Məhkəmə qərarları › İş №2(001)-4039/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4039/2024

07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4039/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil-Tikinti Koorperativinə qarşı “qarajların təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 128 saylı müqaviləyə və İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 17 saylı müqaviləyə əsasən qarajların iddiaçılara təhvil verilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 128 saylı və xx.xx.2007-ci il tarixli 17 saylı müqavilələrə əsasən cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1300-cü keçid (hazırda ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli binadan mənzil və qaraj almışlar. İddiaçı2 xx.xx.2004-cü il tarixli, 127 və 128 saylı müqavilələrə əsasən 4 otaqlı mənzil, eyni tarixli müqaviləyə əsasən qaraj almışdır. İddiaçı1 xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 3 otaqlı mənzil və eyni tarixli 17 saylı müqaviləyə əsasən qaraj sahəsi almışdır. Müqavilələrin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, bu günə qədər qarajlar naturada iddiaçılara təhvil verilməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış və xx.xx.2024-cü il tarixində sonuncu dəfə isə bildirilmişdir ki, qarajlar "xxxx" ASC tərəfindən zəbt edilmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilənin əsilləri tərəflərdədir. Hazırda həmin müqavilələr qüvvədədir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, qaraj binanın altında tikilib. Cavabdeh tərəfindən iddiaçılara mənzillər təhvil verilsə də, qarajları təhvil vermir. Cavabdeh qarajların iddiaçılara məxsus olmasını inkar etmir, lakin iddiaçılara ayrılan qarajların "xxxx" ASC tərəfindən zəbt olunduğunu bildirir. Cavabdeh tərəf hansı səbəblə qarajların "xxxx" ASC tərəfindən zəbt olunması barədə iddiaçılara məlumat vermirlər. Qarajların bölgüsü aparılmayıb, 2019-cu ilədək qarajların yeri hazır deyildi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar:

6. Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 06 aprel 2007-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 17 №-li müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 1300-cü keçid ünvanında “payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qarajını alıcıya satmağı öhdəsinə götürür.

7. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış 31 yanvar 2004-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında” 128 №-li müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 1300-cü keçid ünvanında “payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının qarajını alıcıya satmağı öhdəsinə götürür.

8. Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli kooperativ mənzil tikintisi haqqında 127 saylı müqavilədən görünür ki, kooperativ inşa ediləcək binanın giriş 2, 7-ci mərtəbəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 139,4 kv.m, hesablaşma sahəsi 139,4 kv.m, yaşayış sahəsi 81,5 kv.m olan mənzili payçıya təhvil verməyi öhdəsinə götürür.

9. Cavabdeh MTK-nın sədri N.F.İsmayılov tərəfindən təsdiq edilən xx.xx.2007-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən Binəqədi rayonu, 9-cu mkr, 1300cü məhəllə ünvanında qaraj üçün 5000 abş dolları ödəniş edilmişdir.

10. Cavabdeh MTK-nın sədri N.F.İsmayılov tərəfindən təsdiq edilən xx.xx.2004cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən Binəqədi rayonu, 9-cu mkr, 1300-cü məhəllə ünvanında qaraj üçün 5000 abş dolları ödəniş edilmişdir.

11. Yerində müayinə zamanı müəyyən edildi ki, qarajlar satılan zaman yerlər bölünməmişdir. Belə ki, avtomobil saxlama yeri kimi nəzərdə tutulmuş hissə "xxxx" MTK ilə Cavabdeh MTK-nın sakinləri üçün ümumi olaraq nəzərdə tutulmuşdur. Lakin sonradan aralarında olan mübahisəyə görə həmin layihəni həyata keçirə bilməmişlər. 2019-cu ilədək qarajlar heckimə təhvil verilməmiş, ümumiyyətlə istifadəyə yararsız olmuşdur. Bundan sonra sakinlər öz vəsaitləri hesabına avtomobil saxlama yerini təmir elətdirmiş və istifadə etməyə başlamışdır. Həmin vaxt iddiaçılara da vəsait qoymaları təklif edilsə də, onlar bundan imtina etmişlər. Buna görə də vəsait qoyan sakinlər arasında avtomobil saxlama yerləri bölüşdürülmüşdür. İddiaçılardan başqa 3 sakin də var ki, onlara da qaraj təhvil verilməmişdir. Bundan başqa yerində müayinə zamanı müəyyən edildi ki, həmin hissədə boş saxlama yeri hazırda mövcud olmasa da, 6 avtomobil üçün nəzərdə tutulmuş yer vardır, lakin həmin hissə də cavabdehin nümayəndəsinin bildirdiyinə görə Azərişıq tərəfindən zəbt edilmişdir. Azərişıq ordan çıxarıldıqdan sonra iddiaçılara avtomobil saxlama yeri vermək mümkün olacaqdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları

12. Cavabdeh MTK 06 aprel 2007-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 17 №-li müqavilə əsasında İddiaçı1, 31 yanvar 2004-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında” 128 №-li müqavilə əsasında isə İddiaçı2 inşa ediləcək binadan qaraj təhvil verilməsinə dair öhdəlik götürmüşdür. İddiaçılar tərəfindən qarajların dəyəri tam şəkildə ödənilmişdir. Bununla belə 2019-cu il tarixədək avtomobil saxlanması üçün nəzərdə tutulmuş yer istifadəyə yararsız olmuşdur. Daha sonra sakinlərin vəsaiti hesabına təmir edilmiş və vəsait qoyan şəxslər avtomobil saxlama yerini öz aralarında bölmüşlər. İddiaçılar isə təmirə vəsait qoymadıqlarından MTK tərəfindən onlara avtomobil saxlama yerləri verilməsindən imtina edilmişdir. Bu baxımdan iddiaçıların müqavilələrində göstərilən əmlaka sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbində qeyd edilmişdir ki, “MTK tərəfindən müqavilədən irəli gələn öhdəliklər pozulmuş, tikintisi başa çatdırılan binada qarajlar sifarişçilərə təhvil verilməmiş, iddiaçılara qarajlarından sərbəst istifadə üçün maneə yaradılmışdır. Belə ki, mübahisə predmeti olan qarajlar "xxxx" ASC tərəfindən zəbt edilmiş, bu barədə fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında) 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

17. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

18. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;

19. 437.2-ci maddəsinə əsasən əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.

20. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür;

22. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

23. Məhkəmənin qənaətinə görə tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir və tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, sifarişçilər müqavilə üzrə öhdəliyini icra edərək razılaşdırılmış muzdu ödəmişlər, podratçı isə tikiləcək binada onlara qaraj verəcəyi barədə öhdəlik götürmüşdür. Bununla belə, podratçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MTK-nın hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli və öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməli və 06 aprel 2007-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 17 №-li müqavilə əsasında İddiaçı1, 31 yanvar 2004-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında” 128 №-li müqavilə əsasında isə İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi 1300 məhəllə, 109 saylı binanın zirzəmisində avtomobil saxlama yerləri təhvil verməlidir. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

29. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 aprel 2007-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 17 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi 1300 məhəllə, 109 saylı binanın zirzəmisində 1 ədəd avtomobil saxlama yeri İddiaçı1, 31 yanvar 2004-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında” 128 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi 1300 məhəllə, 109 saylı binanın zirzəmisində 1 ədəd avtomobil saxlama yeri İddiaçı2 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. 06 aprel 2007-ci il tarixli “kooperativ mənzil tikintisi haqqında” 17 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi 1300 məhəllə, 109 saylı binanın zirzəmisində 1 ədəd avtomobil saxlama yerinin İddiaçı1, 31 yanvar 2004-cü il tarixli “kooperativ mənzil tikintisi haqqında” 128 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi 1300 məhəllə, 109 saylı binanın zirzəmisində 1 ədəd avtomobil saxlama yerinin İddiaçı2 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar