Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-427/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Rent A Car 505 MMC-yə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Rent A Car 505 MMC-yə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, mülkiyyətində olan Hyundai Elantra markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilini 20.04.2021-ci il tarixdə Rent A Car 505 MMC-nin qanuni nümayəndəsi X2 ilə razılaşaraq müqavilə və etibarnamə əsasında aylıq 700 manat icarə haqqı qarşılığında Rent A Car 505 MMC-yə icarəyə vermişdir. İki aydan sonra 08.07.2021-ci il tarixdə K.A.Məhərrəmovun işlərini icra edən Rəşad adlı şəxs ona 050 555 62 22 mobil nömrədən zəng vuraraq ona məxsus avtomobilin Qusar rayon ərazisində idarəetməni itirərək dərəyə aşdığını, X1 həbs olunduğunu, hazırda bütün işlərə nəzarət ediyini, avtomobilin saz vəziyyətə gətiriləcəyini və ya dəymiş zərərin ödəniləcəyini, həmin müddət ərzində aylıq icarə haqqının ödənilməsinin təmin edəcəyini ona bildirmişdir. Lakin Rəşad vədlərinə əməl etməmiş, bir müddətdən sonra ona 055 501 66 06 mobil nömrədən Pərviz adlı şəxs zəng vuraraq K.A.Məhərrəmovun qardaşı olduğunu, onun işləri ilə Rəşad deyil, onun məşğul olmasını demişdir. Pərviz də, vurulmuş ziyanı ödəyəcəyinə vəd verdə də, vədinə əməl etməmişdir. İcarə müqaviləsinə əsasən Rent A Car 505 MMC ona məxsus avtomobili saz vəziyyətdə ona qaytarmaq və ya dəymiş zərəri ödəmək öhdəliyi olmasına baxmayaraq o, mülkiyyətində olan avtomobili Atəşgah sığorta şirkətində 17000 manat dəyərində 100% dəyərində kasko sığorta etdirmişdir. 09.09.2021-ci il tarixdə Atəşgah sığorta şirkəti avtomobilin sığorta dəyərindən yəni 17000 manatdan avtomobilin mövcud vəziyyətdə dəyərini 7000 manat, franşizaya görə 2950 manat çıxdıqdan sonra ona 7050 manat ödəniş etmişdir. Nəticədə ona dəyən ziyandan 2950 manat, üç ayın, yəni iyun ayından sığorta ödənişini aldığı 09.09.2021-ci il tarixədək hesabladığı icarə haqqına görə 2100 manat daxil olmaqla cəmi 5050 manat ona ödənilməmişdir. Ona görə də Rent A Car 505 MMC-dən maddi ziyana görə 5050 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Rent A Car 505 MMC-nin qanuni nümayəndəsi X2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, icarəyə verən İddiaçı ilə icarəçi Rent A Car 505 MMC arasında bağlanmış 20.04.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hər ay 700 manat icarə haqqı ödəmək şərti ilə icarəçiyə müvəqqəti icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edərək saz vəziyyətdə qoruyub saxlamağı və vaxtı-vaxtında icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Rent A Car 505 MMC-nin etibarnaməsi əsasında Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda o, iddiaçının franşizaya görə 1250 manat, iyun ayı üçün ödəmədiyi icarə haqqına görə 700 manat tələbini qəbul edir və cəmi 1950 manat pul vəsaitini iddiaçıya ödəyəcəkdir. İyul ayında yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, avtomobildən istifadə edə bilmədiyi üçün hesab edi ki, iyul, avqust, sentyabr ayları üçün icarə haqqı ödəməli deyil. Ona görə də iddia ərizəsinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) AE N 100477 saylı 17.04.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Atəşgahsığorta ASC-nin 23.04.2021-ci il tarixli **********5 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Hyundai Elantra markalı ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24.04.21ci il tarixdən 23.04.2022-ci il tarixədək olan dövr üçün şərtsiz azadolma məbləği 250 manat, sığorta məbləği 17000 manat, sığorta haqqı 980,90 manat olmaqla Atəşgahsığorta ASC-də sığortalanmışdır. Atəşgahsığorta ASC-nin 23.04.2021-ci il tarixli **********5 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən daha sonra müəyyən olunur ki, avtonəqliyyat vasitəsini yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən az olan şəxs idarə edən zaman sığorta hadisəsi baş verdikdə 1000 manat məbləğində əlavə şərtsiz azad olma məbləği, tam məhv olma halında sığorta məbləğinin 10% həddində əlavə şərtsiz azadolma təbiq edilir. İcarəyə verən İddiaçı ilə icarəçi Rent A Car 505 MMC arasında bağlanmış 20.04.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən mülkiyyətində olan Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçiyə müvəqqəti icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini öz istifadəsinə qəbul edərək saz vəziyyətdə qoruyub saxlamağı və vaxtıvaxtında icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsini ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamalı və birbaşa təyinatı üzrə yalnız itismar qaydalarına müvafiq istifadə etməlidir. Müqavilənin 2.1.4-cü bəndinə əsasən icarəçi nəqliyyat vasitəsini icarəyə verənə qaytaranda onu saz, ehtiyat hissələrinin işlək vəziyyətdə olmasını təmin etməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini bir təqvim ayı müddətinə icarəsi üçün icarəyə verənə 700 manat icarə haqqı ödəməyi öhdəsinə gptürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı hər ayın 20-si icarəçi tərəfindən icarəyəverənə nəğd ödənilir. Rent A Car 505 MMC-nin 301 saylı etibarnaməsindən müəyyən olunur ki, Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15.07.2021-ci il tarixədək X3 etibar edilmişdir. Qusar RPİ DYPİ-nin 14.07.2021-ci il tarixli TP4483896 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, X4 idarə etdiyi Hyundai Elantra markalı **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutlan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. 08.09.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Atəşgahsığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə 24.04.21-ci il tarixdən 23.04.2022-ci il tarixə qədər sığortalanmış Hyundai Elantra markalı **-RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 07.07.2021-ci il tarixdə Qusar rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tam məhv olduğundan bazar dəyəri, yəni 17000 manatdan sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat, nəqliyyat vasitəsi sürücülük təcrübəsi 2 ildən aşağı olan sürücü tərəfindən idarə olunduğu üçün 1000 manat, avtomobilin tam məhv olma halında sığorta məbləğinin 10% həddində, yəni 1700 manat franşiza, avtomobilin hadisədən sonrakı qalıq dəyəri 7000 manat cıxılmaqla 7050 manat sığortalıya ödənilməlidir. Texniki ekspertiza şöbəsinin rəisi Faiq Bağırov tərəfindən verilən avqust 2021-ci il tarixli qüsur aktından müəyyən olunur ki, 2014-cü il buraxılışlı Hyundai Elantra markalı **- RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci 1308 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.01.2022-ci il tarixli 9\8529 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, Texniki ekspertiza şöbəsinin rəisi Faiq Bağırov tərəfindən verilən avqust 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Hyundai Elantra markalı **-RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci 1308 manat, avtonəqliyyat hissələrinə köhnəlmə faizi təbiq edilməklə təxminən 11471 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehlə bağladığı icarə müqaviləsinə əsasən hər ay 700 manat icarə haqqı ödəmək şərti ilə cavabdehin istifadəsinə vermiş, cavabdehin yol vərəqəsi əsasında nəqliyyat vasitəsi idarə olunarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2014-cü il buraxılışlı Hyundai Elantra markalı **-RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam məhv olmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya mülkiyyətində olan nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənilərkən Atəşgahsığorta ASC-nin 23.04.2021-ci il tarixli **********5 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin şərtlərinə əsasən sığorta ödənişindən şərtsiz azadolma məbləğinə görə 250 manat, avtonəqliyyat vasitəsinin icarəçi tərəfindən sürücülük təcrübəsi 2 ildən az olan şəxsə idarə edilməsi üçün verildiyindən 1000 manat və sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsi tam məhv olduğu üçün sığorta məbləğinin 10% həddində, yəni 1700 manat əlavə şərtsiz azadolma çıxılmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya tərəflər arasında bağlanan icarə müqaviləsi üzrə 2021-ci ilin iyun ayından icarə haqqı ödənməmiş və iddiaçı iyun, iyul, avqust və 09.09.2021-ci il tarixinədək olan dövr üçün icarə haqqına görə 2100 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıya hesablanan sığorta ödənişindən franşizaya görə 2950 manat çıxıldığından, tərəflər arasında bağlanan icarə müqaviləsi üzrə ödənişlər hər ayın 20-dən hesablanmalı olduğundan, iddiaçının vurulmuş maddi ziyana görə sığorta ödənişini 08.09.2021-ci il tarixli sığorta aktına əsasən 08.09.2021-ci il tarixdən almaq hüququ yarandığından, 20.06.2021-ci il tarixdən 08.09.2021-ci il tarixədək olan 2 ay 18 gün üçün icarə haqqı borcu 1820 manat təşkil etdiyindən iddia ərizəsi bu hissədə təmin edilərək cavabdehdən maddi ziyana görə 4770 manat iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Rent A Car 505 MMC-dən maddi ziyana görə 4770 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 4800 manat İddiaçı xeyrinə tutulsun. Rent A Car 505 MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-427/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-427/2022
22.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver