Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4357/2022 25.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə qaydasının müəyyən edilməsi və iki otağın istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qaydasında köçürüldüyü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119-da yerləşən fərdi yaşayış evindən onun və onunla birlikdə uşaqlarının ( 30 iyul 2016-cı il təvəllüdlü X2 və 25 sentyabr 2018-ci il təvəllüdlü X5) istifadə qaydasının müəyyən edilməsi və həmin evin iki otağının (bir-birinə və həyətə müstəqil çıxışı olan) onunla birlikdə uşaqlarının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibliyində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 119 ünvanında yerləşən fərdi yaşayış evində o övladları X6, X7, keçmiş həyat yoldaşı Cavabdeh1 və keçmiş qaynanası Cavabdeh2 ilə birlikdə yaşayırlar. Cavabdeh olan Cavabdeh1 ilə 2015-ci ildə ailə qurmuşlar və toyları olandan sonra həmin evə gəlin köçmüş və cehiz əşyaları da gəlin köçdüyü evdə olmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyindən nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin edilərək yalnız aliment tutulmuşdur nikah pozulmamışdır. Hazırda faktiki olaraq ayrılmışlar. Ər-arvad kimi birgə təsərüffat aparmırlar. Cavabdehlər sonradan onu evə buraxmırdılar o, övladları ilə gah atası gildə, gah da qohum evlərində gecələyirdi. Məcbur qalıb mənzilə köçürülmə və əmlak tələbinə dair Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(001)-410/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi Rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi, iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarının və qızıl zinyət əşyalarının pulunun ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Bakı apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(103)-6575/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir və qətnamə qanuni qüvvəsini almışdır. O, sözügedən fərdi yaşayış evinə köçürülmüş orda yaşayır. Hazırda orda yaşamasına baxmayaraq cavabdehlər ona və övladlarıma zülm verirlər. Belə ki, onu hamamdan ayaqyolundan istifadə etməyə icazə vermirlər qapısını bağlı saxlayırlar. Qazdan işıqdan istifadə etməyə imkan vermirlər. Cavabdehlərin ucbatından evdə yemək bişirə bilmir. Qazı çöldən bağlayırlar. İşığı qəsdən cərəyandan ayırırlar. Qışda evləri buz kimi olur. Evdə yemək bişirməyə imkan vermir, qazdan istifadəni qadağan edib. Qazı və işığı kəsdiklərinə görə elə olur ki, övladları ac qalır gecələr ac yatırlar. Bütün günü ona təzyiqlər edirlər, söyüş söyürlər. Övladları nənələrinin bu hərəkətindən qorxu keçirdirlər, günlərini qara edirlər. Ora köçürülən gündən keçmiş qaynanası bildirdi ki, gününü qara edəcək, özü çıxıb gedəcək. O isə onlara yaşamağa yerinin olmadığını maddi imkanı olmadığını bildirmişdir. Cavabdehlər 7 ildən çoxdur ki, onları öz evlərində rahat yaşamağa imkan vermir, evdə ağzına gələn nalayiq söyüşlər söyür, evdən, həyətyanı sahədən, rahat şəkildə istifadə etmələrinə imkan vermir. Cavabdeh evdə dözülməz bir şərait yardıb, onunla bir evdə yaşamaq, evdən, həyətdən birgə istifadə etmək mümkün deyildir. Qeyd edir ki, yaşadıqları evin 4 otağı vardır. Həmin otaqlar böyük və genişdir. Dəfələrlə o, cavabdehlərlə söhbət edərək bu cür hərəkətlərinə son qoymasını istəsə də, heç bir xeyri olmayıb, dəfələrlə ona təklif etmişlər ki, bu cür yaşamaq mümkün deyil, yaşadığı evi satsınlar, puluna o övladları ilə başqa ev, qaynanasıgil başqa ev alsınlar, ayrı yaşasınlar. Lakin o, heç bir təklifi qəbul etmir, cavabdehlərin yeganə fikri onların həyatını cəhənnəmə çevirərək onlar zülm, əzabəziyyət verməkdir. Yaşadığı evin rəsmi mülkiyyət sənədləri olmasa da, həmin evdə 7 ildən çoxdur ki, yaşayırlar. O, sahibliyində, istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən korpus 119-dan 7 ildən çoxdur ki, istifadə edərək yaşayır, bu ev onun və övladlarının yeganə yaşayış yeridir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, evin iki otağını ona versinlər və uşaqları ilə yaşamağa şərait yaratsınlar. Yaratmasalar 3 illik kirayə pulu həcmində ona kompensasiya versinlər. Onun anbar kimi olan otağı təmir etdirmək imkanı yoxdur. Onun məhkəmə qətnaməsi ilə köçürülməsi yalnız 1 otağa olmuşdur. Qaynanası hətta evdəki ərzaqdan belə istifadə edilməsinə icazə verməyib. Özü gedib ərzaq almışdır. O, qaz, su, işıq pulu ödəmir. Ödənişləri yoldaşı edirdi. Yoldaşının hazırda ona 6100 manat aliment borcu vardır. İndi də yoldaşı, boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Lakin qaynanası orada yaşamağına imkan vermir. Ev 4 otaqdan ibarətdir. O evin 2 otağına gəlin köçmüşdür. 1 hamam, 1 mətbəx, evin 2 qapısı var. Həyat yoldaşı Adəmlə nikahı pozulmamışdır. Lakin ayrı yaşayırlar. Adəm ona oradan istifadə etməyə mane olmur. Ona qaynanası mane olur. Ona qazdan, sudan istifadə etməyə icazə vermir. O, mətbəxdən, hamamdan istifadə edə bilmir. Qaynanası onun boşanmağını istəyir. Ona deyir ki, “get yaşadığın 1 otağında hər şeyini qur!”. Qaynanasının bu hərəkətləri ucbatından 04 aprel 2022-ci il tarixdən uşaqları götürüb evdən çıxmışdır. Hazırda anasının evində yaşayır. Qayınanası qışda ona isti olmasını əsas gətirərək kombini söndürürdü və ona, uşaqlarına soyuq olurdu. Özü hətta soyuğun təsirindən xəstələnərək bir müddət xəstəxanada yatmış, müalicə almışdır. Mənzilin kommunal xərclərini yoldaşı ödəmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, qızı, oğlu, nəvəsi və özü iki otaqda yaşayırlar. 1 otaqda isə iddiaçı və uşaqlar yaşayır. Onların otaqları evin ən böyük otağıdır ki, həcmi 35 kv.m-dir. Özü qonaq otağında yatır. Kiçik otaqda isə qızı, nəvəsi və böyük oğlu qalır. Böyük oğlu boşanıb və hazırda onunla yaşayır. Anbar ümumidir. İddiaçıya təklif etmişdir ki, oranı da təmir elətdirib yaşaya bilər. Evdə qaz, su, işıq ümumidir. Bunlardan istifadəsinə tərəfindən maneə yaradılmır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, evin qazı, suyu, işığı ümumidir. Otaqları bir-birindən ayırmaq mümkün deyildir.
7. Cavabdehlər iddiaçının evdə yaşamasına maneə olmamışlar. Qazı kəsmək, işığı, suyu kəsmək kimi hərəkətlər etməmişlər. İddiaçı özü belə bu barədə məhkəməyə sübut təqdim edə bilmir. Kommunal xərclər ümumidir. Onlar kəsilsə, bu hal ailənin məişətinə təsir edə bilər.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı ilə nikahı pozulmamışdır. Lakin o, nikahın pozulması ilə bağlı məhkəməyə iddia verəcək. İddiaçı evin 1 otağına köçürülmüşdür. O, evin 2 otağına köçmək istəyir. Ev 4 otaqdan ibarətdir. 1 qonaq otağı, 2 yataq otağı və 1 də anbar kimi istifadə edilən otaq vardır. Anbar kimi istifadə etdikləri otaq təmirsiz, beton döşəmə yerdir. Evdə hazırda anası, qardaşı və onun qızı yaşayır. O, yoldaşı ilə anasının mübahisələrindən bezdiyindən, kirayə ev tutub orada tək yaşayır. İddiaçının evin 2 otağına köçməsinə razı deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3620/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və 25 sentyabr 2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və s. qət edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6575/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 410/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah münasibətləri mövcuddur. Lakin tərəflər arasında ailədaxili münaqişənin olması tərəflərin faktiki olaraq ayrılmasına səbəb olmuşdur. Digər cavabdeh isə iddiaçının qayınanasıdır.
13. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-410/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və 25 sentyabr 2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür.
14. O, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119-da yerləşən fərdi yaşayış evindən onun və onunla birlikdə uşaqlarının (30 iyul 2016-cı il təvəllüdlü X2 və 25 sentyabr 2018-ci il təvəllüdlü X5) istifadə qaydasının müəyyən edilməsi və həmin evin iki otağının (bir-birinə və həyətə müstəqil çıxışı olan) onunla birlikdə uşaqlarının istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
15. İddiaçı məhkəmə iclaslarında tələbini onunla əsaslandırır ki, cavabdeh olan qaynanası ona və uşaqlarına köçürüldüyü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119-da yerləşən fərdi yaşayış evindən istifadə etməyə və rahat yaşamağa mane olur.
16. Cavabdehlər isə müxtəlif vaxtlarda məhkəmə iclaslarında iştirak edərək, iddiaçıya və onun uşaqlarına yaşayış üçün hər hansı maneə törətmədiklərini və iddiaçının evin iki otağına köçürülməsinə razı olmadıqlarını bildirirlər.
17. Məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119-da yerləşən fərdi yaşayış evi 4 otaqdan ibarətdir. Mənzildə Cavabdeh2, onun oğlu, oğlunun qızı və öz qızı yaşayırlar. Mənzilin ən böyük otağına iddiaçı və onun uşaqları köçürülmüşlər. Qalan qonaq otağı və digər yataq otağında isə evdə olan digər dörd nəfər yaşayır. Digər Cavabdeh1 isə həmin mənzildə ailədaxili münaqişələrə görə yaşamaq istəmədiyindən, özü tək başqa evdə kirayə yaşayır.
18. İddiaçının təqdim etdiyi sxemə əsasən onun otağının yanında boş anbar kimi yaşayışa yarasız olan otaq var ki, həmin otaq təmirsizdir. Otağı təmir edib, yaşaması barədə Cavabdeh2 tərəfindən iddiaçıya təklif irəli sürülmüş, lakin iddiaçı maddi imkanı olmadığından həmin otağı təmir edə bilmədiyini bildirmişdir. Bu məqamı hər iki tərəf məhkəmə iclasında təsdiqləmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
19. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
21. İşin hallarından göründüyü kimi tələb iki hissədən ibarətdir. Birincisi iddiaçının məhkəmə qətnaməsi ilə köçürüldüyü evdə istifadə qaydasının müəyyən edilməsi. Bu tələb onunla əsaslandırılır ki, cavabdehlər tərəfindən ümumi istifadə üçün nəzərdə tutulmuş sahələrdən iddiaçının istifadəsinə suni və ya birbaşa əngəllər yaradılır. Cavabdehlər isə öz növbəsində bu faktı inkar edirlər. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi qəbul edilən zaman da, məhkəmələr məhz bu aspektdən yanaşaraq, iddiaçının uşaqları ilə birlikdə yaşayış sahəsinə ehtiyacını təmin etmək üçün iddianı təmin etmişlər. Bu məqamda qeyd edilməlidir ki, köçürülmə ifadəsi məhz əşyadan istifadə etmək və ya istifadəyə törədilən maneənin qadağan edilməsi ilə eyni məna daşıyır. Mənzildən istifadə etmək dedikdə isə orada yaşayan şəxslərlə birlikdə əşyadan bərabər şəkildə yararlanmaq başa düşülür. Bu baxımdan yanaşdıqda nəzərə alınmalıdır ki, nə qədər ki iddiaçının bu hüququ təsbit edilib, onun həmin hüququndan istifadə etməsi ilə bağlı yaranmış mübahisə məhkəmə qaydasında həll edilə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin vəzifələrindən biri də şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
22. Bununla bağlı Mənzil Məcəlləsinin 12.5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
23. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
24. Bundan başqa həmin məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
25. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
26. Yuxarıda sadalanan normalardan da göründüyü kimi yaşayış sahəsi orada yaşayan şəxslərin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan hissələrinin məcmusudur və həmin şəxslər orada yaşayan digər şəxslərin hüquqlarına, qanuni mənafelərinə və.s tələblərə riayət etməlidirlər. Baxmayaraq ki, cavabdehlər ümumi istifadə ilə bağlı iddiaçıya mane törtəmədiklərini bildirirlər, lakin məhkəmə hüquqi müəyyənlik prinsipi baxımından ümumi istifadə qaydası ilə bağlı hüququn məhkəmə qaydasında təsbit edilməsini işin hallarına və tərəflərin münasibətlərinə uyğun hesab edir.
27. Bu səbəbdən iddiaçının köçürüldüyü mənzildə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamağı üçün ümumi istifadə üçün nəzərdə tutulmuş mətbəx, dəhliz, sanitar qovşaqdan(hamam-tualet) ümumi istifadə etmək imkanı məhkəmə qaydasında təsbit edilməlidir.
28. İddiaçının tələbinin ikinci hissəsi isə yaşayış evinin digər otağının da onun istifadəsinə verilməsi ilə bağlıdır.
29. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının faktiki istifadəsində olan və köçürüldüyü otağın həcmi təqribən 35 kv.m-dir. Həmin otaq yaşayış evinin ən geniş otağıdır və bu işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehin həmin məsələ ilə bağlı izahatı iddiaçı tərəfindən mübahiələndirilməmiş, əksinə mübahisəsiz hal kimi müəyyən edilmişdir. İddiaçıya köçürüldüyü mənzildə 35 kv.m yaşayış sahəsi verilməsinin yetərsizliyi barədə etirazı ona görə əsassızdır ki, əvvəla həmin ev iddiaçıdan başqa 4 nəfərin də yaşayış sahəsinə ehtiyacını təmin edir(bu hal da mübahisəsizdir), həmçinin həmin ölçüdə yaşayış sahəsi hətta qanunvericilikdə yaşayış sahəsinin minimal normasından belə çoxdur. Nəzərə alınmalıdır ki, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin minimal həddi 16 kv.m-dir. Eyni zamanda digər otaq yaşayış üçün yararsız olmaqla anbar kimi istifadə edilir. Bundan başqa iddiaçının həmin yaşayış evinə hər hansı əşya hüququ yoxdur və onun tələbinin hüquqi əsası müəyyən edilmir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
31. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
34. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
35. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məhkəmə qaydasında köçürüldüyü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 119-da yerləşən fərdi yaşayış evinin mətbəx, dəhliz, sanitar qovşağından(hamam-tualet) digər şəxslərlə birlikdə istifadə etməklə bağlı ümumi istifadə qaydası müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məhkəmə qaydasında köçürüldüyü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 119-da yerləşən fərdi yaşayış evinin mətbəx, dəhliz, sanitar qovşağından(hamamtualet) digər şəxslərlə birlikdə istifadə etməklə bağlı ümumi istifadə qaydası müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev