Məhkəmə qərarları › İş №2(001)-4311/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4311/2021

06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4311/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 04.06.2018-ci il tarixli, 3M-477 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 04.06.2018-ci il tarixli, 3M-477 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və 120.000 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 04.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ondan 120.000 manat məbləğində pulu borc almışdır. Həmin kredit müqaviləsi 04.06.2018-ci il tarixli, 3M-477 reyestr nömrəsi ilə Bakı şəhəri, 11 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. İddiaçı müqaviləyə əsasən bu məbləği 04.12.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürsə də, bugünədək qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona edilmiş şifahi və yazılı xəbərdarlıqların da bir nəticəsi olmamışdır. Nəticədə məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(001)-5892/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, iddiaçıdan onun xeyrinə 120.000 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və eyni zamanda, qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1684/2019 saylı, 03.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının ona qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bu qətnamədən də apellyasiya şikayəti verilmiş və nəticədə qeyd edilən mülki işlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6749/2020 saylı, 07.09.2020-ci il tarixli Qərardadı ilə bir icraata birləşdirilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1280/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qeyd edilən hər iki qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, iddiaçı ona 120.000 manat məbləğində pulun borc verilmədiyini bildirir. Halbuki, o, iddiaçıya həmin məbləği borc vermiş və bu halı təsdiq edən kredit müqaviləsini iddiaçı şəxsən imzalamışdır. Müqavilə bağlanan zaman da hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının ondan 120.000 manat məbləğində pulu tələb etməsi isə ümumiyyətlə anlaşılmazdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 04.06.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya 120.000 manat məbləğində pulu borc vermiş, iddiaçı isə həmin məbləği 04.12.2018-ci il tarixədək cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında həmin məbləğin tutulması ilə bağlı mübahisə olmuş, eyni zamanda iddiaçı məhkəmə qaydasında bu müqavilənin etibarsızlığını mübahisəndirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(001)-5892/2019 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə 120.000 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1684/2019 saylı, 03.06.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Hər iki qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6749/2020 saylı, 07.09.2020-ci il tarixli Qərardadı ilə işlər bir icraata birləşdirilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1280/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qeyd edilən hər iki qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə məxsus olan əmlakın bir il ərzində satılması və əldə edilmiş pulunun cavabdehə verilməsi barədə üzərinə öhdəlik götürdüyünü, bu məqsədlə cavabdeh tərəfindən ona 04.06.2018-ci il tarixdə etibarnamənin verildiyini və məhz həmin razılaşmanın təminatı olaraq, etibarnamənin verildiyi tarixdə aralarında kredit müqaviləsinin bağlandığını, həqiqətdə cavabdeh tərəfindən ona müqavilədə göstərilən məbləğin verilmədiyini, belə olan halda da bu məbləğin qaytarılması öhdəliyinin yaranmasının qeyri-mümkün olduğunu bildirir və həmin müqavilənin ləğv edilməsini, müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş edir. Eyni zamanda, həmin müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun bugünədək cavabdeh tərəfindən ona ödənilmədiyini, lakin cavabdehin 120.000 manat pulu sonradan ona əlbəəl verməsi barədə fikirlər söyləməsini qeyd edir və həmin 120.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmədə hazırki iddianı qaldırmazdan əvvəl iddiaçı cavabdehə pretenziya məktubu ilə müraciət edərək, qeyd edilən müqavilə üzrə ona 120.000 manat pulun verilmədiyini bildirmiş, bu səbəbdən müqaviləyə xitam verilməsini təklif etməklə təklifə 5 gün ərzində cavab verilməsini xahiş etmişdir. İddiaçının bu müraciətinə cavabdeh tərəfindən hər hansı məzmunda cavab verilməmişdir. Cavabdeh iddianı qəbul etmir, iddiaçı ilə aralarında həmin kredit müqaviləsində göstərilən məbləğin tutulması ilə bağlı məhkəmə mübahisəsinin olduğunu, habelə iddiaçının məhkəmə qaydasında həmin müqavilənin etibarsızlığını mübahisələndirdiyini, həmin işlər üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə də 04.06.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığının və həmin müqavilə üzrə iddiaçı tərəfindən 120.000 manat məbləğində pulun götürüldüyünün və qaytarılmadığının müəyyən edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 iyul 2015-ci il tarixli Qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.03.2003-cü il tarixli Qərarının 7-ci bəndinin izahına görə, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1280/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə 04.06.2018-ci il tarixli kredit müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlandığı və etibarlı olması, habelə həmin müqavilə üzrə müəyyən edilmiş 120.000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya borc qismində verildiyi və nəticə etibarı ilə qaytarılmadığı müəyyən edilmişdir. Başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən kredit müqaviləsinə, o cümlədən onun etibarlılığına və həmin müqavilə üzrə iddiaçı tərəfindən 120.000 manat məbləğində pulun borca götürülməsinə və qaytarılmamasına artıq hüquqi qiymət verilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının qeyd edilən müqavilə üzrə müəyyən edilmiş 120.000 manat pulun ona verilməməsi barədə dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, həmin kredit müqaviləsinin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliyə xitam verilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Məhkəmə idda tələbinin “pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bir tərəfdən ona 04.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 120.000 manat pulun verilmədiyini iddia edir və bu əsasla müqavilənin ləğv edilməsini və müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsini xahiş edir. Digər tərəfdən həmin müqavilə üzrə ona 120.000 manat məbləğində pulun verilmədiyini vurğulayır və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı bir-birinə zidd olan tələblər irəli sürür. Həmçinin, qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1280/2020 saylı, 22.10.2020ci il tarixli qətnaməsi bu tələbə də münasibətdə preyudisial xarakter daşıyır. Qeyd edilənlər də öz növbəsində bu tələbin də rədd edilməsini şərtləndirir. Məhkəmə cavabdehin iş üzrə icraata xitam verilməli olması barədə mövqeyi ilə bağlı qeyd edir ki, tərəflər arasında pulun tutulması və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələblərindən irəli gələn məhkəmə mübahisələrinin olması, hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (əvvəlki redaksiyada): 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, iddiaçı tərəf sonradan iddia tələbini artırmış və ilk tələbləri ilə yanaşı cavabdehdən 120.000 manat məbləğində pulun tutulmasını da tələb etmişdir ki, bu da öz növbəsində əlavə olaraq 20 manat məbləğində dövlət rüsumunun da ödənilməsini şərtləndirmişdir. Lakin iddiaçı bu məbləği ödəməmiş, məhkəmə də mülki işə baxılması müddətinin uzadılmasının qarşısının alınması məqsədi ilə həmin ərizəni geri qaytarmamış və icraata qəbul etmişdir. Nəticədə isə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia üzrə tələb edilən məbləğ (iddia qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, dövlət rüsumunun çatışmayan hissəsində 20 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət mədaxilinə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 82-ci, 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi və pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin, dövlət rüsumunun çatışmayan hissəsində 20 (iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar