Məhkəmə qərarları › İş №2(001)-4013/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4013/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4013/2024 24.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Əliyeviçin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Əliyeviç iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə adına Bakı şəhəri, Nərimanov rayon VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. X3 İdayətoviç, anası isə X1muşdur. Onların hər ikisi də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Atası ilə anasının nikahları xx.xx.1975-ci il tarixdə Bakı şəhərində Səadət sarayında qeydə alınmışdır. O, Bakı şəhərində doğulub burada böyüyüb, boya başa çatmışdır, xx.xx.1980-cı il tarixdən xx.xx.2012-ci il tarixədək o, Bakı şəhəri, Gəncə prospekti, 27 saylı evin 84 saylı mənzilində qeydiyyatda olmuşdur. Həmin mənzildə onun valideynləri, bacı, qardaşı da qeydiyyatda olmuşlar və orada daimi yaşamışlar. O, Bakı şəhəri Xətai rayonu, 269 saylı orta məktəbdə oxumuş və həmin məktəbi 1995-ci ildə bitirmiş, buna dair ona orta təhsil haqqında attestat verilmişdir. xx.xx.1995-ci il tarixdə o, pasport almış, onun pasportunda qeydiyyat yeri Bakı şəhəri, Gəncə prospekti, 27 saylı evin 84 saylı mənzili olmuşdur. Hal-hazırda o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında arayış almaq istəyir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin oradan əsassız olaraq ona imtina edilərək bildirilmişdir ki, guya ki, onun AR vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmağı müəyyən olunmamışdır. O, cavabdehin imtinası ilə razı deyil və onlara Bakı şəhərində xx.xx.2012-ci il tarixədək qeydiyyatda olmağına dair sənədləri, o cümlədən onun adına açılan Forma A saylı kartoçkanı Mənzil İstismar sahəsindən alıb onlara təqdim etmişdir. Lakin onlar bu sənədə əhəmiyyət verməmişlər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də o, məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanına bilər. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Əliyeviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 1 və 2-ci bəndlərinə əsasən bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi məsələlərinə baxılması və onların həlli qaydalarını müəyyən edir. Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 38-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2 və 2.2.1 maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyənləşdirilir. İddiaçı da bununla bağlı qeyd olunan inzibati orqana müraciət etmiş və həmin orqandan imtina cavabı almışdır. Hazırda da ərizənin məzmunundan müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan narazıdır. Ona görə də, hesab edirəm ki, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktı inzibati məhkəmə icraatı çərçivəsində Bakı İnzibati Məhkəməsində mübahisələndirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunduğundan İddiaçı Əliyeviç tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Əliyeviçin cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, inzibati orqan sayılan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi qərarı Bakı İnzibati Məhkəməsində mübahisələndirə bilər. İddiaçı Əliyeviç tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar