Məhkəmə qərarları › İş №2(001)-4074/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4074/2024

16.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4074/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair Açar sözlər : («mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, xitam verilməsi») Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh (videokonfrans vasitəsilə) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, mülkiyyətində olan ünvan 1i Naxçıvani küçəsində yerləşən 64A saylı evin 54 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1i Naxçıvani küçəsində yerləşən 64A saylı evin 54 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun övladıdır. O, 2021-ci ildən ölkə hüdudlarını tərk edərək, xarici ölkəyə köçmüş, orada yaşayır və işləyir. 1987-ci il təvəllüdlü Cavabdeh on dörd yaşı olmayan hesab olunduğuna görə və onun yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığı üçün o, mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh X1 ailə həyatı qurandan sonra onlar bir müddət onunla birgə yaşamış və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü övladları X2 2014-cü ildə xəbəri və razılığı olmadan, mənzilinə qeydiyyata salmışlar. Uzun müddətdir ki, cavabdehin övladı X4 anası X1 ilə birgə başqa ünvanda yaşayır, cavabdeh isə 2001-ci ildən menzildə pasport qeydiyyatına alınsa da, 2021-ci il tarixdən həmin mənzildə yaşamır. Mənzili sağlığında daha yaxşı şəraitli evə dəyişmək istəsə də, mənzildə pasport qeydiyyatında olan övladının razılığı tələb edildiyindən bunu həyata keçirə bilməmişdir. Cavabdehə müraciət edərək ondan yazılı razılıq verməsini xahiş etdikdə cavabdeh əvvəlcə buna razı olduğunu bildirsə də, son anda bundan imtina etmişdir. Mənzildə cavabdehdən başqa pasport qeydiyyatında başqa şəxs yoxdur. Cavabdeh həmin menzildə faktiki olaraq pasport qeydiyyatındadır. Onun pasport qeydiyyatında qalması mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda əlavə olaraq məhkəməyə bildirdi ki, cavabdeh bir neçə ildir ki, qeydiyyatda olduğu mənzildə yaşamır, rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir övladı doğulmuş və hal-hazırda Almaniyada yaşayır və işləyir. Mənzil çoxmərtəbəli binada olmaqla doqquzuncu mərtəbədə yerləşir. Məhkəməyə təqdim etdiyi sənədlərdə dizlərində problemlər olduğunu və bu səbəbdən bağ sahəsi olmaqla fərqi yaşayış evi almaq üçün mənzili satmaq istəmiş, bu məqsədlə razılıq verilməsi üçün Orxana müraciət etməsinə baxmayaraq Orxan mənzilin dəyərinin yarı məbləğinin verildiyi halda razılıq verəcəyini bildirmişdir. Mənzil onun şəxsi vəsaiti hesabına alnmış, tək ana olaraq iki övladının bütün təhsil xərclərini çəkmişdir. Buna baxmayaraq ona məlum olmayan səbəblərdən oğlu ölkədən getdikdən sonra onunla ünsiyyəti kəsmiş, uzun müddət xəstəliklərlə bağlı müalicə olunmasına baxmayaraq qayğısına qalınmamış, maddi tələbatını təkbaşına qarşılamışdır. Mənzil mülkiyyətində olsa da, onun övladlarından başqa heç kimi yoxdur və gələckdə vəfat etdiyində vərəslik qaydasında övladlarının payıdır. Lakin hazırda onun avabdehə kompensasiya məbləği təklif etmək üçün maddi imkanı yoxdur, həmçinin Orxanın belə bir pula ehtiyacı yoxdur. Cavabdeh ölkəyə gəldikdə onun yaşadığı mənzilə gəlməmiş, ümumiyyətlə mənzildən istifadəsinə hər hansı bir müdaxiləsi olmamışdır. Cavabdeh yoldaşı ilə nikahı pozulduğu üçün ondan mülkiyyətində olan mənzili sataraq 25000 manat pulun yoldaşına verilməsini tələb edir. Hazırda o, sağdır, ölmədiyi halda əmlakının satışının və dəyərinin bölünməsinin tələb edilməsi mülkiyyətçi kimi hüquqlarını pozmaqdadır. Bu halı təsdiq edən sms yazışmaları məhkəməyə təqdim etmişdir. Belə olan halda oğlunun mənzildə formal olaraq qeydiyyatda qalması yalnız onun mülkiyyətçi olaraq hüquqlarını pozmağa xidmət edir. Məhkəmə iclasına videokonfrans vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh iddia tələbini qəbul etməyək bildirdi ki, 2019-cu il tarixdən magistr təhsili ilə bağlı və 2021-ci il tarixdən daimi olaraq Almaniyada Federasiyasında yaşayır və işləyir. Anası ilə soyuq münasibətdə olmasının səbəbləri ailədə yaranmış narazılıqlardır. Mübahisəli ünvana 2001-ci il tarixdən qeydiyyata alınmışdır. Daha sonra ailə qurduqdan sonra 2014-cü il təvəllüdlü övladı həmin mənzilə qeydiyyata alınıb. Anası tərəfindən bacısı vasitəsi ilə evin satılması barədə təklif olunsa da, razılaşmamışdır. Özü yaşadığı ölkədə kirayədə qalır, aylıq gəlirləri var. Azərbaycan Respublikasına qayıdan zaman anası ilə münasibəti yaxı olmadığı üçün qeydiyyatda olduğu ünvana getməmişdir. Həmin mənzildən istifadəsində cavabdeh tərəfindən hər hansı maneə ilə qarşılaşmamışdır, özünün seçimi əsasında otelde ödəniş etməklə bir neçə gün qalmış, daha sonra ölkəni tərt etmişdir. Anası tərəfindən mənzilin dəyərinin yarısı ona ödənildiyi halda mənzilin satılmasına razılıq verəcəkdir. Nikahı pozulmuşdur, övladı və keçmiş həyat yoldaşı öz ailəsi ilə birlikdə yaşayır. Onun kompensasiya məbləğinə ehtiyacı yoxdur, yalnız mənzilin dəyərinin yarısını tələb edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. II. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsininseriya ÖM seriyalı, 087766 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1i Naxçıvani küçəsi, 64A saylı evin 54 saylı mənzili xx.xx.2001-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. -xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 1i Naxçıvani küçəsi, 64A saylı evin 54 saylı mənzil ünvanında xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh və X4 qeydiyyatdadırlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, özü Binəqədi rayonu, Əcəm ünvan 2 ünvanda yaşamaqla iddiaçının qapı bir qonşusudur. Uzun illərdir ki, həmin binada eyni mərtəbədə yaşayırlar. İddiaçını və onun övladlarını tanıyır. İddiaçının oğlu Orxan əvvəl həmin mənzildə yaşamışdır. Bir müddət ailə qurduqdan sonra da həmin mənzildə yaşasa da, 2019-cu ildə təhsillə bağlı xarici ölkəyə getdi. 2021-ci ilədək bir ya iki dəfə Orxanı görsə də, 2021-ci il tarixdən Orxanı həmin mənzildə heç vaxt görməmişdir. Uzun müddət Afaq səhhəti ilə bağlı müalicələr almış, yataq xəstəsi olmuş, lakin tək yaşamışdır. Orxanın Almaniya Federasiyasında yaşadığını bilir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı anası, Cavabdeh isə qardaşıdır. Qardaşı 2019-cu il tarixdən magistr təhsili almaq məqsədi ilə xarici ölkəyə getmiş, 2021-ci il tarixdən isə işləməyə başlayaraq həmin ölkədə yaşamışdır. Ailəsi əvvəl mübahisəli mənzildə qısa müddət yaşasa da, Orxan getdikdən sonra qış ayları mənzil soyuq olduğu üçün anasıgilə getmiş, həmin vaxtdan geri qayıtmamışlar. Mənzil 9-cu mərtəbədə olduğundan və anasının dizlərində problem olduğundan satıb aşağı mərtəbədən ev almaq istədikdə bu barədə Orxana məlumat vermiş, lakin Orxan övladı və həyat yoldaşına vermək üçün mənzilin yarı dəyərində pay hüququnun olduğunu bildirərərk yarı qiymətini tələb etmişdir. Qardaşı ölkəyə hansı tarixlərdə gəlir və harada qalır onların məlumatı olmur. III. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Bonəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 64A saylı evin 54 saylı mənzil 2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının ailə üzvü olmaqla həmin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Cavabdehin mənzilə dair istifadə hüququ mövcud olduğundan, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü barədə iddiaçıya məhkəmə tərəfindən təklif edilmiş, cavabdeh isə kompensasiya hüququnundan istifadə etmək istəmədiyini, yalnız mənzilin yarı dəyərini tələb etdiyini bildirmişdir. Həmçinin, cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə, daimi əsaslarla xarici ölkəyə köçməklə həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, buda yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Bundan başqa, həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki cavabdehin övladı X4 da həmin ünvanda qeydiyyata düşmüş, lakin cavabdehin nikahı pozulduğundan uşaq hazırda anasının himayəsindədir. Bu fakt cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırkı işin materiallarından göründüyü kimi tərəflər arasında hal-hazırda etibarlı ailə əlaqələri mövcud deyil, eyni zamanda cavabdeh 2019-cu il tarixdən ölkə hüdudlarını tərk etməklə daimi əsaslarla xarici ölkədə yaşamaqla artıq uzun müddətdir ki, Azərbaycan Respublikasında köçüb getmiş, hal-hazırda Almaniya Federasiyasında yaşayır və onun yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh həmin mənzildə yaşamaması oun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxmasına) dəlalət edir. Buna görə də iddia tələbi təmin edilməli və Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1i Naxçıvani küçəsi, 64A saylı evin 54 saylı mənzilinə olan istifadə hüququ itirlmiş hesab edilməklə xitam verilməlidir. V. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclər qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1i Naxçıvani küçəsi, 64A saylı evin 54 saylı mənzilinə olan istifadə hüququ itirlmiş hesab edilməklə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar