Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3969/2022 06.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 59.000 manatın, aldığı borca görə 2.000 ABŞ dollarının (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) və dövlət rüsumuna görə ödənilmiş 278 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh atası keçmiş qudası, Baba Hacıquliyevin xahişi ilə 2014-cü ildə 50.000 manat borc vermişdir. Belə ki, gəlninin atası olan Baba Hacıquliyev 2014-cü ilin əvvəllərində ona zəng edərək oğlu Cavabdeh iş görmək məqsədi ilə 50.000 manat borc pul verməyini xahiş etmişdir. O, qudasından borc pulu manat və ya ABŞ dolları ilə istədiyini soruşmuşdur. O, pulun Azərbaycan manatı ilə verilməsini xahiş etmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən özündə olan müvafiq məbləğdə ABŞ dollarını, bir dollar 0,78 AZN olmaqla manata dəyişmiş və 50.000 manat məbləğində pulu şəxsən cavabdehin özünə vermişdir. Bir müddət sonra cavabdeh atasının xəstə olması ilə əlaqədar şəxsən özü ondan 2.000 ABŞ dolları borc almışdır. 2015-ci ildə bir ABŞ dolları 1.70 manatına mübadilə edildiyi vaxtda cavabdeh ondan aldığı 50.000 manat məbləğində borcunu manatla geri qaytarmışdır. Cavabdeh aldığı borcu dolların məzənnəsinin kəskin artdığı vaxtda manatla qaytardığından bu hərəkəti ilə ona 59.000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh atasının sağlığında dəymiş ziyanı ödəyəcəyini öhdəsinə götürsə də, atasının ölümündən sonra ödənişdən yayınmışdır. 2.000 ABŞ dollarını isə bu günə kimi qaytarmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Bakı şəhər Baş Polis idarəsinə yazıl ərizə ilə müraciət etmişdir. Müraciəti aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Aparılmış araşdırma ilə Polis Bölməsinin təhqiqatçısı Çingiz Qurbanov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli Qərar çıxarılmışdır. Həmin qərarda hazırda cavabdeh olan Cavabdeh ilə çağırışlara gəlmədiyi üçün istifadəsində olan mobil telefonla əlaqə saxlanıldığı, özünün borc götürmədiyini, atasının borc götürdüyünü və həmin borcu geri qaytardığını bildirdiyi və bununla bağlı izahat verməkdən imtina etdiyi göstərilmişdir. Qərarda daha sonra göstərilir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, toplanmış material üzrə əməldə cinayət tərkibi yoxdur. Əmlak mübahisəsi mülki xarakterli olduğundan Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olması ona izah edilməlidir. Polis Bölməsində aparılmış araşdırma və qəbul edilmiş qərarla razılaşmadığına görə təkrarən Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar təkrar araşdırma aparılmış və Cavabdeh izahatı alınmışdır. O, izahatında 2014-cü ildə ondan, yəni İddiaçı 50.000 manat borc pul aldığını, həmin məbləği 2016-cı ildə qaytardığını, 2.000 ABŞ dolları borc almadığını göstərmişdir. Cavabdeh 50.000 manat borc aldığını və həmin borcu 2016-cı ildə qaytardığını etiraf etmişdir. Ondan aldığı 2.000 ABŞ dolları borcunu isə etiraf etməmişdir. Ancaq həmin məbləği əlbəəl şəxsən onun özünə vermiş və həmin vaxt oğlu Sunay Şahqasımov yanında olmuşdur. Cavabdeh dəfələrlə söz verib öhdəlik götürsə də sözünə əməl etməmiş, dəymiş zərəri və borcu ödəməmişdir. O isə qohumluq münasibətlərinə görə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməmişdir. Qohumluq münasibətləri pozulduqdan sonra da o, ailə üzvlərinin yanında şəxsən ona qısa müddətdə bütün borcu ödəyəcəyinə söz vermiş, ancaq yenə də verdiyi sözə əməl etməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsininin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanov tərəfindən qəbul edilmiş 20 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, İddiaçı izahat verərək bildirmişdir ki, 2014-cü ilin əvvəllərində keçmiş qudası Baba Hacıquliyev ona zəng edərək, oğlu Ramin Hacıquliyevə iş görməsi üçün 50.000 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, ondan pulu manat və ya ABŞ dolları əskinazları ilə istədiyini soruşmuş, Baba Hacıquliyev isə pulu manat əskinazları ilə istədiyini bildirmişdir. Bundan sonra o, özündə olan ABŞ dolları əskinazlarını hər biri 0.78 AZN olmaqla manat əskinazları ilə dəyişmiş və Baba Hacıquliyevə vermişdir. 2015-ci ildə 1 ABŞ dolları 1.7 Azərbaycan manatına dəyişdirildiyi dövrdə Baba Hacıquliyev ondan götürdüyü borc 50.000 manat məbləğində borc pulu manat əskinazları ilə geri qaytarmışdır. Beləliklə də dolların məzənnəsində olan kəskin artımla əlaqədar İddiaçı 59.000 manat məbləğində maddi ziyan dəymişdir. O, Baba Hacıquliyevdən ona dəymiş ziyanı da ödəməsini tələb etdikdə Baba Hacıquliyev hal-hazırda maddi imkanının olmadığını bildirmiş, tezliklə vurduğu maddi ziyanı geri ödəyəcəyini vəd etmişdir. Bundan başqa ondan əlavə 2.000 ABŞ dolları məbləğində borc pul da götürmüşdür. Baba Hacıquliyev vəfat etdikdən sonra ona dəymiş ziyanın ödənilməsini tələb etsə də bugünədək, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Təhqiqat müddətində Baba Hacıquliyevin vəfat etməsi səbəbindən onun oğlu Cavabdeh istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə bir neçə dəfə əlaqə saxlanılmışdır. Edilmiş ilk zənglərə cavab verilməsə də sonuncu zəng zamanı Cavabdeh özünün şəxsən borc pul götürmədiyini, 2014-cü il tarixdə atası Baba Hacıquliyevin borc götürdüyünü və həmin borcu geri qaytardığını bildirmiş, bununla bağlı izahat verməkdən imtina etmişdir. Beləliklə, qərarda İddiaçı Baba Hacıquliyevə 50.000 manat məbləğində pul vəsaitini borc olaraq verdiyi müəyyən edilərək, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh arasında yaranmış əmlak mübahisəsi mülki xarakterli olduğundan Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olması İddiaçı izah edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin 16 mart 2022-ci il tarixli arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 216, mənzil 1-də yaşayan İddiaçı keçmiş qudası X1 Hacıquliyev tərəfindən hədələnməsi və təhlükəsizliyinin təmin edilməsi barədə Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsindən daxil olmuş müraciətə İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Məlum olmuşdur ki, İddiaçı keçmiş qudası X1 Hacıquliyev tərəfindən 2014-cü ildə borc alınmş 50.000 manat pulun devalvasiyasından sonra 2017-ci ildə qaytarılması səbəbindən ona maddi ziyan dəyməsi ilə bağlı şikayəti əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Çingiz Qurbanov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı müraciəti mülki xarakterli olmaqla toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 20 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma prosesində İddiaçı izahatında 2014-cü ilin əvvəllərində keçmiş qudası Baba Hacıquliyevin ona zəng edərək oğlu Cavabdeh iş görmək üçün məqsədi ilə 50.000 manat borc pul verməsini xahiş etdiyini, o isə 50.000 manat və əlavə 2.000 ABŞ dolları Ramilə verdiyini, Ramilin aldığı 50.000 manatı gec, 2017-ci ildə qaytararaq ona maddi ziyan vurmasını, həmçinin 50.000 manatdan əlavə aldığı 2.000 ABŞ dollarını da bu günə kimi qaytarmadığını, bununla bağlı 2021-ci ildə 27-ci PB-yə şikayət etdikdən sonra Ramilin ona zəng edərək hədələdiyini bildirmiş, bununla bağlı təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. İzahatı alınmış Cavabdeh 2014-cü ildə İddiaçı 50.000 manat borc pul aldığını, həmin məbləği 2016-cı ildə qaytardığını, 2.000 ABŞ dolları almadığını, İddiaçı hədələmədiyini bildirmişdir. Göstərilənlərə nəzərə alaraq gələcəkdə xoşagəlməz hadisənin baş verməməsi üçün İddiaçı təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti üzrə Yasamal RPİ-yə müvafiq tapşırıq və görülmüş işlərin nəticəsi barədə vətəndaşa məlumat verilməsi məqsədəmüvafiqdir. 25 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 278 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçının hazırda iki tələbi var: 59.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi və cavabdehə verdiyi 2.000 ABŞ dolları məbləğində borcun qaytarılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırda iddiaçı özündə olan müvafiq məbləğdə ABŞ dollarını, bir dollar 0,78 AZN olmaqla manata dəyişərək 50.000 manat məbləğində pulu şəxsən Cavabdeh özünə verdiyini, 2015-ci ildə bir ABŞ dolları 1.70 manatına mübadilə edildiyi vaxtda cavabdeh 50.000 manat məbləğində borcunu manatla geri qaytardığını, nəticədə ona 59.000 manat məbləğində ziyanın dəydini bildirsə də məhkəmə qeyd edir ki, ümumiyyətlə iddiaçı tərəfindən cavabdehə 50.000 manat məbləğində borc verilməsi faktı iş materialları ilə öz təsdiqini tapmır ki, məhkəmə maddi ziyanın vurulub-vurulmaması məsələsini araşdırsın. Belə ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsininin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanov tərəfindən 20 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmiş və həmin qərarda İddiaçı Baba Hacıquliyevə 50.000 manat məbləğində pul vəsaitini borc olaraq verdiyi müəyyən edilərək, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tərtib olunmuş arayışda isə Cavabdeh 2014-cü ildə İddiaçı 50.000 manat borc pul aldığı, həmin məbləği 2016-cı ildə qaytardığı qeyd olunmuşdur. Lakin arayışı tərtib edən şəxslərin hansı sübutlar əsasında qeyd olunan faktları müəyyən etdiyi qeyd olunmamışdır. Ən əsası isə həmin məlumat qərar şəklində deyil, arayış şəklində yazıldığına görə məhkəmə hesab edir ki, həmin arayışın baxılan iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 59.000 manat məbləğində maddi zərərin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının 2.000 ABŞ dolları məbləğində borcun qaytarılması tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı cavabdehə 2.000 ABŞ dolları məbləğində borc pul verdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3969/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3969/2022
06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver