Məhkəmə qərarları › İş №2(001)-4336/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4336/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4336/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş maddi zərərə görə 1.500 (min beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Ona məxsus mənzilin üst hissəsində, ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən sanitar qovşaqlardan istismara yararsız qaydada istifadə olunması nəticəsində dəfələrlə mənzilinə çirkab su axıdılmışdır. Çirkab sularının axıdılması nəticəsində mənzilin ayaqyolu və hamamın kafelləri, tavanı yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda çirkab sularının axıdılması nəticəsində üfunət iyindən mənzildə yaşamaq mümkünsüz hala gəlmiş, antisanitariya yaranmış və yolxucu xəstəliklərin yayılması ehtimalı yüksəkdir. Həmçinin ayaqyolunda qoyulmuş, içməli su üçün nəzərdə tutulmuş çəndən istifadə də mümkünsüzdür və ustalar baxış keçirərkən çənin çirkab sularından təmizlənməsinin mümkünsüz olduğunu və dəyişdirilməli olduğunu bildirmişlər. Qeyd olunmalıdır ki, əvvəllər də cavabdeh tərəfindən çirkab sularının axıdılması ilə bağlı onun tərəfindən mənzilin hamam və ayaqyolu hissəsi 2021-ci ilin avqust ayında təmir edilmişdir. Buna baxmayaraq təmir edildikdən sonra da çirkab sularının axıdılması mütəmadi olaraq davam etmişdir. Mütəmadi su axıdılması səbəbindən hamamın elektrik sistemində qısaqapanmalar olur, dəfələrlə lampalar dəyişdirilir, həmçinin qısaqapanmanın yanğın törətmək təhlükəsi də vardır. Hamam və ayaqyolu yenidən təmir edilməli və materialların alınması, ustalara zəhmət haqqı verilməsi üçün xeyli vəsait tələb olunur. Həmin hissələrin təmir edilərək yararlı hala salınması üçün 1500 (min beş yüz) manatadək xərc çıxacaqdır. Cavabdehin təqsiri üzündən o, dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaratmış və sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərir. Cavabdehin onu maddi zərərə məruz qoyması onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının iddiasının aşağıdakı səbəblərə görə heç bir əsası yoxdur və rədd edilməlidir. Belə ki, iş üzrə iddiaçı iddia ərizəsinə 28 aprel 2022-ci il tarixli akt əlavə etmişdir. Akta əsasən, ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2022-ci il tarixində baxış keçirilən zaman mənzilin bəzi hissələrinin yararsız vəziyyətdə olması və cavabdehin su və kanalizasiya xəttinin nasaz olması guya öz təsdiqini tapmışdır. Hesab edir ki, aktda qeyd olunan xx.xx.2022-ci il tarixli baxış cavabdehin mənzilinə deyil, iddiaçının mənzilinə olmuş, eyni zamanda cavabdehin imzası olmadan birtərəfli qaydada tərtib olunmuşdur. Belə ki qeyd olunan mənzilə su sızmasında cavabdehin heç bir günahı yoxdur, onun yaşadığı mənzildən deyil, ehtimal olunur ki, yuxarıdakı və ya digər mənzildən iddiaçının mənzilinə su sızmışdır. İddiaçı tərəfindən Cavabdeh qarşı qərəzli münasibət var və onlar arasında müxtəlif vaxtlarda da münaqişələr olmuşdur. İddiaçı Şahmarova Zemfıranın Cavabdeh qarşı irəli sürdüyü iddia tamamilə əsassızdır və iddiaçının cavabdehə qarşı olan qərəzli münasibətindən irəli gəlir. Belə ki, iddia edilmişdir ki, iddiaçının mənzilinin bəzi hissələri Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilindən axan sular səbəbindən yararsız vəziyyətə düşmüşdür. Lakin zərər iddiaçıya Cavabdeh tərəfindən deyil, digər qonşular tərəfindən və ya ümumiyyətlə öz evində olan nasazlıqdan vurula bilərdi. Bu barədə onun özünün də şifahi olaraq məlumatı var və bununla bağlı müvafiq foto şəkillər də təqdim ediləcəkdir. Həmçinin müvafiq ekspertiza keçirilərsə, iddiaçının iddiasının əsassız olduğu məlum olar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylə razı deyil, belə ki, ekspert vurulmuş ziyanı düzgün hesablamamışdır. Ona görə də iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazda yazılanara uyğun izahat verərək,iddia tələbini qəbul etmədiyini və iddiaçının mənzilinə suyun onun mənzilindən deyil, 9-cu mərtəbədən axıdıldığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazda yazılanara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 63 saylı evin 76 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında 24 avqust 1995-ci il tarixdə 30/65120 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki işin materiallarında olan 92 saylı MKİS-in mühəndisi X2 və çilingər X3, sahə nəzarətçisi X4 iştirakı ilə tərtib edilmiş 28 aprel 2022-ci il tarixli aktdan görünür ki, 9-cu mkr, M.Cəlal 63, mənzil 76 ünvanında yaşayaşan İddiaçı ərizəsinə əsasən yaşadığı mənzilə xx.xx.2022-ci il tarixində baxış keçirən zaman ayaq yolunun, hamam otağının tavanında və divarında axıdılmış suyun fəsadları aydın şəkildə görünürdü. Buna səbəb yuxarı qonşunun (8-ci mərtəbə mənzil 78-də yaşayan Cavabdeh) su və kanalizasiya xəttinin nasaz olmasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 10/4874 nömrəli, 26 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 76 saylı mənzilin binanın 7ci mərtəbəsində, cavabdehə məxsus 78 saylı mənzilin isə binanın 8-ci mərtəbəsində yerləşdiyini, 76 saylı mənzilin tualet və hamam otaqlarında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 76 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 78 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Lakin 78 saylı mənzilin sanitar qovşağı təmirli və su, kanalizasiya xətləri gizli şəkildə olduğundan 76 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair rəyin tədqiqat hissəsində göstərilən amilləri nəzərə alaraq, 76 saylı mənzilə su sızması 78 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və 78 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 63 saylı evin 76 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud bazar qiymətinə uyğun olaraq 260 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 10/4874 nömrəli, 26 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsində yerləşən 63 saylı evin 76 saylı mənzilinə suyun üst mərtəbəsində yerləşən 78 saylı mənzildən sızması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni 260 manat hissəsində təmin olunmalıdır. 03 noyabr 2008-ci il tarixli mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddianın 500 manat mənəvi zərərə görə hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPMin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 5 (beş) manatı Cavabdeh, 35 (otuz beş) manatı isə iddiaçının özünə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, həmin məbləğin 6,25 (altı manat 25 qəpik) manatı Cavabdeh, 43,75 (qırx üç manat 75 qəpik) manatı isə iddiaçıya aid edilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh iddiaçının mənzilinə dəymiş ziyana görə 260 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 5 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatına görə 6,25 manat Cavabdeh, 43,75 manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 260 (iki yüz altmış ) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 5 (beş) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 265 (iki yüz altmış beş) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin – 6,25 (altı manat 25 qəpik) manat hissəsi Cavabdeh, 43,75 (qırx üç manat 75 qəpik) manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** X1, KOD 210005, VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ********************4 SWİFT Bik CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar