Məhkəmə qərarları › İş №2(001)-4206/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4206/2021

10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4206/2021 10.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh1 (eyni zamanda Cavabdeh2 nümayəndəsi qismində) və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evin bütün otaqlarından maneəsiz istifadə etmə, otaqların qapılarından qıfılların və video kameraların sökülərək çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evin bütün otaqlarından maneəsiz istifadə etmə, otaqların qapılarından qıfılların və video kameraların sökülərək çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəcəfova (Orucova) X1 İlham Həbib oğlu ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan onların iki uşaqları doğulmuşdur. İddiaçı ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, ev 17 B saylı evi valideynlərinin dəstəyi, köməyi ilə tikərək orada ailəsi - yəni əri və uşaqları ilə birgə yaşamışdır. İddiaçıya məxsus cehiz əşyaları da həmin evdə onun istifadəsində olmuşdur. Bir müddət iddiaçı əri ilə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-498/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının əri X2 ilə olan nikah münasibətlərinə xitam verilmiş, azyaşlı uşaqların iddiaçının yanında saxlanması qət edilmişdir. Ailə münasibətlərində gərginlik yarandığı zaman iddiaçı evindən qovulmuş və nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdehlər tərəfindən həmin evə buraxılmadı. Hətta bununla bağlı iddiaçının cavabdehlərə qarşı birgə nikah dövründə tikdirdiyi evə köçürülmə barədə iddia tələbi ilə bağlı məhkəmə araşdırması olmuş, iddia tələbi təmin edilmiş və mübahisəli evə köçürülmüşdür. İddiaçı məhkəmə qərarına əsasən evə köçürüldükdən sonra orda azyaşlı uşaqları ilə yaşamağa başlamış, lakin icra məmuru onu bütövlükdə evə köçürdükdən sonra cavabdeh özbaşına olaraq iddiaçının puluna tikilmiş evdə qanunsuz olaraq yerləşməklə istədiyi hərəkətlər elməklə onda qıcıq yaratmağa hər vəclə onu evdən qovmağa çalışırlar. Belə ki. onun evində bütün otaqların qapılarını kilitlə bağlamış, cehiz əşyalarını əsassız və qanunsuz olaraq həyətdəki anbara yığmış, cehiz əşyalarını həmin otaqlara yığmağa icazə vermir, evin bütün otaqların videokamera çəkməklə iddiaçını polisə tutduracağı ilə hədələyir. İnternet şəbəkəsini yayan WiFi aparatını bağlı saxladığı otağa yerləşdirməklə internetdən istifadə etməyə mane olur. İddiaçının razılığını olmadan həyətdəki otaqları satmağa cəhd edir ki, həmin yerləri kirayə verərək qazanc əldə etsin. Ümumi istifadə olan həyətdə ikinci ev iddiaçının baldızına məxsus olsa da, həmin evi satılmasını bəhanə edərək cavabdeh baldızı iddiaçının evinə soxularaq onu evindən məhrum etmək üçün istədiyi hərəkətləri etməkdə davam edir. İddiaçının vəsaitinə tikilmiş evə qanunsuz olaraq iddiaçının icazəsi olmadan videogörüntü əldə edilinəsi üçün otaqlara kameralar çəkilmişdir. Bundan başqa cavabdehlər ümumi istifadədə olan iddiaçının vəsaiti ilə tikilmiş həyətdəki otaqlara qıfıl vurmuş, həmin otaqları satmaqla iddiaçını hədələyirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında mübahisəli evə köçürülmüşdür. İcra məmuru onu bütün evə köçürmüş, yaşaması üçün hər hansı otaq müəyyən edilməmişdir. O, hal-hazırda uşaqları ilə birlikdə evin iki otağında yaşayır, həmin otaqlardan istifadəsinə hər hansı maneə yoxdur, lakin həmin otaqlar çox kiçikdir və əşyaları ora yerləşmir. Həmin evdən çıxanadək yaşadığı otaq hal-hazırda baldızının istifadəsindədir. O, həmin otağın ona verilməsini tələb edir. Bundan əlavə evin digər otaqlarının və zirzəminin qıfılla bağlanması onun hüquqlarını pozur. O, məhkəmə qətnaməsi əsasında evə köçürüldüyündən, evin bütün hissələrindən istifadə edə bilər. Eyni zamanda Cavabdeh1 evə video kameralar qoyub. Onun uşaqları ilə birlikdə yaşadığı otaqlara kamera qoyulmasa da, evin ümumi istifadədə olan hissələrində video yazının aparılması onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, hazırkı iddia tələbinin hansı əsaslarla verilməsi ona aydın deyil. Belə ki, iddiaçı mübahisəli evə məhkəmə qətnaməsi ilə köçürülüb, həmin evdə maneəsiz yaşayır. İki azyaşlı uşağı ilə birlikdə iki otağa yerləşib və həmin otaqlar onun sərbəst istifadəsindədir. Lakin o, bununla kifayətlənmir və evin bütün otaqlarının ona ayrılmasını tələb edir. Həmin evdə iddiaçı, onun uşaqları və cavabdehlər yaşayır. Qardaşı – iddiaçının keçmiş əri Azərbaycan Respublikasında yaşamır. Tərəflərin bir evdə sakit yaşamaqları mümkün olmadığından, evin satılaraq pulunun aralarında bölünməsi iddiaçıya dəfələrlə təklif olunsa da, o, buna razılaşmır və şərait yaratmır. Evin digər otaqlarına qıfıllar o səbəbdən qoyulub ki, iddiaçı istədiyi vaxt cavabdehlərin istifadəsində olan otaqlara girir-çıxır və mübahisə yaratmağa çalışır. Zirzəminin isə girişi həyətdəndir və onun qapısına qıfılın qoyulmasının iddiaçı ilə ümumiyyətlə əlaqəsi yoxdur, oğurluqların qarşısının alınması üçün qoyulub. Evdə olan kameralara gəldikdə, onlar evin ümumi istifadəsində olan yerlərindədir, tək iddiaçını deyil, evdə yaşayan bütün şəxsləri çəkir və cavabdehlərlə bərabər iddiaçının də hüquqlarının qorunmasına xidmət edir. Belə ki, onların mübahisələri mütəmadi olaraq polisdə araşdırma predmeti olur və video yazının aparılması bir sıra problemlərin qarşısını alır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Məhəmməd qızı izahatında məhkəməyə bildirdi ki, iddiaçı və iki uşağı hal-hazırda onların yaşadığı evdə yaşayır və evin iki otağı onun istifadəsindədir. Bundan artıq ona nə lazımdır bilmir. Onlar daim mübahisə şəraitində yaşayır, iddiaçı tərəfindən onlara qoca yaşlarında rahat yaşamağa imkan verilmir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsi ilə iki azyaşlı uşağı ilə birlikdə həmin vaxt cavabdehlərin istifadəsində olan evə köçürülmüşdür. İddiaçıya və iki azyaşlı uşaqlarına iki otaq ayrılmış və onlar hal-hazırda həmin otaqlarda maneəsiz şəkildə yaşayırlar. İddiaçının tələbinin real mahiyyəti ondan ibarətdir ki, o, hal-hazırda əvvəllər yaşadığı otaqda deyil, digər – daha kiçik otaqlarda yaşamaq məcburiyyətindədir. Belə ki, o, mübahisəli evdə yaşamadığı müddətdə həmin otağa Cavabdeh1 köçmüşdür. İddiaçı bildirir ki, o, məhkəmə qətnaməsi ilə iki otağa deyil, bütün evə köçürülüb və istədiyi otaqda yaşaya bilər. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, o, məhkəmə qətnaməsi ilə mübahisəli evə köçürülsə də, bu həmin evə münasibətdə ona həmin evdə yaşayan digər şəxslərdən daha geniş hüquqlar vermir, onlar bərabər hüquqlu şəxsdir və iddiaçı evə köçürülən zaman müəyyən otaqlar cavabdehlərin istifadəsində olduğu təqdirdə, sırf iddiaçının istəyi ilə onlar həmin otaqlardan çıxarılmamalı, lakin iddiaçıya da evdə yaşayan digər şəxslərlə bərabər ağlabatan çərçivələrdə eyni vəziyyətdə yaşamaq üçün şərait yaradılmalıdır. Hazırkı vəziyyətdə iddiaçı onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına və hüquqlarının hər hansı şəkildə cavabdehlər tərəfindən pozulmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və onun hüquqlarının cavabdehlər tərəfindən pozulması və ya hər hansı şəkildə məhdudlaşdırılması iş materialları ilə öz təsdiqini tapmadığına görə, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evin bütün otaqlarından maneəsiz istifadə etmə, otaqların qapılarından qıfılların və video kameraların sökülərək çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar