Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-413/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan olaraq 2000 manat pulun, onda “Hepatit C” virusu xəstəliyinin əlamətlərinin olması kimi fon yaradaraq, bu tipli xəstə olmasına inandrımaları səbəbindən vurulmuş mənəvi zərər olaraq 10000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özü xx.xx.2022-ci il tarixində cavabdeh HB "xxxx" tibb müəssisəsində sağ tərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat edilmiş və əməliyyatla bağlı klinikaya 800 manat məbləğində vəsait köçürmüşdür. Həmin günü əməliyyata təxminən 10 dəqiqə qalmış ona cavabdeh HB "xxxx" tibb müəssisəsinin həkimləri tərəfindən bildirildi ki, labarator müayinəsi nəticəsində onda «Hepatit C» virusu aşkar edilmişdir. Bu səbəbdən də, əməliyyat olunacağı tibb alətlərinin alınması məqsədilə əlavə 500 manat da vəsait ödəməli olmuşdur. Əməliyyat qabağı bu cür xəbərin verilməsi ona mənəvi təsir etmiş, çox ağır psixiki sarsıntı keçirərək, o, bu fikirlər altında əməliyyat otağına aparılmışdır. Xəstəxanadan verilmiş epikrizdə də onda «Hepatit C» virusunun olması qeyd edilmişdir. Lakin bir neçə gün sonra ona iş yerinə təqdim etmək üçün daha bir epikriz verilmiş, həmin epikrizdə isə guya ona yaxşılıq etmələri məqsədilə «Hepatit C»-nin neqativ olması göstərilmişdir. Yəni, bir-biri ilə ziddiyyət təşdl edən iki ayrı-ayrı cavab ona təqdim olunmuşdur. O, bu əməliyyatdan bir neçə gün sonra cavabdeh HB "xxxx" tibb müəssisəsinin həkimlərinin yazdıqlarına və müayinələrinə inanmayıb digər tibb müəssisələrinə müraciət edərək analizlər vermişdir. Həmin tibb müəssisələrində aparılan laborator müayinələri nəticəsində müəyyən olunmuşdur ki, əslində onda «Hepatit C» virusu yoxdur. Həmin bu müayinələrə o, təqribən 300 manat pul sərf etmişdir. Ona cavabdeh HB "xxxx" tibb müəssisəsin həkimləri tərəfindən «Hepatit C» virusu müəyyən olunduğu xəbərinin verilməsi çox ağır təsir etmişdir. Çünki cavabdeh HB "xxxx" tibb müəssisəsi onu aldadaraq əlavə pul almaqla yanaşı əməliyyat öncəsi onu «Hepatit C» virusu xəstəsi kimi qələmə verərək bu xəstəliyə düçar olmağı xəbəri onu fikir çəkməyə, ağır stresə düçar etmiş, o da bu xəbər nəticəsində böyük psixi sarsıntı, ağır mənəvi sarsıntı keçirərək, mənəvi zərbə almışdır. Cavabdeh HB "xxxx" tibb müəssisəsinin rəhbərliyinə və baş həkiminə bu müayinə ilə bağlı o, qoyulan yanlış diaqnoz və müaynə ilə bağlı onu vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı pretenziya qaydasında rəsmi müraciət etmişdir. Lakin cavabdeh HB "xxxx" tibb müəssisəsi bütün bu müraciətlərinə heç bir məhəl qoymayaraq ümumiyyətlə bu günə qədər ona cavab yazmaqdan belə imtina etmişdir. Bu səbəbdən o, hüquqlarının məhkəmə qaydasında müdafiə olunmaq üçün, məhkəməyə cavabdeh HB "xxxx" tibb müəssisəsindən maddi ziyan olaraq 2000 manat pulun, onda «Hepatit C» virusu xəstəliyinin əlamətlərinin olması kimi fon yaradaraq, bu tipli xəstə olmasında inandırdıqlarından keçirdiyi fikir, mənəvi əzab və uzun sürən stres, psixi sarsıntı səbəbindən vurulmuş mənəvi zərər olaraq 10000 manat pulun onun xeyrinə tutulub ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh HB "xxxx" tibb müəssisəsi rəhbərliyi və həkimləri onda «Hepatit C» virusu xəstəliyinin əlamətlərinin olması kimi fon yaradaraq, bu tipli xəstə olmasına onu inandırmaları nəticəsində keçirdiyi fikir, mənəvi əzab və uzun sürən stres, psixi sarsıntı səbəbindən ona 10000 manat məbləğində mənəvi zərər vurmuşlar. Bu səbəbdən həmin pul məbləğini mənəvi zərər olaraq cavabdehdən tələb edir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “vurulmuş madi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiaçı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsin müraciət dərək, ondan 2000 manat məbləğində maddi zərərin, 10000 manat məbləğində isə mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sözügedən iddiasının faktiki əsası kimi xx.xx.2022-ci il tarixində “sağ tərəfli qasıq yırtığı” diaqnozu ilə Cavabdeh MMC-də əməliyyat olunmasına, həmin əməliyyatla əlaqədar klinikaya 800 manat məbləğində vəsait ödəməsinə, həmin gün əməliyyatda təxminən 10 dəqiqə qalmış, ona klinikanın həkimləri tərəfindən laborator müayinə zamanı onda “Hepatit C” virusunun aşkar edilməsinin bildirildiyinə, bu səbəbdən də əməliyyat olunacağı tibbi alətlərin alınması məqsədi ilə 500 manat əlavə vəsait ödədiyinə, əməliyyat qabağı bu cür xəbərin verilməsinin ona mənəvi təsir etməsinə, çox ağır psixi sarsıntı keçirərək bu fikirlər altında əməliyyat otağına aparıldığına, xəstəxanadan verilmiş epikrizdə də onda “Hepatit C” virusunun olmasının qeyd edilməsinə, lakin bir neçə gün sonra ona iş yerinə təqdim etməsi üçün daha bir epikriz verilməsinə, həmin epikrizdə isə guya ona yaxınlıq edilməsi məqsədi ilə “Hepatit C”-nin neqativ olmasının göstərilməsinə, beləliklə də ona biri-biri ilə ziddiyyət təşkil edən iki ayrı cavabın təqdim olunduğuna, bu əməliyyatdan bir neçə gün sonra isə digər tibb müəssisəsinə müraciət etdiyinə, sözügedən tibb müəssisəsində aparılmış laborator müayinələr nəticəsində onda “Hepatit C” virusunun olmadığının aşkar edildiyinə, həmin müayinələrə təqribən 300 manat məbləğində pul vəsaiti sərf etdiyinə Cavabdeh MMC-nin həkimləri tərəfindən onda “Hepatit C” virusunun olduğunun müəyyən edildiyi xəbərinin ona verilməsi səbəbindən çox ağır stress keçirməsinə və bununla da ağır mənəvi sarsıntıya məruz qaldığına və s. istinad etmişdir. Qeyd edirlər ki, iddia tələbini əsaslı və qanuni hesab etmirlər və bu səbəbdən də hesab edirlər ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.1993-cü il doğum təvəllüdlü İddiaçı 3 aydan çox müddətdə sağ qasıqda ağrı, öskürək və fiziki iş zamanı şişkinlik şikayətləri, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə müraciət etmiş, onu müayinə edən həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəfael Soltanov tərəfindən “qasıq yırtığı” diaqnozu qoyulmuş və onda “sağ tərəfli hemiotomiya” cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2022-ci il tarixində İddiaçı müvafiq məsləhətlər verilərək kafi vəziyyətdə ambulator müalicə yazılmaqla ona cərrah həkim nəzarətində olması tövsiyə edilmişdir. Əməliyyat öncəsi aparılmış laborator müayinələr zamanı “Hepatit C” (kart testi) müsbət (+) göstərmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi ondan əməliyyat olunacağı tibbi alətlərin alınması məqsədi ilə 500 manat əlavə vəsaitin ödəməsini tələb edilməsi tam yalandır və həqiqəti əks etdirmir. İddiaçının iddiasının əsası kimi istinad etdiyi bu hal heç bir sübutla təsdiq edilmir. Digər tərəfdən qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçıya bir neçə gün sonra onda “Hepatit C”nin neqativ olduğunu göstərən yeni tibbi sənədin verilməsi texniki yanlışlıq səbəbindən olmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən kart testinin xarakterik xüsusiyyətlərini əks etdirən sənəddən görünür ki, test zamanı yalançı pozitivlik müşahidə oluna bilər. Qeyd edirlər ki, laborator müayinə zamanı bu və ya digər yanlışlığa yol verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: HB "xxxx" tibb müəssisəsi tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı laborator müayinə zamanı Hepatit B neqativ, Hepatit C- pozitiv, spid neqativ, siflis neqativ müəyyən olunmuş, xəstədə “Sağ tərəfli herniotomiya” cərrahi əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstəyə məsləhətlər verilərək kafi vəziyyətdə ambulator müalicəyə yazılmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli laborator müayinəsinin nəticələrindən görünür ki, İddiaçı Hepatit B (neqativ) və Hepatit C (neqativ) aşkar olunmamışdır. 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli laborator müayinəsinin nəticələrindən görünür ki, İddiaçı Hepatit B (neqativ) və Hepatit C (neqativ) aşkar olunmamışdır. AA seriyalı 289139 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. HB "xxxx" tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdə sağ çanaqda ağrı, öskürək və fiziki iş zamanı şişkinlik şikayətləri ilə HB "xxxx" MMC-yə müraciət etmiş, ona sağ tərəfli qasıq yırtığı diaqnozu (K40.9) qoyulmuşdur. İddiaçı “sağ tərəfli herniotomiya” cərrahi əməliyyatı icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə xəstəyə müvafiq məsləhətlər verilərək kafi vəziyyətdə ambulator müalicəyə yazılmaqla ona cərrah nəzarəti tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “HB Güven” Klinikasında İddiaçı adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasında göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə onun üzərində icra edilmiş “Sağ tərəfli herniotomiya” cərrahiyyə əməliyyatından əvvəl aparılmış laborator müayinə zamanı onda “Hepatit C” virus xəstəliyinin pozitiv olduğu, laborator müayinə vərəqəsində isə neqativ olduğu qeyd edilmişdir. 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli laborator müayinə nəticəsindən görünür ki, onda “Hepatit C” virus xəstəliyi neqativ olmuşdur. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, xx.xx.2023-cü il tarixdə laborator müayinədən keçirilmiş və onda “Hepatit C” virus xəstəliyinin neqativ olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tərtib edilmiş tibbi sənədlərdə əməliyyatdan əvvəl aparılmış laborator müayinə nəticələri arasında ziddiyyətin olması və sonrakı tarixlərdə aparılmış müayinələrin nəticəsinin neqativ olmasına əsasən, İddiaçı “Hepatit C” virus xəstəliyinin olması inkar edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə sağ çanaqda ağrı, öskürək və fiziki iş zamanı şişkinlik şikayətləri ilə HB "xxxx" MMC-yə müraciət etmiş, ona sağ tərəfli qasıq yırtığı diaqnozu (K40.9) qoyulmuş və “sağ tərəfli herniotomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyatdan əvvəl laborator müayinə aparılmış və laborator müayinənin nəticələrində iddiaçıda “Hepatit C” virusu aşkar olunması qeyd olunmuşdur. Lakin daha sonra iddiaçı müxtəlif tibb müəssisələrinə müraciət etmiş və laborator müayinələrdə onda “Hepatit C” virusu aşkar olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin rəyindən də görünür ki, İddiaçı “Hepatit C” virus xəstəliyinin olması inkar edilir. Göründüyü kimi, cavabdeh iddiaçıya yalnış diaqnoz qoymuş və bu diaqnozun nəticəsində cavabdeh iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. On görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən maddi zərərin əvəzi olaraq 500 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, məhkəmə maddi ziyan hissəsində qeyd edir ki, iddiaçı tərəfindən iddiada əməliyyat olunacağı tibb alətlərinin alınması məqsədilə əlavə 500 manat vəsait ödəməsi barədə qəbz təqdim olunmasa da, araşdırma zamanı iddiaçı israrla bildirmişdir ki, həmin an klinikada ona cavabdeh HB "xxxx" tibb müəssisəsinin həkimləri tərəfindən bildiriləndə ki, labarator müayinəsi nəticəsində onda «Hepatit C» virusu aşkar edildiyindən, o, şok keçirtmiş və tibb alətlərinin alınması üçün ödədiyi 500 manat təsdiq edən qəbzi götürməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı bu xəbəri eşitməsi ilə bağlı o sarsıntı keçirtmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda etiraf etmişdir ki, “Hepatit C”nin neqativ olduğunu göstərən yeni tibbi sənədin verilməsi texniki yanlışlıq səbəbindən olmuşdur. Bu da ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçıdan əməliyyat olunacağı tibb alətlərinin alınması məqsədilə əlavə 500 manat vəsait alınmışdır. Bununla da məhkəmə iddiaçının verdiyi izahatı əsaslı və həqiqətə uyğun hesab edir. Belə ki, iş materialları ilə cərrahi əməliyyatın keçirilən gün “Hepatit C”-nın analiz nəticəsində müəyyən olunması, həmin cərrahi əməliyyat üçün cavabdehin iddiaçıdan məhz ona məxsus tibbi avadanlıqlarla (tibb alətləri) əməliyyat etməsi, işin bu halını sübuta yetirir və həmin tibbi alətlər üçün 500 manat məbləğində pulun ödənilməsi təsdiq olunur. (tibb müəssələrində yoluxucu xəstəliklərin daşıyıcısı olan pasiyentlərin özünə məxsus tibb alətlərinin öz hesablarına əldə edilməsi qaydaları) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, İddiaçı məcburi köçkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-413/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-413/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver