Məhkəmə qərarları › İş №2(001)-4029/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4029/2023

20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4029/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1840 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə xeyli müddətdir ki tanışdırlar, aralarında düşmənçilik olmamışdır. 5 il bundan əvvəl cavabdehin pula ehtiyacı olduğu üçün ondan borca pul istəmişdir, əvvəlcə razı olmasa da, sonra onu aldadaraq ondan 5000 manat borca pul almışdır. Həmin borcu qısa müddətdə qaytaracağına vəd versə də, tam əməl etməmişdir. 5 il ərzində 3760 manat borcundan ödəmiş 1840 manat borcu qalmışdır. Cavabdehdən pulunu tələb etsə də, ödəməkdən boyun qaçırmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, cavabdeh 2020-ci il tarixdə qısa müddətə qaytarmaq şərtilə ondan 5000 manat borc pul almış və borcundan 3760 manat qaytarmışdır. Cavabdehlə onun arasında bununla bağlı yazılı qəbz və vhatsap yazışmaları vardır. Cavabdeh həmin qəbzi 5000 manatdan 2000 manatı ödədikdən sonra 3000 manat borcunun qalması barədə yazmışdır.

4. Sonrakı məhkəmə iclaslarında iddiaçı iştirak etməsə də, ünvanladığı müraciətlərində onun iştirakı olmadan işə baxıb xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İş materiallarında Muradova X1 3000 manat aldığını və loterayanı aldıqdan sonra 2020-ci ilin yanvarın 15-də qaytaracağını bildirməsi barədə yazılı sənəd vardır. Bundan sonra eyni qaydada 1.06.2021-ci il tarixdə qəbz tərtib edilmiş və yazının mətnində qeyd edilmişdir ki, Cavabdeh X2 2450 manat borcu qalmışdır və Aynurun razılaşdığı kimi hər ay 100 manat ödəyəcəkdir. Bununla yanaşı iddiaçı tərəfindən vhatsap yazışmaları təqdim edilmiş və həmin yazışmalarda hansısa borc məbləğinin mübahisəsi keçmişdir. Tətbiq edilən maddi hüquq normaları:

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmənin mövqeyi:

9. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi öhdəliyin yaranması üçün ya tərəflər arasında müqavilə bağlanmalı, ya zərər vurulması halı müəyyən edilməli, ya əsassız varlanma baş tutmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması isə müqavilə sayılır və müqavilə onun tərəfləri üçün hüquq və vəzifələr yaradır. Öhdəliyini icra etməyən borclu isə kreditor qarşısında məsuliyyət daşıyır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM-nin) 882.1-ci maddəsinin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu ifadələrdən aydın olduğu kimi, mövcud borcun etirafı haqqında müqavilənin həmin müqavilənin bağlanmasına qədər aralarında hər hansı səbəbdən öhdəlik münasibətləri yaranmış şəxslər arasında bağlanmasından söhbət gedir. Təsadüfi deyildir ki, MM-nin 882.4-cü maddəsində "Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir" ifadələri qeyd edilmişdir. Yəni, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir; əgər şəxs başqasına aid öhdəliyi öz üzərinə götürürsə, burada MM-in 882.4- cü maddəsində təsbit edilmiş öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış olur. Nəzərə alınmalıdır ki, maddənin mətnində "borcun etirafı"-ndan söhbət getsə də, bunu, yalnız MM-nin 37-ci fəslində nəzərdə tutulmuş borc müqaviləsindən irəli gələn öhdəlik mənasında deyil, daha geniş mənada, yəni müqavilə, delikt, özgə işlərini tapşırıqsız aparma və ya əsassız varlanmadan irəli gələn öhdəlikləri əhatə edəcək şəkildə təfsir etmək lazımdır.

11. Tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər borc öhdəliyi olmuş, sonradan yazılı sənəd tərtib etməklə qalıq borcun etirafı ilə bağlı müqavilə bağlanmışdır. Hansı ki, cavabdehə dəfələrlə məhkəmə iclası barədə məlumat verilmiş və məhkəmə iclaslarından məlumatlı olmasına baxmayaraq, cavabdeh iddiaya etiraz etməmiş və məhkəmə iclaslarında iştirak etməyərək müqaviləni və ya qalıq borcun məbləğini mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə MPM-nin 106.2-ci maddəsinin tələbi baxımından iddianı əsaslı hesab etmişdir. Belə ki, MPM-nin 106.2-ci maddəsində göstərilmişdir ki, Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Tətbiq edilən prosessual normalar:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

13. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

14. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

15. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

18. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

19. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər;

20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

21. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

22. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1840 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1840(bir min səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar