Məhkəmə qərarları › İş №2(001)-416/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-416/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-416/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X13 Xidməti cəlb edilməklə) “əmək haqqının ödənilməsi və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı borcu üzrə 512,41 manat vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4 və 5-ci bəndlərinə müvafiq olaraq, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) faktiki hesablaşma günü daxil olmaqla 1025 manat vəsaitin cavabdehdən tutularaq pul kompensasiyası olaraq onun xeyrinə ödənilməsi, onun işgüzar nüfuzunu ləkələyən və işə düzəlməyinə ciddi əngəl olan xx.xx.2022-ci il tarixli xxxxxxx000900 saylı əmək müqaviləsi bağlanması ilə bağlı saxta bildirişin və xx.xx.2022-ci il tarixli xxxxxxx0009X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı saxta bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-gov.az elektron portalından silinməsi bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması və məcbur olunması, elektron sistemə barəsində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə, cavabdeh onun işgüzar nüfuzunu qəsdən ləkələyərək, işə düzəlməyinə faktiki mane olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin tələbinə uyğun olaraq, ona dəymiş maddi zərərin əvəzi olaraq 742,80 manat (ölkə üzrə orta aylıq əmək haqqı miqdarında) cavabdehdən tutularaq ona ödənilməsi, onun işgüzar nüfuzunu qəsdən ləkələyərək, ona vurduğu mənəvi zərərin əvəzi olaraq 2000,0 manat vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, mediasiya prosesinin aparılması üçün tərəfindən ödənilən 50 manat rüsum məbləğinin, 7,0 manat rabitə xərclərinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC rəhbərliyi ilə xxxxxxx000800 saylı əmək müqaviləsi bağlayaraq aylıq 1000 manat əmək haqqı ilə “İnsan resursları üzrə mütəxəssis” vəzifəsi üzrə 0,5 ştat vahidi olmaqla işə qəbul olunmuşdur. İşəgötürən Əmək müqaviləsində göstərilən öhdəliklərini (normal otaq tempraturuna uyğun əmək şəraiti yaratmaması, iş vaxtı saat normalarına əməl etməməsi, qanunvericiliyə və müqavilə tələblərinə zidd olaraq “İstehsalatda baş verə bilən bədbəxt hadisələrdən işçiləri sığortalamaması, vəzifə funksiyasına aid olmayan işləri yerinə yetirməyi ondan tələb etdiyinə və əmək müqaviləsində göstərilən müddətdə əmək haqqını ödəmədiyinə) yerinə yetirə bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə yazdığı ərizə əsasında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə işdən çıxmışdır. İşdən azad olunduqdan sonra ona məlum olmuşdur ki, bank tərəfindən onun adına açılmış əmək haqqı kartını rəhbərlik ona təqdim etmədən, qanunsuz olaraq cəmiyyət rəhbərliyi özündə saxlayır. Əmək haqqının verilməsi müddətləri Əmək Məcəlləsinin 172-ci maddəsinin bəndləri ilə tənzimlənir. Əmək haqqını ala bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə X13 Xidmətinə rəsmi müraciət etmişdir. DƏM-nin araşdırması müddətində onun məlumatı belə olmadan, xx.xx.2022-ci il tarixdə cəmiyyətin rəhbəri Əmək Məcəlləsinin Maddə 42.1. (Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.) Maddə 44.3. (Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.) Maddə 49. 1. (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi: Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.) maddələri üzrə tələblərini kobud şəkildə pozaraq, öz vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, onun adından saxta sənədləşdirmə (onun adından işə qəbul ərizəsinə və əmək müqaviləsinə saxta imza atmaqla) aparmaqla xx.xx.2022-ci il tarixli xxxxxxx000900 saylı əmək müqaviləsi bağlayaraq onu yenidən işə qəbul etmiş və həmin tarixdə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “c” bəndi ilə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına gorə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) saxta müqaviləyə xitam vermişdir. Cavabdeh bu hərəkəti ilə açıq aşkar onun işgüzar nüfuzunu ləkələməyi qarşısına məqsəd qoyub. Belə ki, a) onun qeyd olunan ixtisas üzrə dövlət qurumlarında 28 illik qüsursuz fəaliyyəti olub; b) o, bu müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işləmişdir. Peşəkarlığı haqda heç bir irad olmayıb və əgər peşəkarlıq səviyyəsi aşağı olubsa hansı səbəbdən bir aydan sonra saxtakarlıqla yenidən onu işə qəbul ediblər; c) bir gün ərzində işçinin peşəkarlıq səviyyəsini necə müəyyən etmək mümkün olub. Elektron sistemə barəsində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə cavabdeh onun işgüzar nüfuzunu qəsdən ləkələyərək, işə düzəlmək üçün müraciət etdiyi və müsahibəyə dəvət belə aldığı işəgötürənlər tərəfindən işə qəbul olunmağına ciddi əngəl törətdiyindən işə qəbul olunmamışdır. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki iddia ərizəsində göstərdikləri tələblərin təmin edilməsini, Cavabdeh MMC rəhbərliyi-təsisçi X3 və icraçı direktor X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui istifadə), 309 (Vəzifə səlahiyyətlərini aşma); 313 (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət törətmələrinə şübhələr olduğu üçün onların fəaliyyətində cinayət əməllərinin olubolmadığının araşdırılması məqsədilə istintaq araşdırılmasının təyin edilməsi barədə xüsusi qərar çıxarılmasını, habelə İ.R.İlyasova WatsApp audio yazısında onu açıq-aşkar təhqir etdiyi üçün əlavə təzminat ödəməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, əvvəlki iddiasına əlavə olaraq bildirir ki, 2020-2022-ci il fəaliyyət dövründə Cavabdeh MMC rəhbərliyi-təsisçi X11 və icraçı direktor X12 öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 29 nəfər vətəndaşı işə qəbul etmişlər. Vətəndaşlar iş yerlərində əmək hüquqlarının pozulması halları ilə qarşılaşdıqda könüllü olaraq işdən azad olunmaları barədə ərizə verərək, öz xahişləri ilə azad olunmuşlar. Əmək haqlarını tələb etdikdə isə qeyd etdiyi rəhbər şəxslər qisas almaq məqsədilə öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək, bir müddətdən sonra işdən azad olunmuş və bu müəssisədə çalışmayan şəxslər barədə (vətəndaşın xəbəri olmadan) Əmək Məcəlləsinin intizam tənbehi təsbit edən maddələri üzrə saxta əmrlər verməklə onların digər iş yerlərində işə düzəlmələrinə mane olmuşlar. O cümlədən o da əmək haqqını ala bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə X13 Xidmətinə etdiyi müraciətdən sonra müvafiq araşdırma aparılmaqla müəssisə rəhbərliyi qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb olundu. Buna qisas olaraq, müəssisə rəhbərliyi vəzifə saxtakarlığı edərək, xx.xx.2022-ci il tarixli xxxxxxx000900 saylı əmək müqaviləsi bağlayaraq guya onu yenidən işə qəbul etmiş və həmin tarixdə də AR Əmək Məcəlləsinin 70 “c” bəndi ilə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına gorə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) saxta müqaviləyə xitam vermişdir. Bundan sonra icraçı direktor X12 özünə məxsus mobil nömrə ilə ona WhatsApp audio yazısı göndərməklə onu təbrik etdiyini və saxta əmr verdiyini bildirərək, bundan sonra hara istəyir şikayət etməyini vurğulamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin qanunsuz hərəkətləri ona mənəvi zərər vurmuşdur. Belə ki, o, cavabdehin qanunsuz hərəkətlərindən müxtəlif dövlət qurumlarına şikayət, ən sonda isə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. O bu qədər prosedurlar keçdiyinə görə əsas iş yerindən dəfələrlə icazə almalı olmuş, əsəb stress keçirmişdir. Cavabdeh Şirkət özbaşına hərəkətlər etməklə nə məhkəməyə nə də icra şöbəsinin tələblərinə hörmət etməmişdir. Cavabdeh qərəzli olaraq işçilərə qarşı öz istədiyi kimi rəftar edir, onların əmək hüquqlarını kobud şəkildə pozur. Ona verilmiş suallara cavab olaraq isə bildirdi ki, o, xx.xx.2022-ci il tarixə qədər öz əmək funksiyalarını layiqli şəkildə icra etmişdir. Son iş günü xx.xx.2022-ci il tarixi olmuş, həmin gün müqaviləyə uyğun iş saatlarında işlərini icra etmiş və işlərini cavabdehə təhvil vermişdir. Cavabdeh həmin işlərində hər hansı nöqsan aşkar etməmiş və onu öz ərizəsi ilə işdən azad etmişdir. Sonradan isə o, əmək haqqının ödənilmədiyinə görə cavabdehdən şikayət etmiş, cavabdeh şirkət də bu səbəbdən qəsdən onun adına əmək müqaviləsi bağlamış və həmin müqaviləyə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə də xitam vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 Xidmətinin nümayəndəsi X10 iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izahatında qeyd etdi ki, iddiaçının xidmətə ünvanladığı müraciətlər araşdırılmış və ona rəsmi şəkildə cavab verilmişdir. Həmin araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı işdən azad edilərkən əmək qanunvericiliyinin normaları kobud şəkildə pozulmuş və işçinin son haqq-hesabı ödənilməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçı iddia verməkdə haqlıdır, belə ki, işçi pozulmuş hüquqlarının bərpa edilməsinə çalışır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Cavabdeh xx.xx.2021-ci il tarixli 231 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 0.5 ştat vahidi ilə “insan Resursları üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul edilməsi əmr edilmişdir. Aylıq əmək haqqı 1.000 manat göstərilmişdir. Cavabdeh (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən istehsalat sahəsində, əlavə iş yeri olaraq ümumi şöbədə “insan resursları üzrə mütəxəssis” vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən müddətsiz bağlanmışdır. İşəgötürən işçiyə hər ay 1.000 manat məbləğdə əmək haqqı ödəyir. Əmək haqqı ayda bir dəfə növbəti ayın 05-dək ödənilir. İşçi həftənin 5 iş günü ərzində həftəlik 20 iş saat işləyir. İş vaxtı saat 14:00-dan-18:00-dək müəyyən edilir. Müqaviləyə əsasən işçi işlədiyi dövrdə Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirir. İşçilərin şəxsi işlərini aparır, formalaşdırır. Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlayır. Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır. Müəssisə, idarə və təşkilatların kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat verir. Kadr axının səbəblərini öyrənir, onu aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir. İxtisas və attestasiya komissiyaların lazım olan materialları hazırlayır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir. İşçilərin məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istinad edilməsinə nəzarət edir. Şəxsi işlərin arxivini aparır, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil edir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əlavə iş yeri kimi - Cavabdehndə xx.xx.2021-ci il tarixli müqavilə əsasında İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, əmək haqqısı 1.000 manat təşkil edir. İddiaçı Cavabdeh elektron poçt (mailto:tfinansltdmmc@mail.ruElektron ünvan ) ünvanına göndərdiyi ərizədən görünür ki, o, sonuncudan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2022-ci il tarixli, 11/k nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əlavə iş yeri kimi - Cavabdehndə xx.xx.2022-ci il tarixli müqavilə əsasında İnsan Resursları üzrə idarə qulluqçusu vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmış, əmək haqqısı 300 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətlərinə baxılmış və onun Cavabdeh ilə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən xitam verildiyi, lakin son-haqq hesabın ödənilmədiyi müəyyən edilmişdir. Onun son-haqq hesabı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü hesablanıb ödənilmədiyindən Cavabdeh direktoru X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 04.03.202-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Son haqq-hesabın hesablanaraq ödənilməsinə dair Cavabdeh rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciətinə baxılmış və bildirilmişdir ki, sözügedən müəssisədəki işindən qanunsuz azad edilməyi barədə xx.xx.2022-ci il tarixli müraciəti Xidmətin Bakı şəhər İdarəsində araşdırılmış və əldə edilmiş sənədlərdən sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verildiyi məlum olmuşdur. Bununla belə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesablarının ödənilmədiyi aşkarlanmışdır. Bununla əlaqədar, müəssisənin vəzifəli şəxsi barədə intizam tənbeh tədbiri tədbiri görülmüşdür. Cavabdeh rəhbərliyi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması barədə xx.xx.2022-ci il tarixli müraciətlə əlaqədar araşdırma aparılmaqdadır. Araşdırmanın nəticəsi barədə ona müvafiq qaydada məlumat veriləcəkdir. Bununla belə, müraciətinin araşdırılması zamanı Xidmətin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinin pozulması faktına yol verilməsi aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazısından müəyyən edilir ki, qadına məxsus səsdə aşağıdakı məzmunda ifadələr işlədilmişdir “... Mübariz müəllim, səni təbrik edirəm 70 “C” ilə, aç bax səni 70 “C” ilə çıxarmışam. Get birdə şikayət elə .....” Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediatora müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-6246/2022 saylı qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi və onun bağlanmasına, habelə xitamına əsas olmuş bütün sənədlərin təsdiq olunmuş surətinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi təmin edilməsi qərara alınmış və qərardadın icrası Cavabdeh MMC-yə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən hal şahidləri X5 və X1 iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6246/2022 saylı icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədinin icrası barədə bildiriş borcluya göndərilmişdir. Lakin göndərilmiş sənədlər poçt xidməti tərəfindən geri qaytarılmışdır. Bununla əlaqədar borclu təşkilatın rəhbəri X11 ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Ona məhkəmə qərarının tələbini izah edib, onun təmin olunmasını tələb etmişdir. M.Həmidova icra sənədində göstərilənləri təmin edəcəyinə söz versə də, sənədləri göndərmədi. Sonradan cavabdeh şəxsin rəhbərinə dəfələrlə zəng etmişdir ki, sənədləri göndərsin. O da hər dəfə müxtəlif bəhanələr gətirərək icra sənədində göstərilən sənədləri Binəqədi Rayon Məhkəməsinə göndərmədi. Beləliklə, icra sənədi icraata daxil olduğu vaxtdan hal-hazıra kimi hər gün bir neçə dəfə Cavabdeh MMCnin rəhbərl X2 icra sənədinin icra olunması tələb olunsa da, borclu təşkilatın rəhbəri hər dəfə müxtəlif bəhanələrlə sənədləri göndərməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 58.1.-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 9-cu maddəsinin “d” bəndinə görə əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır; 43-cü maddəsinin “ə” bəndinə görə işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir. 55-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 163.1-ci maddəsinə əsasən əəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. 163.2-ci maddəsinə əsasən əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2021ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış və işçi əlavə iş yeri olaraq cavabdeh Şirkətin Sumqayıt şəhəri ərazisində yerləşən istehsalat sahəsində, ümumi şöbədə “insan resursları üzrə mütəxəssis” vəzifəsi üzrə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya 1.000 manat məbləğində əmək haqqı ödənilməsi şərti ilə o, həftənin 5 iş günü ərzində həftəlik 20 iş saat işləməli və öz əmək funkiyalarını icra etməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Hazırda iddiaçı bildirir ki, o, xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixə qədər cavabdeh şirkətdə öz əmək funksiyalarını icra etsə də, cavabdeh tərəfindən onun çalışdığı günlərin əmək haqqısı (son haqq-hesab) ödənilməmişdir. O, bununla bağlı X9 müraciət etmiş və onun müraciət araşdırılmışdır. Araşdırma nəticəsində iddiaçının son-haqq hesabı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü hesablanıb ödənilmədiyindən Cavabdeh direktoru X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 04.03.202-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuş və iddiaçının son haqq-hesabı ödənilməmişdir. Belə olan halda, iddiaçı Şirkətdə çalışdığı günlərə görə əmək haqqısını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehdən tutulmalı olan ödənilməmiş əmək haqqının məbləği ilə bağlı isə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əmək funksiyalarını icra etmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur: Vergiyə cəlb olunan məbləğ 8000 manatadək olduqda: 0 Vergiyə cəlb olunan məbləğ 8000 manatdan çox olduqda: Vergiyə cəlb olunan məbləğ *14% Hazırki mülki iş üzrə tərəf olan cavabdeh Şirkət - neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyici olduğundan, iddiaçının əmək haqqı məbləği də 8.000 manatadək olduğundan iddiaçı gəlir vergisi ödəməkdən qanunla azad edilmişdir. “Sosial sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. (cədvəldə göstərilir: Sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatdan çox olduqda 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi) Belə olan halda, iddiaçının əmək haqqından tutulmalı olan sığorta haqqı məbləği aşağıdakı kimidir. 6 manat+ 800 (1000-200) *10%=86 manat. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi məbləğində müəyyən edilir. Göründüyü kimi, işsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı * 0.5%, belə olan halda, iddiaçının əmək haqqı 1000 manat * 0.5%=5 manat. “Tibbi Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 15-2.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir; İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: 15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz . 16-4.3-cü maddəsinə əsasən bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir. Göründüyü kimi, işçinin əmək haqqı 8000 manatadək olduğundan icbari tibbi sığorta üzrə sığorta haqqının tutulmasında 2021-ci ilin dekabr ayının əmək haqqısında güzəşt tətbiq edilir. Belə olduğu təqdirdə işçinin əmək haqqı məbləği 1000 manat *1% (güzəştlə)= 10 manat. 2022-ci ilin yanvar ayının əmək haqqısında isə qeyd olunan güzəşt tətbiq edilmədiyindən işçinin əmək haqqı məbləği 1000 manat *2% (güzəştsiz)= 20 manat. Nəticə etibari ilə, əmək haqqı 1000 manat - Gəlir vergisi 0 - DSMF ayırmaları 86 manat - İşsizlikdən sığorta haqqı 5 manat - İcbari tibbi sığorta haqqı – 10 manat, yəni, 1000-86-5-10=899 manat işçiyə 2021-ci ilin dekabr ayı üçün yekun ödəniləcək məbləğdir. Əmək haqqı 1000 manat - Gəlir vergisi 0 - DSMF ayırmaları 86 manat - İşsizlikdən sığorta haqqı 5 manat - İcbari tibbi sığorta haqqı – 20 manat, yəni, 1000-86-5-20=889 manat işçiyə 2022-ci ilin yanvar ayı üçün yekun ödəniləcək məbləğdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əmək funksiyalarını icra etmişdir. Məhkəmə qeyd edir ki, 2021-ci ilin dekabr ayının cəmi iş günlərinin sayı 22, 2022-ci ilin yanvar ayının iş günlərinin sayı isə 18 gündür. Belə olan halda, iddiaçı dekabr ayında 6 iş günü, yanvar ayında isə cəmi 5 iş günü cavabdeh Şirkətdə öz əmək funksiyalarını icra etmişdir. İddiaçının çalışdığı günlərə görə əmək haqqı aşağıdakı kimi hesablanmalıdır. 899 (əmək haqqı məbləği) /22 (dekabr ayının iş günlərinin sayı)= 40,86 (bir iş gününə düşən məbləğ), iddiaçı da dekabr ayında cəmi 6 iş günü çalışdığından 40,86*6=245,16. Beləliklə, iddiaçıya 2021-ci ilin dekabr ayı üçün ödənilməli əmək haqqı 245,16 manat təşkil edir. 889 (əmək haqqı məbləği) /18 (yanvar ayının iş günlərinin sayı)= 49,38 (bir iş gününə düşən məbləğ), iddiaçı da dekabr ayında cəmi 5 iş günü çalışdığından 49,38*5=246,9. Beləliklə, iddiaçıya 2022-ci ilin yanvar ayı üçün ödənilməli əmək haqqı 246,9 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə iddianı “512,41 manat məbləğində əmək haqqının tutulması” hissəsində qismən əsaslı hesab edir və belə nəticəyə gəlir ki, iddiaçının işlədiyi günlərə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 492,06 manat (245,16+246,9) məbləğində əmək haqqı tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan əlavə, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göründüyü kimi, iddiaçının əmək haqqı gecikdirildiyindən iddiaçı gecikdirilmiş əmək haqqına görə 1 faiz miqdarında cavabdehdən ödənc tələb etməkdə haqlıdır. Lakin iddiaçı hazırda 1025 manat məbləğində ödənc tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçının gecikdirilmiş əmək haqqına görə ödəncin tutulmasını tələb etdiyi tarix xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci il tarixə qədərdir. (yanvar ayında 19 gün (31 gün -12 gün =19 gün ), fevral ayı 28 gün, mart ayı 31 gün, aprel ayı 30 gün, may 31 gün, iyun 30 gün, iyul 31 gün olduğu nəzərə alınıb həmin günlər toplanarsa, 19+28+31+30+31+30+31=200 gün alınar. Belə olan halda, gecikdirilmiş əmək haqqının 1% - i, yəni 492,06*1%=4,92, 4,92*200 gün=984 manat. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş əmək haqqına görə 984 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 3.5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarından həmçinin müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verildikdən sonra, xx.xx.2022-ci il tarixdə cavabdeh şirkət elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi bildirişi yerləşdirmiş, həmin tarixdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Hazırda iddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdə o, öz xahişi ilə işdən azad edildikdən sonra onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh Şirkətin onunla yeni əmək müqaviləsi bağlaması və həmin tarixdə də əmək müqaviləsinə xitam verməsi ona qarşı qərəzli münasibətdən irəli gəlmiş, bu onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi və onun bağlanmasına, habelə xitamına əsas olmuş bütün sənədlərin təsdiq olunmuş surətinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi Cavabdeh MMC-yə həvalə edilsə də, həmin qərardad cavabdeh tərəfindən qəsdən icra edilməmiş, icra şöbəsi tərəfindən bununla bağlı akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı bildirişin və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-gov.az elektron portalından silinməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Belə ki, ilk növbədə tərəflər arasında əmək müqaviləsi bağlanılmalı, daha sonra əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. Məhz bu prosedurlardan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minir. Hazırki işdə də iddiaçının bildirdiyinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmamışdır ki, bununla bağlı bildiriş elektron informasiya sisteminə daxil edilsin və həmin əmək müqaviləsinə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilsin. Əksi təkzib edilmədiyinə görə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia bu hissədə təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı bildirişin və xx.xx.2022-ci il tarixli saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi vəzifəsi cavabdeh Şirkətə həvalə edilməlidir. İddia tələbinin “2.000 məbləğində mənəvi və 742,8 manat məbləğində maddi zərərin tutulması” hissəsi ilə əlaqədar isə aşağıdakı normalar qeyd olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin Qeydi: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli və cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərə görə 100 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, cavabdeh Şirkət tərəfindən iddiaçıya əmək haqqının ödənilməməsini, bundan sonra isə iddiaçının adına hüquqi əsas olmadan əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə ƏM-nin 70ci maddənin “c” bəndi ilə xitam verilməsi barədə bildirişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-gov.az elektron portalına yerləşdirilməsi, iddiaçının pozulmuş hüquqları ilə bağlı dövlət orqanlarına, eləcə də məhkəməyə müraciət etməsi, uzun müddət gedən məhkəmə çəkişməsi iddiaçının normal həyatının axınını pozmuşdur. Ona görə də məhkəmə qeyd olunanların iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ola biləcəyi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin 742,8 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı işə düzəlmək üçün müraciət etdiyi və müsahibəyə dəvət aldığı, lakin işəgötürənlər tərəfindən işə qəbul edilmədiyini, buna səbəb isə cavabdehin onun barəsində elektron sistemə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməsi olduğunu bildirsə də, iddiaçı qeyd olunanlarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “direktor X12 tərəfindən təhqir olunmasına görə əlavə təzminatın tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı icraçı direktor X4 özünə məxsus mobil nömrə ilə ona WhatsApp audio yazısı göndərməklə onu təbrik etdiyini və saxta əmr verdiyini bildirərək, bundan sonra hara istəyir şikayət etməyini vurğuladığını qeyd etmiş və bununla bağlı səs yazısını məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə tərəfindən həmin audio səs yazısı tədqiq edilərkən həmin səsin hansı nömrədən iddiaçıya göndərilməsi və həmin səsin məhz X7 məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilmədi. Bundan əlavə, iddiaçı əlavə təzminatın tutulması hissəsində mülki prosessual qanunvericiliyin 149.2.2 və 149.2.3-cü maddələrinin tələblərini pozmuş, iddiaçı X8 ayrıca cavabdeh kimi cəlb etməmiş, cavabdeh kimi həmin şəxsin mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məlumatlarını, eləcə də tutulmasını xahiş etdiyi təzminatın konkret miqdarını ərizəsində göstərməmişdir. Odur ki, məhkəmə qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin təsisçisi və direktoru barəsində xüsusi qərardadın çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən vəsatət kimi qiymətləndirilmiş və təmin edilməməsi qənaətinə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı göstərilən şəxslərin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmamışdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 7 manat rabitə xərclərinin tutulması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin xərcin çəkilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iddia tələbinin 50 manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun tutulması hissəsi ilə əlaqədar hesab edir edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə olan halda cavabdehdən 22 manat məbləğində mediasiya xərci, 13 manat məbləğində isə dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ödənilməmiş əmək haqqına görə 492,06 manat, gecikdirilmiş əmək haqqı üçün 1 faiz miqdarında ödəncə görə 984 manat, vurulmuş mənəvi zərərə görə 100 manat olmaqla, cəmi 1.576,06 manat məbləğində vəsait alınaraq İddiaçı ödənilməli, İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı bildirişin və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından) silinməsi vəzifəsi Cavabdehnə həvalə edilməli, həmçinin, Cavabdehndən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 22 manatı və dövlət rüsumunun isə 13 manatı tutularaq iddiaçıya verilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən ödənilməmiş əmək haqqına görə 492,06 manat, gecikdirilmiş əmək haqqı üçün 1 faiz miqdarında ödəncə görə 984 manat, vurulmuş mənəvi zərərə görə 100 manat olmaqla, cəmi 1.576,06 (min beş yüz yetmiş altı manat, altı qəpik) manat məbləğində vəsait alınaraq İddiaçı ödənilsin. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı bildirişin və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından) silinməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin 22 (iyirmi iki) manatı və dövlət rüsumunun isə 13 (on üç) manatı tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar