Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-395/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 4000 manat olmaqla cəmi 8000 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 4000 manat olmaqla cəmi 8000 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 korpus 8 ünvanında yaşayır. Cavabdeh ilə qonşudur. Cavabdeh öz evindən axan çirkab sularını onun evinin altına axıdır. O, dəfələrlə cavabdehdən suyun axıdılmasının kəsilməsini tələb etsə də, artıq uzun müddətdir ki, cavabdeh çirkab sularını onun evinin altına axıtmaqda davam edir. Bunun nəticəsində onun evi yararsız və qəzalı vəziyyətə düşmüşdür. Ona görə də, evinə dəymiş maddi ziyana görə 4000 manat və mənəvi ziyan görə 4000 manat olmaqla cəmi 8000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülkiyyətçi-layihə MMC-nin tərtib etdiyi yaşayış evinin layihəsindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 korpus 8 ünvanında fərdi yaşayış evi inşa etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 4114 saylı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Füzuli rayonundan məcburi köçkün olan İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 korpus 8 ünvanında məskunlaşmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırmalar zamanı İddiaçı istifadəsində olan evin altına qonşuluqda yaşayan Cavabdeh məxsus evdən çirkab suları axıdılması müəyyən edilmiş, İddiaçı qonşuluq mübahisələrinə aydınlıq gətirilməsinin bələdiyyənin səlahiyyətləri xaricində olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2426 saylı rəyindən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1 mədən 8 korpus ünvanında yerləşən Cavabdeh və İddiaçı məxsus yaşayış evləri üzrə aparılmış, tədqiqatın aparılması üçün mübahisəli yaşayış evlərinə ekspert tərəfindən iddiaçının iştirakı ilə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evləri birmərtəbəli tikililər olmaqla həmsərhəd torpaq sahələrində yerləşir. Cavabdehluna məxsus həyətyanı torpaq sahəsinə vizual baxış keçirilən zamanı həyətyanı torpaq sahəsinin daxilindən çirkab suların X1 məxsus yaşayış evi istiqamətə axdığını və eləcə də, Cavabdeh məxsus su çəninin İddiaçı istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçının və cavabdehin torpaq sahəsinin arasında yerləşən (mişar daşından inşa olunmuş) sərhəd hasarının bir hissəsi sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. İddiaçının yaşayış evinə baxış keçirilən zaman yaşayış evinin iki yaşayış otağından və yardımçı tikililərdən ibarət olduğu müəyyən edilmişdir. İddiaçının yaşayış evinin alt hissəsində yerləşən anbar tikilisinə baxış keçirilən zamanı tikilinin divarlarının nəm olduğu müəyyən edilmişdir. Yaşayış otağının divarları divar kağızı ilə tavanı isə boya ilə, döşəməsi taxta materialı ilə üzlənmişdir. Həmin tikilinin sahəsi 13,0 m2 (3,70x3,50m), hündürlüyü 2,85 m olub, bu tikilinin divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu müşahidə olunmuşdur. Mətbəx tikilisinin divarları divar kağızı ilə tavanı isə boya ilə, döşəməsi taxta materialı ilə üzlənmişdir. Həmin tikilinin sahəsi 7,5 m2 (3,30x2,25m), hündürlüyü 2,85 m olub, bu tikilinin divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu müşahidə olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1 mədən 8 korpus ünvanında yerləşən Cavabdeh yaşadığı evdən İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1 mədən 8 korpus ünvanında yerləşən evə və evin yerləşdiyi sahəyə suyun axıdıldığı müəyyən edilmiş, İddiaçı yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1 mədən 8 korpus ünvanında yerləşən evə dəyən ziyan mənzilinin tikililərində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1045 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi mədən 1 korpus 8 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin yaşadığı fərdi yaşayış evindən su axıdılması nəticəsində iddiaçıya 1045 manat maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbini bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı delikt nəticəsində əmlakına ziyan vurulmasına görə keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1045 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat, dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-395/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-395/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver