Məhkəmə qərarları › İş №2(001)-4056/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4056/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4056/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Xalq Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Bakı Taksi Xidməti MMC-yə qarşı maddi ziyana görə 967,68 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 997,68 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xalq Sığorta ASC cavabdehlər Cavabdeh1 və Bakı Taksi Xidməti MMC-yə qarşı maddi ziyana görə 967,68 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 997,68 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Xalq Sığorta ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azerfon MMC mülkiyyətində olan Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı minik avtomobilini 20.12.2017-ci ildən 19.10.2018-ci il tarixinədək bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı Xalq Sığorta ASC-də könüllü sığorta növündə sığortalamış, sığortalı ilə 20.12.2017-ci il tarixli CSB-009/17 nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2018-ci il mayın 06-da Cavabdeh1 idarə etdiyi London Taxi TX4 markalı **-TH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Cavabdeh1 prospektində Toyota RAV4 markalı H019740 dövlət nömrə nişanlı və Xalq Sığorta ASC-də sığortalanmış Mitsubishi L200 markalı **-PJ- *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ-in 06.05.2018-ci il tarixli 955405 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Fiziki şəxs A.B.Mirzəyev Azinterservis tərəfindən 18.05.2018-ci il tarixdə verilmiş 134 nömrəli nöqsan aktına əsasən hadisə nəticəsində Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilə 1590 manat məbləğində zərər dəymişdir. Sığortalı ilə iddiaçı arasında 100 manat şərtsiz azadolma məbləği nəzərdə tutulduğundan sığorta ödənişi 1490 manat olmuşdur. İddiaçı həmin məbləği 23.05.2018-ci il tarixdə 1100 nömrəli ödəniş tapşırığı ilə ödəmişdir. Cavabdeh1 tərəfindən idarə edilən London Taxi TX4 markalı **-TH-*** dövlət nömrə nişanlı avtomobil Qala Sığorta tərəfindən icbari sığorta növündə sığortalandığı üçün sonuncu tərəfindən, yolnəqliyyat hadisəsində ikidən çox avtomobil iştirak etdiyindən, mütənasib olaraq Xalq Sığorta ASC-yə 522,32 manat sığorta ödənişi etmişdir. İddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh1 həm də Bakı Taksi Xidməti MMC-yə qarşı yaranır. Sığortalı CSB41171 nömrəli sığorta aktının V bəndində cavabdehə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya verildiyini təsdiq etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Bakı Taksi Xidməti MMC-dən müştərək qaydada 967,68 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 997,68 manatın alınaraq iddiaçı Xalq Sığorta ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Bakı Taksi Xidməti MMC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddiası Bakı Taksi Xidməti MMC-yə münasibətdə qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 və Bakı Taksi Xidməti MMC arasında münasibətlər əmək münasibətləri deyil, mülki hüquqi müqavilədən yaranan münasibətlərdir. Cavabdeh1 və Bakı Taksi Xidməti MMC arasında sürücü xidmətlərinin göstərilməsi haqqında 172-18/02 saylı 13.11.2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə 28.08.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh1 Bakı Taksi Xidməti MMCnin yol vərəqəsi əsasında sonuncunun mülkiyyətində olan London Taxi TX4 markalı **-TH- *** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsində qeyd edilir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Ona görə də Xalq Sığorta ASC-nin Cavabdeh1 və Bakı Taksi Xidməti MMC-yə qarşı iddiasının Bakı Taksi Xidməti MMC-yə münasibətdə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Sığortaçı Xalq Sığorta ASC ilə sığortalı Azerfon MMC arasında bağlanmış 20.12.2017-ci il tarixli CSB-009/17 saylı nəqliyyat vasitələrinin sığorta müqaviləsindən müəyyən olunur ki, sığortaçı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq sığortalıya məxsus avtonəqliyyat vasitələrinin kasko, sürücü və sərnişinlərin fərdi qəza sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin könüllü sığortasını həyata keçirir, sığortalı isə müəyyən olunmuş sığorta haqqını vaxtında və tam həcmdə sığortaçıya ödənilməsini təmin edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə sığorta predmeti sığortalıya məxsus 59 ədəd avtonəqliyyat vasitələridir. Müqavilənin 5.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin kasko sığortası üzrə sığorta məbləğinin şərtsiz azadolma məbləği 100 manat təşkil edir. Müqavilənin 9.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandıqdan sonra 20.12.2017-ci il tarixdə saat 00:00-da hüquqi qüvvəyə minir və 19.10.2018-ci il tarixdə saat 23:59-dək etibarlıdır. 20.12.2017-ci il tarixli CSB-009/17 saylı nəqliyyat vasitələrinin sığorta müqaviləsinə 1 saylı qoşmadan müəyyən olunur ki, Mitsubishi L200 minik markalı ** PJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26.12.2017-ci il tarixdən 20.10.2018-ci il tarixədək Xalq Sığorta ASC-də sığortalanmışdır. 22.05.2018-ci il tarixli CSB41171 saylı sığorta aktından müəyyən olunur ki, Xalq Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 26.12.2017-ci il tarixdən 20.10.2018-ci il tarixə qədər sığortalanmış Azerfon MMC-yə məxsus Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilə 16.05.2018-ci il tarixdə Cavabdeh1 prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 1590 manat, sığorta ödənişi 1590 manat, 100 manat şərtsiz azadolma müəyyən edilmiş, 1490 manat zərər məbləği avtomobilin təmiri üçün fiziki şəxs X3 hesabına köçürülməsi qərara alınmışdır. Fiziki şəxs A.B.Mirzəyevin 18.05.2018-ci il tarixli 134 saylı nöqsan aktından müəyyən olunur ki, Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin Azinterservisdə təmir xərclərinin dəyəri 1590 manat təşkil edir. Xalq Sığorta ASC-nin 23.05.2018-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Xalq Sığorta ASC sığorta ödənişi olaraq X4 1590 manat ödəmişdir. Qala Sığorta ASC-nin 14.11.2018-ci il tarixli CM 0839/18 saylı sığorta aktından müəyyən olunur ki, Qala Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 28.04.2018-ci il tarixdən 28.04.2019-cu il tarixə qədər 5000 manat dəyərində sığortalanmış Cavabdeh1 idarə etdiyi Bakı Taksi Xidməti MMC-yə məxsus London Taxi TX4 markalı **-TH-*** dövlət nömrə nişanlı avtomobillə X1 idarə etdiyi Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin 16.05.2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh1 prospektində toqquşması nəticəsində Mitsubishi L200 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobil dəyən ziyanın məbləği 1590 manat, sığorta ödənişi 522,32 manat müəyyən edilmiş, 522,32 manat zərər məbləği Xalq Sığorta ASC-nin hesabına köçürülməsi qərara alınmışdır. AC № 481867 saylı 24.04.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı London Taxi TX4 minik markalı ** TH *** qeydiyyat nişanlı avtomobil Bakı Taksi Xidməti MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ-nin komputer çıxarışından müəyyən olunur ki, 2014-cü il buraxılışlı London Taxi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Taksi Xidməti MMC-nin mülkiyyətindədir. Bakı Taksi Xidməti MMC-nin minik avtomobili üçün № **********6 saylı yol vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1 10.05.2018-ci il tarixdən 17.05.2018-ci il tarixədək London Taxi TX4 markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün verilmişdir. Sifarişçi Bakı Taksi Xidməti MMC ilə icraçı Cavabdeh1 arasında bağlanmış 01.05.2018-ci il tarixli 172/18 saylı sürücülük xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən müəyyən olunur ki, bu müqaviləyə əsasən sifarişçi icraçıya sürücü xidmətinin göstərilməsi üçün müvafiq şərait yaradır, onu tam təchiz olunmuş taksi avtomobili, müvafiq fərqlənmə nişanı, zəruri geyim forması ilə təmin edir, icraçı isə bunun müqabilində gündəlik taksi hasilatını müqaviləyə əlavə ilə müəyyən edilmiş və razılaşdırılmış məbləğdən az olmayaraq sifarişçiyə ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən ardıcıl 6 gün sürücü xidməti göstərildikdə növbəti 1 gün taksi fəaliyyəti göstərilməməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilə əsasında icraçı tərəfindən göstərilmiş xidmətlər üzrə xidmət haqqı hər gün üçün 7 manat məbləğində müəyyən edilir, xidmət haqqının məbləğində hər hansı dəyişiklik tərəflər arasında razılaşdırılaraq bu müqaviləyə əlavələr edilməklə tənzimlənir. 01.05.2018-ci il tarixli 172/18 saylı müqaviləyə 3 saylı əlavənin surətindən müəyyən olunur ki, sürücü Cavabdeh1 ilə bağlanmış sürücü xidmətlərinin göstərilməsi haqqında 01.05.2018-ci il tarixli 172/18 saylı xidməti müqaviləyə birtərəfli qaydada müqavilənin 7.5.2-ci maddəsinə əsasən xitam verilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin 06.05.2018-ci il tarixli TP 955405 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Cavabdeh1 Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq idarə etdiyi London Taxi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 06.05.2018-ci il tarixdə saat 08:15 radələrində Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 cavabdeh Bakı Taksi Xidməti MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini yol vərəqəsinə əsasən idarə edərkən iddiaçı Xalq Sığorta ASC-də sığortalanmış Azerfon MMC-yə məxsus Mitsubishi L200 markalı ** PJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq inzibati xəta törətmiş, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçı 1490 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmiş, Bakı Taksi Xidməti MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini icbari sığorta növündə sığortalayan Qala Sığorta ASC tərəfindən iddiaçıya 522,32 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh1 təqsiri sübuta yetdiyindən, sonuncu mülkiyyətçinin verdiyi yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyindən, Qala Sığorta ASC tərəfindən iddiaçıya 522,32 manat ödənildiyindən iddia tələbi nəqliyyat vasitəsi qanuni əsasla sahibliyində olan Bakı Taksi Xidməti MMC-yə aid olan hissədə əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməklə Bakı Taksi Xidməti MMC-dən sığorta ödənişinə görə subroqasiya qaydasında 967,68 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu cavabdeh Bakı Taksi Xidməti MMC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı Taksi Xidməti MMC-dən maddi ziyana görə 967,68 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 997,68 manat Xalq Sığorta ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar