Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4101/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi 12.05.205-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 24.2-ci maddəsinə müvafiq olaraq, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-ci maddəsinə görə, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ... Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ” Məhkəmənin mövqeyi: Məhkəmə hazırki iddia ərizəsinin məhkəmə aidiyəti üzrə kommersiya məhkəməsində baxılmasının mümkünlüyü nəticəsinə gəlməmişdən öncə yuxarı instansiya məhkəməsinin aidiyyət məsələsinin müəyyən edilməsi zamanı diqqət yetirilməli məqamlara, yəni mübahisənin subyekt tərkibi, predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət üç qiymətləndirici meyarların hər üçünün qarşılıqlı bağlılığını araşdırmağı zəruri bilir. Göründüyü kimi, mübahisənin hər iki tərəfi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə ki, İddiaçı VÖENə malik olmaqla “əmlakların açıq hərracda satılması” fəaliyyəti ilə məşğuldur. Hazırda fəaliyyəti müvəqqəti dayandırılmışdır. Cavabdeh aktiv VÖENə malik olmaqla və vergi ödəyicisi kimi qeydiyyata alınmaqla “ət bazarının icarəyə verilməsi” fəaliyyəti ilə məşğuldur. İddia ərizəsinin məzmununda iddiaçı qeyd etmişdir ki, cavabdeh ona birlikdə iş görəcəklərini və müəssisə açacaqlarını bildirmişdir. Göründüyü kimi, mübahisənin hər iki tərəfi vergi ödəyicisi olan sahibkar olmaqla yanaşı, mübahisənin özü də onların həyata keçirmiş olduqları kommersiya fəaliyyətindən qaynaqlanır. Məhkəmə yuxarıda sadalanan hər üç qiymətləndirici meyarın qarşılıqlı bağlı olmasını, baxılan hazıki məsələ üzrə gələcəkdə çıxarılacaq məhkəmə qərarının tərəflərin bir sahibkar kimi həyata keçirmiş olduqları kommersiya fəaliyyətinə birbaşa təsir imkanını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsinə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsinin qanunauyğunluğu səbəbindən ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 24, 26, 30-31, 157-159, 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4101/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4101/2025
14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver