Məhkəmə qərarları › İş №2(001)-422/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-422/2023

03.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-422/2023 03.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərə qəfəsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid hissəsində həyətində cavabdehlərə məxsus otaqdan açılan pəncərənin sökülərək yerinin daş kərpiclə cavabdehlərin hesabına hörülməsi, fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahəsə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyaların götürülməsi, həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərə məxsus fərdi yaşayış evləri bitişikdir, buna baxmayaraq, giriş-çıxışları ayrıdır. İddiaçının mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinin həyətinə baxan hissədə cavabdehlərin otağından pəncərə mövcuddur və iddiaçı həyətdən sərbəst qaydada istifadə edə bilməməsini iddia edir. Belə ki, həyətyanı sahə qapalıdır, isti havalarda həyətyanı sahədə oturmaq, söhbət etmək, qonaq qəbul etməkdə ciddi çətinliklər yaranır, qadınların sərbəst şəkildə istirahət etməsini mümkünsüz edir. Bununla yanaşı iddiaçıya məxsus fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşısında yerləşən boş sahədə məişət əşyaları yerləşdirilmişdir, həmin hissədə istifadə etməyə başlamışlar. Həmin boş sahənin üstünü şiferlə bağlamışlar və boş sahənin eni təxminən 1,5 metr təşkil edir. Belə olan halda yataq otağının pəncərəsinin açılması, havalandırılması, istifadə edilməsində ciddi maneələr yaranır, mütəmadi olaraq istifadə edildiyindən, otağın pəncərəsi daima bağlı vəziyyətdə qalır, pərdələr örtülmüş vəziyyətdə qalır və işıq düşməsi də artıq mümkünsüz olur. Halbuki, həmin hissə cavabdehə aid olan hissə deyildir, əvvələr boş sahə olmuşdur və istifadə edilməmişdir. Cavabdehlərin bu hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur, əmlakından rahat istifadə etməsi mümkünsüz olur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, iş üzrə digər Cavabdeh2 onun arvadıdır. İddiaçı ilə uzun müddətdir ki, qonşudurlar. İddiaçı daha öncə də onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən şiferlərin sökülməsini və s. xahiş etmiş, məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda iddiaçı iddia tələbinə əlavələr edərək, oxşar məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Onların evinin iddiaçının həyətinə baxan pəncərəsinin qarşısını iddiaçı özü kəsmişdir. Həmçinin onlar həmin pəncərədə yalnız hava gəlməsi üçün istifadə edirlər. Məhkəmə tərəfindən yerində müayinə zamanı da pəncərənin yalnız yuxarı-havalıq hissəsinin qarşısının açıq olduğu müəyyən edilmişdir. İddiaçının digər pəncərəsinin qarşısındakı həyətyanı sahə isə faktiki olaraq onun istifadəsindədir və o, öz əşyalarını həmin yerə elə yerləşdirmişdir ki, iddiaçının pəncərəsinin önü bağlanmasın. Digər tərəfdən, onun pəncərəsi iddiaçının həyətinə baxırsa, iddiaçının da pəncərəsi onun həyətinə baxır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(001)-248/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin pəncərəsinin qarşısındakı sahədə cavabdehlər tərəfindən quraşdırlmış şiferlərin sökülməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, həmin sahənin şiferlə örtülməsi nəticəsində onun evinin işıqlanmasına və havalanmasına maneə yaranmışdır. Eyni zamanda, cavabdehlər onun pəncərəsinin ətarfına öz köhnə əşyalarını yığmış, bu da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmənin həmin qətnaməsi ilə iddia sübuta yetirilmədiyindən, rədd edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı yerində müayinə keçirmiş, müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 istifadələrində olan fərdi yaşayış evləri bir-biri ilə yanaşı yerləşir, hər iki evin həyətinin giriş qapısı eyni küçəyə açılır. Cavabdehin evinin bir pəncərəsi iddiaçının istifadəsində olan həyətə baxır, həmin pəncərənin qarşısı iddiaçı tərəfindən hündür mebel qoyulmaqla kəsilmişdir. Pəncərənin yalnız yuxarı nəfəslik hissəsinin önü açıqdır. Həmçinin, iddiaçının yataq otağının iki pəncərəsi cavabdehin istifadəsində olan həyətə baxır. Cavabdeh bu pəncərələrin yerləşdiyi divara bitişik öz əşyalarını yerləşdirsə də, bu əşyalar pəncərənin önünü kəsmir. Bu pəncərələrin baxdığı sahənin yuxarı hissəsi cavabdeh tərəfindən şiferlə bağlanmışdır. Lakin, bu, həmin pəncərələrdən hava və gün işığı düşməsinin qarşısını almır. Tədqiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını, yerində müayinənin nəticələrini araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. İddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya aid hissəsində həyətində cavabdehlərə məxsus otaqdan açılan pəncərənin sökülərək yerinin daş kərpiclə cavabdehlərin hesabına hörülməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onun istifadəsində olan həyətyanı sahəyə pəncərə açmaqla onun öz həyətyanı sahəsindən sərbəst istifadəsinə maneçilik törətdiyini, göstərsə də, yerinə müayinə zamanı göstərilənlərlə bağlı heç bir maneə müəyyənləşdirilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, cavabdehə məxsus evin 1 pəncərəsi iddianın istifadəsinə olan həyətyanı sahəyə açıldığı halda, iddiaçının evinin iki pəncərəsi cavabdehin istifadəsində olan həyətyanı sahəyə açılır. Həmçinin iddia tələbinin fərdi yaşayış evinin yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahəsinə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyaların götürülməsi, həmin sahənin üst hissəsinə vurulmuş şiferlərin sökülməsi, sahənin əvvəlki vəziyyətinə qaytarılması və həmin sahədən istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi hissəsidə əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, yataq otağının pəncərəsinin qarşı hissəsində olan sahəsinə cavabdehlər tərəfindən yığılmış məişət və digər əşyalar yataq otağının pəncərələrinin açılmasına, otağın havalandırılmasına ciddia maneələr yaradır. Halbu ki, iş üzrə keçirilmiş yerində müayinə zamanı sözügedən sahənin cavabdehin istifadəsində olmaqla, ora açılan iddiaçıya məxsus pəncərələrin qarşısınının açıq olduğu, əşyaların isə pəncərələrin açılmasına heç bir maneə törətmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsaslandığı hallara dair heç bir mötəbər sübut təqdim edilmədiyindən, iddia formal mülhazilərə əsaslanmaqla verildiyindən iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərə qəfəsinin bağlanması və s.” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar