Məhkəmə qərarları › İş №2(001)-401/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-401/2022

26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-401/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 1.600 manat, onu aldadaraq sonradan aldığı 450 manat, mənəvi zərərə görə isə 1.000 manat, dövlət rüsumu kimi ödədiyi 30 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır, yaşadığı ev darısqal olduğundan 2019-cu ildə həyətdə yeni yaşayış evi tikdirmişdir. Ev tikilib başa çatdıqdan sonra evin təmiri işlərini gördürməyə başlamışdır. Cavabdeh evdə digər işlər gedərkən ustalara kömək edirdi. O, bildirmişdir ki, evin döşəmə - tavan işlərini, pilləkənin yığılmasını özü edəcəkdir. O, cavabdehlə birlikdə evdə görüləcək işləri aydınlaşdırmışdır. Belə ki, evin birinci mərtəbəsində yerləşən otağa və mətbəxə 32 kv.m, ikinci mərtəbədə isə 42 kv.m polun vurulması, ikinci mərtəbəyə qalxan pilləkənin müasir formada yığılması, pilləkənin altında, dəhlizdə, mətbəxdə şkafların yığılması, ikinci mərtəbədə yerləşən çardağın tavanının qurulması, beş ədəd qapıların müasir formada düzəldilərək quraşdırılması, pilləkənin və ikinci mərtəbədə döşəməsinin kənarının sütünlu kəsmələrlə işlənməsi, döşəmənin və tavanın kənarlarının taxta karnizlərlə, yaşmaqlarla işlənməsi, pəncərələrin və qapıların kənarlarının və aşağı hissələrinin taxta materiallarla işlənməsi və bu işlərlə bağlı digər tamamlama işlərinin tam olaraq başa çatdırılması barədə razılaşmışlar. Cavabdeh bu işlərin tam olaraq keyfiyyətlə görülərək ona təhvil verəcəyini bildirmiş və bu işləri görmək üçün ondan 2.700 manat zəhmət haqqı istəmiş, o da etiraz etməmişdir. O, evin ikinci mərtəbəsində yerləşən çardağın tavanının qurulması üçün lazım olan materialları və digər zəruri avadanlıqları (kley, mismar, şurup və s.) alıb gətirmişdir. Cavabdehin hesablamalarına görə digər işlərin görülməsinə 140 kv.m hazır olan taxta materialları və onun yazdığı avadanlıqlar (kley, mismar, şurup və s.) lazım olmuşdur. O, cavabdehin qeyd etdiyi materialları alaraq evə gətirmiş və ona təhvil vermişdir. Cavabdeh ondan istədiyi 2.700 manat zəhmət haqqını ona tam olaraq ödəmiş, bundan əlavə iddiaçı ondan dəfələrlə aparatların gətirilməsi, təmiri və sair adlar altında əlavə pullar almışdır. Lakin cavabdeh evə qoyulacaq 5-qapıdan 3-nü düzəldərək gətirib yerinə qoysa da iki qapını düzəldib gətirməmişdir. Gördüyü işləri yarımçıq və keyfiyyətsiz görmüşdür, pilləkənin və ikinci mərtəbədə döşəmənin kənarının sütunlu kəsmələrlə işlənməsi, döşəmənin və tavanın kənarlarının taxta karnizlərlə, yaşmaqların işlənməsi, pəncərələrin və qapıların kənarlarının və aşağı hissələrinin taxta materiallarla işlənməsini və eləcə də digər işləri yerinə yetirməmiş, evin təmiri üçün aldığı 40 kv.m-dən çox taxtanı isə ondan soruşmadan aparmışdır. O, cavabdehdən dəfələrlə tələb etmişdir ki, apardığı taxtaları geri gətirsin, evdə yarımçıq saxladığı işləri başa çatdırsın, iki qapını isə düzəldib gətirib yerinə qoysun, o, hər dəfə müxtəlif bəhanələr uyduraraq tezliklə gəlib işlərini tamamlayacağını, qapıları düzəldib gətirəcəyini bildirsə də bu günə kimi haqqını aldığı öhdəliklərini yerinə yetirməmiş və onu aldatmaqda davam etmişdir, evinin təmiri yarımçıq vəziyyətdədir. O, cavabdehin evdə yarımçıq qalmış işlərinin tamamlanması üçün yeni usta dəvət etmiş, yeni usta gəlmiş və bildirmişdir ki, bu işlərin başa çatdırılması üçün cavabdehin gördüyü işlərin bir hissəsi sökülərək yenidən işlənməlidir. Həmçinin, 400 manatlıq əlavə material alınmalı və 1.200 manat zəhmət haqqı ödənilməlidir. Ustanın hesablamalarına görə o, yenidən 1.600 manat xərc çəkməlidir. O, hərbiçidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin zabitidir, aldığı məvacib onun bu işlərin görülməsinə yenidən 1.600 manat xərcləməyinə kifayət etmir. O, Binəqədi Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq vurduğu maddi ziyana görə 1.600 manat, mənəvi zərərə görə isə 1.000 manat, dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla cəmi 2.630 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini istəmişdir. 2(001)-5129/2021 saylı iş Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş, məhkəmə iclasında cavabdeh işləri yarımçıq saxladığını etiraf edərək ona əlavə olaraq 450 manat pul ödənilməsi şərti ilə 30 iyul 2021-ci il tarixədək qalan bütün işləri yüksək keyfiyyətlə tamamlayaraq təhvil verəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı həmin gün cavabdehə 450 manat pul ödəmişdir, bu barədə qəbzə o, cavabdeh və vəkili imza etmişdir. Həmin gündə o, məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını istəmişdir. Binəqədi Rayon Məhkəməsində 30 iyul 2021-ci ildə qərardad qəbul edərək, 2(001)-5129/2021 saylı işi baxılmamış saxlamış və iş materiallarına əlavə edilmiş sənədləri ona geri qaytarmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır, bir dəfədə olsun işə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin İddiaçı ünvanladığı 09 yanvar 2021-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun ərizəsində göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir; 07 iyul 2021-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı Biləcəri qəsəbəsində yerləşən evində yarımçıq saxladığı işləri - əlavə 2 qapının qoyulması, digər qoyduğu 3 qapının nizama salınmasını, pilləkanda yarımçıq qalan işlərin başa çatdırılmasını, potolokun molyarka ilə və karnizlərin işlənərək başa çatdırılmasını, polun yonulması və laklanması (əlavə 100 manat verilməklə) işin görülməsi, işlərin 400 manat İddiaçı tərəfindən ödənilməsi şərtilə 30 iyul 2021-ci il tarixə kimi başa çatdırmağı öhdəsinə götürmüşdür. Qeyd olunan iltizam, Cavabdeh, İddiaçı və Vəkil tərəfindən imzalanmışdır. Həmçinin həmin iltizamda Cavabdeh İddiaçı 08 iyul 2021-ci il tarixdə 150 manat, 09 iyul 2021-ci il tarixdə isə 250 manat aldığını qeyd etmişdir; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni məhəllədə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə yalnız taxta döşəmə vurulduğu, pilləkənin taxta ilə yığıldığı, 3 ədəd qapı bloku quraşdırıldığı, 2-ci mərtəbədə tavanın taxta ilə üzləndiyi müəyyən olunmuşdur. Lakin pilləkənin altında, dəhlizdə, mətbəxdə şkafların yığılması, pilləkənin və ikinci mərtəbədə döşəmənin kənarının sütunlü kəsmələrlə işlənməsi, döşəmənin və tavanın kənarlarının taxta karnizlərlə, yaşmaqlarla işlənməsi, pəncərələrin və qapıların kənarlarının və aşağı hissələrinin taxta materiallarla işlənməsi və bu işlərlə bağlı digər tamamlaça işləri cavabdeh tərəfindən tam olaraq görülməmişdir. Tədqiq olunan yaşayış evi üzrə cavabdeh tərəfindən yerinə yetirilmiş tikintitəmir işlərinin ümumi dəyəri (yalnız usta xərcləri) təqribən 1041,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, yerinə yetirilməmiş işlərin tamamlanması üçün nə qədər vəsait tələb olunması, həmin işlərin həcmi bütünlüklə dəqiqləşdirildikdən və ya yerinə yetirilməli işlərə dair smeta tərtib edildikdən sonra müəyyən oluna bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-5129/2021 saylı mülki işin materiallarından görünür ki, 08 iyun 2021-ci il tarixdə iddiaçı Qədı̇ mov Sadı̇ q Qədı̇ m oğlunun Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.600 manat vurulmuş zərərin, 1.000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh həmin iclasda iştirak etmiş və bildirmişdir ki, o, həqiqətən də iddiaçıya məxsus Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində iddia ərizəsində qeyd edilmiş təmir işlərini natamam görmüş və zəhmət haqqı kimi iddiaçıdan 2.700 manat məbləğində pul almışdır. Əgər iddiaçı razılaşarsa onun evində bir ay ərzində tamamlanmamış təmir işlərini yekunlaşdıra bilər. Əgər iddiaçı razı olarsa onunla razılıq əldə edilməsi, həmçinin həmin müddət ərzində təmir işlərinin yekunlaşdırmağı üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Məhkəmənin 30 iyul 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır; 20 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Vəkil hesabına 171 manat məbləğində xidmət haqqı ödəmişdir; 28 fevral 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə özünə məxsus fərdi yaşayış evinin təmiri ilə bağlı işlərinin icra edilməsini sifariş etmiş və bunun üçün cavabdehə 2.700 manat məbləğində muzd ödəmişdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə 08 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 1.600 manat, mənəvi zərərə görə isə 1.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. 2(001)-5129/2021 saylı mülki iş üzrə keçirilmiş 08 iyul 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh, həqiqətən də iddiaçıya məxsus Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində iddia ərizəsində qeyd edilmiş təmir işlərini natamam gördüyünü və zəhmət haqqı kimi iddiaçıdan 2.700 manat məbləğində pul aldığını, əgər iddiaçı razılaşarsa onun evində bir ay ərzində tamamlanmamış təmir işlərini yekunlaşdıra biləcəyini bildirmişdir. Bundan sonra, tərəflər arasında yeni razılıq əldə edilmiş və cavabdeh, iddiaçıya məxsus evdə yarımçıq saxladığı işləri - əlavə 2 qapının qoyulması, digər qoyduğu 3 qapının nizama salınmasını, pilləkanda yarımçıq qalan işlərin başa çatdırılmasını, potolokun molyarka ilə və karnizlərin işlənərək başa çatdırılmasını, polun yonulması və laklanması işlərinin görülməsi, işlərin əlavə olaraq 400 manat İddiaçı tərəfindən ödənilməsi şərtilə 30 iyul 2021-ci il tarixə kimi başa çatdırmağı öhdəsinə götürmüşdür. Cavabdeh 08 və 09 iyul 2021-ci il tarixlərdə iddiaçıdan cəmi 400 manat məbləğində muzd almışdır. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2022-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus yaşayış evində cavabdeh tərəfindən yalnız taxta döşəmə vurulduğu, pilləkənin taxta ilə yığıldığı, 3 ədəd qapı bloku quraşdırıldığı, 2-ci mərtəbədə tavanın taxta ilə üzləndiyi işləri görülmüş və yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin (yalnız usta xərcləri) təqribən 1041,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, pilləkənin altında, dəhlizdə, mətbəxdə şkafların yığılması, pilləkənin və ikinci mərtəbədə döşəmənin kənarının sütunlü kəsmələrlə işlənməsi, döşəmənin və tavanın kənarlarının taxta karnizlərlə, yaşmaqlarla işlənməsi, pəncərələrin və qapıların kənarlarının və aşağı hissələrinin taxta materiallarla işlənməsi və bu işlərlə bağlı digər tamamlaça işləri cavabdeh tərəfindən tam olaraq görülməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən təmir işlərinin tam aparılmadığını bildirir və cəmi 1.600 manat vurulmuş zərərin, sonradan onu aldadaraq aldığı 450 manat pulun, yəni ümumilikdə 2.050 manat vurulmuş zərərin, 1.000 manat mənəvi zərərin, hüquqi yardıma görə ödənilmiş 171 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edir. Göründüyü kimi, cavabdeh iddiaçıdan ilkin olaraq 2.700 manat məbləğində muzd almasına baxmayaraq, ümumi dəyəri 1.041 manat məbləğində təmir işlərini tam olaraq görmüş, qalan işləri isə tamamlamamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, vurulmuş maddi ziyana görə 1.600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “450 manat məbləğində pulun tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı sonradan cavabdehə görüləcək işlərin müqabilində 450 manat məbləğində pul verdiyini bildirsə də, işdə olan sənədlərdən görünür ki, cavabdeh 08 və 09 iyul 2021-ci il tarixlərdə işlərin görülməsinə görə iddiaçıdan cəmi 400 manat məbləğində pul almış, lakin əvəzində hər hansı təmir işləri görməmişdir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 171 manat xidmət haqqının tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 171 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı ağlabatan məbləğ hesab edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 1.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsi ilə əlaqədar isə aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 manat (1.600+400) məbləğində pul, 171 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 20 manatı İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 66 manatı Cavabdeh, 34 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 (iki min) manat məbləğində pul, 171 (bir yüz yetmiş bir) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 66 (altmış altı) manatı Cavabdeh, 34 (otuz dörd) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar