün mərhuma 120.000 manat pul verdi, bundan başqa mərhuma borc üçün əlavə olaraq fevral ayında 10.000, mart ayında isə 15.000 manat pul verib. Mərhum hər şeyi özündə qeyd edərdi, eşitdiyinə görə yoldaşı da borclarla bağlı İlqarın yazdığı qeyd kitabçasını görüb. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X17 ifadəsində bildirmişdir ki, o, həm iddiaçının həm də mərhum İlqarın dostu olmuşdur. İlqar Maxsuda təklif etdi ki, alçipan biznesi var, şəriki həmin biznesdən ayrılıb, Maxsud 120.000 manat depozit qoyub, biznesə qoşula bilər. İlin sonuncu ayları idi. İlkin olaraq 10.000 manat pulu Maxsud İlqara verdi. Daha sonra Maxsud öz maşınını verib və ən sonda isə 25.000 manat pulu vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, pulun verilməsində o, şəxsən iştirak etmişdir. Avtomobili satışa onun qardaşı qoymuşdu, alçipan işi ilə bağlı pul əvəzinə Maxsud İlqara öz avtomobilini vermişdi. İsrafil də pullar veriləndə onun yanında olmuşdur. Eşitdiyinə görə İlqarın dəftərində də bu məbləğlər hamısı qeyd olunub. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, o, cavabdehin anasıdır. Onlar yas mərasimində olarkən iddiaçının anası başsağlığına gəlmişdir. Onlar iddiaçının anasının kim olduğunu bilmirdilər. İddiaçının anası pul məsələsi ilə bağlı danışanda, cavabdeh ona bildirdi ki, 145.000 manat puldan xəbəri yoxdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, iddiaçını tanımır. Heç vaxt görməmişdir. Qızının üç azyaşlı körpəsi olduğuna görə məhkəmə iclaslarına gələ bilmir. İddiaçının anası başsağlığı verməyə tək gəlmişdi, digər xanımları görməmişdir. İsrafil adlı şəxs İlqarın işçisi olub. İş materiallarında olan 20 oktyabr 2020-ci il tarixdə X3 tərəfindən X12 verilmiş etibarnamənin surətindən görünür ki, birinci tərəfindən “Nissan Patrol” minik markalı **-LE- *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi, bağışlanması, ipotekaya qoyulması, sərəncam verilməsi və digər hərəkətlərin qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri sonuncuya etibar edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “whats app” proqramı vasitəsilə yazılmış mesajlardan görünür ki, “İlqar Abi 2” adlı şəxslə hal-əhvalın tutulması, görüşün təyin edilməsi məzmunlarda yazışmalar olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə iddiaçı və cavabdeh (onun mərhum əri) arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mülki qanunvericiliyə uyğunluğuna qiymət verilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehin mərhum ərinə şərikli iş görülməsi məqsədi ilə 35.000 manat pul, habelə 85.000 manat dəyərində avtomobil verdiyini, o cümlədən əlavə olaraq 25.000 manat məbləğində borc pul verdiyini, nə mərhumun və nə də sonradan borcdan xəbərdar olduğunu bildirən cavabdehin (mərhumun arvadının) cəmi 145 000 manat olan həmin pulu ona ödəmədiyini iddia etmiş, bu iddiasını şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh (onun nümayəndəsi və vəkili) isə məhkəmə iclaslarında verdiyi izahatında nəinki mərhum ərinin hər hansı məbləğdə borcu olduğunu etiraf etmiş, əksinə iddiaçı ilə mərhum əri arasında bu cür münasibətlərin olmasından belə xəbərdar olmadığını bildirməklə iddiaya etiraz etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları – yəni, cavabdehin mərhum ərinə pul və mal (avtomobil) şəklində cəmi 145 000 manat məbləğində pul verdiyini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh iddiaya etiraz edərək iddiaçı ilə mərhum əri arasında hər hansı borc münasibətinin olmasından ümumiyyətlə xəbərdar olmadığını göstərmişdir və bu baxımdan məhkəmənin qənaətinə görə, sadəcə şahid ifadələri hazırkı iddianın təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə araşdırması zamanı dindirilmiş şahidlərin ifadələrinə münasibətdə xüsusilə qeyd edilməlidir ki, iddiaçının həmin şəxslər ilə qohumluq-dostluq əlaqələri olduğu müəyyən edilmişdir. Digər tərəfdən onların əksəriyyəti iddiaçı tərəfindən mərhuma pulların verilməsində iştirak etmədiklərini, mərhumla şərikli hansı biznes əlaqələrinin qurulduğundan xəbərlərinin olmadıqlarını, bu barədə iddiaçıdan məlumat aldıqlarını, nə mərhumu və nə də ki, onun ailəsini tanımadıqlarını bildirmişlər. Göstərilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, şahidlərin ifadələri “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar