Məhkəmə qərarları › İş №2(001)-4382/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4382/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4382/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi X13 Addıxanovnanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Cavabdeh yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili İddiaçı anası X7 məxsus olmuş, hal-hazırda da T.V.Makarenko həmin mənzilin kirayəçisidir. Mənzildə İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. xx.xx.2018ci il tarixdə iddiaçının anası T.V.Makarenko vəfat etmişdir. T.V.Makarenkonun ölümündən sonra məzil iddiaçının və ailəsinin istifadəsində qalmışdır. Cavabdeh 2010-cu ildə vətəndaş Nümayəndə2la rəsmi nikaha daxil olmuş, həmin vaxtdan daimi olaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilinə köçmüşdür. Həmin mənzildə yaşadıqları dövrdə, yəni 2013-cü ildə onların uşaqları anadan olmuş, hazırda da Cavabdeh öz ailə üzvləri, əri və uşağı Ruslanla qeyd edilən mənzildə yaşayır. Cavabdeh Y.A. Makarenko nikaha daxil olmamışdan əvvəl də mübahisəli mənzildə bir gün də olsa belə yaşamamış, uzun müddət əzində bu mənzildə qeydiyyatı formal xarakter daşımışdır. Nikaha daxil olmamışdan əvvəl iddiaçı xalası X4 Bakı şəhəri H.Əliyev küçəsi 117 saylı evin 23 saylı mənzilində daimi olaraq yaşamış, orta təhsilini də həmin ərazidəki məktəblərin birində almış, 2021-ci ildə cavabdehin xalası A.Q.Barannikova vəfat etmiş, onun ölümündən sonra Cavabdeh Bakı şəhəri Nərimanov rayonu X19 küçəsi 117 saylı evin 23 saylı mənzilinə qanun üzrə vərəsəlik hüququna daxil olmuş, hazırda həmin mənzil Cavabdeh mülkiyyətindədir. Beləliklə Cavabdeh iki yaşayış yeri vardır. Bakı şəhəri Nərimanov rayonu Akademik küçəsi 117 saylı evin 23 saylı mənzili mülkiyyət hüququ üzrə cavabdeh məxsusdur. İstənilən vaxt oraya köçüb orada yaşaya bilər. Eyni zamanda, 2010cu ildən fasiləsiz olaraq Cavabdeh yoldaşı Nümayəndə2 Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilində yaşayır. Bununla da, iddiaçının anası X7 məxsus olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə Cavabdeh istifadə hüququnu tam itirmişdir. Ona görə də Cavabdeh yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, mübahisəli mənzilin kirayəçisi iddiaçının anası X6muş, mənzildə həm İddiaçı, həm də Cavabdeh qeydiyyatdadırlar. xx.xx.2018-ci il tarixdə iddiaçının anası Tatyana Makarenko vəfat etmiş, onun ölümündən sonra mənzil faktiki olaraq iddiaçının və iddiaçının ailə üzvlərinin istifadəsindədir. Cavabdeh 2010-cu il tarixdə vətəndaş Nümayəndə2la rəsmi nikaha daxil olmuş və həmin vaxtdan cavabdeh daimi olaraq ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Həmin mənzildə yaşadıqları dövrdə 2013-cü ildə onların uşağı Ruslan anadan olmuşdur. Hal-hazırda da cavabdeh öz uşağı və yoldaşı ilə birlikdə Q.Qarayev prospekti ev 120 mənzil 45 ünvanında yerləşən mənzildə yaşayırlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 da qeyd etmişdir ki, onların birgə nikahdan olan uşaqları Ruslan da onların faktiki yaşadığı ünvana yaxın həm uşaq bağçasına, həm də məktəbə gedir. Eyni zamanda cavabdehin nümayəndəsi qeyd etmişdir ki, cavabdeh və uşağı ona məxsus evdə yaşayırlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, guya iddiaçı cavabdeh Yelenanı mübahisəli mənzilə buraxmır, cavabdehin orada yaşamasına maneçilik törədir. Lakin cavabdeh Yelena bütün bu vaxt ərzində, yəni 2010-cu ildən bu vaxta qədər mənzilə köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, hal-hazırda Cavabdeh iki faktiki yaşayış yeri vardır. Belə ki, onlardan biri Bakı şəhəri Nərimanov rayonu X19 küçəsi ev 117 ünvanında yerləşən 23 saylı mənzil mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur. Cavabdehin xalası Alla Barannikovanın ölümündən sonra cavabdeh qanun üzrə vərəsəlik hüququna daxil olmuşdur. Bununla əlaqədar vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsindən qeydiyyatdan keçərək, həmin mənzil cavabdehin xüsusi mülkiyyətindədir. Eyni zamanda 2010-cu il tarixdən cavabdeh fasiləsiz olaraq həyat yoldaşı Nümayəndə2la ünvan 3 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşayırlar. Bunu cavabdeh Yelena Makeronkanın nümayəndəsi Nümayəndə2 öz izahatı ilə təsdiq etmişdir. O, hesab edir ki, Cavabdeh mübahisəli mənzildə uzun müddətdir yaşamadığına görə həmin mənzilə istifadə hüququnu itirmişdir. Mənzil dövlət mülkiyyətində olduğundan cavabdehin mənzilə vərəsəlik hüququ yoxdur. Mübahisəli mənzilin su, qaz, işıq, telefon və mənzil kirayə haqqını iddiaçı ödəyir. Ona görə də Cavabdeh yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, nümayəndəsinin izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, 2015-ci il tarixli qətnamə qanuni qüvvəsinə mindikdən sonra icraya yönəldilmiş, icra məmurları ünvana gəlmiş, lakin cavabdeh mənzilə köçməmişdir. Cavabdehin mənzildə heç bir əşyası yoxdur. Məhkəmədən sonra o, Yelenaya gəl nənə bax deyəndə, onun əri sənin anadır bax demişdir. O, iş yoldaşına 1-2 ay müddətinə mənzildə yaşamasına icazə vermiş, arvadının mənzilində yaşayır. Mənzildə təmir edə bilmir, hər gün mənzilə gedib nəzarət edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, iddiaçı X2 qarşı iddia ərizəsində göstərilənlər tamamilə yalandır, həqiqətdən uzaqdır, mənasız söz yığınağından başqa bir şey deyildir. Belə ki, iddia ərizəsində göstərir ki, Cavabdeh evlənməmişdən əvvəl və 2010-cu ildə ailə qurduqdan sonrada bir gün olsun bu mənzildə yaşamamışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5919/2015 saylı xx.xx.2015-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6444/2015 saylı xx.xx.2015-ci il tarixli qətnamələrini məhkəməyə təqdim etməyi nədənsə unutmuşdur. Həmin məhkəmə qətnamələrində qeyd olunur ki, Cavabdeh 1974-cü ildə doğulandan həmin mənzildə qeydiyyatdadır, fasiləsiz olaraq həmin mənzildə yaşamış, mənzilin kommunal xərclərinin və digər xərclər üçün sərf olunan pul məbləğlərinin ödənilməsində iştirak etmişdir. Buna sübut kimi 2004-2012-ci illər üzrə ödəniş qəbzləri məkhkəmə qətnaməsində qeyd edilmişdir. Həmçinin cavabdeh mənzilin saxlanılması və icarə müqaviləsindən irəli gələn digər hərəkətlərin yerinə yetirilməsində, 2016-2022-ci illər üçün kommunal xidmət haqlarının ödənişi üçün müvafiq məbləğlər ödəmiş, bu barədə qəbzlərini də məhkəməyə təqdim etməyə hazırdır. Bundan əlavə cavabdehin həmin mənzildə şəxsi əşyalarının olması da məhkəmə qətnaməsində öz əksini tapmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh 2010-cu ildə Nümayəndə2la ailə həyatı qurduqdan sonra ona məxus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilində yaşayır. Cavabdeh yenə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad ederək bildirir ki, Nümayəndə2 onunla ailə qurmamışdan öncə evli olmuş, həmin evlilikdən onun 2 övladı var və hal-hazırda həmin mənzildə onlar yaşayır. Cavabdeh hesab edir ki, mənzildə istifadə hüququ olan iddiaçı ilə bərabər həmin mənzildən istifadə hüququna malik olduğundan, onun həmin mənzildən istifadə hüququna məhdudiyyətlərin yaradılması və istifadə hüququndan məhrum edilməsi mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunmasına dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdeh eyni zamanda, yetkinlik yaşına çatmayan X12 qanuni nümayəndəsi Cavabdeh iddia ərizəsini qəbul etməyib, nümayəndəsinin izahatını təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, Sergey onun atasının qardaşıdır, o, hər dəfə mənzilə gəlmiş, Sergey mənzilə kirayəçiləri buraxmış, onun otağı isə bağlı olmuşdur, mənzilə kirayəçilərin buraxılmasına etirazını bildirmişdir. Mənzildə ona məxsus divan, çarpayı, şkaf vardır. Mənzildə sonuncu dəfə o, bir həftə əvvəl olmuşdur. Tatyana xəstə olduğu müddətdə o, Sergeydən nənəsinə baxmaq istəməsinin, öz mənzilinə aparmaq istəməsini demiş, lakin ona icazə verilməmişdir. Atası nənəsinin müalicəsi ilə bağlı ona pul göndərmişdir. O, ərinin evində, Sergey də arvadının evində yaşayır. Mənzilin suyundan, işğından, qazından istifadə etmir, mənzilin kirayə haqqını ödəyir. 2010-cu ilin iyul ayında nikaha daxil olduqdan sonra Azərbaycanda olduğu kimi ərinin mənzilində yaşamış, 2015ci ildən sonra onun harada yaşamasının fərqi yoxdur, Sergeydə həmin mənzildə yaşamır, 2015-ci ildən sonra da o, ərinin mənzilində yaşamaqla birgə təsərrüfat aparır. Onun anası Tanyanın yas mərasiminə gələ bilməmişdir. Xalasının mənzili onun adına sənədləşdirilsə də, faktiki olaraq mənzil ona məxsus deyildir. Şahid X1 dəfn mərasiminə gəlməyib, Tanyanı onun əri çiynində aparıb dəfn edib, şahidin eyvanı əks istiqamətdə olduğundan onun mənzilə gəlməsini görməyə bilərdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, cavabdeh Yelena mübahisəli mənzilin yaxınlığındakı 5 nömrəli məktəbdə oxuyub bitirmiş, həmin evə gedib-gəlib, orda yaşamışdır. Yelenanın mənzildə əşyaları da var idi. Məhkəmə icraçısı gələrək onların yanında mənzilin bir otağının qapısına qıfıl asılmış, balaca otağın biri cavabdehə ayırılmışdır. Cavabdeh mənzilə köçürülmüş, mənzildə onun paltarları, əşyaları olmuşdur. Hər bayramlarda onlar qəbirstanlığa ziyarətə gedir oradan da evə getmişlər. Bir sözlə 2-3 gündən bir orada olmuşlar. Odur ki iddiaçı tərəfin dedikləri yalandır. Cavabdeh mənzildə yaşamır. Çünki uşaq üçün mənzildə şərait yoxdur. Balaca otaqdır, uşaq isə məktəbə gedir. Uşağın dərs oxuması üçün ayrıca otağı olmalıdır. Mənzil dövlətə məxsusdur. Mənzildə Sergey kimi, Yelenanın da yaşamağa haqqı vardır. Hazırda cavabdeh Yelena və uşaq ona məxsus Nizami rayonu Q.Qarayev prospekti 120 saylı evin 45 saylı mənzilində onunla birlikdə yaşayırlar. Onun Yelena ilə birlikdə köçüb mübahisəli mənzildə yaşamaları üçün şərait yoxdur. Onlar balaca otağa sığışa bilməzlər. Mənzildə şərait olmadığı üçün, bir otaq olduğu üçün, mənzil Yelenanın və onun iş yerindən uzaq olduğu üçün mənzildə yaşamaları mümkün deyildir. Əgər mənzildə yaşamalı olsalar gərək o, da mənzilə köçsün, çünki onlar ər-arvad olduqlarından ayrı yaşamaları alınmır. Lakin bir otaqda da yaşamaq olmur. Onun 3 otaqlı mənzili də dövlətə məxsusdur. Həmin mənzildə onun birinci nikahından olan uşaqları qeydiyyatdadırlar. Qızı Adilə ərdədir, hərdən bir əri ezamiyyətə gedəndə, qaynanası ilə mübahisəsi olanda gəlib onlarda qalır. Oğlu Rüstəm subaydır, onlarla yaşayır. Oğlu evlənmək istəyir. Sergey Yelenaya zəng edib məhkəməni udmusan gəl nənə bax deyəndə, o Sergeyə Yelenanın iki yaşlı uşağı var, Yelenanın nənəsidir, sənin isə anandır demişdir. O, iddiaçıya mənzili özəlləşdirib satılmasını, payların bölünməsini təklif edir. Yelenanın mülkiyyətində olan mənzil formal xarakter daşıyır. Əsil vərəsə Yelenanın anası olmalıdır. Çünki ev Yelenanın anasının bacısının evidir. Yelenanın xalasının nə əri, nə övladı var. Yelena öz adına çıxarış alıb, mənzil 2 otaqlıdır, Nərimanov rayonu A.Həsənəliyev küçəsi 117 da yerləşən 23 nömrəli mənzildir. Orda hazırda heç kim yaşamır. Mənzil boşdur. Yelenanın anası və atası Rusiya Federasiyasındadılar. Yelenanın xalası rəhmətə gedəndə Yelenanın anası vərəslik məsələsini həll etmək üçün Rusiyadan gələ bilməmiş və Yelenaya tapşırmışdır ki, evi öz adına keçirib satsın. Daha sonra Rusiya ilə Ukrayna arasındakı münaqişələrə görə evin satılmasını istəmədilər. Nərimanovdakı evin əsil vərəsəsi Yelananın anasıdır. 2015-ci ildə məhkəmə qətnaməsinə görə Yelana mübahisəli mənzilə köçürülmüş, lakin yaşamaq üçün şərait olmadığı üçün Yelena onun mənzilində yaşamağa davam etmişdir. Onun mənzilindən işə gedib gəlmək rahatdır, çünki iş yeri evə yaxındır, uşağın da məktəbinə yaxındır. Uşaq onun mənzilində yaşayır, 4-cü sinifdə oxuyur. Sergey özü də o evdə yaşamır, arvadının evində yaşayır. Şahid ona görə Yelenanı görməyib ki, özü həmin ünvana gedib-gəlib gəlməyib. Sergey özüdə mənzildə yaşamayıb, mənzil təmirsiz vəziyyətdədir. Mənzilin kirayə haqqının 6 ay üçün Yelena ödəyib, 6 ayı üçün Sergey ödəyib, digər kommunal xidmətlərdən istifadə edilmədiyi üçün ödənilməyib. Sergey ev davasını ona görə edir ki, evi öz adına özəlləşdirmək istəyir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə158.1.Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan) Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Maddə 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Maddə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Maddə 60.2. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. Maddə 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Maddə 67. Mənzil qanunvericiliyi və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 70. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: Maddə 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; Maddə 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; Maddə 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 10 saylı xx.xx.2015-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili xx.xx.1992-ci il tarixli qərara əsasən MKTD məxsusdur, mənzilin icarədarı X5, mənzildə icarədarın oğlu İddiaçı və nəvəsi Cavabdeh daimi qeydiyyatdadırlar. 1 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilində İddiaçı, Cavabdeh və xx.xx.2013-cü il təvəllüdlü X18 qeydiyyatdadırlar. Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 914250 saylı xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 78 saylı akt qeydi tərtib olunmuşdur. Bakı Nikah evi tərəfindən verilmiş AZ-İ 593804 saylı xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nümayəndə2 Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1690 saylı akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu X19 küçəsi 117 saylı evin 23 saylı mənzili Bakı şəhəri 38 saylı DNK-nun 2v-113 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-5919\2015 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6644/2015 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-5919\2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin 338 saylı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzili üçün İddiaçı xx.xx.2024-cü il tarixinə mənzil haqqı və mənzil tullantılarının daşınması borcu yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azəristiliktəchizat ASC-nin xx.xx.2017ci il tarixli mədaxil qəbzinin surətindən müəyyən olunur ki, T.Makarenkonun adından Natavan ev 8 mənzil 25 ünvanı üzrə 2016-2017-ci illər üçün 5 aylıq istilik haqqı ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Azəristiliktəchizat ASC-nin 2018, 2020, 2021, 2022, tarixli mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, T.Makarenkonun adından Natavan ev 8 mənzil 25 ünvanı üzrə isti su xidməti üzrə ödəniş edilmişdir. Məhkəməyə İddiaçı tərəfindən təqdim olunan 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, İddiaçı 2020,2021,2003-cü illər üzrə Natəvan 8-25 ünvanı üzrə xidmət haqqını ödəmişdir. Məhkəməyə Cavabdeh tərəfindən təqdim olunan 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin mənzil-kommunal xidməti üçün mədaxil qəbzlərinin surətindən müəyyən olunur ki, Cavabdeh 2016, 2017, 2018, 2019, 2021, 2022-ci illər üzrə Natəvan 8-25 ünvanı üzrə xidmət haqqını ödəmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh tanıyır, Sergeyin anasına baxmış, qulluq etmiş, İddiaçı Rusiya Federasiyasına gedəndə Sergeyin anası Tatyana xanıma o baxmışdır. Tatyana xanım xəstə olduğundan gəzə bilməmiş, o, xəstə baxıcısı kimi Tayanaya tək qulluq etmiş, Tatyana xanıma yeməyini vermiş, geyimlərini dəyişmiş, ev işləri ilə Sergeyin həyat yoldaşı məşğul olmuşdur. İlləri dəqiq xatırlamır. Yelena həmin mənzilə qonaq kimi həftədə 2-3 dəfə gəlib-getmiş, lakin mənzildə qalmamışdır. Ərinin sözlərindən bilir ki, Tatyana Yelenanın evində olanda qaynanası və həyat yoldaşı Tatyana xanımı Yelenagildən götürüb, Sergeyin evinə aparmış, lakin bunun səbəbi ona məlum deyil. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, o, Sergeyin qonşusu, həmdə yaxın dostudur. O, 2016-2017-ci ilərdə Yulya adlı qonşu qadınla yataq xəstəsi olan Tatyanaya qulluq etmiş, daha sonra Tatyananın vəziyyəti pisləşdiyindən Sergey onu yaşadığı evə aparmışdır. O, Yelenanı Tatyananın mənzilində görməmiş, Yelena heç vaxt bu mənzilə gəlməmiş, o, Yelenanı ilk dəfə Tatyananın dəfnində görmüş, Tatyana 2018-ci ildə ölmüş, 2018-ci ildən sonra da o, Yelenanı mənzildə görməmişdir. Tatyananın mənzilinə Sergey baxmış, Yelena həmin mənzilə gedib gəlməmişdir. Məhkəmə iclasında X3 ifadəsində göstərmişdir ki, o, 1957-ci ildən ailə quran vaxta qədər Binəqədi rayonu Biləcəri qəsəbəsi Natavan küçəsi 12 saylı evin 15 saylı mənzilində yaşamış, İddiaçı ilə qonşu olmuş, bir həyətdə böyümüşlər. Sergey ailə qurandan sonra sonra yoldaşına məxsus evdə yaşamış, Sergeyin anası Tatyana xanım isə tək yaşamışdır. Tatyana xanım ölməmişdən 2 il əvvəl ona Tatyana xanımın infakt keçirməsi, insult olması, xəstə yatması, oğlu Sergey ilə yaşaması məlum olmuşdur. Tatyana xanım yatağa düşməmişdən əvvəl həmişə həyətə düşürdü, gəzirdi. Sergey və onun həyat yoldaşı Nina xanım hər gün Tatyana xanıma baş çəkirdilər. O, Dəmir yolları idarəsinin kadrlar şöbəsinin rəisi işləmiş, Nina da kadrlar şöbəsində işləyirdi, o, isə Biləcəri stansiyasında işləmişdir. Həm qonşu kimi, həm də iş yoldaşı kimi onlar bir-biriləri ilə əlaqə saxlayırdılar. Nina xanım ona Tatyananın xəstə olmasını və onlarda yaşamasını demişdir. Sergey və Nina Tatyana xalaya qulluq edib saxlayırdılar. O, Biləcəri qəsəbəsi Natəvan küçəsində yerləşən evdə ailə həyatı qurandan sonra yaşamasa da hazırda 2 bacısı, biri Natəvan 12, mənzil 15, o biri bacısı Natəvan 12, mənzil 18 ünvanda yaşayırlar. Həmin ünvanda onun uşaqlıq rəfiqələri yaşayır. O, bacıları və rəfiqələri ilə əlaqə saxlayır, tez-tez həmin ünvana gedibgəlir, hər şeydən də xəbəri vardır. O, Cavabdeh tanımır, Yelnanı birinci dəfə Tatyananın yas mərasimində görmüşdür. Yas mərəsiminə Aleksadrda gəlmişdir. Aleksandr onun sinif yoldaşı olmuşdur. Yelena xanım Tatyana xanımın mənzilində heç vaxt yaşamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, dövlət mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)- 5919\2015 saylı qətnaməsinə əsasən köçürülən Cavabdeh 2015-ci ildən etibarən həmin mənzildə deyil, dövlət mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev pr, 120 saylı evin 45 saylı mənzilində əri Nümayəndə2 və övladı xx.xx.2013-cü il təvəllüdlü X18 ilə birlikdə yaşamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh adına Bakı şəhəri Nərimanov rayonu X19 küçəsi 117 saylı evin 23 saylı mənzili Bakı şəhəri 38 saylı DNK-nun 2v-113 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə aktına əsasən istifadə hüququ tanınan və həmin mənzilə köçürülən cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan övladı ilə mənzildə köçürüldüyü gündən yaşamadığından, həmin mənzilin saxlanması üçün hər hansı bir xərc çəkmədiyindən, ərinin istifadəsində olan mənzildə ailə üzvləri ilə birlikdə yaşamaqla, birgə təsərrüfat apardığından dövlət mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilindən ibarət yaşayış sahəsinə ehtiyacının olmadığını nümayiş etdirmişdir. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, cavabdeh iddiaçının da Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilində yaşamadığını, onun iddiaçı tərəfindən mənzilə buraxılmadığını, mənzildən istifadəsinə maneələr yaradılmasını bildirsə də, bu halları sübuta yetirə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla mənzilin iddiaçının istifadəsində olması, cavabdehin isə mənzildə yamamasının səbəbinin onun başqa yaşayış sahələri olduğu üçün dövlət mülkiyyətində olan bu yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının olması öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə qonaq olaraq gəlməsini, mənzilə görə kirayə haqqını ödəməsini, mənzilin bir otağının qapısını qıfılla bağlamasını onun həmin mənzilə olan istifadə hüququnun saxlanılması üçün əsas hesab etmir. Belə ki, mənzilə istifadə hüququ davam edən hüquq münasibətləri olduğundan, xüsusi mülkiyyətində mənzili olan, 2015-ci ildən etibarən daimi olaraq ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev pr, 120 saylı evin 45 saylı mənzilində yaşamaqla ailə üzvləri ilə birgə təsərrüfat aparan cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan övladı ilə birlikdə dövlət mülkiyyətində olan Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqlarını itirmişdir. Belə ki, kirayə müqaviləsi üzrə kirayəçi ilə eyni hüquq və vəzifələrə malik olan şəxslər kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyırlar. Həmin şəxslər daimi yaşamaq üçün başqa yaşayış yerinə köçdükdə onların kirayə müqaviləsi üzrə yaranmış hüquqlarına köçdükləri gündən xitam verilir. Ona görə də iddia ərizəsi əsaslıdır, təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladı X18 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Natəvan küçəsi 8 saylı evin 25 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar