Məhkəmə qərarları › İş №2(001)-4080/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4080/2021

23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4080/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin qanuni təmsilçisi X2 iştirakı ilə İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.076,40 manat məbləğində əsas, 500 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Kommunal” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin qanuni təmsilçisi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında çoxmənzilli yüksək mərtəbəli bina inşa edilmişdir. Həmin kooperativin 28 aprel 2008-ci il tarixdə keçirilmiş ümumi yığıncağında qeyd edilən binada yerləşən mənzilin hər kv.m. üçün 0,30-0,50 manat pulun yığılması nəzərdə tutulmaqla sakinlərə mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilənin bağlanması qərara alınmışdır. Bundan sonra müxtəlif illərdə, o cümlədən 01.05.2017-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən iddiaçı həmin binanın sakinlərinə kommunal xidmətlərin göstərilməsini və görülən işlərinin haqqını sakinlərdən almağı öz öhdəsinə götürmüşdür. Hazırda da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. İddiaçı tərəfindən göstərilən kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,30 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qız həmin binanın sakinidir. İddiaçı kommunal xidmətlərin göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 11.02.2014-cü il tarixdən 01.04.2021-ci il tarixədək kommunal haqqın ödənilmədiyini, nəticədə 4.076,40 manat məbləğində kommunal borcunun yarandığını, kommunal borcun ödənilməsinin təmin edilməsi üçün cavabdehə rəsmi olaraq müraciət edildiyini iddia edir və bu halın təsdiqi olaraq maliyyə arayışı təqdim etməklə həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəfindən qeyd edilən dövr ərzində kommunal haqqın ödənilməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2.3-cü və 135.2.4-cü maddələrinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, cavabdehin üzv olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin iddiaçı tərəfindən yığılması qaydasını və mənzilin hər kv.metr hissəsinə görə 0,30-0,50 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Ötən dövr ərzində bu xidmətlərin iddiaçı tərəfindən göstərilməsinə əsas olmuş ümumi yığıncağın protokolu və yığıncaqda qəbul edilmiş qərara əsasən bağlanmış müqavilə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı hazırda həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, qeyd edilən binada giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirir, ümumi istifadədə olan sahələrin və həyətin təmizlənməsini, liftlərə xidmətin göstərilməsini, onların saz vəziyyətdə saxlanılmasını, təmirini və elektrik enerjisi ilə təchiz olunmasını, məişət tullantılarının müəyyən olunmuş yerlərə daşınmasını təmin edir, cari təmir işlərini, suyun anbardan nasoslar vasitəri ilə mənzillərə verilməsini, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılmasını və sair bu kimi işləri həyata keçirir. Həmin xidmətlər də digər sakinlərdə olduğunu kimi cavabdeh üçün də əlçatımlıdır. Bu səbəbdən məhkəmə müəyyən edilmiş kommunal haqqın miqdarını da ağlabatan hesab etməklə, belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə bilavasitə müqavilə bağlamasa da, hətta ona məxsus olan mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq, mənzilinin sahəsinə uyğun olaraq ödəməli olduğu, lakin ödəmədiyi kommunal haqqı iddiaçıya ödəməlidir. Eyni zamanda, məhkəmə, Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrinin tələblərini rəhbər tutub, qeyd edir ki, iddiaçı göstərilən kommunal xidmətlərə görə yaranmış borc məbləğini 2014-cü ilin fevral ayından 2021-ci ilin aprel ayınadək (sonuncu ay mart) hesablamaqla tələb edir. Halbuki, bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən iddiaçı Mülki Məcəllənin qeyd edilən maddəsinin tələbləri baxımından 2016-cı ilin fevral ayından sonra (martdan başlayaraq) yaranmış borc məbləğini tələb edə bilər. Belə ki, bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş olur. Bununla da cavabdehin borcun ödənilməsi üzrə 2016-cı ilin mart ayınadək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir və ondan 2016-cı ilin mart ayından 2021-ci ilin aprel ayınadək (sonuncu ay mart) olan dövr üçün yaranmış (47 x 12 ay x 5 il = 2.820) 2.820 manat məbləğində kommunal haqqı borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “göstərilən hüquqi xidmətə görə pulun tutulması” hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələbin əsaslığı ilə bağlı hər hansı sübut təqdim etməmiş, o cümlədən hüquqi xidmətin göstərilməsi üçün hərhansı şəxsə hər hansı məbləğdə ödəniş etməmiş, məhkəmə iclasında isə qanuni təmsilçisi ilə təmsil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.820 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar