Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4166/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “qərar və qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, Cavabdeh2 300 kv.m torpaq sahəsinin ayrılmasına dair Binəqədi rayonu X2 tərəfindən verilmiş 30 dekabr 2005-ci il tarixli, 2077 saylı qərarın və bu qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanların siyahısına daxil edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs Həmin qanunun 2.0.2-ci maddəsində isə qeyd edilmişdir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı X1 torpaq sahəsinin ayrılmasına dair qərarından narazıdır və bu səbəbdən onun etibarsızlığını və həmin qərarın əsasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsızlığını tələb edir. Odur ki, mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən irəli gələn fəaliyyəti və ya hərəkətləri ilə bağlıdır və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və nəticədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “qərar və qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu ödənişi edən Nümayəndə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4166/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4166/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver