Məhkəmə qərarları › İş №2(001)-4197/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4197/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4197/2020 21.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə B-104/03 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə ilə kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2, yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B01 saylı mənzilin payçıya verilməsi barədə öhdəlik götürmüşdür. Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1300 manat təşkil etməklə mənzilin ümumi dəyəri 127959 manat təşkil etmiş və payçı İddiaçı ümumi məbləği xx.xx.2018-ci il tarixdə 080 saylı maliyyə arayışı ilə MTK-ya tam ödəmişdir. İddiaçı dəfələrlə inşa olunan binaya getmiş, mənzilin vəziyyəti ilə maraqlanmış, iddiaçıya mənzillərin sakinlərə müqavilədə qeyd olunan müddətdən əvvəl təhvil veriləcəyi də bildirilmişdir. Lakin təxminən 2020-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsində Cavabdeh MTK-nın ofisinin yerində Orxan-TİT MMC-nin əməkdaşları yerləşərək kooperativdən mənzil alan sakinlərə Cavabdeh MTK-nın qeyd olunan binada mənzil satmaq hüququnun olmaması, Cavabdeh MTK-nın podratçı şirkət olaraq yalnız tikinti işləri aparmaq səlahiyyətinin olmasını bildirmişlər. Bu anlaşılmazlıq ilə bağlı iddiaçı Orxan-TİT MMC-də olmuş və oradan iddiaçıya İddiaçı aid ünvan 1 ünvanında inşa olunan binada mənzilin olmaması bildirilmişdir. İddiaçı həmçinin digər mənzil alan şəxslərlə dəfələrlə Cavabdeh MTK-da olmuş və oradan problemlərin tezliklə həll olunacağı deyilsə də, artıq 4 aydan çoxdur ki, sakinlərin xeyrinə heç bir müsbət nəticə yoxdur. Həmçinin xx.xx.2020-ci il tarixdə 377 saylı Ədalət Vəkil Bürosunun sorğusu ilə Cavabdeh MTK-ya müraciət edərək qeyd olunan binaya münasibətdə kooperativin hansı hüquqlarının olması barədə məlumat verməklərini xahiş etsələr də, bu günə qədər cavab ala bilməmişlər. Eyni mənzumlu suallarla Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Orxan- TİT MMC-yə müraciət olunmuş lakin nəticəsi olmamışdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa olunan binaya və oradakı mənzillərə dair sərəncam vermək hüququ olmamış, yanlız tikinti işləri aparmaq üçün Orxan-TİT MMC-dən sifariş almışdır. xx xxxxxx 2018-ci il tarixli B-104/03 saylı müqaviləyə və xx xxxxxx 2018-ci il tarixli 080 saylı maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh MTK-ya 127959 manat ödəniş etmiş, lakin Orxan-TİT MMC-yə məxsus ərazidə inşa olunan binaya Cavabdeh MTK-nın heç bir aidiyyatı olmadığı üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ ona geri qaytarılmalıdır. Kooperativin mənzil satmağa hüququ olmadığı üçün tərəflər arasında bağlanmış müqavilə özlüyündə etibarsız əqddir. Cavabdeh qanunsuz şəkildə iddiaçının pulunu ələ keçirmiş, əsassız şəkildə varlanmışdır. İddiaçı Cavabdeh MTK tərəfindən aldadılaraq əqd bağlanılmış və iddiaçının əmlakı ələ keçirilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı dərin mənəvi sarsıntı və iztirablar keçirmişdir. Həmin pulu iddiaçı uzun illər zəhməti bahasına mənzil sahibi olmaq üçün toplamış, lakin məlum olmuşdur ki, cavabdehin həmin binaya və mənzillərə dair sərəncam vermək üçün heç bir səlahiyyəti, hüququ yoxdur. İddiaçının psixoloji vəziyyəti çox ağır formada pozulmuş, əsəb sistemi tarıma çəkilmişdir. Bütün bunlar cavabdehin qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Ona görə də İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış B-104/03 saylı müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh MTK-dan mənzilə görə aldığı 127959 manat, mənəvi ziyana görə 20000 manat, vəkilə ödənilən xidmət haqqına görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 148289 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunan məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanda xx.xx.2018-ci il tarixdə B.B.Abbaslı, V.A.Cavadov, A.T. Müseyibov, D.T.Rəsulov, A.T.Əliyev Cavabdeh MTK-nı təsis etmişlər. Podratçı Cavabdeh MTK ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi Orxan TİT MMC ilə xx.xx.2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə bağlamış, həmin müqavilə xx.xx.2019-cu il tarixdə tərəflər arasında imzalanan razılaşmaya əsasən ləğv edilmişdir. xx.xx.2018-ci il tarixli 0507/01-18 nömrəli müqaviləyə əsasən Orxan TİT MMC tərəfindən Cavabdeh MTK-ya ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasında inşa olunan mənzillərin satılmasına dair səlahiyyət verilməmişdir. Bu səbəbdən Cavabdeh MTK özü onun adından bağlanan bir neçə müqavilənin etibarsız hesab edilməsi, D.T.Rəsulovun və başqalarının MTK-ya vurduqları ulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MTK-nın icraçı direktoru X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli B-104/03 saylı müqavilədə etibarsız müqavilədir. Cavabdeh MTK-ya sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sifarişçi Orxan TİT MMC ilə podratçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli № 0507/01-18 saylı müqavilənin surətindən müəyyən olunur ki, podratçı ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair sifarişçinin texniki tapşırığının şərtlərinə uyğun olaraq yerinə yetirilən tikinti quraşdırma işlərini müvafiq qaydada təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.1-4.2.22-ci bəndlərindən müəyyən olunur ki, müqavilə üzrə podratçının hüquq və vəzifələri aşağıdakılardır: tikinti norma və qaydalarına riayət etməklə layihə-smeta sənədlərinə tam uyğun olaraq müqavilə üzrə tikinti-quraşdırma işlərini öz gücünə, müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirir, təmiri başa çatdırılmış obyekti istismara təhvil verir; yerinə yetirilən işlərin, istifadə olunan material və konstruksiyaların keyfiyyətinə görə məsuliyyət daşıyır; obyektin işçi sənədlərini hazırlayır; qrafik üzrə, müqavilə qiymətləri dəyərində tikintiyə lazım olan materialları, avadanlıqları, konstruksiyaları, komplektiəşdirici məmulatları və inşaat texnikasını inşaat meydançasına gətirir və onların qəbul edilməsini, boşaldılmasını və işlərin görülməsi üçün buraxılmasını təmin edir; obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür; inşaat meydançasına gətirilən və əmlakın o cümlədən inşaat materiallarının, maşınların, avadanlıqların boşaldılmasını, akt üzrə qəbulunu, saxlanmasını və işlərin görülməsi üçün buraxılmasını yerinə yetirir; lazım gəldikdə işlərin yerinə yetirilməsi üçün istifadə olunan maşın, avadanlıq, alət və qurğuların təmirini, onlara texniki xidməti yerinə yetirir; işlərin icrası dövründə obyektdə yanğına qarşı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi tədbirlərinin yerinə yetirilməsini təmin edir, bununla əlaqədar məsrəfləri öz üzərinə götürür; obyekti lazımi işıqlandırıcı qurğularla təmin edir və lazım gələrsə, meydançanı hasarlayır; sifarişçi ilə razılaşdırılmış qaydada texniki və başqa vasitələrlə obyektin mühafizəsini təmin edir; müqavilə üzrə tikinti işlərinin yerinə yetirilməsi üçün obyektə lazım olan müvəqqəti qurğu və kommunikasiyaların tikintisini yerinə yetirir; təmir-tikinti işinin gedişi prosesində müntəzəm olaraq obyekti inşaat tullantılarından təmizləyir və tikinti-quraşdırma işləri tamamlandıqdan sonra son təmizləmə işlərini aparır; gizli işləri müayinə üçün sifarişçiyə təqdim edir və onunla bu haqda gizli aktları tərtib edir; gizli işlərin aktlarını və mühüm konstruksiyaların aralıq qəbulu aktlarını qəbul komissiyasına təqdim edir; sifarişçinin tələblərinə uyğun olaraq təchizatla əlaqədar bağlanmış müqavilələr, aparılmış ödəmələr, həmçinin yerinə yetirilmiş işlər üzrə ödəmələr haqqında sifarişçiyə məlumat verir; bütün işlər başa çatdıqdan sonra artıq qalan özünə aid material və avadanlıqların obyektdən çıxarılmasını, o cümlədən sifarişçinin göndərdiyi material və avadanlıqların geri qaytarılmasını təmin edir; yerinə yetirilmiş işlərin keyfiyyətinə verilən təminat müddəti ərzində özünün təqsiri üzündən yaranmış qüsür və çatışmamazlıqları öz vəsaiti hesabına aradan qaldırır; şifariş hazır olduqda onu təhvil-təslim aktı ilə təhvil verir; bu müqavilədən irəli gələn öhdəliklərin icrası zamanı əldə etdiyi sifarişçinin kommersiya sirrinin konfidensiallığını qoruyub saxlayır, bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edir və onların pozulmasına yol vermir; öz iş icraçılarının partlayış və yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərinə əməl edilməsinə nəzarət edir; öz iş icraçılarının ərazidə yanğın təhlükəsizliyi qaydalarına, daxili rejim, nizam-intizam qaydalarına riayət edilməsini təmin və tələb edir. Podratçı Cavabdeh MTK-nın icraçı direktoru X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh MTK dəyəri ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzili təmirsiz vəziyyətdə payçıya təhvil verməyi, payçı İddiaçı isə mənzilin hər m2 dəyəri 1300 manat olmaqla 127959 manatı Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli № 080 saylı maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzilinin dəyərini tam ödəmişdir. Arayış Cavabdeh MTK-nın icraçı direktoru X3 tərəfindən imzalanaraq Cavabdeh MTK-nın möhürü ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Ədalət Vəkil Bürosuna 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X8 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli № 0507/01- 18 saylı müqaviləyə əsasən şifarişçi Orxan TİT MMC podratçı Cavabdeh MTK-ya ünvan 3 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa etməsini sifariş etmiş, sonuncu səlahiyyəti olmadığı halda xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqaviləyə əsasən inşasını ödəsinə götürdüyü həmin binada yerləşən mənzili yəni, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan 2 otaqdan ibarət B01 saylı mənzili hər m2 dəyəri 1300 manat olmaqla cəmi 127959 manata inşa edərək İddiaçı təhvil verməyi öhdəsinə götürərək özünün xx.xx.2018-ci il tarixli № 080 saylı maliyyə arayışına əsasən mənzilin dəyərinin tam olaraq almasını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin prinsiplərinə əsasən mülki hüquq subyektləri müqavilə azadlığı hüququna malikdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM-nin 6, 389-390-cı mad) Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. (MM-nin 358.1., 358.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normaların tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla Cavabdeh MTK-ya bağladığı xx.xx.2018-ci il tarixli № 0507/01-18 saylı podrat müqaviləsinə əsasən inşa etməli olduğu binada yaşayış və ya qeyri-yaşayış sahələrinin inşasını üçüncü şəxslər üçün icra etməsinə və bunun əvəzini almasına dair Orxan TİT MMC tərəfindən səlahiyyət verilmədiyindən məhkəmə iddiaçının podratçı Cavabdeh MTK-nın icraçı direktoru X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli B-104/03 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduqlarından məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilə üzrə ödənilən 127959 manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. X8 Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. X8 Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, nəzərə alıb mənəvi ziyana görə cavabdehən iddiaçının xeyrinə 1000 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Podratçı Cavabdeh MTK-nın icraçı direktoru X3 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-104/03 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 127959 manat, mənəvi zərərə görə 1000 manat, məhkəmə xərclərinə görə 330 manat olmaqla cəmi 129289 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar