Məhkəmə qərarları › İş №2(001)-432/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-432/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-432/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 1128 manat, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1160 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Atəşgah Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 1128 manat, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1160 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Atəşgah Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdıyev iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Xəzər Lizinq MMC-nin mülkiyyətində olan Toyota Prius markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Atəşgah Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə etibarnaməsiz idarə etdiyi Toyota Prius markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini münafiq etibarnamə olmadan idarə etdiyinə görə iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1128 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 089082 saylı sığorta aktına əsasən Atəşgah Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1128 manat məbləğində ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Bakı şəhəri DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Ona görə də Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1128 manat sığorta ödənişi məbləği, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1160 manatın Cavabdeh tutularaq Atəşgah Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Atəşgah Sığorta Şirkəti ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixli ərizəni yazaraq ona imzalatmış və məhkəməyə getməməsini demişlər. Hazırda o, ərizədə yazanları təsdiq etmir, iddiaçıya sığorta ödənişini ödəmək imkanı yoxdur. Belə ki, o, ürək əməliyyatı keçirmiş, maddi imkanı yoxdur. Xəzər Lizinq MMC-nin mülkiyyətində olan Toyota Prius markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair lizinq verən Xəzər Lizinq MMC ilə lizinq alan X2 arasında lizinq müqaviləsi bağlanmış, hadisədən sonra həmin nəqliyyat vasitəsinə dair yeni müqavilə bağlanmış və avtomobil başqa şəxsə lizinqə verilmişdir. Hadisə zamanı nəqliyyat vasitəsini o, etibarnamə olmadan idarə etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. AD N 763360 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-VR-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı nəqliyyat vasitəsi Xəzər Lizinq MMC-nin mülkiyyətindədir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanmasına dair İcbati Sığorta Bürosunun arayışından müəyyən olunur ki, Toyota Prius markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixinə Atəşgah Sığorta Şirkəti ASC-də icbari sığortası mövcud olmuşdur. Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindan müəyyən olunur ki, Toyota Prius markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh sfetoforun qadağanedici və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 327.2-ci maddələri ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Xəzər Lizinq MMC-nin mülkiyyətində olan Toyota Prius markalı, **-VR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsində X3 mülkiyyətində olan Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. xx.xx.2020-ci il tarixli 089082 saylı sığorta aktından müəyyən olunur ki, Atəşgah Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər sığortalanmış **-VR-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilə xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Faiq Rüstəmov küçəsində baş vermiş sığortalanmış avtomobil Hyundai markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində dəyən ziyanın və sığorta ödənişinin ümumi məbləği 1128 manat müəyyən edilmiş, 1128 manat zərər məbləği avtomobilin təmiri üçün X1 hesabına köçürülmüşdür. Atəşgah Sığorta Şirkəti ASC-nin hesab fakturasından müəyyən olunur ki, **-MS-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata minik markalı avtonəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində görülən işlər üçün 653 manat, ƏDV-yə görə 475 manat daxil olmaqla görülmüş işlərin dəyəri cəmi 1128 manat təşkil edir. Atəşgah Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan müəyyən olunur ki, **-VR-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə Atəşgah Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-MS-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyana görə Atəşgah Sığorta Şirkəti ASC tərəfindən 1128 manat məbləğində sığorta ödənişi həyata keçirdiyindən həmin məbləğin subroqasiya hüququ əsasında Atəşgah Sığorta Şirkəti ASC-yə ödənilməsi Cavabdeh xahiş olunmuş və ödəniş edilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 50.1.-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 53.1.-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Həmin Qanunun 53.4.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh Xəzər Lizinq MMC-nin mülkiyyətində olan Toyota Prius markalı **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçı dəymiş ziyana görə sığorta ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında şərh etdiyi hüquqi mövqeyinə əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2.-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iş üzrə iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Atəşgah Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişinə görə 1128 manat, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1160 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar