Məhkəmə qərarları › İş №2(001)-4093/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4093/2022

25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4093/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdehlərin vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12, X13, X14, X21, X19 cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, AN-1 saylı ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin qiymətləndiriliməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində pulun, 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qimil-qışlaq kəndində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0052, Kod 30313068 nömrəli, 1990-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında onun ailəsinin ümumi birgə mülkiyyətinə verilmişdi. Həmin torpaq sahəsinin sənədləşdirilməsini, yəni yeni çıxarışın alınması, həmçinin gələcəkdə həmin torpaq sahəsinin bazar dəyərinə uyğun olan münasib qiymətə üçüncü şəxslərə satılmasının təmin edilməsi məqsədilə 2015-ci ildə Quba rayonun notariat kontorunda bütün ailə üzvlərinin adından Cavabdeh2 etibarnamə vermişlər. Onlar Cavabdeh2 həmin işlərlə məşğul olan şəxs kimi, yəni makler kimi tanımışdır. Cavabdeh2 əvvəlcə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almış, sonra görüntü yaratmaq məqsədilə uydurmaq alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətlərində olan həmin torpaq sahəsini öz arvadı Cavabdeh1 adına keçirtmişdir. Cavabdə Cavabdeh2 etibarnamə verilməsində əsas məqsəd mülkiyyətində olan torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi idi. Lakin Cavabdeh2 onların etibarından sui-istifadə edərək etibarnaməni alqıdan sonra onlara məlumat vermədən mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamış və torpaq sahəsini dəyərindən bir neçə dəfə aşağı qiymətə olmaqla öz arvadı Cavabdeh1 satmışdır. Həmçinin alqı-satqı dəyəri kimi qeyd edilən 5000 manat məbləğində pul barədə ona heç bir məlumat verilməmiş və ödənilməmişdir. Alqı-satqıdan sonra Cavabdeh1 adına çıxarış verilmişdir. Onlar bu hadisədən çox sonra xəbər tutmuşdurlar və cavabdehlərlə aparılan danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Hesab edirlər ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi həm uydurma əqd olduğuna görə, həm də təmsilçinin öz xeyrinə əqd bağlamasına görə etibarsızdır. Çünki həm görünüş üçün bağlanmışdır, belə ki, likvid qiyməti 13500 olsa da, 5000 manata satılmışdır, həm də ümumi birgə mülkiyyət hesab olunduğundan təmsilçinin ½ hissədə mülkiyyət hüququ yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia ərizəsini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı torpağı icarə məqsədilə vermişdir. Ancaq hüquqlarını bilmədiyindən müqaviləni vaxtında rəsmiləşdirə bilməmişdir. İddiaçı barışığın əldə edilməsinə razı olsa da, tərəflər arasında barışıq olmamışdır. Aralarında alğı-satqı formal olmuş, torpaq üçün ödənilən dəyər real qiymət olmamışdır.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, 2015-ci ildə iddiaçının bütün ailə üzvləri Cavabdeh2 etibarnamə vermişdir. Məqsəd isə torpağın 10 illik icarəyə verilməsi olmuşdur. Cavabdeh2 isə xx.xx.2018-ci ildə X37 xidmət mərkəzində torpağı formal alqı-satqı müqaviləsi bağlamaqla həyat yoldaşı Cavabdeh1 satmışdır. Müqavilədə torpağın dəyəri real dəyərindən dəfələrlə aşağı olan 5000 manat kimi göstərilmişdir. xx.xx.2018-ci ildə isə Cavabdeh1 torpağa dair çıxarış almışdır. Alqı-satqı müqaviləsi görüntü yaratmaq məqsədilə bağlandığından etibarsızdır. Həmçinin həmin əqddən törəyən nəticələr də etibarsızdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, torpaq sahəsinə dair çıxarışın əslini cavabdehə subsidiya alması üçün vermişlər. Qarşı tərəf barışıq üçün cəhd edən zaman onlara 10000 manat pul təklif etmişdir. Cavabdeh tərəf isə 1000 manat təklif etdiyindən aralarında razılaşma olmamışdır. Onlara torpaq sahəsinə görə 2700 dollar ödəniş edilməmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında da iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onlar torpaq sahəsini Cavabdeh2 10 il müddətinə torpaq sahəsində alma bağının salınması məqsədilə icarəyə vermişlər. Bu səbəbdən cavabdehə 10 illik 2025-ci ilə qədər etibarnamə verilmişdir. Hazırda cavabdeh torpağı 2025-ci ildə geri qaytarmalıdır. Cavabdeh Tacir onun atasının bibisi oğludur və atası Tacirdən torpaq üçün 2700 ABŞ dolları pul almayıb. Tacir özü atasına subsidiya alması üçün torpaq sahəsini adına keçirilməsini təklif etmiş, atası da onunla razılaşmışdır. Ümumiyyətlə Tacir torpağı 2004-cü ildə atasından icarəyə götürmüş, həmin vaxt icarə haqqı kimi atasına 50 şirvan pul vermişdir. Lakin həmin vaxt etibarnamə olmamışdır. 2015-ci ildə isə atası Hilal Beydiyev, anam Gülbahar Beydiyeva, bacıları Əfsanə Əhmədova, Fərqanə Beydiyeva və özü Tacirə etibarnamə vermişlər. Etibarnamə verilən zaman hansı səlahiyyətlərin ona verilməsindən məlumatı olmamışdır. 2018-ci ildə Tacirin torpaq sahəsində tikili inşa etdiyini görüb ona etirazını bildirmişdir. Çünki ona torpağı istifadə üçün vermiş və 2025-ci ildə torpağı geri alacaqlarını hesab etmişdilər. Tacir torpaq sahəsində 700 ağac əkib, təxmini 10-15 min manat pul qoyub. Ancaq ora qoyduğu pulu artıq qazanc kimi götürüb. Onun ağacları lazım deyil, əsas torpağı geri qaytarmalıdır. Ağaclarını götürüb apara bilər. Subsidiya məbləği hazırda illik 80 manatdır. 2015-ci ildə etibarnamə veriləndə Tacir onlara təkrarən pul verməmişdir. Onlar isə sadəcə olaraq cavabdeh torpaq sahəsində bağ saldığından, oradan məhsul götürə bilməsi üçün ona etibarnamə vermişlər.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, torpaq sahəsi alınan zaman ərazi əkinə yararsız, qamışlıq ərazi olmuşdur. Həmin ərazini əziyyətlə təmizləyib əkin işlər aparmışlar. Bağda işləyənlərdən biri də, özü olmuşdur. Ərazidə meyvə ağacları əkmişlər. Həmin ərazinin və ağacların qulluğunda 14 il ərzində özü və sonradan yoldaşı ilə birlikdə çalışmışlar. Torpaq sahəsinə görə 2004-cü ildə 2600 dollar, daha sonra isə 100 dollar ödəniş etməklə, torpaq sahəsini iddiaçı tərəfdən almışlar. 2015-ci ildə torpaqla bağlı sənədləşdirmənin aparılması üçün iddiaçı tərəfdən etibarnamə almışlar. Hətta iddiaçının bacısından razılıq alınması üçün notariusa onu özü aparmışdır. Qarşı tərəflə barışığa cəhd etsə də, iddiaçı tərəf iddianın geri götürülməsi üçün ondan 13500 manat pul tələb edir. O, torpağın dəyərini ödəmişdir. İkinci dəfə yenidən ödəniş etməməlidir. Torpağa dair 2015-ci ildə etibarnamə verilmiş, 2018-ci ildə isə alğı-satqı müqaviləsi bağlanmışdır. 2015-ci ildə alğı-satqını həyata keçirə bilməmələrinin əsas səbəbi Hilalın ata adının düzgün olmaması olmuşdur. Onların xəbəri olmadan qarşı tərəf torpağa 2016-cı ildə çıxarış almışlar. 2018-ci ildə Hilaldan torpağa dair sənədlərin, torpağı öz adlarına rəsmiləşdirilməsi üçün onlara təqdim edilməsini xahiş etmişlər. İddiaçı tərəf başqa torpaq sahələrinin satışını həyata keçirdiyindən hazırkı torpaq sahəsinin çıxarışı, satılan digər torpaq sahələrinin çıxrışı ilə qarışaraq başqa şəxsə verilmişdir. Hilal etiraz etmədiyindən çıxarışı həmin şəxsdən alaraq, torpağı öz adlarına rəsmiləşdirmişlər.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, 2004-cü ildə təxminən 3500-4000 manat pulu var idi. Həyat yoldaşı Tacirə kənddən torpaq sahəsi almağı təklif etmişdir. İddiaçının atası Hilal da həmin vaxt torpaq sahəsi satırdı. Hilala 2700 ABŞ dolları ödəməklə torpağı ondan almışlar. Hilal həmçinin onların qohumudur. Hətta torpaq sahəsinə görə biraz borcları qalmışdır. Torpağın pulunun sonuncu 100 dollarını Rasimin özünə vermişdir. Onlar torpağı alanda ərazi boş olmuş, 2004-cü ildən orada alma bağı salmağa başlamışlar. 2019-cu ildə gözətçi yeri kimi kiçik tikinti aparmışlar. Torpaq uzun müddət Hilalın adında qalmışdır. Hilal özü onlara demişdir ki, torpağı öz adlarına keçirsinlər. 2015-ci ildə qərara gəlmişlər ki, torpağı adlarına keçirsinlər. Hilal, Rasim, onun bacısı ilə birlikdə notariat ofisinə getmiş və Quba notariatında torpağı alğı-satqı etmək istəsələr də, çıxarışda ad səhvi olduğu üçün alğısatqı baş tutmamışdır. Daha sonra Hilal və ailəsinin hamısı torpaqla bağlı Tacirə ümumi etibarnamə vermişdirlər. Yoldaşı ilə birlikdə 2018-ci ildə torpağı adlarına keçirmək üçün kəndə getmiş, Hilala müraciət edərək torpağın sənədlərini verməsini istəmişlər. Lakin Hilal sənədlərin onda olmadığını demişdir. Belə ki, Hilal Rafiq adlı şəxsə də başqa bağ sahəsi satmış və səhvən onların torpaqlarının sənədlərini həmin şəxsə vermişdir. Rafiqə satılan torpaq sahəsi 1 ha 89 sot idi. O, Rafiqə müraciət edərək çıxarışın onların istifadəsində olan torpağa aid olmasını bildirmiş, o da, çıxarışa baxaraq, doğrudan da torpağın ona məxsus olmadığını anlamış və çıxarışı ona qaytarmışdır. O və yoldaşı Asan xidmətə gedərək ümumi etibarnamə ilə torpağı onun adına rəsmiləşdirmişlər. Hilal ümumiyyətlə heç vaxt onlardan torpaq tələb etməmişdir. O, Rasimin nəyə görə iddia qaldırdığını anlamır.

9. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Vəkil3 iddia tələbini qəbul etmədiyini bildirmişdir.

10. Bundan başqa cavabdehlər 04 oktyabr 2022-ci il tarixində iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişlər.

11. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onlara hələ 2004-cü ildə iddiaçının atası Beydiyev Hilal tərəfindən dəyəri ümumilikdə 2700 ABŞ dolları məbləğində razılaşdırılmaqla satılmışdır. Həmin zaman pulu 800 ABŞ dolları, sonra 1800 ABŞ dolları olmaq X6 ödəmiş və yerdə qalan 100 ABŞ dollarını isə elə Hilal Beydiyevin öz oğlu yəni indiki İddiaçı gəlǝrǝk aparmışdır. Daha sonra X10 xx.xx.2015-ci il tarixində öz ailə üzvlərinin hamısını X13, X15, İddiaçı. X16 və X11 Quba notariat kontorunda gətirmiş və orada Cavabdeh2 adına etibarnamə verilmişdir. Cavabdeh2 isə öz növbəsində dəyərini ödəmiş olduğu torpağın sənədləşmə işlərini düzəltmiş və sonradan onu həyat yoldaşı olan digər cavabdeh- Cavabdeh1 alqı-satqı etmişdir. Çünki, ona verilmiş etibarnamə ilo o torpağı öz adına sənədləşdirə bilməzdi. Torpaq sahəsi satılarkən boş olmuşdur. 2004- 2005-ci illərdə Baxışovlar ailəsi həmin torpaq sahəsini aldıqdan sonra orada kəndli təsərrüfatı yaratmağa başlamışlar. Bu gün artıq 18 ildir ki, Cavabdeh1 öz əlinin əməyi ilə saldığı bağ sahəsində çalışır və ondan istifadə edir. İddiaçıları iddia tələbi haqsız olmaqla yanaşı iddiaçının birbaşa qərəzi ilə ifadə edilmişdir. Belə ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehlərə “o vaxt atam sizə toprağa çox ucuz satıb, oranı qiyməti indi bahalaşıb ona görə siz əlavə ödəniş edin mənə” demişdir. Cavabdehlər iddiaçının bu bəyanı ilə razı olmadıqlarından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, əgər iddiaçı, torpağın satılmasından narazı idisə Hilal Beydiyev bunu hələ 8 il öncə bildirərdi. Bundan başqa iddiaçı va onun ailə üzvləri tərəfindən 2015-ci ildə cavabdeh bütün ailə üzvləri və özü də daxil olmaqla yenidən 6417 reyestr nömrali ümumi mülki etibarnamə verilmişdir. Yani əgər 2004-cü ildan bəri onların torpaq sahəsinin cavabdehlar tərəfindən istifadəsi iddiaçını narahat edirdisə nə üçün 2015-ci il tarixində iddiaçı öz ailə üzvləri ilə birlikdə torpaq sahəsini cavabdehlərdan geri tələb etmək əvəzinə, ümumi mülki etibarnama verirlər?! Yəni bu fakt onu bir daha təsdiq edir ki, həqiqətən də cavabdehlərlə iddiaçın atası olan X10 arasında real olan alqı-satqı baş tutmuşdur. Sənədləşmə işlərinin sonraya qalması hesab edilir ki, ölkədə geniş məlum problemlərdən irəli gələrək sonradan tətbiq edilən praktikaya maxsusdur. Hələ də ki, regionlarda yerlən torpaq sahələri ilə əlaqədar. Ona göra da hesab edilir ki, iddiaçının bu günki tələbi yalnız və yalnız qərəzdən çıxış edərək böhtanla ifadə olunur. Həmçinin bu günləri torpaq sahəsinin yerləşdiyi Quba rayonu Qımılqışlaq kəndində yaşayan hər bir sakin şahid qismində ifadə verərək həmin torpaq sahəsinin həqiqətən də Beydiyevlər ailəsi tərəfindən Baxışovlara satılmasını təsdiq edə bilərlər.

12. Həmçinin iddia müddətin tətbiq edilməsi barədə ərizə təqdim edilmiş və iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmaqla, iddianın rədd edilməsi xahiş edilmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, iddia predmetinə nəzər salındıqda məlum olur ki, hazırda iddiaçının etibarsızlığını mübahisələndirdiyi əqdin bağlanma tarixi xx.xx.2018-ci il tarixli olmuşdur. Qanunvericiliyin tələbinə görə isə əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulan vaxt 1 il müddətini tǝşkil edir. Beləliklə, hazırda artıq 2022-ci ilin olduğunu nəzərə alaraq artıq 4 il müddətinin keçdiyi görünür. Ona görə hesab edilir ki, hazırki iş üzrə iddia müddəti institutu tətbiq edilməlidir. Yəni torpağın faktiki Baxışovlar ailəsi tərəfindən istifadəsi 18 ildir. Əgər 2015-ci ildən götürülsə, yəni etibarnamənin verildiyi tarixdən götürülsə, necə oldu ki, iddiaçı son 7 il ərzində torpaq sahəsinin sənədlərinin düzəldilməsini gözləyir və torpaq sahəsindən faktiki istifadə etmir. Yəni hesab edilir ki, iddiaçının səsləndirdiyi mövqe heç bir məntiqə və düşüncəyə sığmır.

14. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, torpağı iddiaçının atası Hilaldan almış, orada alma bağı salmışlar. İddiaçı torpağı icarəyə verdiklərini desə də, alma bağı salmağın uzun illər çəkdiyi hamıya məlumdur. 10 illik icarə həmin torpaqdan məhsul götürməyə kifayət etmir. O, Hilala 2700 ABŞ dolları verməklə torpağı ondan almışdır. Hətta həmin vaxt Hilalın anası xəstə idi, ona pul lazım idi. Özü torpaqdan 2004-cü ildən bəri istifadə edir. 2015-ci ildə öz adına ümumi etibarnamə almışdır. Sonra torpağı öz adına keçirmək istəsə də, notariusda ona bunun mümkün olmadığı, lakin arvadının və ya uşağının adına keçirməyin mümkün olacağını demişdir. O da torpağı arvadının adına keçirmişdir. Hilalın onlara qarşı heç vaxt torpaq iddiası olmamışdır. 2018-ci ildə Rasim ona zəng vuraraq torpaqdan məhsulu yığıbyığmadığını soruşmuş, daha sonra ona düşən 20 sot pay torpağını istədiyini demişdir. Rasim ona “o vaxt etibarnaməni bilmədən vermişəm, indi ehtiyacım var, mənim payımı ver” demişdir. O da ona torpağı aldığını, bununla bağlı ona etibarnamə verdiklərini və torpağı adlarına keçirdiklərini demişdir. Bundan sonra o, torpağı öz adına keçirməklə bağlı Hilala müraciət etmişdir. O da cavabında “mən gələ bilmirəm, get özün keçir” demişdir. Nəticədə isə özü notariat ofisinə gedərək torpağı arvadı Cavabdeh1 adına keçirmişdir. Hilal əgər məhkəməyə gələrsə, torpağın onlara məxsus olduğunu deyəcəkdir. Çünki pulu ona verərək almışlar və Rasim həmin vaxt yetkinlik yaşına çatmayan idi. 1 ha üçün sotu 12 şirvan olmaqla torpağın pulunu hesablamışlar. 2015-ci ildə torpağın əvvəlki çıxarışında (kupçasında) Hilalın ata adı səhv yazıldığı üçün onunla alqı-satqı müqaviləsi bağlaması baş tutmamışdır. Ona görə də torpağı sənədləşdirmək üçün torpaq sahəsinin bütün payçılarından öz adına etibarnamə almışdır.

15. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, torpaq sahəsini 2004-cü ildə Tacirə 50 şirvan pul almaqla icarəyə vermiş, 2015-ci ildə isə subsidiya ala bilməsi üçün Tacirə ailəsi ilə birlikdə 10 illik etibarnamə vermişlər. Çünki Tacir, torpaq sahəsində bağ salmış, oradan məhsul götürməsi və torpağı sənədləşdirməsi üçün etibarnamə vermək lazım idi. Torpağın sənədləşməsi ilə bağlı xərcləri Tacir ödəmişdir. Tacirin özü 2015-ci ildə ona müraciət etmişdi ki, subsidiya almaq üçün ona etibarnamə verilsin. Şahidləri tanımır və onları görməmişdir. Onun həyətinə gəlib, ona pul verən olmayıb. Əgər həyətinə gəlmiş olsaydılar onlarla tanış olar, bir yerdə oturardılar. Ona ümumiyyətlə 2700 dollar pul verilməyib. Yalnız icarə üçün 50 şirvan pul verilib.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbələri barədə məhkəmə məlmat verməmişlər. Odur ki, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində bildirmişdir ki, cavabdehlər Leyla və Taciri tanıyır, belə ki, onlar ev tikntisi ilə məğul olan zaman atasının cavabdehlərlə dəmir alverləri olmuşdur. Hilalı isə Tacir ona pul verəndə görmüşdür. 2004-cü ildə atası Tacirdən armatur almışdı və ona borcu var idi. Atası onun evə çağıraraq 1800 dollar pul vermiş və həmin pulu Tacirə çatdırmağını tapşırmaqla, ona taksi tutmuş və o, dostu Mahmudla birlikdə Xudat yoluna getmişlər. Orada yol kənarından Taciri götürmüşlər. Daha sonra kəndə gedərək bir həyətə daxil olmuşlar. Həmin vaxt məhəllədə toy olmuşdur. Həyətin girişində 1800 dollar pulu Tacirə vermişdir. Orada isə Hilalı görmüşdür. Onlar qapıda gözləyərkən, Tacir Hilalla haqq-hesab etmişir. Həmin vaxt Tacirin Hilala “sənə 800 dollar vermişəm, bu da 1800 dollar, 100 dolları isə 3-5 günə çatdıracam” dediyini eşitmişdir. Daha sonra Tacir onunla sağollaşaraq onlara yaxınlaşmış, maşına əyləşərək getmişlər. Maşında özü, Tacir, sürücü və Mahmud olmuşlar. Onda nə qədər pul olduğunu Mahmud bilmişdir. Çünki atası ona onunla gəlməsini tapşırmışdır. Özü maşından düşüb həyətə yaxınlaşanda Mahmud da yanında olmuşdur. O, yalnız Hilalı görmüş, Rasimi isə tanımır və onu görməmişdir. Tacirgilin torpaq sahəsində bağı olduğunu bilməmiş, ora heç vaxt getməmişdir. Öz atası 2012-ci ildə ölmüşdür. Şahid hadisənin tam yadında qalmağının nə ilə əlaqədar olduğu barədə suala cavab olaraq bildirmişdir ki, həmin şəxs Tacirə sənin 100 dollar borcun qaldı deyəndə o, pulun əksik olması barədə özündən şübhələnmişdir, sonradan belə halın olmadığı ona yəqin olduğundan məbləğ dəqiq yadında qalmışdır.

18. Əvvəlki məhkəmə iclasında dindirilən X17 ifadəsinə bildirmişdir ki, Leyla və Taciri tanıyır. Tacir dəmir işi ilə məşğul olurdu. O da ona dəmir vermişdir. O, yoldaşı Leyla ilə biryerdə işləyirdi. Elməddinin atası onu yanına çağırmış və ona oğlu ilə bilikdə pulu aparıb Tacirə verməsini xahiş etmişdir. Onlar da taksidə Elməddinlə birlikdə Xudat yoluna getmişlər. Orada Tacir onları qarşılamışdır. Elməddində 1800 dollar pul olduğunu bilirdi. Çünki atası Amil pulu onun yanında oğluna vermişdir. Tacir maşına əyləşdikdən sonra kəndə getmiş və Hilalın(Hilalı əvvəlcədən tanımamışdır) həyətinə gəlmişlər. Həmin vaxt Elməddin pulu Tacirə vermişdi. Hamısı həyətə daxil olmuş, Elməddin və o qapı tərəfdə dayanmışdır. Tacir pulu Hilala verərək “nə qədər verdim 1800 dollar, əvvəl də 800 dollar vermişdim, torpağın halallığını ver” demişdir. Bu zaman Hilal Tacirə 100 dolların qaldığını demişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Tacirlə Hilalın danışığını məsafələri yaxın olduğundan eşitmişdir. Həmin həyətdə 10-15 dəqiqə qalmışlar. Həyətdən çıxan zaman Tacir onları maşına əyləşdirərək, yola salmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

19. AZE seriyalı, 14312385 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X12 xx.xx.1964-cü ildə ünvan 1inə doğulmuşdur.

20. Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 22 dekabr tarixli 17 nömrəli qərarı ilə verilmiş çizgidə göstərilən sərhəd daxilində 2.89 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X4 mülkiyyətinə verilmiş və onun 5 ailə üzvü olduğu göstərilmişdir. Bu barədə Torpağa mülkiyyət hüququna dair 1999-cu il tarixli 0052 nömrəli Dövlət Aktı tərtib edilmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində 1,09 ha kənd təsərrüfatlı təyinatlı torpağa X7 payı xx.xx.2016-cı il tarixində daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.

22. xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, X12, X13, X14, İddiaçı, X23 və X19 tərəfindən Cavabdeh2 Şahzadə oğluna DTXK Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, JN-0052 KOD30313068 Dövlət aktına əsasən Quba rayon, Qımılqışlaq kəndində yerləşən 2,89 hektar torpaq sahəsindən onlara çatası hissəsinə dair ƏMDKY ƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, depozit hesablaşmalarını aparmağı, çeki almağı, pulu götürməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişlər.

23. Cavabdeh2 tərəfindən X12 əvəzinə Quba regional “ASAN Xidmət” mərkəzində notariat kontorunda yazılan xx.xx.2018-ci il tarixli, reyestrdə 8İ-7454 № ilə qeyd edilən **********454 saylı ərizədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********21 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, 1.09 ha torpaq sahəsini, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, həmçinin sair qaydada üzərində sərəcam vermək istədiyini bildirmiş, bununla əlaqədar olaraq həmin əmlak üzərində qadağanın olub-olmaması, və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsi xahiş edilmişdir.

24. xx.xx.2018-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X12, X18, X14, İddiaçı, X21 və X3 kimi ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1,09 ha olan torpaq sahəsini birgə mülkiyyət üzrə onlara məxsus hissəsini 5000 manata alıcı Cavabdeh1 satmışlar. Satıcılar əvəzinə müqavilə Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilənin 15-ci maddəsinə əsasən müqavilənin notarial qaydada təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini “alıcı”, əmlakın təqdim edilməsinə görə verginin ödənilməsi ilə bağlıbank xərclərini isə satıcı ödəyir.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində 1,09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2018-ci il tarixində, 122 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyatdan keçirilmişdir.

26. 15 aprel 2022-ci il tarixli, KK0002/22-15/04/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən 1,09 ha torpaq sahəsinin 2018-ci ildə bazar dəyəri 15000 manat, likvid dəyəri isə 13500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəli və mübahisəsiz halları:

27. İşin mübahisəsiz halı bunlardır: 1) ünvan 1ində yerləşən, sahəsi 1.09 ha olan torpaq sahəsi 2004-cü ildən hal-hazıradək cavabdehlərin istifadəsində və sahibliyindədir, 2) həmin torpaq sahəsində cavabdehlər tərəfindən meyvə ağacları əkilməklə təsərrüfat aparılır və gözətçi otağı tikilmişdir, 3)iddiaçı ilə cavabdehlər qohumdurlar(halbuki iddiaçı iddia ərizəsində Cavabdeh2 makler kimi tanıdığını göstərmişdir), lakin iddiaçının atası X12 ilə Cavabdeh2 dayıoğlu-bibioğludurlar, 4) Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 22 dekabr tarixli 17 nömrəli qərarı ilə verilmiş çizgidə göstərilən sərhəd daxilində 2.89 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X4(hansı ki Hilal Beydiyevin ata adı əslində Güləmməd olmuşdur) mülkiyyətinə verilmişdir və onun 5 ailə üzvü olduğu göstərilmişdir və bu barədə Torpağa mülkiyyət hüququna dair 1999-cu il tarixli Dövlət Aktı tərtib edilmişdir, 5) X12, X20, X14, İddiaçı, X21(birlikdə), X19(ayrılıqda) tərəfindən Cavabdeh2 xx.xx.2015-ci il tarixdə 10 il müddətinə xx.xx.1999-cu il tarixli Dövlət Aktına əsasən ünvan 1ində yerləşən 2.89 ha torpaq sahəsindən onlara çatası hissəsinə dair ƏMDK yanında DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələri bağlamağı və.s səlahiyyətləri həyata keçirmək üçün etibarnamə vermişdir, 6) ünvan 1ində yerləşən 1.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində X12, X20, X14, İddiaçı, X21, X8 ümumi birgə mülkiyyət hüququ barədə qeydiyyat aparılmışdır,7) Ümumi birgə mülkiyyətçilərin adından Cavabdeh2 verilmiş etibarnamə əsasında torpaq sahəsi xx.xx.2018-ci il tarixdə 5000 manata arvadı iş üzrə Cavabdeh1 satılmış və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla sonuncunun adına Çıxarış verilmişdir.

28. İşin mübahisələndirilən halı isə bunlardan ibarətdir: 1)torpaq sahəsinin cavabdehlerə icarə hüquq münasibətləri əsasında verilməsi, 2)torpağa görə cavabdehlər tərəfindən X9 2700 ABŞ dollarının yox, 500000 manat(köhnə pulnan) məbləğində pulun verilməsi, 3)iddiaçı və paylı mülkiyyətçilərin Cavabdeh2 etibarnamə verilməsində məqsədin sonuncunun torpağı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alması ilə bağlı hərəkətlərin edilməsi və cavabdehlərin dövlətdən subsidiya alması, 4) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış qeydiyyatın və bunun əsasında verilmiş X2 və ya Cavabdeh2 tərəfindən alınması.

29. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 340 və 359-cu maddələri təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

30. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

32. Qeyd edilən məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

33. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı).

34. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları).

35. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir(Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı).

36. Konstitusiya Məhkəməsinin yuxarıda formalaşdırdığı mövqeyindən göründüyü kimi Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. O cümlədən əqdin etibarsızlığı ilə bağlı mübahisəyə baxarkən vicdanlılıq prinsipindən yanaşmaqla hüquqdan sui-istifadənin olub-olmaması müəyyən edilməlidir.

37. Hazırki mübahisədə isə məhkəmə hesab edir ki, iddiaçının əqdin etibarsızlığı tələbini irəli sürməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

38. Belə ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 alqı-satqı hüquq münasibətləri əsasında satılmış olması onunla sübut olunur ki, əvvəla məhkəmə iclasında dindirilən şahidlər 2700 abş dolları məbləğində pulun Cavabdeh2 tərəfindən X9 verilməsini təsdiq etmişlər. Həmiş şahid ifadələri hadisələrin təsviri, xronoloji ardıcıllığı, işin halları ilə üst-üstə düşməsi baxımından inandırıcıdır. Şahidlərin 18 il əvvəl baş vermiş hadisəni xatırlamaları əvvəlcə şübhə doğursa da, lakin onların göstərilən nüansları hafizəsində saxlamalarının səbəbləri barədə məntiqli izahları inandırıcı və ağlabatan olmuşdur. Nəzərə alınmalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

39. Bu səbəbdən də 2022-ci il üçün likvid dəyəri 13500 manat olan torpaq sahəsi üçün, 18 il əvvəl 2700 abş dolları məbləğində icarə haqqı verilməsi inandırıcı deyildir. Çünki həmin dövr üçün 2700 abş dolları elə həmin torpaq sahəsinin bazar dəyəri ola bilərdi. İddiaçı özü də bilmədən torpağın həmin dövr üçün real dəyəri barədə mövqe bildirmişdir. Belə ki, iddiaçı və üçüncü şəxs olan atası X12 10 il müddətinə icarə üçün 500000(köhnə pulnan) manat verildiyini göstərmişlər və bu məbləğ təqribən həmin dövr üçün 100 dollar təşkil etmişdir. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirilmiş və 2004-cü il üçün bir dolların manata olan nisbətdə məzənnəsi 4895 olmuşdur. Odur ki, real alqı-satqı dəyərini aldıqdan sonra, satıcının formal səbəblərə görə müqavilənin etibarlılığını mübahisələndirməsi hüquqdan sui-istifadədir. Yəni əslində torpaq sahəsi alqı-satqı münasibətləri əsasında artıq 2004-cü ildən cavabdehlərə satılmışdır, lakin daha sonra alıcılar öz aralarında bunu qeyd edilən formada müqavilə bağlamaqla əvvəldən arzu etdikləri hüquqi nəticəyə nail olmuşlar.

40. Bundan başqa mübahisəli torpaq sahəsinin təqribən 18 il müddətində cavabdehlərin sahibliyində olması da icarə hüquq münasibətlərinin mövcudluğunu şübhə altına alır. Hərçənd ki, iddiaçı bunu alma sahəsindən ən azı 10 ildən sonra gəlir əldə edilməsinin mümkün olduğu barədə dəlillərlə əsaslandırmağa çalışsa da, lakin 2015-ci ildə növbəti 10 il üçün etibarnamə verilməsi şübhə doğurur. Yəni iddiaçının bildirdiklərindən o nəticə hasil olur ki, mübahisə yaranmasaydı torpaq sahəsi 2025-ci ilədək yenə də cavabdehlərin istifadə və sahibliyində qalmalı idi. Təbii ki 2004-cü ildən 500000 manata(köhnə pulnan) 1.09 ha torpaq sahəsinin icarəyə verilmiş olması hər hansı məntiqə sığmır.

41. Bundan əlavə iddiaçı və digər paylı mülkiyyətçilərin Cavabdeh2 verilmiş etibarnamədə göstərilən səlahiyyətlər də alqı-satqı münasibətinin mövcudluğu qənaətini formalaşdırır. Belə ki, etibarnamədə ƏMDK yanında DƏDRX-dən 1 saylı arayış və digər hüquqmüəyyənedici sənədləri aldıqdan sonra sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, pulunu almaq, buna dair müqavilələri bağlamaq və.s kimi verilən səlahiyyətlər, heç də icarə hüquq münasibətlərinin olması təəssüratı yaratmır. Hərçənd ki, iddiaçı iddia ərizəsində etibarnamənin verilməsində məqsədin makler kimi tanıdığı və bu sahədə mütəxəssis olan Cavabdeh2 tərəfindən sənədləşmə işlərinin aparılmasına köməklik edilməsinə nail olmaq olduğu göstərilsə də, məhkəmə iclaslarında bunu cavabdehlərin subsidiya alması üçün təkidi ilə etdiklərini bildirmişdir. Halbuki məhkəmə iclaslarında iddiaçı etiraf etmişdir ki, cavabdehlər atasının yaxın qohumlarıdır və onların torpaq alqı-satqısı sahəsi ilə (maklerliklə)əlaqəsinin olmağı müəyyən edilməmişdir. Eyni zamanda 2015-ci il üçün kustar üsulla suvarma aparılan alma sahəsi üçün subsidiya məbləğinin cüzi olmasını iddiaçı özü qebul etsə də, müqayisədə daha çox xərc tələb edən sənədləşmə işlərini cavabdehin öz üzərinə götürməsini və bununla bağlı onlara təkid etməsini əsaslandıra bilməmişdir. Üstəlik iddiaçının atası olan üçüncü şəxs X1 işləri ilə bağlı xərclərin Cavabdeh2 tərəfindən qarşılandığını təsdiq etmişdir. Bu baxımdan da yanaşıldıqda cavabdehin cuzi gəlir əldə etməsi üçün daha çox vəsait xərcləməsi məntiqsizdir və iddiaçının dəlillərinin əsassız olması qənaətini gücləndirir. İddiaçı sadəcə etibarnamənin verilməsini savadsızlıqdan irəli gəlməsinə istinad etməklə kifayətlənmişdir. Halbuki etibarnamədə verilən səlahiyyətlər kifayət qədər aydın göstərilmiş və iradə ifadəsinin həqiqətən də alqı-satqı ilə bağlı olduğuna işarə edir.

42. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

43. Lakin qeyd edilməlidir ki, iddiaçının və üçüncü şəxsin izahatlarının əksinə, cavabdehlərin izahatları işin həqiqi halları ilə üst-üstə düşür.Əvvəla həqiqətən də X7 adı 1999-cu il tarixli Dövlət Aktında səhv düşmüşdür və bu səbəbdən 2015-ci il tarixdə alqısatqı edilməsinin mümkün olmaması və bunun əvəzinə notariusda etibarnamənin verilməsi məntiqli və ağlabatandır.

44. Eyni zamanda əgər etibarnamə yalnız çıxarış alınması üçün verilmişdirsə və çıxarış əgər cavabdeh tərəfindən 2016-cı ildə alınaraq özündə saxlanılmışdırsa hansı səbəbə görə 2 il sonra alqı satqı müqaviləsinin bağlanmasına zərurət yaranmışdır kimi suallara iddiaçı aydınlıq gətirə bilməmişdir. Buna baxmayaraq cavabdeh tərəf həmin məsələlərə aydınlıq gətirərək bildirmişdir ki, 2018-ci ildə iddiaçının öz payı ilə bağlı cavabdehdən vəsait tələb etməsindən sonra onlar ailə daxili münaqişəsindən şübhələnərək X5 alqı-satqı müqaviləsini rəsmiləşdirməyinə təkid etmişlər və sonuncu etibarnamə əsasında alqı-satqı edilməsinin mümkün olduğunu bildirdiyindən mübahisələndirilən əqdi bağlamışlar. Bunun üçün X5 çıxarışı almaqla(hətta cavabdeh tərəf həmin çıxarışın digər şəxsin sənədlərinə qarışdığını və daha sonra çıxarışı əldə etdiklərini bildirmişlər) notariusda alqı-satqı müqaviləsi bağlamağa müyəssər olmuşlar.

45. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, mübahisəli torpaq sahəsi alqı-satqı münasibətləri əsasında cavabdehlərə verildiyindən, sonradan paylı mülkiyyətçilərdən birinin formal qüsurlarına görə əqdin etibarsızlığını tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu səbəbdən də əqdin etibarsızlığı və ondan irəli gələn hüquqi nəticələrin ləğvi barədə tələb əsassızdır.

46. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsızlığını onun əhəmiyyətsizliyi ilə əsaslandırmışdır və hansı ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir, yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021ci il tarixli Qərarında ətraflı izah verilmişdir. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

48. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə:

52. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12, X13, X14, X21, X19 cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

53. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

54. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X12, X13, X14, X21, X19 cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar