Məhkəmə qərarları › İş №2(001)-4125/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4125/2024

11.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4125/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının cavabdehə məxsus avtomobilə vurduğu maddi ziyana görə ödədiyi 1535 manat pulun, 2000 manat mənəvi ziyanın, 59 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənimiş 320 manat pulun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, H.Zərdabi küçəsində iddiaçının mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomibil ilə, sonradan adını və soyadını bildiyim Cavabdeh mülkiyyətində olan “CHEVROLET COBALT” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Öz aralarında olan şifahi razılaşmaya əsasən yol nəqliyyat hadisəsi iddiaçının təqsiri ucbatından baş verdiyindən cavabdehin avtomobilinə dəymiş ziyanın məbləğini qabaqcadan iddiaçı ödəyəcəkdi və cavabdeh isə daha sonra sığorta şirkətindən alacağı pul məbləğini iddiaçıya verməli idi. Bu qaydada razılaşmışlar və elə həmin gün iddiaçı cavabdehə 400 manat məbləğində pulu əlbəəl vermişdir.Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Whatsapp ani mesajlaşma şəbəkəsində cavabdehin ona şəklini göndərdiyi 4098 5844 6422 8426 saylı karta iddiaçıya məxsus 4169 7388 1172 9023 saylı kartdan xx.xx.2023-cü il tarixdə saat 14:59da 700 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixd saat 11:59-da Whatsapp ani mesajlaşma şəbəkəsində iddiaçıya şəklini göndərdiyi, cavabdehə məxsus olan və üzərində “SEYMUR GURBANOV” yazısı yazılan – 5213 6751 1025 4779 saylı karta iddiaçıya məxsus 4169 7388 1172 9023 saylı kartdan 435 manat pul göndərmişdir. Bundan əlavə aralarında olan yazışmada iddiaçı cavabdehə 1100+435=1535 yazaraq mesaj vasitəsi ilə göndərmiş və cavabdeh də bəli yazaraq pulun gəldiyini təsdiq etmişdir. Cvabdeh öz avtomobilini tam təmir etdikdən sonra iddiaçıya narahat olmamağını və sığorta şirkəti pulu ödəyən kimi iddiaçıya pulu göndərəcəyini bildirmişdir.Bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə Whatsapp vasitəsilə yazaraq sığorta işinin nə yerdə olduğunu soruşmuş, cavabdeh isə şirkətin 1100 manat ödəmək istədiyini, lakin onun bu məbləğlə razılaşmayaraq ödənişin az olduğu səbəbindən qəbul etmədiyini bildirdi. Odur ki, sığorta şirkəinin dəymiş ziyanı yenidən hesabladıqdan sonra böyük ehimalla məbləğin artacağını bildirdi. 1 ay sonra yenidən cavabdehlə əlaqə saxlamış, lakin cavabdeh artıq onun zənglərinə və mesajlarına cavab verməmişdir. Son olaraq iddiaçı özünə məxsus kartın şəklini cavabdehə göndərmiş və pulu əmin karta ödəməsini bildirmiş, cavabdehlə son razılaşmaları belə olmuşdur ki, cavabdeh iddiaçının ödədiyi məbləin yarısını iyun ayının 5-nə kimi, digər yarısını isə 10-15 gün ərzində ödəməli idi. Bu səbəbdən Cavabdeh 1535 manat məbləğində borc pulun, 2000 manat mənəvi ziyan məbləğinin, 59 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüqui yadıma görə ödənilmiş 320 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh əvvəllər onun telefonlarına cavab versə də daha sonra onunla danışmaqdan yayınmış, hətta sığorta şikəti tərəfindən ödəniləcək pulu belə ona verməkdən boyun qaçrmışdır, bu səbəbdən iddiasını müdafiə edir və iddia ərizəsində qeyd olunan məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında isə iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçının təqsirli olduğu yol nəqliyyat hadisəsi zamanı iddiaçı avtomobilə dəymiş ziyanın məbləğini qabaqcadan cavabdehə ödəyəcəyi, cavabdeh isə sığorta şirkətindən alacağı pul məbləğini iddiaçıya qaytaracağı barədə tərəflər arasında razılıq olmuşdur. Hamıya məlumdur ki, sığorta şirkətləri dəymiş zərəri tam qarşılamır və iddiaçı buna görə də insanlıq nümayiş etdirərək, cavabdehin avtomobilinə dəymiş zərərin əvəzi qismində hissə-hissə ona 1535 manat ödəmişdir. Cavabdeh ödənişi alıb maşını təmir elətdirdikdən sonra iddiaçının zənglərinə cavab verməmiş və müxtəlif bəhanələrlə sığortaa şirkətindən aldığı məbləği iddiaçıya verməmişdir. Bir müddət sonra cavabdeh sığorta şirkəti tərəfindən onun kart hesabına köçürülən məbləğin avtomobilin kreditinə çıxıldığını və hazırda həmin məbləği ödəməyə imkanının olmadığını bildirmişdir.

4. Verilən suallara cavab olaraq bildirmişdir ki, Sığorta şirkətinin cavabdehə ödədiyi məbləğdən xəbəri yoxdur. Cavabdehə ödədiyi 1535 manat məbləğində pulu tələb edir.

5. Sonuncu məhkəmə iclasında cavabdeh iştirak etməsə də, əvvəl iştirak etdiyi iclaslarda bildirmişdir ki, iddiaçı cavabdehin maşınına dəyən zərəri hissə-hissə şəxsi vəsaiti hesabına ödəmişdir. Sığorta şirkəti hadisədən təxminən 1 ay yarım sonra pulu onun kart hesabına köçürmüşdür. Onun avtomobili 4 gün ərzində servisdə qalıb, 4 gündən sonra öz vəsaiti hesabına maşını götürüb Chevrolet servisə aparmışdır. Maşını 20-21 gün müddətinə sevisdə təmir edilmişdir. Daha sonra o iddiaçı ilə əlaqə saxlayaraq sığorta şirkəti tərəfindən hansı məbləğdə pul ödənilsə həmin pulu iddiaçıya verəcəyini ona bildirmişdir. Onun avtomobili kreditdədir və 3 ay müddətində ödəniş etməmişdir, bu səbəbdən sığorta şirkəti tərəfindən ödənilən pul vəsaiti avtomatik olaraq onun avtomobilə olan kredit borcuna çıxılmışdır.

6. Verilən suallara cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı göstərilən ödənişləri etmişdir. Onun avomobilə 1535 manatdan çox xərci çıxmışdır. 1535 manat məbləğini ona hissə-hissə ehtiyac yarandıqca Surac bəy ödəmiş, onun avtomobilinin xərcini Surac özü çəkmişdir. Surac ona demişdir ki, ödədiyi məbləğdən asılı olmayaraq sığortadan aldığı pulun ona verilməsi kifayət edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, H.Zərdabi küçəsində İddiaçı mülkiyyətində olan “CHEVROLET CRUZE” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Cavabdeh mülkiyyətində olan “CHEVROLET COBALT” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir.

8. Tərəflər izahatlarından, o cümlədən iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı məxsus bank kartlarından Cavabdeh məxsus kartlara 700 və 435 manat pul məbləği ödənilmişdir.Həmçinin tərəflər etiraf edirlər ki, qəza baş verdiyin gün iddiaçı cavabdehə 400 manat pulu əlbəəl vermişdir. Tərəflər arasında olan razılığa əsasən cavabdeh sığortadan alacağı məbləği iddiaçıya ödəməli idi.

9. "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT0864/23 №-li xx.xx.2023cü il tarixli ÖDƏNİŞ AKTİ-ndan görünür ki, yol nəqliyyat hadisəsi zamanı zərər dəymiş CHEVROLET COBALT” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobiə 1155 manat məbləğində dəymiş zərərin əvəzi olan pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

12. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

13. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyi hallara da şamil edilir;

14. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir;

15. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

16. Müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı təqsirli olduğu yol nəqliyyat hadisəsi zamanı avtomobilə dəymiş zərərin əvəzi qismində cavabdehə hissəhissə olmaqla, cəmi 1535 manat vəsait ödəmişdir. Tərəflərin şifahi razılığına əsasən, cavabdeh sığortadan aldığı məbləği vurulan zərərdən az da olsa iddiaçıya qaytarmalı idi. Lakin cavabdeh sığortadan aldığı 1155 manat vəsaiti vurulan zərəri qabaqcadan ödəmiş iddiaçıya verməmişdir. Cavabdeh iddianı həmin hissədə qəbul etsə də, hazırda imkanı olmadığına görə pulu birdəfəyə gücü çatmadığını bildirir.

17. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdeh sığortadan aldığı 1155 manat hissəsində iddiaçının ona ödədiyi vəsaitə münasibətdə əsassız olaraq varlanmışdır. Belə ki, cavabdeh avtomobilinə dəymiş zərərin əvəzinin 1155 manat hissəsini həm iddiaçıdan, həm də sığortadan almışdır. Odur ki, cavabdeh əsassız varlandığı 1155 manat vəsaiti iddiaçıya qaytarmalıdır. İddianı məhkəmə digər hissədə ona görə əsassız hesab edir ki, avtomobilə dəymiş zərərin məbləği tərəflər arasında mübahisənin predmeti olmamış və iddiaçı cavabdehə vurduğu zərərin 1535 manat olduğunu qəbul etmişdir. Yəni iddiaçının ödəmiş olduğu 380(1535-1155) manat vəsait mübahisəsiz qaydada qəbul etdiyi zərərin əvəzidir.

18. Məhkəmə iddianı mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı yaranmış mübahisədən dolayı hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir.

19. Halbuki mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1155 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. İddianın təmin edilmiş hissəsinə münasibətdə 59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait minimal və ağlabatandır və bu səbəbdən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1155 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat, göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar