Məhkəmə qərarları › İş №2(001)-4104/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4104/2020

05.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4104/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx xxxxxx 2016-cı il tarixli Borc müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli Borc müqaviləsinə əsasən, borcverən (İddiaçı) müqavilənin 2.2.3cü maddəsində qeyd edilən 4244019.99 manat məbləğində pul vəsaitini borcalana (Cavabdeh MMC) qaytarmaq şərti ilə maliyyə yardımı kimi Xarici və yerli Şirkətlərə olan borclarını ödəmək məqsədi ilə borca vermiş, Borcalan isə Borcunu müqaviləyə uyğun olaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən davamlı olaraq müvafiq köçürmələr həyata keçirilməsinə baxmayaraq borcalan tərəfindən müqavilənin 2.2.1-ci maddəsində müəyyən olunmuş borcun geri qaytarılmasının son günü olan xx.xx.2019-cu il tarixindən artıq xeyli müddətdə keçməsinə baxmayaraq öhdəlik həyata keçirilmir və borc məbləği geri qaytarılmır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etdi və eyni zamanda məhkəmədən xahiş etdi ki, həmin borcun iki il müddətində ödənilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-yə 4244019,99 manat borc vermişdir. İş materiallarında olan Dövlət reyestrindən çıxarışdan görünür ki, hal-hazırda Cavabdeh MMC Cavabdeh QSC kimi qeydiyyata alınıb. İş materiallarında olan və Cavabdeh QSC-nin direktoru E.İddiaçı tərəfindən imzalanmş ərizədən görünür ki, Cavabdeh QSC (VÖEN: **********) iddia tələbini qəbul edir və tələb edilən 4244019,99 manat məbləği 2 il müddətində ödəməyə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün əsas mövcud deyil, etiraf təsdiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən və etiraf məhkəmə tərəfindən təsdiq edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh QSC-dən 4244019,99 manat tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh QSC-dən 4244019,99 (dörd milyon iki yüz qırx dörd min on doqquz manat doxsan doqquz qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar