Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4246/2025 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payının naturadan ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı payının naturadan ayrılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, 12 saylı evin A tikilisi idddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evinin "B" tikilisi X3 adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bildirir ki, paylı mülkiyyətdə olan əmlakın idarə edilməsi, həmçinin hüquqlarının hayata keçirilməsində digər mülkiyyətçilərlə mübahisələr yaranır və bu səbəbdən də mülkiyyət hüquqlarının sərbəst hayata keçirilməsində manelər yaranır. Belə ki, digər mülkiyyətçi X5 vəfat etmişdir və vərəsələri tərəfindən miras əmlak faktiki qəbul edilmiş, lakin sənədləşdirilməmişdir. Bu səbəbdən də bölgü sxeminin verilməsi, əmlakın bölünməsi mümkünsüz olmuşdur. İddiaçı cavabdehə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hissələrə uyğun naturadan bölünməsini şifahi olaraq təklif etsə də,cavabdeh buna razılıq verməmişdir. Ona görə də paylı mülkiyyətdə olan əmlak “A” və “B” tikililər uyğun olaraq iddiaçı ilə cavabdeh arasında naturadan bölünməlidir.Belə ki,fərdi yaşayış evi naturadan bölündüyü təqdirdə həmin sahədən istifadə qaydaları da müəyyən edilmiş olacaqdır və hər bir mülkiyyətçinin öz payına uyğun qaydada istifadə etməsinə şərait yaradacaqdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçı ilə Cavabdeh arasında paya uyğun olaraq payının naturadan ayrılaraq bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edib, iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış teri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 039205 nömrəli qeydiyyat vərəqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsindəki 6 otaq,106.0 kv.metr yaşayış sahəsi,144.3 kv.metr ümumi sahədən ibarət 12 saylı fərdi yaşayış evini İddiaçı adına “A” tikili payda,digər paylar üzrə X5 adına “B” tikilisi xx.xx.2005-ci il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4932 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən daşınmaz əmlakdan ayrıca giriş-çıxış nəzərdə tutulmaqla İddiaçı qeydiyyat vəsiqəsində göstərilmiş və ona məxsus "A" tikilisi payının naturada ayrılması texniki cəhətdən mümkündür. Belə ki, faktiki vəziyyətdə "A" tikilisi "B" tikilisindən təcrid şəkildə ayrılmış və faktiki vəziyyətdə aparılmış bölgü variantı AzDTN 2.7-3 fərdi yaşayış evlərinin layihələndirmə normalarının müvafiq tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə uyğundur. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-10-3/2-18/2026 saylı,xx.xx.2026-cı il tarixli məktuba əsasən ünvan 2 ünvanı haqqında heç bir məlumat aşkarlanmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, “ ... Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli qərardadına əsasən Ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi – paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (Mülki Məcəllə, 215.1-215.3-cü maddələr). Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5-215.6-cı maddələr). Məhkəmə tərkibi qeyd edilən maddənin tətbiqi ilə bağlı təcrübədə fərqli hüquqi yanaşmaların olduğunu nəzərə alıb vurğulamağı zəruri hesab edir ki, ümumi paylı mülkiyyət hüququndakı pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda hüququ pozulmuş payçının hüquqlarının məhkəmədə müdafiəsi qaydası (qaldıracağı iddianın predmeti) qanunvericilikdə dəqiq müəyyənləşdirilmişdir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həm müllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə baxılan mübahisəyə düzgün və ədalətli hüquqi qiymət verilməsi üçün müvafiq maddi və prosessual yanaşmanı labüd hesab edir və irəli sürülmüş tələblərin əsaslı sübut baxımından təsdiq edilib-edilməməsini tədqiq edərkən onları müvafiq halları ilə mərhələli şəkildə qiymətləndirməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmlakın naturada bölgüsünün aparılmasının mümkündür və yuxarıda sadalanan qanunvericilik normalarını, yuxarı instansiya məhkəməsinin təcrübi mövqeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən paylı mülkiyyət iddiaçı və cavabdeh arasında naturada bölünməli, X1 payı naturada iş üzrə aparılmış ekspert rəyi və texniki pasport göstəricilərinə uyğun ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə tərəflərin irəli sürdükləri tələblərin təmin olunma həcmindən dolayı məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayş evi X2 məxsus "A" tikilisi üzrə payı iş üzrə aparılmış xx.xx.2025-ci il tarixli, 10/4932 nömrəli ekspert rəyi, əmlakın hazırki texniki pasport göstəricilərinə və bölgü variantı AzDTN 2.7-3 fərdi yaşayış evlərinin layihələndirmə normalarının müvafiq tələblərinə uyğun naturada ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4246/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4246/2025
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver