Məhkəmə qərarları › İş №2(001)-42/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-42/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-42/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra dəqiqləşdirməklə Cavabdeh mənzilindən axıdılan suyun nəticəsində yararsız hala düşmüş mənzilin təmir işləri üçün tələb olunan 2500 manat maddi, 500 manat mənəvi və hazırda suyun axıdılması nəticəsində yararsız hala düşmüş mənzilinin cavabdehin hesabına təmir edilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İşin hallarından müəyyən edilir ki, iddiaçı ekspert vəsatətinə əsasən təyin edilmiş tədqiqat obyektinə baxışda da iştirak etməmiş və şifahi qaydada artıq iddia tələbinə hüquqi marağının olmadığını bildirmişdir. Bundan sonra təyin edilmiş məhkəmə iclasında iştirak etməyərək iddiaya baxılmasında marağının olmadığını bir daha nümayiş etdirmişdir. Bu səbəbdən də məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkünsüz olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah edilməlidir ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar