Məhkəmə qərarları › İş №2(001)-4129/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4129/2021

03.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4129/2021 03.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi icra qeydinin ləğvi barədə iddia ərizəsinə dair mülki işə 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 1556 nömrəli icra qeydinin ləğv edilməsi, icra qeydinin verilməsinə əsas olmuş tələbə yenidən baxılaraq tutulmaslı olan əsas və faiz borcunun məbləği və ipoteka predmetinin real bazar dəyərinin ekspert rəyləri ilə müəyyən edilməklə borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri 26 saylı Notariat ofisinin 1556 nömrəli, 05 mart 2021-ci il tarixli icra qeydinə əsasən, ona məxsus ipoteka predmetii olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24 kv.metr olan mənzilə cəmi 20054,84 manat borc üzrə tutmanın yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin icra qeydindən onun məlumatı yalnız icra məmuru tələbi icra etməsi üçün onunla əlaqə saxlayan zaman olmuşdur. Halbuki, notariat ofisi tələbkarın mübahisə edilməyən tələbi əsasında icra qeydi verə bilərdi, həmçinin, icra qeydi verilməsi ilə bağlı ona məlumat verilməli idi. O, banka hər ay təxminən 1000 manat ödəniş edir, belə olan halda məhkəmə tərəfindən borcun hesablanması, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi zərurəti vardır. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddiaya münasibətdə bildirdi ki, iddiaçı banka borclu olduğunu etiraf edir, bunun üçün də notarius əsaslı olaraq icra qeydi vermişdir. Həmin icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Sonda Nümayəndə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri 26 saylı Notariat ofisinin 1556 saylı, 05 mart 2021-ci il tarixli icra qeydində İddiaçı məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 24 kv.metr olan mənzilə cəmi 20054,84 manat borc üzrə tutma yönəldilməsi qeyd olunmuşdur. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. - 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. - 26-cı maddəsinə əsasən, ipoteka saxlayanın bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi, notariusun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi verməsi qanunla nəzərdə tutulduğundan 05 mart 2021-ci il tarixli icra qeydinin verilməsində Bakı şəhəri 26 saylı notariat ofisinin hərəkətlərində qanunazidd hal müəyyən edilməmişdir. Buna görə də, hazırki iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi icra qeydinin ləğvi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar