Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4300/2020 04.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin cavabdeh X3 qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsi cavabdeh X3 qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 30 ünvanında yaşayan X4 Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinə xx xxxx 2019-cu il tarixdə (daxil olma **********5) ərizə ilə müraciət edərək mərhum anası X1 xx.xx.2019-cu il tarixdə vəfat etməsini bildirərək, dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş X4 anasının ölüm haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni İdarəyə vaxtında təqdim etmədiyindən, 2019-cu ilin yanvar-may ayları üzrə əmək pensiyası mərhumun plastik kartına tam məbləğdə köçürülmüşdür. Nəticədə 1111,11 manat artıq pensiya alınmışdır. Cavabdeh anasının dəfn xərci ilə əlaqədar olaraq müraciət etdikdən sonra 359,25 manat dəfn xərcinin hesabına silinmiş, lakin 751,86 manat borc ödənilmədən qalmışdır. İdarə tərəfindən X2 yaranmış 751,86 manat borcunun Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin hesabına ödənilməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2019-cu il tarixdə məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göstərilənlərə əsasən mənimsənilmiş 751.86 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Əvvəla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 14.1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 və onun yerli bölmələri inzibati orqan kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İddia ərizəsindən və işin hallarından görünür ki, iddiaçı artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasını tələb edir, iddiaçı inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqandır. Mübahisədə inzibati orqan xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmir, əksinə hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edir. Mübahisə publik hüquq münasibətlərindən irəli gəlir, inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bununla bağlı iddiaçının öz səlahiyyətləri çərçivəsində pulun tutulması ilə bağlı inzibati akt qəbul etmək səlahiyyəti vardır. Pulun tələb olunması zamanı da pensiyanın və pensiyaya əlavənin hesablanması qaydası, artıq ödənilmiş məbləğin tutulmasının həddi və.s qanunvericiliklə inzibati orqanın üzərinə vəzifə kimi qoyulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.39.2-ci maddəsinə əsasən Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. 39.4-cü maddəsinə əsasən Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Odur ki, iddiaçının pulun tutulması ilə bağlı inzibati akt qəbul edərək icraya yönəltmə səlahiyyəti olduğundan, mübahisədə inzibati orqan hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirdiyindən mübahisəyə mülki icraat qaydasında baxıla bilməz. Bundan başqa inzibati orqanın öz səlahiyyəti çərçivəsində pensiya məbləğini hesablayarkən, tələb olunan artıq ödənilmiş pensiya məbləği müəyyən edərkən onun fəaliyyəti ictimai idarəetmə ilə bağlı olmuş və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, mülki icraat qaydasında göstərilən halları araşdırmaq mümkün olmadığından mübahisə inzibati icraat qaydasında həll edilməlidir. Bundan başqa Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsi tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya öz səlahiyyəti həddində inzibati akt qəbul etmək və onun nəticələri ilə bağlı İnzibati qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Azərbaycan Respublikası Dövlət X7 X6 İdarəsi tərəfindən verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya öz səlahiyyəti həddində inzibati akt qəbul etmək və onun nəticələri ilə bağlı İnzibati qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4300/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4300/2020
04.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver