Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4267/2022 20.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 sentyabr 2020-ci il tarixdə cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 72 ünvanında yerləşən zirzəmidə su boruların açıq qalması ucbatından yan tərəfdə və səviyyəsinə görə həmin zirzəmidən aşağı səviyyədə yerləsən iddiaçıya məxsus olan "Sim-Sim” restoranına su dolmuş, həmin zaman restoranda işlək vəziyyətdə olan dörd ədəd soyuducu tam sıradan çıxmış və həmin soyuducularda saxlanılan balıq, ət, un, yağ və sair ərzaq məmulatları istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. “Sim-Sim" restoranında sıradan çıxan soyuducuların hər birinin dəyəri 800 manat, ərzaqların dəyəri isə 600 manat, cəmi 3800 manat, mənəvi zərərə görə 500 manat, əldən çıxmış faydaya görə 1000 manat, cəmi 5300 manat məbləğində zərər dəymişdir Dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə pretenziya verilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bır tədbir görülməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh onun xeyrinə tam yararsız hala düşmüş 4 soyuducunun dəyəri olan 3200 manat, ərzaqların dəyəri 600 manat, cəmi 3800 manat zərər, mənəvi zərərə görə 500 manat, əldən çıxmış faydaya görə 1000 manat, cəmi 5300 manat məbləğində pul və ödənilmiş 73 manat dövlət rüsumu tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş və həmin tarixdə məhkəmə iclasına Cavabdeh və nümayəndəsi Nümayəndə gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. İş üzrə iddiaçı məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 14:45-ə təyin edilmişdir. Həmin tarixdə iddiaçı yenidən məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iştirak etmiş və işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirak etmişlər. Həmin iclasda iddiaçının nümayəndəsi və vəkili iş materialları ilə tanış olmaq üçün məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin etirazına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkilinin şifahi vəsatəti təmin edilmiş və məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə, saat 12:45-ə təxirə salınmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə sorğu verməsini və sorğuya cavab alınanadək məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş və xx.xx.2022-ci il tarixə, saat 12:45-ə təyin edilmiş məhkəmə baxış iclasına gəlməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2022-ci il tarixdə müvafiq qəbzə imza etməklə qəbul etmiş və xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə cavabdehin iddiaya etirazı daxil olmuşdur. Etirazın surəti iddiaçıya rəsmi qaydada iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “ ... iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə guya cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş maddi və mənəvi zərərlə bağlı 2 ildən sonra müraciət edilsə də, həmin ziyanın cavabdeh tərəfindən vurulmasına dair iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edilməmişdir. Halbuki, əgər iddiaçının iddia etdiyi kimi onun restoranına axan suyun cavabdehə məxsus zirzəmidə su borularının açıq qalması səbəbindən baş vermişdirsə, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən ərazi üzrə Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, o cümlədən, ərazi üzrə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları oraya dəvət olunmalı, ilk öncə cavabdehə məxsus zirzəmiyə baxış keçirilməli, həqiqətən də həmin zirzəmidə su borularının açıq qalması müəyyən edilməli və bu hala dair akt tərtib edilməli idi. Daha sonra iddiaçıya məxsus restorana baxış keçirilməli, həqiqətən də ona məxsus restoranı məhz cavabdehə məxsus zirzəmidəki su borularının açıq qalması səbəbindən su basması, orada yerləşən 4 ədəd soyuducuların su basma səbəbindən sıradan çıxması müvafiq mütəxəssislər tərəfindən yoxlanılması və bununla bağlı ekspert və ya mütəxəssis rəyi, o cümlədən hadisə yerinə baxış aktı tərtib edilməmişdir. Bundan başqa ... cavabdehə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanında olan zirzəmidən uzun müddətdir istifadə olunmur. Belə olan təqdirdə sual yaranır, həmin zirzəmi hər hansı bir iaşə obyekti kimi istifadə olunmadığı təqdirdə necə ola bilər ki istifadə olunmayan zirzəminin su boruları açıq qala bilər? Göründüyü kimi, iddiaçının 2 ildən sonra məhz cavabdeh tərəfindən qəsdən ona maddi və mənəvi zərərin vurulmasına dair mötəbər sübut təqdim etmədən məhkəməyə müraciət etməsi həmin iddianın tam əsassız olmasına dəlalət edir”. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə işin mahiyyəti üzrə həll olunmasını tələb etdi və məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, ərizəsinə sübut olaraq ancaq bir boş disk əlavə etmiş, bir dəfə də olsun özü məhkəmə iclasına gəlməmiş, onlar isə üç aydır ki, məhkəməyə gəlib-gedirlər. İddiaçı hələ indi – ikinci baxış iclası mərhələsində iş üzrə sübut yığır. Bu Mülki Prosessual Məcəllənin tələblərinə ziddir. İş üzrə bütün sübutlar hazırlıq mərhələsində məhkəməyə təqdim edilməli idi. Vəkilin işə gec qoşulması hazırkı işə yeni qaydaların tətbiq edilməsi üçün əsas ola bilməz. İddiaçı vəkillə məhkəməyə müraciət etməmişdən qabaq da müqavilə bağlaya bilərdi. Ona görə də hesab edir ki, işə mahiyyəti üzrə baxılmalı və iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməməsi əsası ilə iddia ərizəsinin rədd edilməsinə dair iş üzrə qətnamə qəbul edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı ona cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, məhkəməyə sübut olaraq yalnız bir ədəd disk təqdim edilmiş, həmin diskdə isə hər hansı məlumat mövcud deyil. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh məhkəməyə bildirmişdir ki, qeyri-yaşayış sahəsi faktiki olaraq ona məxsus olsa da, mülkiyyətçisi başqa şəxsdir. Daşınmaz əmlak uzun illərdir ki, istifadə olunmur və istifadə olunmayan qeyri-yaşayış sahəsində suyun açıq qalması qeyri-mümkündür. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına hal-hazırda yalnız bir daşınmaz əmlak - ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak mövcuddur. Beləliklə, hal-hazırda iş materiallarında nə hadisənin ümumiyyətlə baş verməsinə və iddiaçının maddi və mənəvi zərər çəkməsinə, nə də ki, zərərin Cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4267/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4267/2022
20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver