Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3994/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 1.135 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumudur və avtomobil ustası kimi fəaliyyət göstərir. Bu səbəbdən 04.03.2021-ci il tarixdə mübahisəli avtomobili almaq üçün iddiaçı ilə birlikdə Cavabdeh2 ilə görüşmüşdür. Görüş zamanı Cavabdeh2 onlara surət ötürücüsü qutusunda nasazlığın olması barədə məlumat vermiş, lakin mühərrikin nasaz olması barədə hər hansı fikir söyləməmişdir. Bu sahə üzrə ixtisaslaşmadığı üçün o, mühərrikin sazlığını yoxlamamışdır. Məhkəmə iddiaçının izahatını, habelə şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz 190D” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01.03.2021-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Həmin şəxs mülkiyyətində olan qeyd edilən nəqliyyat vasitəsini digər Cavabdeh2, sonuncu isə 04.03.2021-ci il tarixdə İddiaçı üzərində sərəncam vermək hüququ da daxil olmaqla 04 mart 2022-ci il tarixədək etibar etmiş və avtomobili ona təhvil vermişdir. Hazırda iddiaçı qeyd edilən avtomobilin ona etibarnamə ilə verilməsinə baxmayaraq, həqiqətdə 04.03.2021-ci il tarixdə ona 5.900 manat pula satıldığını və bu tarixdən bir gün sonra avtomobili idarə edərkən onun mühərrikinin dağıldığını, bunun təmiri üçün ümumilikdə 1.135 manat məbləğində pul xərclədiyini iddia edir və bu halı təsdiq edən qaimə faktura təqdim etməklə, həmin məbləğin müştərək qaydada cavabdehlərdən tutulmasını tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçının bu məsələ ilə bağlı şikayəti əsasında Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh2 öz izahatında qeyd edilən avtomobilin ona məxsus olduğunu, avtomobili satmaq məqsədi ilə müvafiq internet saytda onun barədə məlumat yerləşdirdiyini, bundan sonra iddiaçının onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq, avtomobili almaq niyyətində olduğunu söylədiyini, bu məqsədlə görüşdüklərini, iddiaçının həmi görüşə digər bir usta ilə gəldiyini, avtomobilə tam baxdıqdan sonra onunla xeyli söhbət etdiklərini və nəticədə avtomobilin satış qiymətindən (6.500 manat) endirim edərək, iddiaçıya 5.900 manat pula satdığını, bu zaman avtomobildə olan bütün nasazlıqlar barədə ona məlumat verdiyini, buna baxmayaraq iddiaçı yenə də avtomobili aldığını, lakin 12.03.2021-ci il tarixdə ona zəng edərək, avtomobilin mühərrikinin dağılması barədə ona məlumat verdiyini, mühərrikin dəyərinin 1.000 manat olduğunu, onun təmirinə 500-600 manat xərc tələb edildiyi halda, insanlıq baxımından bu məbləğin yarısının ödənilməsinə köməklik etməyə hazır olduğunu bildirmişdir. İştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid öz ifadəsində avtomobilə baxış keçirdikləri zaman Cavabdeh2 tərəfindən onlara surət ötürücüsü qutusunda nasazlığın olması barədə məlumat verildiyini, lakin mühərrikin nasaz olması barədə hər hansı fikir söyləmədiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla belə, məhkəmə hesab edir ki, Cavabdeh2 təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya birbaşa maddi zərər vurulmuş və nəticədə onun tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Belə ki, bu cavabdeh həmin nəqliyyat vasitəsinin ona məxsus olduğunu və bu əmlakı 5.900 manat pula iddiaçıya satdığını bildirir. Halbuki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı qaydası müəyyən edilmiş və bu baxımdan həmin cavabdeh tərəfindən iddiaçıya etibarnamənin verilməsi onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qiymətləndirilə və qəbul edilə bilməz. Hüquqi nəticə etibarı ilə cavabdeh iddiaçı ilə öz arasında əhəmiyyətsiz əqd bağlamaqla, onun istifadə və sahibliyinə saz vəziyyətdə olmayan yüksək təhlükə mənbəyi vermişdir. Məhkəmənin bu qənaəti, həmçinin, cavabdeh tərəfindən verilmiş izahatda onun mühərrikin dəyəri məsələsinə münasibət bildirməsi və mühərrikin təmirinə müəyyən məbləğdə pul verməsinə razı olması nəzərə alınmaqla formalaşmışdır. Hər bir halda, cavabdeh iddiaçı ilə hər hansı formada, o cümlədən qohumluq münasibətlərində olan şəxs deyil. Cəmi bir dəfə mübahisəli avtomobillə bağlı görüşmüşlər. Bu səbəbdən avtomobili öz dəyərindən də 600 manat aşağı qiymətə satan və bununla da ona güzəşt edən cavabdehin hələ bundan sonra mühərrikin təmir edilməsinə də yalnız insanlıq baxımından maddi köməklik etməyə razı olması inandırıcı deyil. Bu səbəbdən məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, o cümlədən tərəflər arasında olan münasibətlərin xarakterini, cavabdehin hüquq mühafizə orqanlarında verdiyi izahatını nəzərə alıb, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin mühərrikdə olan nasazlıq barədə məlumatı olmuşdur. Bu səbəbdən cavabdeh iddiaçıya münasibətdə yol verdiyi təqsirli, hüquqa zidd əməllər nəticəsində ona vurduğu ziyanın məsuliyyətini daşımalı və ziyanın əvəzini ona ödəməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan zərər məbləği ilə bağlı qeyd edir ki, iddiaçı mühərrikin yenidən yığılmasına ümumilikdə 1.135 manat məbləğində pul sərf etmişdir. Cavabdeh isə avtomobili dəyərindən 600 manat aşağı qiymətə satdığını bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin 600 manat bu məbləğdən çıxılmalı və qalan (1.135-600=535) 535 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hər bir halda, tərəflər arasında qiymətlə bağlı razılıq olmadığı təqdirdə hazırda cavadbehdən 1.135 manat məbləği tutulduğu halda, məbləğ baxımdan nəticə eyni olacaqdır. Məhkəmə iddia tələbinin “Cavabdeh1 pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu şəxsi yalnız bir dəfə, notariat kontorunda gördüyünü, onunla ünsiyyətdə olmadığını qeyd edir. Cavabdeh2 isə öz izahatında avtomobilin ona məxsus olduğunu və onun tərəfindən satıldığını bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 hər hansı məbləğdə zərər tutula bilməz və iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 535 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 535 (beş yüz otuz beş) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3994/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3994/2021
23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver