Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4140/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Müslüm oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Müslüm oğlunun Cavabdeh qarşı “cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi, cavabdehin himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3, habelə cavabdehə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və onun əsası: İddiaçı Müslüm oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi, cavabdehin himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3, habelə cavabdehə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu Əlikram Şabanovla cavabdeh 29 oktyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. İddiaçının oğlu ilə cavabdeh ailə qurduqları ilk vaxtlar İmişli rayonunda, iddiaçıya məxsus evdə yaşamış, sonradan Bakı şəhərinə köçməklə orada müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Təxminən 2012-ci ildə iddiaçı öz vəsaiti hesabına Binəqədi rayonu, Hökməli kəndi ərazisində torpaq sahəsi alaraq, orada özünə fərdi yaşayış evi inşa etdirməyə başlamış, tikinti işləri 2014-cü ildə yekunlaşmışdır. Bundan sonra iddiaçı həmin evə köçmüş, kirayələrdə yaşamamaları üçün oğlunu ailəsi ilə birlikdə həmin evə dəvət etmişdir. Onlar təxminən 6-7 ay birlikdə yaşadıqdan sonra iddiaçı İmişli rayonuna qayıtmış, cavabdeh və ailəsi Hökməli kəndində olan həmin evdə yaşamağa davam etmişlər. Hazırda da iddiaçının oğlu və cavabdeh həmin evdə yaşayırlar. Ev iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamaqla, özbaşına tikili olsa da, evin bütün kommunal müqavilələri iddiaçının adınadır. Hazırda iddiaçının oğlu ilə cavabdeh arasındakı nikah pozulduğundan, cavabdeh “keçmiş ailə üzvü” statusu almışdır. İddiaçının oğlu ilə cavabdehin birgə nikahından 07 sentyabr 2008ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır və İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən, uşaqların analarının yanında saxlanmaları qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, evi öz vəsaiti hesabına, özü üçün tikmiş, lakin oğlunun ailəsi ilə birlikdə kirayələrdə qalmaması üçün onları öz evinə dəvət etmişdir. Bir müddət birlikdə yaşadıqdan sonra o, İmişli rayonuna qayıtmış, oğlu və gəlini uşaqları ilə birlikdə həmin evdə qalmışlar. Lakin, sonradan nikahları pozulduğundan o, cavabdehin özünə məxsus əşyalarla birlikdə evdən çıxmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçının oğlu ilə cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ilə qurmuşlar. İddiaçı isə sözügedən evi 2012-ci ildən tikməyə başlamış, 2014-cü ildə yekunlaşdırmışdır. Bu vaxtadək iddiaçının oğlu ailəsi ilə birlikdə ilk əvvəllər iddiaçıya məxsus, İmişli rayonunda yerləşən evdə yaşamış, sonradan Bakı şəhərinə köçmüş, müxtəlif ünvanlarda kirayələrdə yaşamışlar. Evin hüquqmüəyyənedici sənədi olmasa da, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Evə dair bütün kommunal xidmət müqavilələri iddiaçı ilə bağlanmışdır. Bütün bu hallar cavabdehin uşaqları və əşyaları ilə birlikdə həmin evdən çıxarılması üçün əsasdır. Sonda iddiaçı tərəf iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, əri və uşaqları ilə birlikdə mübahisələndirilən evdə yaşayır və əri də onun həmin evdən çıxmasına razı deyil. Digər tərəfdən, evin kommunal ödənişləri iddiaçının adına olsa da, bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Onlar həmin evə köçdükləri vaxt ilk əvvəllər orada kommunal xidmətlərlə bağlı sayğac olmamışdır. Son 3-4 aydır ki, iddiaçı bu xidmətləri öz adına rəsmiləşdirmişdir. İddiaçı həmin evi oğluna, yəni onun ərinə tikmişdir. Buna görə də, onun həmin evdən çıxarılmasına heç bir əsas yoxdur. Məhkəmə iclasında cavabdehin vəkili iddiaçının mübahisələndirilən fərdi yaşayış evi ilə bağlı iddia hüququnun olmadığını bildirdi. Sonda cavabdeh tərəf iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(036)-514/2023 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh 29 oktyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar; Birgə nikahlarından 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. - Həmin qətnamə ilə X6 ilə Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların yekinlik yaşa çatanadək saxlanmaları üçün X2 hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulub Cavabdeh verilməsi qərara alınmışdır. - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” 30 iyun 2022-ci il tarixli müqavilə, eləcə də “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılmışa və quraşdırılması haqqında” 298989 nömrəli protokolun, habelə ödəniş qəbzlərinin surətlərindən görünür ki, təbii qaz və elektrik enerjisinin verilməsi ilə bağlı abonent qismində müqavilə İddiaçı Müslüm oğlu ilə bağlanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə mübahisə predmeti olan mənzillə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir: İşin müəyyən edilən halları ilə müəyyən olunur ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” 30 iyun 2022-ci il tarixli müqavilə, eləcə də “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılmışa və quraşdırılması haqqında” 298989 nömrəli protokolun, habelə ödəniş qəbzlərinin surətlərindən görünür ki, təbii qaz və elektrik enerjisinin verilməsi ilə bağlı abonent qismində müqavilə İddiaçı Müslüm oğlu ilə bağlanmışdır. Cavabdehin həmin tikilinin birgə vəsaitlə inşa edilməsinə dair arqumenti heç bir sübutla təsdiqlənməmişdir. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikililərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikili ilə bağlı iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Mübahisəli evin inşası 2014-cü ildə tamamlandığından tərəflər arasında hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən “2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.20028-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin.
4. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.”. Məhkəmə iddia tələbinin “cavabdehin yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi”ni əsassız sayaraq qeyd edir ki, hazırkı halda özbaşına tikili hesab olunan mübahisəli evə dair cavabdehin vəsaiti hesabına inşa olunması, ona dair kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsi, cavabdehin iddiaçının ailə üzvü hesab edilməməsi və tərəflər arasında yaşayış evindən istifadə edilməsi ilə bağlı notarial təsdiq edilmiş razılaşmanın olmaması cavabdehin sözügedən evə istifadə hüququnun yaranmadığına dəlalət edir. Təsədüfi deyil ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, “istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir.”. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmadığından, olmayan hüquqa xitam verilməsi ilə bağlı iddia təmin edilə bilməz. İddia tələbinin cavabdehin uşaqları, habelə özünə məxsus əşyaları ilə birlikdə evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənzil Məcəlləsinin 30.1-ci maddəsi və Mülki Məcəllənin 228.1 və 228.2- ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014- cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə tərəflər arasında başqa razılaşma olmadıqda xüsusi mülkiyyətdə olan mənzilə istifadə hüququnun yaranması ilə bağlı mübahisələrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin maddənin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı «gözləntiyə» malikdir. Bu isə «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Kovensiyanın 1 saylı 5 Prptokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» anlayışına daxildir və qeyd olunan xüsusat da mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında sahiblik hüququna mülkiyyət hüququ kimi yanaşır. Hazırkı halda cavabdehlə iddiaçının oğlu arasında nikah İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(036)-514/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi tərəflər arasında qohumluq münasibətləri mövcud deyil və cavabdehin həmin evdə yaşaması iddiaçının hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən onlara məxsus əşyalarla birlikdə çıxarılmalıdırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Müslüm oğlunun Cavabdeh qarşı “cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna vaxt müəyyən olunmadan xitam verilməsi, cavabdehin himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3, habelə cavabdehə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh himayəsində olan 07 sentyabr 2008-ci il təvəllüdlü X5 və 16 may 2011-ci il təvəllüdlü X3, habelə özünə, uşaqlara məxsus əşyalarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivi, “Oba” marketin yanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev