Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4203/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X2, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN-nin Sabunçu Rayon Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN-nin Sabunçu Rayon Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN-nin BDYPİ-də bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 04.12.2020-ci il tarixli AD977155 saylı şəhadətnamənin ləğv edilməsi, avtomobilin qaytarılması barədə qətnamə, Cavabdeh1 və 12-ci PB-nin əməkdaşı Bəxtiyarın əməllərində CM-nin 181-ci maddəsinin tərkib əlamətləri olduğu üçün hüquqi qiymət verilməsi üçün müvafiq Prokurorluq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı il buraxılışlı, mavi-metallik rəngli, ** TZ *** dövlət nömrə nişanlı “KİA Picanto” avtomobili, mühərrik G4HG6M948004, ban: KNABA24337T383286 M.İ.H: 1086 iddiaçının şəxsi mülkiyyətində olmuşdur. Xəstəliyi ilə əlaqədar, maddi vəziyyətininə görə avtomobilini lombarda girov qoyub müalicə alması üçün 2700 manat pul götürmüşdür. Bundan məlumatı olan Cavabdeh1 lombardın pulunu ödəməklə avtomobilin girovdan çıxarılmağını iddiaçıya təklif etmişdir. Onun təklifinə etiraz etdikdə isə onların tanış olduqlarını, pulu olanda qaytarmasını bildirmişdir. O, aralarında borc müqaviləsi bağlanması şərti ilə razılaşacaqlarını demişdir. Cavabdeh1 isə aralarında 3000 manata görə müqavilə bağlanmasına ehtiyac olmadığını bildirmişdir. O, razılaşmış və ondan 2700 manat və lombard faizi 600 manat alıb avtomobili girovdan çıxarmışdır. Bundan sonra Cavabdeh1 onunla yaxınlıq etmək istəmiş, ona ağır sözlər dedikdən sonra onu hədələməyə başlamış və pulun tez qaytarılmasını tələb etmişdir. Hal-hazırda pulu olmadığını, tezliklə qaytaracağını dedikdə isə, ona hədə-qorxu gələrək hədələmişdir. Onun hədəsindən qorxduğu üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci bölməsində əməliyyat müvəkkili işləyən Bəxtiyar adlı şəxsə müraciət etmiş, o da tədbir görəcəyini demişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 yenə də onu hədələyəndə Bəxtiyara zəng vurmuşdur. Səhəri gün 12-ci Polis bölməsinin yanından avtomobillə keçərkən qəflətən əməliyyat müvəkkili Bəxtiyar öz avtomobili ilə qarşısını kəsmiş və avtomobildən düşərək onun avtomobilinin qapısını açaraq əli ilə boynundan tutaraq zorla, fiziki güc tətbiq edərək avtomobildən düşürüb bölməyə aparmış, kabinetinə daxil olanda Cavabdeh1 də orada olduğunu görmüşdür. Cavabdeh1 yanında ondan Şəmsiyə borclu olduğu üçün qəbz yazmasını tələb etmişdir. Ona zorla qəbz yazdırarkən 3300 manat əvəzinə 4800 manat yazdırmışdır. Sonra əməliyyatçı Bəxtiyar onu avtomobilə otuzdurub 5 saylı ASAN xidmətə gətirmişlər və ondan avtomobilinə görə Şəmsiyə etibarnamə verməyi tələb etmişlər. Ona və həyat yoldaşına təhlükə olduğuna görə notariat ofisində 03.12.2020-ci ildə etibarnamə vermişdir. Avtomobilini isə 12-ci Bölmənin həyətində saxlamışdılar. Həmin gün hər hansı bir səbəb və zəruriyyət olmadan qanunsuz olaraq şəxsi mülkiyyətini zorla əlindən almışlar. Səhəri gün 04.12.2020-ci ildə Şəmsiyə verdiyi etibarnaməni ləğv etmişdir. Bundan sonra o 04.12.2020-ci il tarixdə avtomobilini öz qohumu Cavabdeh2 adına formal olaraq BDYPİ-də alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir, yəni ona satmışdır. Həmin gün 102 xidmətinə zəng vurduqdan sonra onu Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə çağırdılar və izahat aldılar. Bakı şəhəri Nizami rayon Pİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Fuad Qazıyev cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 mart 2021-ci il tarixli qərar qəbul etmişdir. X6, Bəxtiyarın və qohumu İslamın izahatları alınmadığı bir daha sübut edir ki, onun şikayətinə baxılmamışdır. İş üzrə cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində ona xeyli miqdarda ziyan vurulmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, vəkil xidmətindən istifadə etdiyinə görə ödənilmiş 210 manat, ödənilmiş 10 manat dövlət rüsumu və avtomobilindən qanunsuz istifadə etdiklərinə görə 2000 manat pulun və mənəvi zərərə görə 10000 manat pulun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenidən məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2 Cavabdeh1 verdiyi etibarnamə əsasında ** TZ *** dövlət nömrə nişanlı “KİA Picanto” avtomobilinə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış 01.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili A.İsgəndərov iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 hazırda Cavabdeh4 avtomobilin mülkiyyətçisi olduğunu qeyd etmişdir və iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan : -25.03.2021-ci il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. -Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli məktubdan görünür ki, 12 aprel 2021-ci il tarixli 142 nömrəli məktubuna cavab olaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “KİA PİCANTO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən müəyyən olunur ki, qeyd olunan avtomobil 04.12.2020-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan avtomobilin etibarnamə ilə 28.11.2020-ci il tarixdən 28.12.2021-ci il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 28.11.2020-ci il tarixdən 28.12.2021-ci il tarixədək Cavabdeh1 “KİA PİCANTO” markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermişdir. - Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı 12.03.2020-ci il tarixdə “KİA PİCANTO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 7800 (yeddi min səkkiz yüz) manata X5 almışdır. - Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında) 04.12.2020-ci il tarixdə “KİA PİCANTO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 (yeddi min) manata Cavabdeh2 satmışdır. - Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 01.05.2021-ci il tarixdə “KİA PİCANTO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 (yeddi min) manata Cavabdeh4 satmışdır. Baxılan iş üzrə mübahisəli avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən avtomobilin dəyərinin İddiaçı ödənilmədiyi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsiledilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun tələbindən görünür ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin təmsilçi vasitəsi ilə bağlanmasından asılı olmayaraq həmin əqdin tərəfləri üçüncü şəxs və təmsil olunandır. Bu baxımdan müqavilənin qarşı tərəfi əqd üzrə bütün tələblərini, o cümlədən əqd üzrə verdiklərini geri almağı yalnız müqavilənin qarşı tərəfindən tələb edə bilər. Bu zaman üçüncü şəxslərə münasibətdə əqd üzrə ödənilmiş pulun təmsilçi tərəfindən təmsil olunana verildiyi ehtimal edilir. Həmin pul təmsil olunana verilmədiyi halda həmin vəsaiti təmsilçidən tələb etmək hüququ təmsil olunana məxsusdur. Diqqətəlayiqdir ki, mülki qanunvericilik əqdin qarşı tərəfinin əqdin icrasını və ya dəymiş zərərin əvəzini təmsilçidən tələb etmək hüququnun olduğu halları birbaşa tənzimləyir. Belə əsaslara təmsil edilənin adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyətinin olmadığı və ya bu səlahiyyətin aşıldığı hallar aiddir (Mülki Məcəllənin 360.1-ci maddəsi). Baxılan iş üzrə iddiaçı belə halların mövcudluğuna istinad etməmiş və məhkəmələr tərəfindən bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Göründüyü kimi istinad olunan maddədə də etibarsız əqd üzrə alınanları qaytarmaq öhdəliyi məhz əqdin tərəflərinin üzərinə qoyulur. Maddə 362.1 Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 366.2 . Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə iclasında verilmiş izahatlardan məlum olur ki, iddiaçının Cavabdeh1 müəyyən bir məbləğdə borcu vardır (borcun mövcud olması mübahisəsiz haldır). Həmçinin iddiaçı bildirmişdir ki, onun Cavabdeh1 avtomobilə dair etibarnamə verməsinin səbəbi sonuncunun həmin avtomobili sataraq borcunun həmin məbləğdən geri alması olmuşdur. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən İddiaçı 03.12.2020-ci il tarixdə (sistemə daxil edilmişdir: 03.12.2020 17:26) bir il müddətinə səlahiyyətlərini etibar etməklə Cavabdeh1 etibarnamə vermişdir. Sonrakı gün 04.12.2020ci il tarixdə saat 09:12:46-da (sistemə daxil olunma vaxtı qeyd olunmamışdır)verdiyi etibarnaməni ləğv etdirməklə etibarnaməyə xitam verilmişdir . Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh1 04.12.2020-ci il tarixdə avtomobilə dair alqı-satqı müqaviləsi bağladığı vaxt onun etibarnaməyə xitam verilməsi barədə məlumatı olmamışdır. Belə ki, iddiaçı bunun əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki məlumat vermək vəzifəsi etibarnamə vermiş şəxsin əsas vəzifəsidir. Etibarnaməyə xitam verilməsi müəyyən hüquqi nəticəyə səbəb olur. Bu nəticə etibarnamə əsasında nümayəndəyə verilmiş səlahiyyətinə xitam verilməsindən ibarətdir. Bu nəticənin yaranması etibar edən və ya nümayəndə bəzi hərəkətləri yerinə yetirmək vəzifəsi daşıyır. Məlumat vermək vəzifəsi etibarnamə vermiş şəxsin əsas vəzifəsidir. Bu vəzifəyə görə o, nümayəndəni, yəni etibarnamə verilmiş şəxsi, habelə üçüncü şəxsi etibarnaməyə xitam verilməsi barədə xəbərdar etməlidir. Etibarnamə, qeyd edilən kimi, mülki qanunvericiliklə nəzərdə tutulan hüquqi faktlardan birinin baş verdiyi andan xitam edilir. Etibarnaməyə xitam verildikdən sonra nümayəndəlik səlahiyyətsiz nümayəndəlik hesab edilir, yəni nümayəndənin səlahiyyətinə də xitam verilir. Amma bu qaydadan istisnaya yol verilir. Belə ki, nümayənədənin etibarnamənin xitam olunmasını bildiyi və ya bilməli olduğu vaxtda qədər etibarnaməni alan şəxsin hərəkətləri nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs üçün üçüncü şəxslərlə münasibətlərdə öz qüvvəsini saxlayır (MM 366.2-ci maddə). Belə halda təmsil olunan nümayəndə tərəfindən bütün icra edilənləri qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Baxılan iş üzrə Cavabdeh4 mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmışdır. 01.05.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamışdır. İş materiallarında Cavabdeh4 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Məhkəmə iddiaçının müqavilə bağlanan vaxt etibarnaməyə xitam verilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, müqavilə təsdiq olunan zaman elektron portalda həmin etibarnamənin xitam olunması barədə heç bir məlumat mövcud olmamışdır. Ona görə də həmin vaxt avtomobilə dair alqısatqı müqaviləsi təsdiq edilmişdir. Bununla belə sonradan etibarnaməyə xitam verilməsi barədə məlumatın mövcudluğu və məhkəməyə əqdin etibarsızlığı barədə müraciət olunması vicdanlı alıcı olan Cavabdeh4 hüquqlarını heç bir halda poza və məhdudlaşdıra bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülkiyyətin vicdanlı əldə edilməsi ilə qanunverici mülki hüquqi dövriyyəni qorumaq istəyir. Daşınmaz əmlakla bağlı hüquqların reyestrə daxil edilməsi halında olduğu kimi daşınar əmlakla bağlı da, belə prezumpsiya mövcuddur ki, əşyanın mülkiyyətçisi kimi çıxış edən əşyanın sahibi, özünün sahibliyi müqabilində mülkiyyətçi kimi qəbul edilir. Hüquqi müqavilə dövriyyəsinin vicdanlı iştirakçısı hüquqi sabitliyin təmin edilməsi baxımından buna etibar etmək iqtidarında olmalıdır. Mülkiyyətin qorunması ilə hüquqi sabitlik arasında olan labüd gərginlik sahəsinin tənzimlənməsi qanunvericinin işidir və bu tənzimləmə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə də heç bir ziddiyyət təşkil etmir. Məhkəmənin qənaətinə görə, hətta iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi əsassız və etibarsız olsa belə, iddiaçının pozulmuş hüquqları mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh4 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR DİN-nin Sabunçu Rayon Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı “KİA PİCANTO” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi əsasında ona ödənilməli olan pul məbləğini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak etmiş şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4203/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4203/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver