Məhkəmə qərarları › İş №2(001)-4398/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4398/2021

27.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4398/2021 27.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 27 avqust 2021ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20000 ABŞ dolları və 22000 manat pulun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onun Cavabdeh1 və onun anası Cavabdeh2 ilə uzunmüddətli ailəvi dostluq münasibətləri olmuşdur. Onun mərhum əri ilə Cavabdeh1 atası da yaxın dost olmuşlar. Əri sağ olarkən Vüsalə onlardan təxminən 19000 manat borca pul götürmüş, lakin həmin puldan 12000 manat hələ də qaytarılmışdır. Sözügedən borc 2014-cü ildən yaranmışdır. Sonradan 2019cu ilin aprel ayının sonlarında Vüsalə onların ev telefonlarına zəng vuraraq ərinin problemi ilə bağlı külli miqdarda pula ehtiyacı olduğunu demiş, ondan kömək istəmişdir. O, həmin vaxt özünə ev almaq istəyirdi, Vüsalə də bunu bilirdi. O, Vüsaləyə inanıb ona kömək edə biləcəyini demiş, pul bacısıgildə olduğundan gecə saat 11 radələrində Vüsalə qeyri-rəsmi nikahda olduğu Ramil adlı şəxslə onun yaşadığı evə gələrək onu maşınla bacısıgilə, Əhmədliyə aparmışlar. O, bacısıgildən 20000 ABŞ dolları mənləğində pul vəsaitini götürərək maşında Vüsaləyə vermişdir. Vüsalə onu əmin etmişdir ki, pulu 5-10 günə qaytaracaqdır. Təxminən 2 ay sonra Vüsalə həmin məbləğdə pulu ona qaytarmış, səhəri gün yenidən ona zəng vuraraq sənədləşmə işləri ilə bağlı həmin məbləği yenidən ondan istəmiş, həmin vaxt bacısı İradə də onlarda olmuşdur. O, Vüsaləyə inanıb 20000 ABŞ dolları məbləğində pul vəsaitini yenidən ona vermişdir. 28 sentyabr 2020-ci il tarixdə X6 vilayətindən zəng vuraraq ondan borca pul istəmiş, onda pul olmadığından bacısı Cəmilənin adına “Bank Respublika”dan 10000 manat kredit götürmüş, Cəmilədən əlavə 3000 manat, bacısı İradədən 2000 manat və 1000 ABŞ dolları pul götürərək Vüsalənin anası Cavabdeh2 vermişdir. Həmin puldan Vüsalə ona 1000 ABŞ dolları və 5000 manat qaytarsa da ümumilikdə 20000 ABŞ dolları və 22000 manat borcu qalmışdır. O, Vüsaləyə borca pul verərkən hər dəfə pulları Vüsalənin şəxsən özünə təqdim etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabeh Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbinin 2014-cü ildən qalan 12000 manat pulun tutulması hissəsinin ona ümumiyyətlə aidiyyəti yoxdur. Çünki, həmin borc münasibətləri onun mərhum atası ilə İddiaçı mərhum əri arasında olmuş, göstərilən pul vəsaitinin qaytarılıbqaytarılmamasından məlumatı yoxdur. İddianın digər hissələrinə münasibətdə isə Cavabdeh1 bildirdi ki, o, 2018-ci ildə Musazadə Ramil adlı şəxslə tanış olmuş, sonradan Ramillə qeyri-rəsmi nikah münasibətlərində ailə kimi yaşamışdır. Ramil onun bütün qohum-tanışları ilə yaşı münasibət qurmuşdur. Tanış olduqları ilk vaxtlar Ramil bizneslə məşğul olduğunu bildirmiş, bir müddət sonra işlərinin yaxşı getmədiyi ilə əlaqədar pula ehtiyacı olmuşdur. O, Ramili ailəsi bildiyindən ona inanaraq 2019-ci ildə Ramil üçün İddiaçı 20000 manat pulu borc kimi almış, təxminən 2 ay sonra Ramil həmin məbləği toplayıb ona vermiş, o da iddiaçıya qaytarmışdır. Ramili İddiaçı özü də tanımış, aralarında yaxşı münasibət olmuşdur. Ramil bu münasibətdən istifadə edərək şəxsən özü İddiaçı sonradan yenidən bir neçə dəfə borca pul götürmüş, lakin qaytarmamışdır. Ramil onun özünə də xeyli maddi ziyan vurmuşdur. Hazırda Ramilin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə, həmçinin 178, yəni dələduzluq maddələri ilə cinayət işi başlanmış, ibtidai istintaq yekunlaşmaq üzrədir. O, həmin cinayət işi ilə bağlı zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı müraciət etsə də, müraciəti təmin olunmamışdır. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil Cavabdeh1 izahatında göstərilənləri təsdiq edib əlavə olaraq bildirdi ki, Ramil Musazadə barəsində başlanmış cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmasının rədd edilməsindən onlar tərəfindən şikayət verilmişdir. Çünki, həqiqətən də Ramil Cavabdeh1 külli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, İddiaçı bacısıdır. 2019-cu ilin aprel ayında Rakiyə ona zəng vuraraq ev almaq üçün yığdığı puldan 20000 ABŞ dollarını hazırlamağı, az sonra gəlib götürəcəyini demişdir. Belə ki, həmin ərəfədə Rakiyə özünə ev almaq istəyirdi, pulu isə onların evində saxlayırdı. Həmin gecə saat 11 radələrində Rakiyə onun evinə gəlmiş, evə daxil olmamış, o, blokun pilləkənlərində 20000 ABŞ dolları məbləğində pul vəsaitini bacısına vermiş, maraqlı gəldiyindən dərhal pəncərədən həyətə baxmış və bacısının həmin pulu həyətdə hansısa qara rəngli maşının yanında dayanmış Vüsaləyə verdiyini görmüşdür. Vüsalə pulu saymadan onlar hamılıqda həmin avtomobilə əyləşmiş, oradan uzaqlaşmışlar. Avtomobili idarə edən şəxsi görməmişdir. Təxminən 2 ay sonra Rakiyə ona zəng vuraraq onlara gəlib pulu götürməsini istəmiş, o, bacısıgilə getmiş, pulu götürüb öz evinə aparmaq istəyərkən bacısına Vüsalədən zəng gəlmiş, Vüsalə həmin pulu yenidən istəmiş, buna görə də bacısı 20000 ABŞ dolları məbləğində pulu Vüsaləyə verməsi üçün saxlamış, az sonra Vüsalə gələrək pulu götürüb getmişdir. Pulu götürən zaman Vüsalə özünə ev alması üçün pul lazım olduğunu demişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İş materiallarında olan, Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci X7 Mustafayevanın şikayəti əsasında verdiyi izahatan görünür ki, Cavabdeh1 qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Ramil adlı şəxsin biznes işləri ilə bağlı İddiaçı Ramillə birlikdə 20000 manat pulu borc kimi almış, sonradan geri qaytarmışdır. 2019-cu ildə müxtəlif vaxtlarda Ramillə birlikdə İddiaçı 20000 ABŞ dolları, 20000 manat pulu borca alsalar da, Ramil həmin pulları geri qaytara bilməmiş, 2021-ci ilin yanvar ayında isə polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində dələduzluq əməlləri ilə bağlı cinayət işi başlanmış, hazırda da Ramil həbsdədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, iddia tələbinin 20000 ABŞ dollarının tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğdə pul vəsaitinin İddiaçı tərəfindən şəxsən Cavabdeh1 təqdim edilməsi və təxminən 2 ay sonra qaytarılması həm iddiaçının həm də Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatı ilə öz təsdiqini tapır. Bu fakt həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş İradə Nəsibovanın izahatı ilə də təsdiqlənir. Vüsal Əliyeva 20000 ABŞ dolları məbləğində pulu İddiaçı qaytardıqdan sonra Ramil İsazadənin şəxsən özünün İddiaçı borc götürdüyünü, hazırki iddianın Ramilə qarşı yönəlməli olduğunu bildirsə də, onun 20-ci Polis Bölməsində verdiyi izahatdan müəyyən olunur ki, o, qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Ramil adlı şəxsin işləri ilə bağlı İddiaçı 20000 manat və 20000 ABŞ dolları məbləğidə pulu borc kimi götürmüş, sonradan Ramil həmin pulu qaytara bilməmişdir. Beləliklə, müəyyən olunur ki, 20000 ABŞ dolları məbləğində pul vəsaiti 2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh1 borc kimi verilmiş və həmin pul qaytarılmamışdır. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında izahatının 2019-cu ilin aprel ayında İddiaçı borc kimi aldığı 20000 ABŞ dollarını 2 ay sonra qaytardıqdan sonra İddiaçı borc götürməməsini bildirməsinə tənqidi münasibət bəsləməklə hesab edir ki, Cavabdeh1 məhkəmədə polis bölməsində verdiyi izahata zidd izahat verməsi özünümüdafiə xarakterlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, məhkəmə qeyd edir ki, sözügedən 20000 ABŞ dollarının Cavabdeh2 tutulması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı buna dair heç bir əsas müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əsaslı olduğundan iddia 20000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. İddianın 22000 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı həmin borcun 12000 manat hissəsinin 2014-cü ildən yarandığını, 10000 manatının isə 2020-ci ilin sentyabr ayından yarandığını, hər iki halda pulun şəxsən Vüsal Əliyevaya təqdim edilməsini bildirsə də, 2014-cü ildə pulun Cavabdeh1 verilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, Cavabdeh1 polis bölməsində verdiyi izahatında Ramil İsazadənin işləri ilə bağlı İddiaçı 20000 ABŞ dollarından əlavə 20000 manat borc aldıqlarını, həmin pulun qaytarılmadığını göstərmişdir. Hazırki iddia tələbinin 22000 manat hissəsinin 12000 manatına dair sübut mövcud olmasa da, V.X1 verdiyi izahat iddianın qalan 10000 manat hissəsinə sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, habelə 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 10000 manat və 20000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar