Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4333/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) X1, Cavabdeh Elşən oğlunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Elşən oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Elşən oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılar İddiaçı1 41000 (qırx bir min) ABŞ dolları, İddiaçı2 27.400 (iyirmi yeddi min dörd yüz) ABŞ dolları və borc olaraq alınmış əlavə 8000 (səkkiz min) manat, İddiaçı3 38000 (otuz səkkiz min) ABŞ dolları və ödənilmiş 479,72 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandımışlar ki, onlar, İddiaçı3, İddiaçı1, İddiaçı2 birlikdə işlədikləri “Baker Hugs Services İnternational LLC” şirkətində iş yoldaşları, həmin şirkətin 3-cü dərəcəli sahə mütəxəssisi vəzifəsində çalışan əməkdaşı, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh, sonuncunun təklifi əsasında özünə məxsus səhayət agentliyi vasitəsi ilə otel biznesinə yatırım etmək üçün ümumilikdə 156000 dollar məbləğində pul vəsaiti vermişlər. Belə ki, İddiaçı3 12 iyun 2019-cu il tarixdə 25000 (iyirmi beş min) dollar, 10 iyul 2019-cu il tarixdə 9000(doqquz min) dollar, 01 avqust 2019-cu il tarixdə isə 6000 (altı min) dollar pul vəsaiti almışdır. 12 iyul 2019-cu ildə 1000 (min) dollar geri alınıb və həmin ilin oktyabr ayında daha 1000(min) dollar geri alınıb. Cavabdeh hal-hazırda İddiaçı3 38000 (otuz səkkiz min) ABŞ dolları borcu qalmışdır. İddiaçı1 07 iyul 2019-cu il tarixdə 6000(altı min) dollar, 16 iyul 2019-cu ildə 30000(otuz min) dollar, 26 iyul 2019-cu il tarixdə 30000(otuz min) dollar olmaqla, cəmi 66000(altmış altı min) dollar almışdır. Həmin məbləğdən 14 iyul 2019-cu ildə 6000(altı) min dollar, 600 (altı yüz) manat qaytarmış, 24 iyul 2019-cu ildə 3000(üç min) manat, 06 avqust 2019-cu ildə 7000 (yeddi min) manat, 08 avqust 2019-cu ildə 8000(səkkiz min) dollar, 25 avqust 2019-cu ildə 5200(beş min iki yüz) manat qazanc olaraq geri qaytarmış və bununla da işin batdığını bildirmişdir. Bundan sonra Cavabdeh 52000 (əlli iki min) dollar verəcəyi məbləğ qalır. Çox saylı danışıqlardan sonra X16 tərəfindən 01 dekabr 2019-cu ildə 5000 (beş min) dollar, həmçinin 2020-ci ilin yanvar və fevral aylarında cəmi 6000 (altı min) dollar məbləğində pul geri qaytarılmışdır. Ümumilikdə Cavabdeh İddiaçı1 41000(qırx bir min) ABŞ Dolları borcu qalmışdır. İddiaçı2 24 yanvar 2019-cu ildə 20000(iyirmi min) dollar, 01 fevral 2019-cu ildə 10000(on min) dollar, 05 mart 2019-cu ildə 20000(iyirmi min) dollar və ayrı-ayrı vaxtlarda yüksək məbləğlərdə pul vəsaiti almış və qazanc olaraq bir hissəsini qaytarmışdır. Hal-hazırda 27.400(iyirmi yeddi min dörd yüz) ABŞ dolları və borc olaraq alınmış əlavə 8000(səkkiz min) manat pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı2 ödənilməlidir. Cavabdeh işdən götürdüyü xeyir adı ilə ilk başlar müəyyən məbləğdə vəsaiti geri qaytarsa da, sonradan pulları verə bilmədiyini,işlərin yolunda getmədiyini və onlardan aldığı vəsaiti zamanla geri qaytaracağını vəd etmişdir. Lakin sonradan Cavabdeh əslində pulları tərəflərdən xəbərsiz olaraq "xxxx"MMC-nin direktoru Yeganə Nağıyevaya verdiyini iddia etməyə başladı. Cavabdeh ilk başlarda yalançı vədlər verərək, Bakı şəhərində onun özünə məxsus olan evi sataraq pulları geri qaytaracağını desə də, sonradan pulları geri qaytarmaqdan imtina etmişdir. Göstərilən hallarla bağlı tərəfindən dələduzluq cinayəti barədə polisə müraciət edilmişdir. Ərizə ilə bağlı Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin təhqiqatçısı Elgün Abdurəhmanov tərəfindən araşdırma aparılaraq toplanılmış material 17 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin rayon istintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimova həvalə edilmişdir. Lakin müstəntiq Əflatun Səlimov tərəfindən işə birtərəfli qaydada baxılmış, Cavabdeh verdiyi izahatlarla kifayətlənmiş və işin halları üzrə zəruri olan heç bir məsələ dəqiqləşdirməmişdir. Ona görə də onlar polis-polkovnik – leytenantı X3 31 dekabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət etmişlər. Binəqədi Rayon Məhkəməsinin 6(001)-59/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı ilə şikayətləri təmin edilmiş, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik –leytenantı X3 31 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş və qərarın surəti yenidən araşdırma aparılması üçün geriyə, Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Belə ki, məhkəmə nəzərə almışdır ki, Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Əflatun Səlimov tərəfindən iş tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Toplanmış ləğv materialının yenidən araşdırılması Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Vüsal Rzayevə həvalə edilmiş və onun tərəfindən 30 aprel 2022-ci il tarixdə icraata qəbul edilmişdir. Lakin, təəssüf doğuran hal ondan ibarətdir ki, müstəntiq Vüsal Rzayev də qarşı tərəfin yəni Cavabdeh yalançı izahatlarına əsaslanmış və verilən ifadələri araşdırmağa lüzum bilməmişdir. Bununla da yenidən hərəkətsizlik göstərilmiş və 09 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Tərəflərindən məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə şikayət verilmiş və Binəqədi Rayon Məhkəməsinin 6(001)-163/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müstəntiq Vüsal Rzayevin 09 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş, araşdırılmanın davam etdirilməsi müstəntiq X7 həvalə edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad Cəfərov özünə bütün zəruri məlumatların verilməsinə baxmayaraq, istintaq müddətində istintaqa məlum olmayan şəxslərin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilərək istintaqa gətirilmələri və izahatlarının alınmasının mümkün olmaması səbəbi ilə əsassız olaraq xx.xx.2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələblərini qəbul etmir və iddia ərizəsinə etiraz edərək, bildirir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı pul tələbləri açıq aşkar əsassızdır və qanunsuzdur. Belə ki, iddiaçılar ona deyil, pulları şəxsən özləri "xxxx"MMC-nin direktoru Yeganə Nağıyevanın sürücüsü Nəsimi adlı şəxs vasitəsi ilə Yeganə Nağıyevanın özünə vermişdilər. İddiaçılardan İddiaçı2 verdiyi pulu Yeganə Nağıyevadan artıqlaması ilə almış, əlavə olaraq 15000 manat pul almışdır. Digər iddiaçılar verdikləri pulları Yeganə Nağıyevadan tələb etməlidirlər. Yeganə Nağıyeva barəsində bu işlə əlaqədar cinayət işi açılmış hazırki iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışlar. Yeganə Nağıyevaya cəza verilmiş, hal-hazırda cəzəçəkmə müəssisəsində cəza çəkir. İddiaçılar tərəfindən onun barəsində dəfələrlə polis orqanlarına şikayət edilsə də, onun təqsiri olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirib, etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Həmçinin suallara cavab olaraq bildirdi ki, iddiaçılar tərəfindən pul məbləğləri cavabdehə deyil, Yeganəyə verilmişdir və cavabdeh iddiaçılar İddiaçı3 və İddiaçı2 aldığı pul vəsaitlərini də Yeganəyə vermiş, İddiaçı1 isə özü pulu Yeganənin sürücüsü Nəsimiyə vermişdir. İddiaçı1 onlara hədə qorxu gəldiyinə görə ona 38.000 ABŞ dolları məbləğində pul vəsaiti vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi X9 tərəfindən qəbul edilmiş 10 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “2013-cü il tarixdən Bakker Huges neft servis şirkətində mühəndis vəzifəsində işləyir. X16 həmin vaxtlarda ticarətlə məşğul olurdu. Qonşu olduğu Nağıyeva Yeganə və əri Nağıyev Ədalət 2018-ci ilin avqust ayında onun atasına demişdir ki, xarici turistlərin, əsasən də ərəb turistlərinin otellərdə yerləşdirilməsi ilə məşğul olurlar, bu işdə yaxşı xeyir olduğunu bildirmişdilər. Atası onlara ümumilikdə 900000 ABŞ dolları vermişdir. Lakin həmin şəxslər dələduzluq yolu ilə pulları ələ keçirmişlər. Bununla bağlı atası Baş prokurorluğa və DİN-ə ərizə ilə müraciət etmişdir. Nağıyeva Yeganə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır və hal-hazırda onunla bağlı araşdırma aparılır. 2019-cu ilin yanvar ayında o, onunla birlikdə işləyən Məti Məmmədovla söhbət əsnasında tanışları Yeganə və Ədalətin ərəb turistlərinin otellərdə yerləşdirilməsi ilə məşğul olduğunu, ailəsinin də həmin işə sərmayə qoyduğunu, həmin şəxslərin həmin işdən yaxşı gəlir əldə edəcəylərini vəd verdiklərini demişdir. Məti həmin işə qoşulmasını ondan xahiş etmişdir. O da Yeganə ilə əlaqə saxlamışdır və iş yoldaşının bu işə sərmayə qoymaq istəməsini demişdir və Yeganəyə Mətinin telefon nömrəsini vermişdir. Bundan sonra Yeganə və Məti aralarında olan məsələləri onun iştirakı olmadan həll etmişlər. Məti Yeganənin sürücüsü vasitəsi ilə pulları göndərmişdir. O, Mətidən cəmi bir dəfə pul almışdır və həmin pulu Yeganəyə vermişdir. 2019-cu ilin fevral ayında Yeganə ona zəng edərək bildirmişdir ki, Mətidən ona çatacaq 10.000 dollar götürüm Yeganə şəhərə gələndə sürücü Nəsimi həmin pulları gəlib ondan götürcəkdir. Həmin gün Məti ona yaxınlaşıb 10.000 dollar vermişdir, o, isə həmin gün həmin pulları Yeganəyə çatdırılması üçün onun sürücüsü Nəsimiyə vermişdir. 2019-cü ilin mart ayında Yeganə ona 40.000 dollar verərək, Mətiyə çatdırılmasını xahiş etmişdir. Bildirmişdir ki, Məti bu işdən verdiyi pullardan 14.000 manatdan çox xeyir əldə etmişdir. İddiaçı3 və Məmməd Qəmbərova münasibətdə bildirmişdir ki, Məti 2019-cu ilin iyul ayında onlarla birlikdə işləyən İddiaçı3 və X5 işlə bağlı məlumat vermişdir. Bunun nəticəsində Rəcəblə Məmməd ona yaxınlaşaraq onların da bu işlə məşğul olmaq istədiklərini bildirmişdilər. O da bu barədə Yeganə ilə görüşüb söhbət etmişdir və Yeganəyə onların nömrələrini vermişdir. 2019-cu ilin iyun-iyul aylarında Yeganə ona zəng edərək Rəcəbdən 25000 ABŞ dolları pulu götürüb ona çatdırmasını demişdir. O, Rəcəbdən 25.000 dolları alıb həmin gün Yeganənin sürücüsündən yaşadığı evin yanında vermişdir. 2019-cu ilin iyun-iyul aylarında Rəcəblə görüşüb ondan 9000 dolları alıb Yeganənin yaşadığı Binəqədi rayonu, Azadlıq pr-də ünvanını dəqiq bilmədiyi evin yanında vermişdir. xx.xx.2019-cu il tarixdə Yeganə 6000 dolları çatdırmalı olduğunu dedi və o, Rəcəbə zəng edərək, Yeganənin 6000 dollar istəməsini demişdir. Rəcəb Türkiyədə olduğu üçün 6000 dolları onun kartına göndərmişdir. O, həmin pulu hesabından çıxarıb Yeganəyə vermişdir. Yeganə həmin puldan 2000 dolları onun vasitəsi ilə Rəcəbə vermişdir. İddiaçı1 isə o, pul almamışdır. O, həmin vaxt ona məlum olmayan pulu Yeganənin sürücüsü Nəsimiyə vermişdir. Həmin miqdarın ümumilikdə 70.000 dollar olması ona sonradan məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, onun iş yoldaşları Məti, Rəcəb və Məmmədin pulları Yeganəyə çatmışdır. Onların pullarını ondan haqsız yerə tələb edirlər. Çünki onlar həmin pulların Yeganə və ərinə çatdığını bilirlər. İddiaçı1 onun atasına və özünə hədə qorxu gəldiyinə görə, onlar məcbur olub onun Yeganəyə verdiyi 70.000 dolların 38.000 dollarını geri qaytarmışdılar ” 14 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı X8 tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 479 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə iddiaçılar bizneslə məşğul olmaq məqsədi ilə cavabdehə verdikləri halda, cavabdehin həmin pulu qaytarmadığını iddia etməklə müvafiq tələbini irəli sürmüşlər, cavabdeh isə, pulların ona deyil, qonşusu Yeganə Nağıyevaya verildiyini bildirməklə iddiaya etiraz etməkdədir. Məhkəmə hesab edir ki, hazırkı işin obyektiv həlli üçün ilk növbədə tərəflər arasında hansı hüquq münasibətlərinin yarandığını araşdırmaq lazımdır. Qeyd edilməlidir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan məkhəmənin qənaəti ondan ibarətdir ki, iddiaçıların irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçıların hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Cavabdehdən iddiaçıların xeyrinə qaytarılmalı pul vəsaitlərinin məbləğinə gəldikdə isə, məhkəmənin qənaətinə görə, qaytarılmalı pul vəsaitlərinin məbləği müəyyən edilən zaman Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 fevral 2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı vermiş olduğu izahatı əsas götürülməli, bununla belə onun iddiaçılardan aldığı pul vəsaitlərinin Yeganəyə verməsinə və iddiaçılara geri qaytarılmasına dair mötəbər sübutlar təqdim etməməsi nəzərdən qaçırılmamalıdır. Belə ki, yuxarıda da göstərildiyi kimi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 fevral 2023-cü il tarixli qərarının aid olduğu araşdırma zamanı Cavabdeh iddiaçılardan İddiaçı3 25.000 ABŞ dolları, 9000 ABŞ dolları və 6000 ABŞ dolları (cəmi 40000 ABŞ dolları), digər cavabdeh İddiaçı2 isə 2019-cu ilin fevral ayında 10.000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını etiraf etmiş və iddiaçılardan aldığı həmin pul vəsaitlərini Yeganəyə verdiyini bildirmişdir. Bununla belə o, etirazının əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu mənada məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı2 xeyrinə 10000 (on min) ABŞ dolları, digər İddiaçı3 isə iddia ərizəsində verdiyi pul məbləğindən 2000 ABŞ dolları vəsaitinin ona geri qaytarıldığını göstərməsi (etiraf etməsi) əsas götürülməklə adı çəkilən iddiaçının xeyrinə 38000 (otuz səkkiz min) ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçı1 xeyrinə tutulmalı pul vəsaiti ilə bağlı isə məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında İddiaçı1 pul vəsaiti almadığını, həmin vaxt ona məlum olmayan pulu Yeganənin sürücüsü Nəsimiyə verildiyini, həmin miqdarın ümumilikdə 70000 ABŞ dollar olmasının ona sonradan məlum olduğunu, İddiaçı1 onun atasına və özünə hədə qorxu gəldiyinə görə onlar məcbur olub onun Yeganəyə verdiyi 70000 dolların 38000 dollarını geri qaytardığını bildirmişdir. Məhkəmə İddiaçı1 pulu Yeganə adlı şəxsə deyil, iddiaçıya verməsini və cavabdehin isə iddiaçıya 38000 ABŞ dolları vəsait qaytarması bildirməsini əsas götürərək hesab edir ki, cavabdehin almadığını (pulu iddiaçıya qaytarmaq öhdəliyinin olmadığını) irəli sürdüyü halda, bu cür böyük məbləğdə pul məbləğini iddiaçıya qaytarması ağlabatan deyildir. Bu mənada onun adı çəkilən iddiaçıya münasibətdə hər bir halda qeyd edilən məbləğdə pul öhdəliyinin yaranmış olduğu qəbul edilməli və qaytardığını bildirdiyi həmin vəsaiti İddiaçı1 verməsi halını sübut edə bilməməsi nəzərə alınaraq, Cavabdeh İddiaçı1 xeyrinə 38000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. Cavabdehin “iddiaçıların pulu ona deyil, Yeganəyə verməsi, bu əməlləri səbəbindən Yeganə Nağıyeva barəsində cinayət işinin başlanması, iddiaçıların həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaları, Yeganə Nağıyevaya cəza verilməsi, hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə” bağlı dəlillərinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, cavabdeh iddiaçıların pul vəsaitini Yeganə Nağıyevaya verməsini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmü nəzərdən keçirilərkən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış olduqları müəyyən edilməmişdir. Cavabdehin qeyd edilən arqumentlərinin əsassız olduğu qənaətinə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında atası Elşad Hüseynovun da Yeganə Nağıyevaya və əri Ədalət Nağıyevə 900000 ABŞ dolları verdiyini, onların atası da aldatdıqlarını göstərmiş olsa da, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-997/2021 saylı hökmünün aid olduğu işə onun atasının da zərərçəkmiş şəxs statusunda cəlb edildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 manatı cavabdehdən İddiaçı3 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 38.000 (otuz səkkiz min) manat ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 370 (üç yüz yetmiş) manatı İddiaçı3 xeyrinə tutulsun. Cavabdeh 10.000 (on min) manat ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı2 xeyrinə tutulsun. Cavabdeh 38.000 (otuz səkkiz min) manat ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı1 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4333/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4333/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver