Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4176/2022 13.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə öz vəsaiti hesabına Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 32,6 kv.m. olan qeyri-yaşayış sahəsini (qarajı) 100.000 manata almışam. İddiaçı həmin qeyri-yaşayış sahəsini (qarajı) oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. Oğlu ilə iddiaçı arasında olan razılaşmaya əsasən o, göstərilən qeyriyaşayış sahəsini (qaraji) özgəninkiləşdirə bilməzdi. Buna baxmayaraq Cavabdeh1 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 32,6 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) 16 sentyabr 2020-ci ildə Cavabdeh2 bağışlanmış və bununla da iddiaçının hüquqları pozulmuşdur. 16 sentyabr 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 32,6 kv.m. olan qeyriyaşayış sahəsinə (qaraja) dair bağışlanma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə əsassız və qanuna ziddir. Belə ki, Cavabdeh1 İ dərəcəli əlildir və beyin infarktının nəticəsində müstəqil əqdlər bağlaya bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh1 diaqnozu: “beyin infarktının nəticələri, hər iki yarımkürədə keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Digər və dəqiqləşdirməmiş koordinasiya pozğunluğu, koordinator-statik pozğunluqlar. Disfaziya və afaziya. Total motor afaziya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin astenonevrotik sindrom. Hemiplegiya, sağ tərəli dərin hemiparez”. Bu diaqnozdan görünür ki, Cavabdeh1 müstəqil düzgün qərar vermək iqtidarında deyil. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yaxınlığındal yerləşən, ümumi sahəsi 32,6 kv.m. olan qeyri-yaşayış sahəsinə (qaraja) dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 16 sentyabr 2020-ci il tarixində bağlanmış bağışlanma müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlakı iddiaçının xüsusi mülkiyyəti kimi adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 (etiraz) ərizəsi xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizədə aşağıdakılar göstərilmişdir: “ ... mübahisəli daşınmaz əmlak Bakı şəhəri 12 saylı Notariat X1 ilə Cavabdeh1 arasında xx.xx.2019-u il tarixdə daşınmaz əmlakın alqı satqısı barədə müqavilə əsasında 9100 manat 25 qəpik məbləğində alınmışdır. Buradan görünür ki, həmin əmlak İddiaçı iddia etdiyi 100000 manata deyil, 9100 manata alınmışdır. İddiaçının 100000 manata əmlakın alınması ilə bağlı qeyd etdiyi məlumatın yanlış olduğu təsdiqlənir. Daha sonra həmin əmlak mülkiyyətçisi Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Orqanında Cavabdeh2 daşınmaz əmlakın bağışlanması barədə müqavilə əsasında bağışlanmışdır. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və bir neçə məhkəmə iclası keçirilmiş, tərəflər məhkəmə iclasına gəlmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1003/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. ... İddiaçı xx.xx.2020-ci ildə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, o sonradan məhkəməyə gəlməmiş və məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. Yəni iddiaçı əqdin etibarsız hesab edilməsi ilə bağlı verdiyi iddiadan artıq 1 il 8 ay müddət keçdiyindən həmin tələblə bağlı məhkəməyə qanunvericiikdə nzərə tutulmuş müddəti ötürdüyündən iddia müddəti tədbiq edilməli, və iddia tələbi rədd etməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. ... İddiaçı Cavabdeh1 anasıdır. Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır. Cavabdeh1 mübahisə edilən qeyri yaşayış sahəsini xx.xx.2019-cu ildə X2 Bakı şəhəri 12 saylı notariat kontorunda alqı-satqı edərək almışdır. Sonradan xx.xx.2020-ci ildə Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzində bağışlanma müqaviləsi bağlayaraq qeyri yaşayış sahəsini həyat yoldaşına bağışlayıbdir. İddiaçı həmin qarajın alınamsı üçün 100000 min manat verib, alq satqı müqaviləsindən görünür ki, qaraj 9100 manat məbləğində alınmışdır. Həmin pulu Cavabdeh1 özü vermişdir. Yəni İddiaçı qarajın alınamsı ilə bağlı iddia etdiyi 100000 min manat pulu verməsi heç bir rəsmi sənədlə sübuta yetmir. Əksinə müqavilələrin hər ikisinin notarial qaydada bağlanamsı sübut edir ki, İddiaçı bu iddianı qaldırması üçün heç bir subyektiv hüququ belə olmamışdır”. Cavabdehin nümayəndəsi və vəkili yuxarıda qeyd olunanlara əsasən, iddiaçının iddia tələbi irəli sürməsi üçün subyektiv hüququnun olmamasını və əqdlərin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməsini nəzərə alaraq, iddia müddətinin tətbiqini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 işin mahiyyəti üzrə həll olunmasını tələb etdi və məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, Cavabdeh1 fiziki olaraq xəstədir, bədən üzvlərinin əsməyini idarə edə bilmir, lakin psixi olaraq tam sağlam insandır, hərəkətlərinin mənasını tam olaraq dərk edir və bu hal, təbii ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanarkən notarius tərəfindən yoxlanılmışdır. Mübahisə predmeti qeyri-yaşayış sahəsidir. X8 öz puluna alıb və hal-hazırda onlar həmin qeyri-yaşayış sahəsini 200 manata icarəyə verərək, bununla dolanırlar. İddiaçı cavabdehlər arasında müqavilənin bağlanmasından çoxdan xəbərdar idi. O, həmin müqaviləni Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hələ 2020-ci ildə mübahisələndirmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1003/2001 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət həmin tarixdən hesablansa belə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müddəti artıq ötürmüşdür. Eyni zamanda iddiaçının ümumiyyətlə həmin müqaviləni mübahisələndirmək hüququ yoxdur. Belə ki, Cavabdeh1 öz puluna aldığı və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair azad şəkildə sərəncam vermək hüququna malikdir və bu hal iddiaçının hüquqlarına hər hansı formada toxunmur. Qeyd olunanlara əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş notariat işinin materiallarından görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında Daşınmaz əmlakın bağışlanması müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi olan 32,6 kv.m. qeyri-yaşayış binasını (qarajı) Cavabdeh2 bağışlamışdır. Həmin müqavilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş və notarius qeyd etmişdir ki, “... müqaviləni tərəflər şəxsən özləri mənim iştirakım ilə imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın Cavabdeh1 məxsus olması yoxlanılıb”. İş materiallarında olan Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin hakimi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavabda aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)- 1003/2021 saylı mülki iş xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və icraata götürülmüş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1003/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır”. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 "ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Əmı̇ rcanov Elxan Tamraz oğlundan xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmənin mövqeyinə görə, iddiaçı hazırkı bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik deyil. Belə ki, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə üç yerə bölünür: hüquq münasibəti əmələ gəlir; hüquq münasibəti dəyişir; hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna üç element daxildir: münasibətin subyekti; münasibətin obyekti; münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan üç elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan üç elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan üç elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Belə ki, birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (hədiyyə verən və ya hədiyyə alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (qaraja) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (hədiyyə alanın hədiyyəni qəbul etmək hüququ) və hüquqi vəzifə (hədiyyə verənin hədiyyəni vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Eyni zamanda cavabdehin ərizəsində istinad etdiyi ikinci dəlilə münasibətdə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. ... maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. ... Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Beləliklə, iş materiallarından göründüyü kimi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aldığı qeyri-yaşayış sahəsini arvadı Cavabdeh2 bağışlamış, bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmış, İddiaçı həmin bağışlama müqaviləsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mübahisələndirmiş, tərəflər məhkəmə iclasına gəlmədiyindən həmin iddia ərizəsi baxılmamış saxlanılmış, halhazırda iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, cavabdehlər arasında bağlanmış müqavilənin onun hüquqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu dəfə də məhkəmənin çağırışlarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4176/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4176/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver