Məhkəmə qərarları › İş №2(001)-4252/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4252/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4252/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabdeh və onun nümayəndəsi, Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X2 müayinə və müalicələri üçün çəkilmiş 23946 manat xərcin, “Büllur” Klinikasında oğluna xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə iki dəfə kök hüceyrə transplantasiyası həyata keçirilməsinə görə çəkilmiş 9000 manat xərcin, həkim qəbulu və müayinələr üçün 585 manat, 3 dəfə kok hüceyrə transplantasiyası keçirilməsi üçün 13500 manat xərcin olmaqla, ümumilikdə 47000 manat maddi zərərin və 30000 manat mənəvi zərərin əvəzinin, ödənilmiş 321 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X21 01 fevral 2023-cü il tarixdə dünyaya gəlmişdir. Övladı iki aylıq olanda onu həkim müayinəsindən keçirən zaman həkim pediatr oğlunun sidik kanalında duzlaşma olduğundan serkumsiziya (sünnət) əməliyyatını gecikdirməməyi məsləhət görmüşdür. Bundan sonra bu məsələ ilə maraqlandıqda Cavabdeh məsləhət gördülər.07 may 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən Cavabdeh tibbi xidmətlər göstəmək üçün ayrılmış otağa gəlmişlər. Orada Cavabdeh ona alıb gətirməyi tapşırdığı "lidokain" dərman preparatını sınaq qoymadan vurmuşdur. Bundan 15-20 dəqiqə sonra uşaqda boğulmalar başlamış, tənəffüs alıb- verməsi çətinləşmişdir. Bunda sonra X30 çağırmışam və uşağı Akademik Mirqasımov adına kliniki xəstəxanaya aparmışlar. Orada iki gün qaldıqdan sonra oğlu "lidokain" dərman preparatının təsirindən anafilaktik şok diaqnozu ilə X18 yerləşdirilmişdir. Bununla bağlı mən Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Bununla bağlı ekspertiza keçirilmiş və oğlunun məhs "lidokain" dərman preparatının təsirindən anafilaktik şok keçirdiyi dərman vulumadan qabaq sınaq qoyulmalı olduğu qeyd edilmişdir. Binəqədi Rayon Prokurorunun köməkşisi Səbinə Məmmədlinin xx.xx.2024-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. X2 müayinə və müalicələri üçün Ümumilkidə 23.946 manat xərc çəkilmişdir. Bundan əlavə "Büllur" Klinikasında oğluna xx.xx.2023 VƏ xx.xx.2023-cü il tarixlərdə iki dəfə kök hüceyrə transplantasiyası həyata keçirilib və buna görə də 9000 manat və həkim qəbulu və müayinələr üçün 585 manat xərc çəkilmişdir. Hər birinin qiyməti 4500 manat olmaqla daha üç dəfə kök hüceyrə transplantasiyasına ehtiyac var. Oğlu gündəlik olaraq suni nəfəs aparatı vasitəsi ilə nəfəs alır. Oğluna gündəlik vurulan sistem və iynələr üçün tibb bacısı xidmət göstərir ki, bunlarda əlavə xərclərin yaranmasına səbəb olur. Butun bular üçün 30.000 manatdan cox xərci cıxıb. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, uşaq doğulandan sağlam uşaq olmuşdur. Onda irsi xəstəlik əlaməti belə olmamışdır. Ailəsində belə bir genetik xəstəlik yoxdur. Bacısının uşağınının xəstəlik səbəbin isə aydın olaraq, onların genetikasına heç bir aidiyyəti yoxdur. Kök hüceyrə müalicəsinin effektiv olacağını onlara nevropatoloq həkim söyləmişdir. Hansıki həmin prosedurun ikisini icra etdikdən sonra uşaq süni nəfəs aparatından ayrılmışdır. Cavabdehin ona 15000 manat verdiyini qəbul edir. İki kök hüceyrə proseduru ayrı-ayrı xəstəxanalarda eyni həkim tərəfindən icra edilmişdir .

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, uşaq “Vital” klinikada anadan doğulub və orada da uşağa peyvənd vurulub, pediatrı mütəmadi yoxlanışlar edib. Hazırda uşaq Xırdalan şəhər uşaq poliklinikasında qeydiyyatdadır. “Sirkumizasiya” əməliyyatı olan zaman uşaq 3 aylıq olmuşdur. Cavabdeh onun uşağına Lidokoin dərman preparatını inyeksiya etməmişdən əvvəl sınaq qoymalı idi, lakin qoymamışdır. Uşağın vəziyyəti çox pisdir, o, burnundan yemek yeyir, gözlərini açsa da, izləməsi və işığa reaksiyası yoxdur. Onun beyni heç bir şeyə reaksiya vermir, hətta tüpürcəyini belə uda bilmir. Uşağın ağciyərləri xəstə olmamışdır. Hətta bununla bağlı analiz vermişlər. Uşağın hər hansı allergiya xəstəsi olması barədə onun da məlumatı olmadığından, bu barədə cavabdehə məlumat verməmişdir. Uşağın orqanları normal fəaliyyətdə olsa da, beyni zədələnmişdir. Hazırda Uşağın beyni inkişaf etmir. Beyni inkişaf etdirmək üçün uşağa kök hüceyrə vurulmalıdır. Mərkəzi Klinikada, uşağın həkimi Anar həkim olsa da, lakin uşağa kök hüceyrəsini Büllur klinikasının nevroloq həkimi Röyanə Quluzadə köçürmüşdür. Ümumilikdə 2 dəfə kök hüceyrəsi köçürülmüşdür. Uşağın başqa irsi xəstəliyi yoxdur. Bacısının uşağında olan xəstəlik genetik olaraq onun uşağında ola bilməz. Uşağa kök hüceyrəsi köçürülən zaman effekti olmuş, belə ki, uşaq süni nəfəs aparatından çıxmışdır. Həkim uşağa bundan sonra 3 dəfə də kök hüceyrəsinin köçürülməsini məsləhət bilmişdir. Uşağın müalicəsinə gündəlik 200-250 manat xərci çıxır. Uşaq ana bətnində sığortalanmadığından, sığorta uşağın xərclərini qarşılamamışdır. Cavabdeh tərəfindən verilmiş 15000 manat pul vəsaiti Mərkəzi Klinikada xərclənmışdır. Uşağın əməliyyat olunması və digər müalicələr tibbi kitabçaya qeyd edilməmişdir. 15000 manat müqabilində cavabdeh barəsində şikayətçi olmamışdır, lakin cavabdeh uşağın digər xərclərində də kömək edəcəyini bildirsə də, heç bir köməklik etməmişdir. O, qəbzsiz çox dərman almış, bundan başqa tibb bacısına və digər yerlərə verilən vəsaitlə bağlı sübutu yoxdur.

5. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Faktla bağlı cinayət işi açılıb və ekspertizadan müvafiq rəy alınıb. Hansı ki, məhkəmə tərəfindən həmin rəyi verən ekspert məhkəmə iclas zalında dinlənilmişdir. Nəticədə, aydın oldu ki, uşağın hazırki vəziyyəti həkim tərəfindən “lidokain” adlı preparatın düzgün vurulmamasından qaynaqlanır. Belə ki, ilk olaraq dərman sınaq olaraq yoxlanılmalı idi. Uşaq hazırda həminki vəziyyətdədir. Onda anadangəlmə hər hansı xəstəlik yoxdur. Uşaq xəstə doğulmuş olsaydı, xəstəlik kitabçasında bu barədə qeyd olardı. Bu gün xərçəng xəstəliyi sağalmaz xəstəlik olsa da, müalicəsinə cəhd edilir. Hazırda iddiaçı bir valideyn kimi, uşağının vəziyyətinin maksimum yaxşılaşdırılmasına çalışır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iş materiallarına əlavə olunmuş ekspert rəyindən də görünür ki, Rəsul Məmmədovun pisləşməsinə səbəb “Sirkumsiziya” əməliyyatı zamanı istifadə edilmiş “lidokain” dərman preparatına qarşı reaksiya olmuşdur. “Lidokain” dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmalı idi. Əlavə olaraq bildirir ki, “Lidokain” dərman preparatının instruksiyasını oxumuşam. “Lidokain” dərman preparatının instruksiyasında preparatın inyeksiya edilməmişdən əvvəl ehtiyat tədbirlərinin görülməsi, hansı dozada vurulması və sair məlumatlar göstərilmişdir. Məhz “Lidokain” dərman preparatının instruksiyasında ehtiyat tədbirlərinin göstərilməsi həmin dərman preaparatın inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmasını ehtiva edir. Eyni zamanda “Lidokain” dərman preparatının inyeksiyası zamanı hər hansı bir təlimatın olub-olmaması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin hazırda müraciətinə cavab verilməmişdir. Uşağa kök hüceyrəsi köçürüləndən sonra uşağın vəziyyətində xeyli irəliləyişlər əldə olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. 1976-cı ildən cərrah uroloqdur. İcra etdiyi əməliyyatda qanun pozuntusu yoxdur. Bu gün təkcə Azərbaycanda 1500-ə qədər belə hadisələr baş verib. Uşaq sağlam uşaq olmuş olsaydı, düşdüyü şok vəziyyətindən 2-3 gün sonra özünə gələrdi. Tərəfindən uşağa ilkin tibbi yardım göstərilib. Lakin daha sonra təcili yardıma təhvil verilib. Lidokain adlı preparata sınaq qoyulmur. Həmin dərman özü həlledicidir. Kök hüceyrə proseduru isə özlüyündə heç bir nəticəsi olmayan prosedurdur. Piy toxumasından götürülən hüceyrələr, işləndikdən sonra yenidən bədənə vurulur. Hansı ki, bu xəstəliyin müalicəsinə heç bir effektiv təsiri yoxdur. Uşaqda serebral iflic xəstəliyi var. Burada onun hər hansı günahı yoxdur. Çünki hərəkətini qəsdən və ya qərəzli olaraq icra etməmişdir. Ona qarşı əsassız iddia qaldıranlara qarşı özü də iddia qaldırmağı düşünür.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə razı deyil. Onun heç bir günahı yoxdur. Əməliyyatın sonunda xəstənin halı pisləşmiş, ilkin tədbirləri gördükdən sonra X30a zəng vurmuşdur. Lidokoin dərman preparatının inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmur. Çünki həmin dərman preparatı antibiotik xassəli dərman preparatı deyildir. Bundan başqa iddiaçı ilə onun oğlu ilə dost münasibətləri vardır. Bundan başqa iddiaçı onun həkim olmadığını qeyd edir. Bununla bağlı bildirmək istəyir ki, dünya şöhrətli Akademik Cavadzadənin tələbəsidir. Uşaq sünnət olunmamışdan əvvəl MRT-nin nəticəsinə görə uşağın beynində problem olmuşdur. O, 30 il, həkim (ümumi cərrahiyyə) fəaliyyəti ilə məşğul olmuş, lakin bu günə kimi lidokoin dərman preparatını inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmasına rast gəlməmişdir. Hesab edir ki, iddiaçının nəslində irsi xəstəlik vardır. Bu barədə iddiaçının yaxın adamları ona məlumat vermişdir. Uşağın ağciyəri xəstə idi. Xeyr, xəstəxanada belə Lidokoin dərman preparatını inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmur. O, iddiaçıya köməklik etmiş, lakin uşağın müalicəsi düzgün aparılmamışdır. Təcili Yardım avtomobilində nəfəs aparatı yox idi. Əməliyyatı çox uğurlu keçmişdir. Lakin qəflətən uşağın vəziyyəti pisləşmişdir. Bu zaman uşağa ilkin yardım, yəni süni nəfəs və ürək masajı etmişdir. X30 avtomobilində oksigen olsa idi, uşaq bu vəziyyətə düşməzdi. Bundan başqa bildirmək istəyir ki, iddiaçının uşağında irsi xəstəlik vardır. Belə ki, iddiaçının bacısının uşağında da uşaq paralici xəstəliyi vardır. Həmin xəstəlik iddiaçının ailəsində irsidir. Uşağı “Sirkumsiziya” əməliyyatı edən zaman uşağın xəstə olması barədə məlumat verilməmişdir. Özü 2023-cü ilin mart ayından pensiyadadır. Bundan başqa lisenziyası vardır ki, özəl klinikada əməliyyat edə bilər. 2028-ci ilədək həkim fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi vardır. O, əməliyyatı xəstəxanadan kənar, yəni evdə əməliyyat etdiyi üçün barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 2000 manat məbləğində cərimə edilmişdir. Mənim günahım uşağı evdə əməliyyat etməyi olmuşdur. Lakin buna baxmayaraq, əməliyyatı çox uğurlu keçmişdir. Uşağa 2 qram “Lidokain” dərman preparatı inyeksiya etmişdir. “Sirkumsiziya” əməliyyatının evdə olunmaması ilə bağlı heç bir göstəriş yoxdur. İnzibatı qaydada cərimə edilməyi barədə qərar əsassız olaraq yazılmışdır. Qərar ona gec təqdim olunmuşdur. Mən həmin qərarı mübahisələndirəcək. Kök hüceyrə köçürülməsinin heç bir müsbət efekti yoxdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia təmin ediləcəyi təqdirdə valideynin bu hadisədə məsuliyyəti də, araşdırılmalıdır. Araşdırmalarının nəticəsinə görə kök hüceyrə prosedurunun heç bir xeyri, sübut olunmuş nəticəsi yoxdur. Lidokain preparatınının vurulması zamanı mütləq sınaq vurulmasının tətbiq edilməsi barədə imperativ göstəriş yoxdur.

10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. Əlavə olaraq bildirir ki, “Lidokain” dərman preparatı keyimə müddətinin uzadılması məqsədilə adrenalin ilə qarışdırılıb inyeksiya edilir. Bundan başqa “Lidokain” dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulması ilə bağlı Səhiyyə Nazirliyinin hər hansı bir göstərişi və ya protokolları yoxdur. Bundan başqa uşağa kök hüceyrəsi köçürən həkimin təqdim etdiyi arayış həkimin öz maraqlarına uyğundur. Belə ki, həkim kök hüceyrəsinin köçürülməsinə görə kifayət qədər məbləğ almışdır. Lakin əvvəlki məhkəmə iclasında ekspert də, Kök hüceyrə köçürülməsinin heç bir müsbət efektinin olmadığını bildirmişdir.

11. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ekspert X14 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X19” X29 Komisyon ekspertizalar şöbəsinin rəisi vəzifəsində çalışır və 315/KEŞ nömrəli ekspert rəyini o və digər əməkdaşlar tərtib etmişlər “Lidokain” dərman preparatı inyeksiya edilməmişdən əvvəl mütləq xəstəyə sınaq qoyulmalıdır. Türklərin təzə nəşr olunan ədəbiyyatlarında “lidokain” dərman preparatın inyeksiya edilməmişdən əvvəl sınaq qoyulması göstərilmişdir. Bu barədə Səhiyyə Nazirliyinin anesteziologiya aid protokolları yoxdur. “Lidokain” dərman preparatı çox həssas dərman preparatdır, həmin preparatı adrenalin ilə qarışdırıb vururlar. “Lidokain” dərman preparatının öz insturksiyasında da var ki, inyeksiya qoyulmamışdan əvvəl sınaq qoyulmalıdır. Onda müasir ədəbiyyatlar var ki, orada “lidokain” dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulması yazılmışdır. “Lidokain” dərman preparatı şok əleyhinə olduğu üçün adrenalinlə qatıb vurulur. Ümumiyyətlə “lidokain” dərman preparatı xəstəxana şəraitində vurulması vacibdir. Belə olan halda xəstəni şokdan çıxartma ehtimalı çox olur. “Lidokain” dərman preparatı inyeksiya edilməmişdən əvvəl birmənalı olaraq sınaq qoyulmalıdır. “Lidokain” dərman preparatı inyeksiya edilməmiş xəstəyə vurulduqda xəstənin beyninə oksigen getir və beyinin fəaliyyəti zədələnir. Bu halda tam müalicəsi yoxdur. Kök hüceyrə köçürülməsinin heç bir müsbət efektini görməmiş, heç bir mənası yoxdur və kök hüceyrənin xəstəyə köçürülməsinin heç bir tibbi əsası yoxdur. Elmi ədəbiyyatda da kök hüceyrə köçürülməsi yoxdur. Lakin tibbdə “Lidokain” dərman preparatını əvəz edən dərman preparatlar var. Hazırda ölkətə gətirilən son “Lidokain” dərman preparatı adrenalinlə qarışıq olur. Ümumiyyətlə həkim xəstəyə ya hazır qarışdırılmış “Lidokain” dərman preparatını inyeksiya etməlidir, ya da ki, özü ayrıca adrenalinlə qarışdırıb inyeksiya etməlidir. Bu halda da xəstəyə şok verə bilər, lakin şok vermə riski çox az olur. Bütün həkimlər “Lidokain” dərman preparatını inyeksiya etməmişdən əvvəl ya adrenalinlə qarışdırır, ya da ki, hazır adrenalinlə qarışıq “Lidokain” dərman preparatından istifadə edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı 852463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2023-cü il tarixində Bakı şəhərində doğulmuş,bu barədə doğum haqqında akt qeydləri kitabında 07 fevral 2023-cü il tarixində 964 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X8r.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə kartı Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, uşaq X4 xx.xx.2023-cü il tarixində doğulmuş, uşaqda doğuş sonrası xəstəlik qeyd olunmamışdır. Doğum evindən çıxarkən vəziyyəti kafi olmuşdur.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anotomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilən 315/keş saylı məhkəmətibbi ekspert rəyində göstərilir: 2023-cü il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müəyinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Rəsul Məmmədovun vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur. 3. Rəsul Məmmədovun üzərində aparılmış "Sirkumsiziya” əməliyyatı zamanı "lidokain" dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmalı idi. 4. Rəsul Məmmədovun üzərində aparılmış sirkumsiziya əməliyyatından əvvəl "lidokain" dərman preparatı inyeksiya edilməmişdən sınaq qoyulmuş olsa idi, anaflaktik reaksiyanın qarşısı alına bilərdi. 5. "Sirkumsiziya" cərrahiyyə əməliyyatının ev şəraitində aparılması tibbi cəhətdən yolverilməzdir. 6. Rəsul Məmmədovun üzərində "Sirkumsiziya" cərrahiyyə əməliyyatı tibb müəssisəsində əməliyyatxana şəraitində aparılmalı, əməliyyatdan əvvəl xəstə tam şəkildə müayinə olunmalı, ümumi vəziyyəti qiymətləndirilməli, "lidokain" dərman preparatına qarşı sınaq qoyulmalı və sınağın nəticəsinə uyğun olaraq preparatın tətbiq edilib-edilməməsinə qərar verilməli idi. Qeyd olunanlar yerinə yetirilmiş olsa idi, yarana biləcək ağırlaşmaların qarşısının alınması mümkün olardı. 7. Rəsul Məmmədovun mütəxəssis müayinəsi zamanı hazırda onun cinsiyyət üzvündə sirkumsiziyadan sonra patologiyanın olmadığı və əməliyyatın texniki olaraqdüzgün icra edildiyi müəyyən edilmişdir. 8. Respublika Klinik Xəstəxanası PHŞ-ndə Rəsul Məmmədovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə TTY vasitəsilə xəstəxanaya daxil olmuşdur. Xəstəyə "Aqonal vəziyyət. Baş beyin ödemi. Ağciyər ödemi. Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Ürək çatmamazlığı İİ dərəcə. Anaflaktik reaksiya. Generalizə olunmuş davamlı qıcolma" diaqnozu təyin edilmiş, təcili ürəyin qapalı masajı aparılmış, müvafiq tibbi yardımlar göstərilmiş, ürək fəaliyyəti bərpa olunmuş və valideynlərinin istəyi ilə xəstə xx.xx.2023-cü il tarixdə Mərkəzi Klinikaya köçürülmüşdür. X24 Məmmədovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 0, xx.xx.2023-cü il tarixdə "Postkardiak arrest sindromu" diaqnozu ilə ağır vəziyyətdə klinikaya daxil olmuşdur. Vəziyyətinin ağırlığı ilə əlaqədar xəstəyə müvafiq müalicələr aparılmış və xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır. Aparılmış müalicələr xəstənin vəziyyətinə uyğun olmuşdur. 9. Rəsul Məmmədovun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir tavmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 10. Rəsul Məmmədovun mütəxəssis müayinəsi zamanı hazırda onda "Beynin toksiko-hipoksik, işemik zədələnməsinin nəticələri. Spastik tetraplegiya. Simptomatik epilepsiya"nın olduğu müəyyən edilmişdir ki, bu da "Sirkumsiziya” əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı yaranmış reaksiyanın fəsadı kimi qiymətləndirilir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-cərrah olmuşdur.

15. Binəqədi rayon prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X20 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X15 əməlində hər hansı cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir.

16. Qərardad göstərilir: Vət. İddiaçı rayon prokurorluğuna ərizə ilə müraciət edərək oğlu X13 həkim Cavabdeh tərəfindən evdə sirkumsiziya əməliyyatı edilən zaman "lidokain" preparatının təsirindən anafilaktik şok keçirməsi barədə məlumat vermişdir. Araşdırma zamanı əhəmiyyət kəsb edə biləcək şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmış, komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək keçirilmiş, zəruri sorğular edilmiş və digər zəruri hərəkətlər həyata keçirilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, oğlu Rəsul 01 fevral 2023-cü il tarixdə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlmişdir. Oğlunun səhhətində heç bir problem olmamışdır. Övladı 2 aylıq olanda tez-tez ağladığı üçün K.Fərəcova adına X3 aparmışdırlar. Orada oğlunu həkimin təyin etdiyi bütün müayinələrdən keçirmişlər. Oğlunu müayinə edən həkim (qadın pediatr) oğluna köp əleyhinə dərman yazmış, oğlunun sidik kanallarında duzlaşma olduğundan serkumsiziya (sünnət) əməliyyatını gecikdirməmələrini bildirmişdir. Bu məsələ ilə əlaqədar yaxınları ilə maraqlanmış və ona Cavabdeh Rafiq oğlunu məsləhət görmüşlər. 7 may 2023- cü il tarixdə oğlu, arvadı, qayınanası və anası ilə birlikdə Cavabdeh fəaliyyət göstərdiyi sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiy küçəsində yerləşən ünvansız fərdi yaşayış evində, Cavabdeh tərəfindən tibbi xidmətlər göstərmək üçün ayrılmış xüsusi otaqda oğluna alıb gətirməyi tapşırdığı “lidokain” dərman preparatını sınaq qoymadan vurmuşdur. İynəni inyeksiya etdikdən sonra Akif həkim əməliyyatı icra etmişdir.Təxminən 15-20 dəqiqədən sonra uşaqda boğulmalar başlamış, tənəffüs alıbverməsi çətinləşmiş, rəngi ağarmışdır. O, X30 çağırmışdır. Təcili yardım avtomobili oğlunu Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparmışdır. Yolda olarkən oğluna ürək masajı etməklə həyata qaytarmışdırlar. Respublika Klinik Xəstəxanasında 2 gün qaldıqdan sonra oğlu Mərkəzi Klinikaya yerləşdirilmişdir. Orada oğlu təxminən 20 gün qaldıqdan sonra evə buraxılmışdır. Övladı uzun müddət tənəffüs aparatına qoşulmuşdur. Artıq təxminən 9 aydır ki, övladı zondla qidalanır. Görmə qabiliyyəti tam olaraq inkişaf etməmişdir. Övladına vurduğu zərərə görə Akif həkim ona Binəqədi Rayon Polis İdarəsində 15.000 manat pul vəsaiti ödəmişdir. Hazırda şikayət və tələbinin ona dəymiş ümumilikdə 30.000 manat məbləğində ziyanın ödənilməsindən ibarət olduğunu bildirmişdir.

17. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, 1977-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirmişdir. O, əmək fəaliyyətinə Martuni rayon Mərkəzi Xəstəxanasında terapevt kimi başlamış, daha sonra kardio- revmatoloq, 1983-1993-cü illərdə Füzuli şəhər Mərkəzi xəstəxanasında cərrahuroloq işləmişdir. Məcburi olaraq doğma yurdundan didərgin düşdüyü üçün 1993-cü ilin sentyabr ayından 11 nömrəli və 31 nömrəli xəstəxanalarda cərrah işləmişdir. O, 2016-cı ildən etibarən təqaüdə buraxılmışdır. Bundan sonra 7 il Nizami tibb mərkəzində yaş həddimdən artıq müddətdə işləmişdir. O, X5 tanıyır. Övladları Azər və Rüstəm Cəlalla yaxın dostluq əlaqəsi saxlamışdırlar. Cəlal onun cərrah olduğunu bildiyi üçün 07 may 2023-cü il tarixdə övladı Rəsul Məmmədovu sirkumsiziya (sünnət) əməliyyatı etmişdir. Cəlal həmin əməliyyat müqabilində 50 manat verəcəyini bildirmişdir. O, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1- ci mərtəbəsində yerləşən şəxsi kabinetində X1 əməliyyatına hazırlamışdır. Belə ki, o, əməliyyatı icra etməyə başlamaq üçün yerli keyitmə üsulundan istifadə edərək, 2 qr "Lidokain" dərman preparatından istifadə etmişdir. O, təxminən 5 dəqiqə gözlədikdən sonra azyaşlının cinsiyyət üzvünün müvafiq nahiyəsini tibbi qayçı ilə kəsərək, qanaxmanın olmaması üçün müvafiq nahiyəyə keltqultla tikiş qoymuşdur. Bundan sonra yaranı sarıma mərhələsinə keçib azyaşlının yarasını sarımışdır. O, qəflətən uşağın vəziyyətinin pisləşdiyini görüb, əvvəlcə ağız nahiyəsindən süni tənəffüs vermiş, ürək nahiyəsinin qapalı masajını etmiş və "kardiomil” ürək iynəsi inyeksiya etmişdir. Uşağın vəziyyətinin yaxşılaşmadığını görüb o, dərhal X30 çağırmış, atası uşağı öz minik avtomobilinə qoyaraq çıxarmışdır. O, həmin vaxt həyəcanlı olduğundan uşağın X30 avtomobilinə minib-minməməsi barədə məlumatı olmamışdır. Materiala əlavə edilmiş 019801 nömrəli diplomdan görünür ki, Cavabdeh N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir. Materiala əlavə edilmiş Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH№049678 saylı Sertifikasiya Şəhadətnaməsindən görünür ki, Cavabdeh 30 yanvar 2023-cü il tarixdə ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

18. X10 tərəfindən verilən xx.xx.2023-xx.xx.2023 tarixlərinə aid arayışdan görünür ki, X17 ürək dayanması və posthipoksin ensofalopatiya, dərmana rezistent epilepsiya diaqnozu qoyulmuşdur. Müalicə kimi : Mərkəzimizdə kompleks müalicələr aldı- EEQ müayinə,epilepsiya tutması medikamentoz müalicə olundu, daha sonra 2 kurs 3 ay ara ilə “kök hüceyrə transplantasiyası” 40.000 V miqdarda V/daz sistem damcı üsulu ilə köçürüldü. Əlavə olaraq, 3 prosedur kök hüceyrə transplantasiyası da tövsiyyə olundu.

19. Azərbaycan Respublikası Medspektr MMC tərəfindən verilən arayışa görə xx.xx.2023-xx.xx.2023 tarixlərində pasiyent X6 hücrə transplantasiyası həyata keçirilib. Birinci prosedur Mərkəzi klinik xəstəxanada,digəri isə Medspektr MMC-nin nəzdində fəaliyyət göstərən X10ndə həyata keçirilmişdir. Hər iki sistem köçürülmə və kök hüceyrələrin alınması üçün cəmi məbləğ 9000 manat təşkil edib, 400 azn mərkəzimizə sistem köçürülməsi üçün, qalıq məbləğ isə kök hüceyrələrin alınası üçün sərf edilib.

20. "xxxx" MMC tərəfindən verilən 09 yanvar 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, pasiyent X13 müayinəsi üçün 585 manat ödəniş edilmişdir.

21. Mərkəzi Klinika tərəfindən təqdim edilmiş, X17 göstərilmiş tibbi xidmətlərin açıqlanmasına dair cədvələ görə, sonuncuya göstərilən tibbi xidmətlərin qarşılığında 23946,74 manat vəsait ödənilmişdir.

22. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH seriyalı, №049678 saylı sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

23. X11 Cəmiyyətinin üzvü pediatr Röyanə Quluzadə tərəfindən verilən arayışda göstərilir: xx.xx.2023-cü il doğumlu X21 mərkəzimizə ağır vəziyyətdə-gün ərzində dəfələrlə təkrarlanan ağır qıcolmalar, Vest sindromu və Hiposik-işemik asefalopatiya, ağır dərəcə diaqnozu ilə daxil olmuşdur. Pasiyent nevroloq Röyanə Quluzadə tərəfindən müayinə və elektroensetalografik müayinə olundu. Bir neçə ay müddətinə anti konvulsiv (qıcolma əleyhi) müalicə başlandı. Xəstənin vəziyyətinin ağır olması, ağır dərmanlara tabe olmayan epilepsiyanın olması uşağın beyin MRT müayinəsinə ağır beyin toxuma zədələnməsinin olmasına görə valideynlər regenerativ-toxumalara bərpaedici təsir göstərən, ən effektiv müalicə hesab olunan merenximal kök hüceyrə köçürülmələri tövsiyyə edildi. Kök hüceyrə prosedurlarından (2 prosedur) sonra uşağın vəziyyətində xeyli irəliləyişlər əldə olundu. 1) müalicəyə tabe olmayan qıcolmalar dayandı., 2) Sərbəst qidalana bilməyən və daim nazoqastral zondda olan pasiyent tədricən zonddan azad etmək mümkün oldu. Daha irəli dəyişiklik və nəticələr üçün merenximal kök hüceyrə köçürülmələrini təkrarlamaq tövsiyyə olunurş (ən azı 5 prosedur) .

24. İnzibati Tənbehvermə haqqında 08 iyul 2024-cü il tarixli,MN seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, Ağayev AKİF Tofiq oğlu AR İXM-nin 210-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 manat cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

25. 01 fevral 2023-cü il təvəllüdlü X17 07 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən “Sirkumsiziya” əməliyyatı icra edilmişdir. Əməliyyat icra edilən zaman X13 vəziyyəti kəskinləşmişdir. Xəstə təcili yardımla xx.xx.2023-cü il tarixdə TTY vasitəsilə xəstəxanaya daxil olmuşdur. Xəstəyə "Aqonal vəziyyət. Baş beyin ödemi. Ağciyər ödemi. Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Ürək çatmamazlığı İİ dərəcə. Anaflaktik reaksiya. Generalizə olunmuş davamlı qıcolma" diaqnozu təyin edilmiş, təcili ürəyin qapalı masajı aparılmış, müvafiq tibbi yardımlar göstərilmiş, ürək fəaliyyəti bərpa olunmuş və valideynlərinin istəyi ilə xəstə xx.xx.2023-cü il tarixdə Mərkəzi Klinikaya köçürülmüşdür.

26. 01 fevral 2023-cü il təvəllüdlü X21 xx.xx.2023-cü il tarixdə "Postkardiak arrest sindromu" diaqnozu ilə ağır vəziyyətdə mərkəzi klinikaya daxil olmuşdur. Vəziyyətinin ağırlığı ilə əlaqədar xəstəyə müvafiq müalicələr aparılmış və xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır.

27. Həmin ərəfədə İddiaçı rayon prokurorluğuna ərizə ilə müraciət edərək oğlu X13 həkim Cavabdeh tərəfindən evdə sirkumsiziya əməliyyatı edilən zaman "lidokain" preparatının təsirindən anafilaktik şok keçirməsi barədə məlumat vermiş, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anotomiya Birliyi” X25 müvafiq rəy alınmışdır.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anotomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilən 315/keş saylı məhkəmətibbi ekspert rəyinə görə X13 vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur. Ekspert rəyinə əsasən preparat vurulmamışdan əvvəl sınaq qoyulmuş olsa idi və əməliyyat xəstəxana şəraitində aparılmış olsa idi yarana biləcək ağırlaşmaların qarşısını almaq mümkün olardı.

29. X13 müalicəsi ilə bağlı iddiaçıya zərər dəymişdir. Belə ki, X12 23946 manat, həkim qəbulu və digər müayinələrə görə 585 manat, kök hüceyrə transplantasiyası üçün isə xərclənmiş 9000 manat vəsaitdən əlavə zəruri olan 13500 manat məbləğində zərər dəymişdir. Cavabdeh ibtidai istintaq dövründə iddiaçıya 15000 manat vəsait ödəmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

30. Qeyd edilməlidir ki, əvvəla hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

31. Məhkəmə işin faktiki hallarını iddia tələbinin əsaslandırılması ilə məcmu halında qiymətləndirərək o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusundan(delikt) irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

34. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

35. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

36. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

37. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

39. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyriəmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

40. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ümumi cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ olan həkimdir. İddiaçının müraciətinə əsasən o, ev şəraitində 3 aylıq X13 üzərində “Sirkumsiziya” əməliyyatı(sünnət) icra etmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmiş, həkim ilkin müdaxilə etməyə çalışmış və vəziyyətin kritikiliyini görüb təcili-tibbi yardım dəvət edilmişdir. Xəstəyə “postkardiak arrest sindromu” diaqnozu qoyulmuşdur. Müalicədən sonra “Traxeostomaya qulluq. Beyin venalarının trombozu nəticəsində yaranan qeyri-piogen beyin infarktı. Ürək fəaliyyətinin uğurlu bərpası ilə nəticələnən ürək dayanması” kliniki diaqnozu ilə evə buraxılmışdır. Aparılmış komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, X13 vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur və preparat vurulmamışdan əvvəl sınaq qoyulmuş olsa idi və əməliyyat xəstəxana şəraitində aparılmış olsa idi yarana biləcək ağırlaşmaların qarşısını almaq mümkün olardı.

41. Odur ki, cavabdeh ev şəraitində əməliyyat icra edərək təqsirli olaraq hüquqa zidd əməl törətmişdir və bu barədə onun barəsində inzibati tənbeh verilmişdir. Əməliyyatın icrasından sonra xəstənin vəziyyəti ağırlaşmış və dərhal reanimasiya şəraitində müdaxilə edilməsi imkanı olmadığından xəstədə yuxarıda qeyd edilən fəsad yaranmışdır. Xəstənin müalicəsi ilə bağlı iddiaçıya çəkdiyi və ya çəkməli olduğu xərclər qismində zərər dəymişdir. Zərərin vurulmasına səbəb isə məhz xəstəyə "lidokain" preparatının vurulmasından əvvəl sınaq qoyulmaması, hətta sınaq qoyulmamış olsa belə, əməliyyatın ev şəraitində icra edilməsi olmuşdur.

42. Bu məqamda məhkəmə cavabdehin etirazlarını əsassız hesab edir. Belə ki, iddiaçının könüllü olaraq ona müraciət etməsi, uşaqda hər hansı xəstəlik olması ehtimalı, törətdiyi əmələ görə inzibati qaydada tənbeh edilməsi, dərman vasitəsinin istifadəsi üzrə təlimatda “sınaq” qoyulma ilə bağlı göstərişin olmaması kimi dəlillər onun törətdiyi hüquqa zidd əməl nəticəsində zərərin vurulduğu hüquqi nəticəsini dəyişmir. Belə ki, cavabdehin həmin hadisəyə qədər ev şəraitində yüzlərlə uğurlu “Sirkumsiziya” əməliyyatı icra etmiş olması, onu mində bir ehtimalın baş verməsi məsuliyyətindən azad etmir. Belə ki, əməliyyatın xəstəxana şəraitində icra edilməsi barədə qanunvericiliyin tələbi məhz həmin ehtimalın, yəni yarana biləcək ağırlaşmaların qarşısını almağa yönəlmişdir və uzun illər həkim kimi fəaliyyət göstərmiş cavabdehin də bundan xəbərsiz olması inandırıcı deyildir. Odur ki, yaranmış mübahaisə üzrə cavabdehin məsuliyyətini istisna edən hal müəyyən edilmədiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir.

43. Vurulmuş zərərin məbləği ilə bağlı isə məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, “kök hüceyrə transplantasiyasının” effektiv müalicə hesab edilməməsi, cavabdeyin deyimi ilə “pul tələsi” olması barədə mülahizələri ilə bağlı hər hansı tutarlı sübut təqdim edilmədiyi kimi, həmin müalicənin məhz uşaq nevroloqu tərəfindən tövsiyyə edilmiş olması nəzərə alınmalıdır.

44. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, cavabdehin ödədiyi 15000 manat vəsait nəzərə alınmaqla, iddiaçıya çəkdiyi və çəkməli olduğu xərclərin əvəzi qismində 32000 manat məbləğində zərər vurulması tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, iddia həmin hissədə qismən əsaslıdır.

45. Vurulmuş mənəvi zərərə görə kompensasiya tələbini isə məhkəmə qismən əsaslı hesab edir.

46. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.

47. Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.

48. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

49. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

50. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.

51. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

52. Məhkəmə iddiaçının uşağının səhhətindəki ağır vəziyyəti, cavabdehin təqsirinin dərəcəsini, cavabdehin maddi durumunu nəzərə alır və hesab edir ki, cavabdehdən vurduğu mənəvi zərərin əvəzi qismində 1000 manat kompensasiyanın tutulması işin hallarına mütənasib olmaqla ədalətlidir. Tətbiq edilən prosessual normalar:

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

55. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

56. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

57. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

58. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 32000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 33000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qismində 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

59. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 32000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 33000 (otuz üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar