Məhkəmə qərarları › İş №2(001)-4348/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4348/2021

02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4348/2021 02.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1479,14 manat pul vəsaitin, həmin pulun vaxtında ödənilməməsi ilə bağlı hesablanmış 234,84 manat faiz borcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, bankın “Zaqatala” filialında cavabdehə 2020-ci ilin iyun ayında ******************** nömrəli əmək hesabı açılmış, sonuncunun işlədiyi "xxxx" MMC tərəfindən ödənilmiş əmək haqqı qeyd olunan hesab vasitəsi ilə cavabdehə təqdim olunmuşdur. Cavabdehin işləmiş olduğu MMC tərəfindən 10 iyun 2020-ci il tarixdə 325,44 manat, 03 iyul 2020-ci il tarixdə 358 manat, 30 iyul 2020-ci il tarixdə 399,25 manat, 06 oktyabt 2020-ci il tarixdə 358 manat, 26 noyabr 2020-ci il tarixdə 358 manat, 25 dekabr 2020-ci il tarixdə 358 manat, 29 dekabr 2020-ci il tarixdə 257,96 manat əmək haqqı ödənilmişdir. Bundan başqa, sistemdə baş vermiş texniki xəta nəticəsində 17 iyun 2020-ci il tarixdən 13 oktyabr 2020-ci il tarixədək müxtəlif tarixdlərdə cavabdehin əmək haqqı hesabına ona aid olmayan, ümumilikdə 40655,59 manat vəsait köçürülmüş, cavabdeh həmin vəsaitin 4384,39 manat hissəsini ATM vasitəsi ilə nəğdləşdirmiş və onlayn ödənişlər etmişdir. Bank tərəfindən cavabdehin əmək haqqı hesabından məxaric etdiyi, ona aid olmayan vəsaitin bir hissəsi reserv, yəni geri qaytarılma əməliyyatı, bir hissəsi onun əmək haqqı hesabına ödənilmiş əmək haqları və 08 yanvar 2021-ci il tarixdə əmək haqqı hesabına məxadil etdiyi 670 manat hesabına bərpa edilmiş, qalan 1479,14 manat bərpa edilməsi mümkün olmamış, cavabdeh həmin vəsaiti könüllü olaraq banka geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Həmin vəsaitə 30 oktyabr 2020-ci il tarixdən 31 mart 2021-ci il tarixədək ümumilikdə 234,84 manat faiz hesablanmışdır. Sonda R.N.Ramazanova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesab çıxarışlarından görünür ki, 17 iyun 2020-ci il tarixdən 13 oktyabr 2020-ci il tarixədək Cavabdeh kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 40655,59 manat pul mədaxil edilmişdir. Cavabdeh həmin vəsaitin 4384,39 manat hissəsini istifadə etmiş,qalan məbləğ bank basitəsi ilə geri qaytarılmışdır. Cavabdeh tərəfindən istifadə olunmuş məbləğdən əmək haqqı kartına edilmiş mədaxillər hesabına ona aid olmayan vəsaitin bir hissəsinin də qaytarılması təmin edilmiş, lakin 1479,14 manat məbləğində hissə geri ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091-ci maddəsin əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 17 iyun 2020-ci il tarixdən 13 oktyabr 2020-ci il tarixədək müxtəlif vaxtlarda hesabına mədaxil olunmuş 40655,59 manat texniki səhf nəticəsində baş versə də, cavabdeh hesabına artıq mədaxil olunan məbləğlərin əsassız olduğunu bilmiş və bununla bağlı hər hansı tədbir görməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 1479,14 manat məbləğində pul vəsaiti və həmin məbləğin geri ödənilməməsi ilə bağlı yaranmış 234,84 manat faiz məbləği ondan tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30,4 manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair iddiası təmin edilsin. 1479,14 manat məbləğində pul vəsaiti və 234,84 manat faiz borcu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar