Məhkəmə qərarları › İş №2(001)-4351/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4351/2021

10.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4351/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili X1, Cavabdeh Cavabdeh1, Müstəqil tələb sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehlərdən 10700 manat əsas, hər ay üçün (mart, aprel may 2021-ci il) ödənilmiş 1122 manatın, cəmi 11822 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə onların istəyinə uyğun olaraq 10 700 manat pul vəsaitini borc olaraq vermişdir və həmin pulu “İnternational” BOKT-dan 08.02.2021-ci il tarixində özünə və ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını girov qoymaqla götürmüşdür. Cavabdehlər pulu qısa müddətdə qaytaracaqlarını vəd etsələr də, lakin vədlərinə əməl etməmişlər. Pul ödənilmədiyi üçün bank tərəfindən iddiaçıya məxsus 30 000 manat dəyərində qızıl-ziynət əşyaları satışa çıxarılmışdır. Banka olan borc isə faizi ilə birlikdə 18 971 manat təşkil etmişdir. İddiaçının 16-cı Polis Bölməsinə şikayəti “cinayət işinin başlanmasının rədd edilmişi barədə” qərarı ilə nəticələnmiş, həmçinin cavabdehlər orada aparılan araşdırma zamanı qismən də olsa, borca götürdükləri pul vəsaitini qəbul etmişlər, onlardan biri isə həm də iddiaçının banka girov qoyaraq pul götürməsini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili N.Quliyeva iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahat verərək bildirdi ki, Tunarın atası onun dostudur. Ondan borca pul verməsi xahiş edilmiş və o da Tunarın vasitəsilə Şölə və Alimə adlı şəxslərə əlbə-əl 10 000 manat pul vermişdir. Cavabdehlər borcu qaytarmadıqları üçün o, Tunardan pulunu istəmiş və Tunar da Şölə və Alimənin (xalalarının)əvəzinə onların borcunu ödəmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 14.04.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə Qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. - “İnternational” BOKT ilə İddiaçı arasında bağlanmış 08.02.2021-ci il tarixli, 000/2021/8657 №-li kredit (borc) və girov müqaviləsinə əsasən İddiaçı illik 42% dərəcəsi ilə 36 ay müddətinə 10 700 manat məbləğində istehlak təyinatlı kredit verilmişdir. - İddiaçı ilə bağlanmış kredit (borc) və girov müqaviləsinə 1№-li əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təvil təslim Aktına əsasən, 11 adda qızıl-zinət əşyası İddiaçı qiymətləndirilərək təhvil alınmış və ona geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, öhdəlik kreditor və borclu adlanan iki tərəf arasında hüquq və vəzifələr yaradan hüquqi kateqoriyadır. Öhdəliyə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkət eməli və ya müəyyən hərəkətdən çəkinməlidir. Göründüyü kimi, öhdəlik üzrə vəzifəni borclu şəxsən icra etməlidir. Yuxarıda şərh olunan maddəyə əsasən öhdəliyin icrası borclunun özündən bilavasitə asılı olduqda, habelə belə asılılıq Mülki Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi halda öhdəlik mütləq borclunun şəxsən özü tərəfindən icra edilməlidir. Qanunvericilikdə sadalanan hallar istisna olmaqla bütün digər öhdəliklər borclunun əvəzinə üçüncü şəxs tərəfindən də icra edilə bilər. Belə hərəkətlər adətən qohumluq, dostluq və digər insani hisslərdən doğan xoş niyyətlərdən irəli gəlir. Maddənin məzmunundan göründüyü kimi, üçüncü şəxs belə xoşməramlı hərəkəti üçün borcludan razılıq almalı deyil. Məhkəmə cavabdehlərin Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin 14.04.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarında əks olunan izahatlarına hüquqi qiymət verilməsini işin həllində vacib hesab edir. Belə ki, Cavabdeh2 həmin Qərarda əks olunan izahatına əsasən İddiaçı Cavabdeh2 və Cavabdeh1 doğma bacılarının oğludur. 2019-cu ilin iyul ayında maddi imkanı olmadığından İddiaçı atası Mirzə İmanovun dostu və iş yoldaşı Musa adlı şəxsdən 4500 manat faizə pul almış, şifahi danışığa əsasən hər ay 600 manat faiz pulu ödəniş etməli idi. 2019-cu ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi Musaya 6600 manat ödəniş etmiş, daha sonra qalan pulu ödəyə bilməmişdir. Ailə arasında olan danışıqlara əsasən bacı-qardaşlardan bir nəfər bankdan pul götürüb Şölə və Alimənin Musaya olan borcunu ödəməli və sonra isə banka olan borcu Şölə və Alimə hər ay banka müvafiq ödənişləri etməklə bağlamalı idilər. Lakin sonra öyrənmişdir ki, Tunarım dediyinə görə o qızıl-zinət əşyalarını banka girov qoyaraq oradan pul götürüb Musanın borcunu ödəmişdir. Cavabdeh1 həmin Qərarda əks olunan izahatına əsasən isə 2019-cu ilin iyun ayında pula ehtiyacı olduğundan Mirzə İmanovun dostu Musa adlı şəxsdən 3000 manat pulu 2 il müddətinə faizə götürmüşdür. Lakin maddi imkanı olmadığından bu günə kimi Musaya 1050 manat pul məbləğini geri qaytarmış, 1950 manat pul məbləğini isə hələ də ödəyə bilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, Musa pulu bacısıgildən tələb etdiyindən bacısıgil özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq bankdan pul götürmüş və Musaya olan borcu ödəmişlər. Məhkəmə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin 14.04.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarını Azərbaycan Respublikası MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, məhz cavabdehlərin Musa adlı şəxsdən borc almaları və həmin borcun İddiaçı tərəfindən onun ailəsinə məxsus qızıl-zinət əşyalarını girov qoyub pul götürərək borcverənə qaytarması halı göstərilən qərarla öz təqsdiqini tapmışdır. Beləliklə, Məhkəmə qeyd edir ki, Cavabdeh2 öz borc məbləğindən ödədiyi 6600 manat pul məbləğinin və Cavabdeh1 öz borc məbləğindən ödədiyi 1050 manat pul məbləğinin Musa adlı şəxsə verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Musa adlı şəxsdən müvafiq olaraq 3000 manat və 4500 manat məbləğində borc almaqları, aldıqları borc məbləğini İddiaçı onun özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını girov qoyub kredit götürməklə cavabdehlərin əvəzinə Musa adlı şəxsə ödəməsi tərəflərin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasında verdiyi izahatları, cinayət işinin rədd edilməsi barədə qərar və işin digər materialları ilə tam sübuta yetirildi. Həmçinin məhkəmə qeyd edir ki, nə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cavabdehlərə 10000 manat məbləğində borcun verilməsi, nə də İddiaçı borcun əvəzi olaraq hansı miqdarda pul məbləğinin verilməsi və ödənilməsi barədə məhkəməyə sübut təqdim etməmişlər. Odur ki, Məhkəmə cavabdehlərin etraflarını əsas götürməklə həmin pul məbləğinin onlardan alınıb iddiaçıya ödənilməsi barədə nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin cavabdehlərdən faizin alınması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs(xüsusi lisenziyası) olmadığına görə onun cavabdehlərin əvəzinə ödədiyi borc müqabilində faiz tələb etməsi əsassız və qanunsuzdur. Həmçinin Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş maddi zərərin cavabdehlərdən alınaraq ona ödənilməsinə dair iddia tələbi irəli sürmüş olsa da, dəymiş maddi zərərin nədə ifadə olunması və nədən ibarət olması barəsində hər hansı fikir ifadə etməmiş və belə ziyanın həqiqətən ona vurulmasını məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə ona maddi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddianın maddi zərərin ödənilməsinə dair hissələri rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3000 manat və Cavabdeh2 isə 4500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat və Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar