Məhkəmə qərarları › İş №2(001)-4330/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4330/2021

08.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4330/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin hörülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus evin damına açılan pəncərələrin cavabdehlərin hesabına bağlanması və yağış suyunun axdılması nəticəsində ona dəymiş 10.000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qayydada tutulması ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, cavabdeh qismində müəyyən edilmiş Cavabdeh2 2013-cü il təvəllüdlüdür. Başqa sözlə, bu şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Hüquqi nəticə etibarı ilə Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hazırki iddia qaldırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar; 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pəncərənin hörülməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı cavabdehlərin dairəsini dəqiqləşdirməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar